...ayrıldıq nə asan

...ayrıldıq nə asan
4 aprel 2017
# 17:55

Dilarə Zamanova

O mahnıda düz deyirdi. Vallah, düz deyirdi. Əvvəl bu işlər necə idi bilmirəm. Çünki cəmi-cümlətanı 22 ildir bu həyatda yaşayıram (yaşayıram da demək olmaz ey, nəfəs alıb, verirəm). Həqiqətən də indiki dövrdə tez qovuşub, tez də ayrılırıq. Tanış olursan, sevirsən, gecələr boyu onu düşünürsən, sonra, sonra prinsin başqa bir prensesə qoşulub gedər və ya sehrin vaxtı dolar.

Hə bax o gün ki, gəldi və sehrin vaxtı doldu, o zaman türklərin sözü olmasın, buyurun cənazə namazına. Durduğun yerdə ağlamaq, heç nədən əsəbiləşmək, sırf onunla dalaşa bilmirsən deyə evdə ailənlə, dostlarınla, iş yoldaşlarınla dalaşmaq, hər şeyin onu xatırlatması (Deyəsən ən ağırı da odur. Məndən sizə tövsiyə, sevəndə adı ölkədə nadir olan birini sevməyə çalışın, yoxsa mənim kimi gündə ən azdından 12 dəfə adını eşidəcəksiniz). Sonra ən dözülməzi olan mədə bulantılarıdır. Bulantılar hətta o həddə çatır ki, artıq sən yemək yeyə bilmirsən, bəlkə də anama hər şeyi izah edə bilərəm. Amma niyə yemək yeyə bilmədiyimi deyə bilmərəm. İnsanı bu dönəmdə ən çox əsəbiləşdirən şeylərdən biri də məsləhətlərdir. Hamımızın bildiyi o “Möhtəşəm” məsləhətlər: “O sənə yaraşmırdı”.

Guya deyirdim ki, yaraşır? Məncə də yaraşmırdı. Amma mən bir şeyi yaxşı bilirəm ki, (həqiqətən sevən bütün insanlar bilir) sən bəzən onun nə boyunu, nə qaşını, nə gözünü, nə çəkisini sevərən, sadəcə kirpiklərini sevərsən (bir də əyri dişlərini).

“Belə olması lazım imiş.”

Nəyə görə belə olması lazım olduğunu heç bir zaman anlaya bilməyəcəyəm.

“Daha yaxşı biri qabağına çıxacaq.”

Daha yaxşı birini istəmirəm ki, onu istəyirəm.

“Sizin axırınız yox idi.”

Burada da düşüncələrimə böyük filosof Polad Ələmdar sızır: “Sonunu düşünən qəhrəman ola bilməz”.

Yəni hər şeyə bir cavabın olar. Onun əlləri üçün darıxarsan, onu qucaqlamaq üçün darıxarsan, onunla səy-səy danışmaq üçün darıxarsan, onun sənin yazılarını bəyənməməsi üçün darıxarsan, ən çox da səsi üçün darıxarsan (Yadımdadır, bir dəfə telefonda danışıqlarımızı qeyd edəndə o bunu bilmişdi. Mən ona dedim ki, pis niyyətlə etmirəm. O, isə dedi ki, belə hərəkətin yaxşı niyyəti olmur. İndi mən ona Şəhriyarın misrası olmasın, necə izah edim ki, sən bilmirsən axı haradan biləsən, kiminsə səsi üçün it kimi darıxmaq nə təhər olur). Əslində onunla bağlı hər şey üçün darıxarsan, səsini çıxarmazsan sadəcə. İnsan xoşbəxt “miş” kimi görünə bilir, amma bədbəxtliyi “miş” kimi etmək olmurmuş. İnsan bədbəxtdirsə, bəxdbəxtir ey, başqa variantı yoxdur.

Əslində Erosa da (Sevgi tanrısı) əsəbi idim. Heç vaxt bizi “yaxşı oğlanlarla”, ”yaxşı qızlarla” qarşılaşdırmadığı üçün. İndi isə ətrafımda özünü xoşbəxt sanan (həqiqətən xoşbəxt rolunu elə oynayırlar ki), az qala buna özləri də inanan insanları gördükcə Erosa təşəkkür edirəm. Çünki gərçək sevginin 1 saatı həqiqətən də sevmədiyin biri ilə 50 il “Xoşbəxtlik” oynamaqdan yaxşıdır.

Mən qərarımı vermişəm. Kim nə istəyirsə eləsin, mən etməyəcəm, heç vaxt “xoşbəxtliyi” oyanmayacağam. Bədbəxt də olsaq qürurumuzla bədbəxt olaq. Həm kimə görə, nəyə görə? Bəzən kənardan sırf o klassik ailə dəyərlərindən fərqlidir deyə bədbəxt sandığımız o qədər xoşbəxt adam var ki... Bir dəfə xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqovanın müsahibəsinə qulaq asırdım. O, həyat yoldaşına uşaqları olmadığı üçün istəsə başqa bir qadından uşaq sahibi ola biləcəyini deyib. Fəxrəddin Manafovun isə cavabı belə olub: ”Anası sən olmayan uşaq mənim uşağım ola bilməz”. İndi bu qadına sırf uşağı olmadığı üçün bəxbəxt deyə bilərsiniz? Məncə Vahidə xanım həyatımda gördüyüm ən xoşbəxt qadındır. Siz də oynamayın, gözləyin, bu ağrıların keçəcəyi günü gözləyin, əmin olun bütün bu ağrılar keçəcək. Heç vaxt onun yerini başqası ilə doldurmağa çalışmayın. Çünki olmayacaq. Tək qalın, ya həyat sizi yenidən kimsə aşiq edəcək, ya da 5 il sonra ona yazacaqsınız ki “Birlikdə ola bilməyəcəyimiz demək səni sevməyəcəyim anlamına gəlməz”.

O da oxuyub cavab yazmayacaq. Amma bir önəmi yoxdur. Əsas odur ki, istədiyiniz kimi yaşayın. İnanın, həyat “Xoşbəxtliyi” oynayanlara “Oskar” verməyəcək. Amma həyat səmiyyəti və gərçək sevgini həmişə mükafatlandırır.

# 2205 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #