Mənim gözəl fahişəm

Mənim gözəl fahişəm
26 dekabr 2014
# 15:50

Elə də havanı incələyən və yaxud ondan romantika çıxaran insan deyiləm. Amma o gün hava nəsə bir başqa idi. Çox yumşaq və həlim... Sanki hər meh mənə ilişib elə keçirdi.

Dostlarımdan yenicə ayrılıb tələsik evə tərəf yürüyürdüm. Düzü, bir az gec idi. Binamızın aşağısı ilə nə olduğunu hələ də anlamadığım kafe, bar, restoran qarışığı bir neçə obyekt sıralanır. Ona görə addımlarımı yeyin tutmağa çalışırdım. Yaxınlaşanda gözucu onların nə olduğuna baxırdım ki, qarşıdan bir qızın çıxdığını gördüm. Özümü ola bildiyim qədər biganə aparmaq istəsəm də, kirpik altından ağır-ağır süzürdüm qızı.

İlk gözümə sataşan ombasınacan uzanan qalın hörüyü oldu. Qara köynək, bozumtul ətək, adi qara kalqotka geyinmişdi. Bəli, çox sadə idi, ancaq, inanın ki, o qədər də gözəl görünürdü. Bilmirəm o gözəllik nədə idi. Bəlkə də bədəni adi geyimi ideal daşıyırdı.

İncə beli, uzun və düz ayaqları var idi. Hörüyü də sağ-sol yellənirdi o getdikcə. Arada əli ilə qabağa çəkir, sonra yenə hörüyünü belinə salırdı. Gözlərim topuqlarında ilişdi: hamar çıxıntılı, incə topuqlar.

Gəzişi də çox füsunkar idi. Sanki ayaqlarını ağır-ağır ədayla götürürdü. Bir ara əlindən nəsə düşdü. Arxadan onu süzdüyümü görüb, ərk edərcəsinə ədasını bir az da ağırlaşdıraraq əyilib qalxdı.

Belə baxıb özlüyümdə 20, ya da 22 yaş vermişdim. Bir az da imrənmişdim – nə yalan deyim. Üzərimdə seçib, sanballayıb geydiyim bu geyimlə belə onunla müqayisədə çox solğun qalırdım, arxadan kimsə məni görsə elə heyranlıqla süzməzdi. Məsələ tamamilə hörükdədir, mənim elə hörüyüm olmadığı üçündür, yoxsa mən də elə gözəl görünərdim fikrimə sizin qədər mən də gülümsədim.

Qız mağazaya yaxınlaşanda alacağım bir şey olmasa da bayaqdan həsrətlə süzdüyüm insanın simasını görmək üçün addımlarımı daha da yeyinlətdim.

Tələsik mağazaya daxil olub ona sarı baxdım.

40-45 yaşlarında, üzü qırışlı, gözləri şişmiş, dodaqları solğun qadın qabaq dişləri olmadığı üçün fısıltılı və boğuq bir səslə 1 manatlıq araq və 2 siqaret sifarişini satıcıdan aldıqdan sonra yanımdan keçib getdi.

Gözlərim bayaqdan füsunkarlıqla süzdüyüm şəxsin bu qadın olduğuna inanmayıb hələ də mağazada bayaqkı o qadını axtarırdı.

# 1443 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #