Bizim sevgimiz

Bizim sevgimiz
8 yanvar 2013
# 15:27

Anar Məcidzadənin təzə şeirləri

Bu dünyanın min əzabı var imiş

Bu dünyanın min əzabı var imiş,
Hər əzab da ürəkləri yandırır.
Qanana, qanmaza dünya dərd verir,
Varlığını hər insana qandırır.

Kiminin evini yıxıbdı dünya,
Qəlbləri yandırıb, sıxıbdı dünya.
Çoxunun sonuna çıxıbdı dünya,
Bəzən əyilməzi əyir, sındırır.

Bilmək olmur əvvəlini, sonunu,
Bilinməyir bu dünyanın oyunu,
Bəzən də qurda döndərir qoyunu,
Ancaq hər kəsə öz yerin bildirir.

Ehtiyatlı ol, qalxsan da zilə sən,
Bu dünya sirli aləmdir, biləsən.
Ömür qısa, güldürəndə güləsən,
Dünya həm ağladır, həm də güldürür.

Həm anadır, həm atadır

Çətin olsa vəziyyətim,
Sizə düşür əziyyətim.
Hər bir zaman xoş niyyətim,
Həm anadır, həm atadır.

Eşidərlər tez harayı,
Eşitməsə əmi, dayı.
Bəşərin günəşi, ayı,
Həm anadır, həm atadır.

Gözlərində Tanrı nuru,
Tanrı, sən onları qoru.
Bu dünyada ən haqq, doğru,
Həm anadır, həm atadır.

Hər əzaba dözən kimdir,
Hər əzabı çözən kimdir?
Çiçək kimdir, çəmən kimdir,
Həm anadır, həm atadır.

Anar, söyləyir ki, ürək,
Ən xoş arzu, ən xoş dilək,
Ömür boyu bizə gərək,
Həm anadır, həm atadır.

Dünyama gəldim

Vurğun olmamışam hər işvə, naza,
Uymadım boyalı hər gözəl qıza.
Sığındım nəğməyə, sığındım saza,
Mən sözdən, sənətdən ilhama gəldim.

Şirini, acını həyat bilmişəm,
Arzu, muradımı qanad bilmişəm.
Həyatı özümə ustad bilmişəm,
Həyatdan dərs alıb, mən kama gəldim.

Dilimdə həqiqət himni səslənir,
Qəlbimdə min istək, arzu bəslənir.
Bu tale, bu qismət, görən bəs nədir?
Bu şirin həyata, röyama gəldim.

Şeirdir göydəki ulduzum, ayım,
Şairlik qismətim, Tanrıdan payım.
Gərək ki, özümü mən xoşbəxt sayım,
Şair tək doğulub, dünyama gəldim.

Məhəbbət olmasa, sevgi olmasa

Hər zaman ucadır sevginin adı,
Sevgidən yaranıb Adəm övladı.
Qırılar insanın qolu-qanadı,
Məhəbbət olmasa, sevgi olmasa.

Ulduzlar sayrışıb, axmayacaqdır,
Oğlanlar qızlara baxmayacaqdır.
Bəlkə də bu dünya olmayacaqdır,
Məhəbbət olmasa, sevgi olmasa.

Hər zaman eşqini anır sevənlər,
Hərdən gah odlanır, yanır sevərlər.
Dünyanı sevənlər qara görərlər,
Məhəbbət olmasa, sevgi olmasa.

Nə yağışlar yağar, nə günəş doğar,
Hər yağan yağışda bir məhəbbət var.
Doğulmaz ürəkdə, qəlbə arzular,
Məhəbbət olmasa, sevgi olmasa.

Məhəbbət yaşamaq, sevgi həyatdı,
O, sirri açılmaz bir kainatdı.
İndi nə biz vardıq, nə bəşər vardı,
Məhəbbət olmasa, sevgi olmasa.

Bizim bu sevgimiz

Qanadı qırılmış quşa bənzəyir,

Yaza həsrət qalan qışa bənzəyir.

Kədərdən çatılmış qaşa bənzəyir,

Bizim bu sevgimiz, məhəbbətimiz.

Qarşıda xoş günlər, çağlar qalıbdır,

Zirvəsin görməmiş dağlar qalıbdır.

Bəs neyçün indidən ağlar qalıbdır,

Bizim bu sevgimiz, məhəbbətimiz.

Çiçəyin, gülünü qoxumamışıq,

Vüsal nəğməsini oxumamışıq.

Bu ömür yolunda əbədi işıq,

Bizim bu sevgimiz, məhəbbətimiz.

Gözümüz acıdan yata bilmədi,

Qəlbimiz dərd yükün ata bilmədi.

Vüsal arzusuna çata bilmədi,

Bizim bu sevgimiz, məhəbbətimiz.

# 3026 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #