Ancaq o oğlan

Ancaq o oğlan
4 iyun 2013
# 07:00

Jalə

Sevginin itə töküldüyü vaxtlar idi. Bakı işıq saçırdı, yaşından başından utanmayıb arsızlıq edirdi qoca şəhər.

”Elmlər”də yeganə sərin yer yolun qırağındakı ağacın altı idi, oranı da qara çarşablı dilənçi qadın zəbt etmişdi. Qadının qızıl dişləri günəşin işıqları ilə ahəngdə parlayırdı.

Nə isə, elə ona həsrətlə baxa-baxa özümü bir təhər metronun binasına sala bilmişdim. İçəridən həmişəki kimi kotlet iyi gəlirdi. İydən hiss olunurdu ki, kotletə göyərti də vurublar. Yəqin rayon adamı idi bişirən, bakılılar kotletə göyərti vurmurlar.

Nə isə, Kənan Doğulu demiş, havada eşq qoxusu olduğu bir vaxtda kotletin qoxusuna fikir vermədən irəli getdim. Yaxşı ki, kartımda gediş var idi. Eskalatorda yenicə oturmuşdum ki, arxadan bir oğlanın keçmək istəyi ilə ayağa qalxmalı oldum. Heç vaxt başa düşə bilməmişəm ki, iki pilləkən tez çatanda nə olur.

Nə isə, bir təhər özümü qaldırdım. Onsuz da eskalator aşağı çatmışdı. Həzi Aslanov xətti üzrə gedən qatar gəlib dayandı. Qapının qabağında həyəcanla içəri baxıb minə biləcəyimi ümid edirdim, elə qapının o biri tərəfindən bir oğlan da eyni baxışla qapıdan çölə baxırdı. Elə bil o azadlığını çöldə unutmuşdu, mən də içəridə işığımı axtarmağa gedirdim.

Bakı metrosu yenə öz sözünü dedi. Qapılar açılası olmadı. Bir neçə dəqiqə oğlanla göz-gözə qaldıq. Elə bil qapının açılmasına olan həvəsimiz bir-birimizə qarşı həvəsə çevrilmişdi. Deyəsən, bir az çox romantik yanaşdım, amma maraqlısı budur ki, elə ilk dəqiqədən bir-birimizə baxıb gülümsəməyə başladıq. Sağ olsun Tağı müəllim bu qədər həyəcanın içində üzümüzü güldürməyi bacardı. Amma bütün gülümsəmələr kimi bu da uzun çəkmədi.

Qapılar açıldı və iki doğma insan ayrıldı bir-birindən. O bir neçə dəqiqədə nə qədər doğmalaşmışdıq, nə qədər bağlanmışdıq.

Minəndən sonra dönüb geri baxmağa cəsarətim çatmadı. Bəlkə də o baxmışdı. Bəlkə də o an bir neçə dəqiqədə o qədər hiss ötürdüyüm insana arxamı dönüb ümidsizlik vermişdim. Elə bil bir anlıq küləklər şəhərinin sakini olduğumuzu unutmuşduq, Tibetdə bir ağacın altında oturub kitab oxumaq qədər həzz vermişdi o dəqiqələr bizə. Qatar gedirdi, hansı stansiyada olduğumu bilmirdim. Deyəsən artıq bir stansiya keçmişdi. Pəncərənin şüşəsində özümə baxıb xəyala dalmışdım.

Deyəsən arada gülümsəyirdim də. Amma inanmıram ki, vaqonda kimsə buna fikir verərdi. Başqalarının telefonuna gözünü zilləyib mesajlarını oxumaq mənim gülümsəməmdən daha maraqlı olardı yəqin. Həmin gün gözlərimə baxan bir insan olmuşdu və bu mənə bəs idi. Onun gözlərini gözümün önünə gətirməyə çalışdım, amma bacarmadım. Bir gün onu görsəm tanıyacağıma əmin idim. O vaxtdan bəri çox oğlanı ona oxşatmışam. Amma bilirəm ki, heç biri o deyildi. Çünki heç biri gülümsəmirdi…

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #