Nur (hekayə)

Nur (hekayə)
13 iyun 2013
# 16:33

Səidə Haqverdiyevanın hekayəsi

-Sən mənim gözlərimin işığısan!.. Məni həkimlər deyil, sən sağaltdın, bu nuru sən verdin gözlərimə...

Dilarə Adilin boynuna sarılaraq onu göz yaşlarında isladır, Adil isə onun gözlərindən öpməkdən doymurdu:

-Həyatımda səninlə ilgili yeganə bir arzum olub, Dilarə: itib gözlərinin qaranlığında, özüm özümü də tapa bilməyim... Amma nə yazıqlar ki, düz on il mən həyatın qaranlığında itib-batmalı oldum. Bu günə də şükür, biz yenidən qovuşduq!..

-Allah sənin bacın Nəzakəti də, bacın qızı Ramiləni də xoşbəxt eləsin, biz onların sayəsində... –göz yaşları Dilarəni boğdu, hönkürdü, bərk-bərk Adilin boynunu qucaqladı.

10 il əvvəl

-Bacı, nolar atamı dilə tut, qoy bir dəfə də elçi getsinlər, bəlkə qızın atasının ürəyinə rəhm gələ, daşı tökə ətəyindən...

Nəzakət qardaşının əllərini sıxıb xəcalət çəkirmiş kimi ağlamsındı:

-Neyniyim, ay qardaş, neyniyim, vermir də bu qara keşiş, qızı vermir!.. Sən özün, abırsızlıq da olsa, atama bir də eşitdir.

Adil Nəzakətin sözlərindən sanki ayıldı.

-Abır-mabır qurtardı, elə bu dəqiqə dədəmlə danışaram! Dilarəni mənə almasa, başımı götürüb ilim-ilim itəcəm! – deyib, ayağa durdu.

-Nə dedin əəə, küçük?!

Təsadüfən qardaş-bacının sözünün üstünə çıxan ataları aram-aram toqqasını çıxara-çıxara:

-Bir ləçərə görə sən atana qarşı abırsızlıq edəcəksən, əəə?!

-Ata!.. - Adil toqqanın zərbəsini hiss etməyirmiş kimi heç tükünü də tərpətməyərək, atasının üzünə bozardı. – Elə etmə ki, ömürlük üzümə həsrət qalasız!..

-O pul hərislərinin qarşısında əsgilməkdənsə, sənin kimi abırsız oğulun üzünə ömürlük həsrət qalmaq daha şərəflidir! - Ata qızı Nəzakətin araya girməsiylə toqqanı qeyzlə yerə ataraq otaqdan çıxdı.

...O gündən nə Adilin üzünü görən oldu, nə də Dilarənin. Adil Dilarəyə onunla qaçmağı təklif etsə də qız razı olmadı. Dilarəni varlı bir oğlana ərə verdilər, Adil isə Kazana, böyük qardaşının yanına getdi.

10 ildən sonra

-Seva, deyirəm, bəlkə bizə gedək, indidən evə gedib neyleyəcəksən? Son zamanlar anam da səni tez-tez soruşur. Deyir, Sevinc niyə bizə gəlmir, olmaya küsmüsüz? Ne qədər deyirəm vaxtı yoxdu, işləri cox olur, inanmır ki inanmır. Bilirsən də, Seva, o səni bizdən heç vaxt ayırmayıb. Keçən dəfə Mirmövsüm ağanın ziyarətinə getmişdik, inanırsan, səninçün də dua elədi. Evə qayıdanda yolboyu səndən danışdı. Yaman darıxıb səninçün. Gedək bizə.

-Mən də onun üçün darıxmışam, Ramoş. Nəzakət xalanın xətrinə razılaşıram. Düz deyirsən, sonra belə boş vaxtı hardan tapacam. Qorxuram nə vaxtsa bu məsəli mənə də şamil edər: bağda ərik var idi - salamməlik var idi, bağda ərik qurtardı - salamməlik qurtardı.

İkisi də güldü. Dayanacağa tərəf yollandılar, dərhal da avtobus gəldi və onlar oturub Ramiləgilə gəldilər. Havadan od ələnirdi.

Qapını Ramilənin böyük bacısı Elnarə açdı. Sevinci görüb təəccübləndi:

-Ramoş, bu ceyranı hardan tutub gətirmisən? Olmaya yol azıb?

-Eliş, inan işlərim başımdan aşır. Bəzən yeməyə belə halım olmur, yatağa özümü güclə atıram.

Ramilə:

-Yemək dedin - mədəm dik atıldı, – deyə mədəsini sığallayaraq: -Bacı, acından ölürük.

Elnarə mətbəxə keçdi, Ramilə radionun səsini artırıb, Sevincə: - Dur oynayaq, - dedi. Sevinc başını yellədərək rəfiqəsinin təklifindən imtina etdi.

-Bilirsən, Seva, mən həmişə bu dalğaya qulaq asıram. “Bürc”ün bütün aparıcılarını dinləməkdən yorulmuram. Hələ biri var e, Zaur - ondan lap xoşum gəlir. Bu yaxınlarda eşitmişəm ki, o da Borçalıdandır. Bir dəfə onu küçədə gördüm, istədim yaxınlaşıb deyəm ki, a yerli, ölürəm sənin qoyduğun mövzular ucun. Amma deyə bilmədim, utandım.

-Eybi yox sənin yerinə ona mən deyərəm.

-Tanıyırsan bəyəm? Yox, yox, demə, sözdü də deyirəm. Yaxşı çayını iç soyuyur.

Sevinclə Ramilə səkkiz ildi rəfiqəlik edirdilər. Demək olar ki, bacı kimi idilər. Çox vaxt bir-birilərinin fikirlərini gözlərindən oxuyurdular. Bu dəfə də belə oldu.

Ramilənin qəribə hərəkətlərini, dalğın baxışlarını tutan Sevinc qayğılandı:

-Səni narahat edən məsələni mənə demədin axı...

-Heç...

-O qadını görəndən sənin əhvalın dəyişib...

-Bəlkə mən səhv edirəm, nə bilim.

-Kim idi bayaq dayanacaqda gördüyün o qadın? Qohumundu o kor dilənçi?

-Yox.

-Ramilə, bu mənzərə məni də sarsıltdı. Amma neyləməli. Onun həyatını biz qaraltmamışıq ki. Onun kor olmasına səbəbkar biz deyilik ki.

-O, Dilarəydi.

-Dilarə kimdi, sən nə danışırsan, sənin o adda tanışının olduğunu mən bilmirdim.

-O vaxtlar mən balaca idim, 10-11 yaşım olardı. Gör aradan neçə illər keçib.

-Kimdi axı o qadın?

-Mən sadəcə oxşatdım, lakin o, imkanlı ailənin qızıydı. Bu isə adi bir dilənçi, özü də kor...

-Tutaq ki, sən səhv edirsən, bəs ona yaxınlaşıb, sənin adın Dilarədirmi deyəndə, nə üçün onun əl-ayağı titrədi, qaçaraq uzaqlaşdı.

-Nə isə, qurtaraq bu söhbəti. İndilərdə anam gələr, səni bikef görüb mənim aşımın suyunu verər. Sən otur, mən gedim Elişə kömək eləyim.

Ramilə mətbəxə keçmişdi ki qapı bərkdən döyüldü. Nəzakət xala əlləri dolu içəri daxil oldu. Sevinci görən kimi:

-Ay səni xoş gördük, qızım! - deyib, Sevincin üz-gözündən öpdü. - Dayan bir sənə yaxşı-yaxşı baxım. Bu nədir, Telli sənə yemək-zad vermir?

-Eh, Nəzakət xala, neynirəm çox yeməyi ki, sonra da əməliyyat üçün pul axtaram.

Sevincin bu sözünə mətbəxdən Ramilə şaqqanaq çəkdi:

-Elə bu fikirlə yaşadığın üçün ömrün boyu stulun küncünə sıxışdırılırsan da...

-Yaxşı-yaxşı, deyin görüm, yemək-zad vermisiz uşağa? – Nəzakət xala mətbəxdəkilərə səsləndi.

-Hazirlayırıq, darıxma, ay ana. Bircə dəqiqəyə hər şey hazır olacaq.

Doğurdan da heç bir dəqiqə keçməmiş otağı gözəl yemək qoxusu bürüdü. Bismillah edib çorəkdən bir tikə yenicə kəsmişdik ki, Ramilə özünü saxlaya bilmədi:

-Ana, ay ana, yadindadir nənəmgilin qonşuluğunda gözəl bir qız yaşayırdı, dayım da onu sevirdi?

-Kimi deyirsən, qızım, Məryəmın qızını?

-Hə, hə onu. Adı nəyidi qızın?

-Dilarə?

-Ramilə, birdən elə yersiz suallar verirsən ki, adamın lap əti tökülür, -deyə, Elnarə söhbətə müdaxilə etdi.

-Elnarə, verdiyim sual yersiz deyil.

-Bu sənin hardan yadına düşdü, qızım? – Nəzakət xala sözünü deyib, əlini duza uzatdı, - Duzu ver görüm, yenə yeməyinizin duzu yoxdur. - Qonşumuz yalançı Güldanə deyir ki, güya Dilarənin getdiyi oğlan əmisi oğlunu öldürdüyünə görə həbs olunub, qızı isə döyməkdən kor ediblər.

-Deyir o kordu, ana?

-Hə, güya kordu.

-Ana, sən niyə belə soyuqqanlısan onun kor olmasına.

-Ay bala, niyə də olmayım, anam deyil, bacım deyil. Hər kəsin bir yazısı var, yaşayır. Bir də ki, bu adam hardan gəldi sənin beyninə?

-Ana, o düz deyir, Dilarə həm kor, həm də dilənçidir.

-Sənin başına hava gəlib?..

-Ramilə düz deyir, Nəzakət xala, biz onu bulvarda gördük, dilənirdi... Ramilə onu tanıdı, hətta yaxınlaşdı da.

-Ay bala, siz nə danışırsız, bu onu necə tanıya bilər axı? O vaxtlar Ramilə uşaq idi. Bir də ki o niyə dilənməli idi, hər iki tərəfdən varlı, imkanlı qohumları, ata-anası, qaynatası vardı.

***

Qızlara inanmayan Nəzakət xala səhər onları da götürüb Dənizkənarı parka getdi. Lakin Dilarəni nə qədər axtardılarsa da, görə bilmədilər.

Nəzakət xala əsəbiləşmişdi:

-Əşi, mənim nəyimə gərəkdi bu? Mənə deyən lazımdir ki, iki uşağın sozünə aldanaraq işini-gücünü atıb, sübh tezdən nə düşmüsən parkın canına!

-Ana, sən həmişə yumşaq qəlbli insan olmusan axı, indi birdən-birə noldu sənə, elə bil heç mənim anam deyilsən?

-Qızım çox yorulmuşam, həm də mən yüz faiz bilirəm ki, sən onu kiminləsə səhv salmısan.

-Yox, Nəzakət xala, vallah, biz dünən o qadını burda görmüşdük!

Onlar kor-peşman geri qayıdirdılar. Bu zaman Nəzakət xala birdən rişxəndlə:

-Bəlkə gördüyünüz o əsə-əsə gələn qadındır? – deyə, güldü.

Qızlar başlarını o səmtə çevirən kimi bərkdən qışqırdılar:

-Hə, hə, odur!..

Nəzakət xala susdu, sonra astaca:

-Bu ona çox oxşayır, - dedi. - Amma inanmıram Məryəmın qızı bu vəziyyətə düşsün?!

Ona lap yaxınlaşanda, Nəzakət xala təəccübünü gizlədə bilmədi:

-Qızım, sən onu necə tanıdın?! Axı, sən uşaq idin...

-Ana həmin qızdır?

-Bilmirəm, qızım, bilmirəm.

Qadına bir-iki addım qalmışdı ki, Nəzakət xalanın ağzından sanki son nəfəsi çıxırmış kimi hayqırdı:

-Dilarə!!!

Dilarə yerindəcə dondu. Nəzakət xala ona yaxınlaşıb qolundan tutdu.

-Qorxma, mənəm, Nəzakətdi, Adilin bacısı, tanıdın?

-...

-Necəsən, Dilarə?

-...

Yanağından öpdü:

-Can bala, üşüyürsən, soyuqdu sənə?

-Yox yaxşıdır, həyəcanlandım bir az...

-Gəl burda, skamyada oturaq, gəl.

Dilarə bir tükdən asılı qalmış payız yarpağı kimi titrəyirdi...

-Nəzakət bacı, məni necə tanıdınız axı? Düz bir ildir ki bura gəlirəm, amma məni heç kəs tanımayıb. Hər gün Allaha yalvarıram ki, qohum-əqrabayla qarşılaşmayım.

Dialrənin dilənçi görkəmi, xəstə halı Nəzakət xalaya elə təsir eləmişdi ki, o, göz yaşlarını saxlaya bilmirdi.

Birtəhər özünü toxdadıb boğunuq səslə:

-Dilarə, sən narahat olma, məni tanıyırsan, məndən söz çıxmaz. Sən buralara necə düşdün?

-Eh, ay bacı, hardan, nədən başlayım... Qurban olum Allaha, nə eləmişdim, hansı günahın sahibiydim, bilmirəm.

-Səni bu vəziyyətə kim salıb, Dilarə?

-Fuad evi yıxılmış! Mənim evimi o yıxdı, həyatımı o qaraltdı.

-Yəni, ərin haqqında deyilənlər düzdür?

-Düzdür, Nəzakət bacı, düzdür. Getdiyim gündən həyat mənim üzümə gülmədi. O hər gün məni döyürdü. İçirdi, çəkirdi - ağlı başından çıxırdı. Deyirdi ki, mən səni döyəndə sakitləşirəm. Boşanmaq istəyirdim, qoymurdular. Özüm də boşanmaqdan qorxurdum. Mənə deyirdi ki, məndən boşansan, öldürəcəm səni. Atam ölməmişdən əvvəl ondan çəkinirdi bir az - çox döymürdü, elə ki atam rəhmətə getdi, mənim qara günlərim başladı.

-Bunları eşitmişdim, bəs gözlərinə noldu belə?

-Bir dəfə evə lap gec gəlmişdi, üst-başı qan içindəydi. Hiss elədim ki, nə isə pis hadisə baş verib, ancaq heç nə soruşmadım. Sonra böyük qardaşı bizə gəldi, qonaq otağına keçib, qapını bağladılar.Təxminən bir saat otaqda söhbət elədilər. Onu bilirəm ki, qardaşı yamanca əsəbiləşmişdi. Evimizə zəng gəldi. İçəridən Fuad qışqırdı ki, telefona toxunma. Yavaşca qapıya yaxınlaşıb, onların söhbətinə qulaq asdım. Dəhşət məni bürüdü - sən demə, Fuad əmisi oğlunu öldürüb, atıb gölə. Fuadın ona borcu vardı, o da Fuadı sıxırmış ki, borcunu versin. Onun çox adama borcu vardı. Nə isə, onların bütün söhbətlərinə qulaq asdım, planlarından xəbərdar olum. Lakin mənim onlara qulaq asdığımı bilən qardaşı dedi ki, bu qız səni satacaq. Fuad da məni döyməyə başladı. Qapıya tərəf qaçdım, elə o an bilmirəm başıma nəyləsə vurdu. Gözlərimə qaranlıq çökdü. Sonrasını xatırlamıram.

Huşum başıma gələndə gözlərim görmürdü. Xəstəxanadaydım. Qaynım, qaynanam da yanımdaydılar.Baldızım mənə dedi ki, həkimə demişik sən yıxılmısan, sən də hamıya de ki, ayağın burxulub pilləkənlərdən yıxılmısan. Mən qorxudan razılaşdım. Qaynanam söz verdi ki, məni ən yaxşı xəstəxanaya qoyacaq...

-Qoydu?

-Düzdü, xəstəxanaya apardılar, bir az müalicə də aldım. Bir gün qaynım yanıma gəlib dedi: “Sənin gözlərinin açılması üçün Rusiyaya getmək vacibdir. Buna görə də çoxlu pul lazımdır. Sən icazə ver, evinizi sataq, aparım səni Rusiyaya.” Mən də razılaşdım. Evi satdıq. Amma məni müalicəyə aparmadılar.

-Bəs evin pulu?

-Bilmirəm pulu neylədilər. Qaynım: “Bax, Dilarə, sən həqiqəti bilməlisən. Müalicə alsan da, almasan da gözlərin açılmayacaq. Pula görə narahat olma, pulun məndədir. Nə vaxt istəsən, verəcəm. Bir də pul sənin nəyinə lazımdı, nə istəsən, biz burdayıq da... Ele bil Fuadın yox, sənin qardaşınam.”

Şirin dilə tutub məni yoldan çıxartdılar. Nə dedilərsə, razılaşmalı oldum. Təxminən üç il qaynanamla bir evdə yaşamışam. Adamın üstə Allah var, arvad mənə pis baxmırdı. Amma qaynım, yaxşı adam deyilmiş. Bir gün mənə dedi:

-Dilarə, mən səni daha saxlaya bilmirəm. Üç ildir ki, səni doğma bacım kimi saxlamışam, amma indi imkanım yoxdur… Bilirsən də, evinin pulunu da sənin müalicənə sərf etmişəm. Əlimizdə-ovcumuzda nə pul vardi, sənin müalicənə qoymuşam.

-Can bacı, can!.. Gör sənin başın nə müsibətlər çəkib...

-Əslində isə o məni bir-iki dəfə müalicəyə aparmışdı, özü də Bakıda. Onda da qulaqlarım eşidə-eşidə həkim demişdi ki, bunun müalicəsi cuzi pul tutacaq. Mən kor idim, kar yox...

-Bəs sonra, sonra noldu, Dilarə?

-Beləcə məni bir rus qarının yanına qoyub Hollandiyaya baldızımın yanına getdilər. Güya üç aya qayıdıb məni də aparacaqdılar, ancaq onların gedişindən illər keçsə də nə gələn var, nə gedən...

-Bəs qohumlarınız?

-Dərdimi təzələmə, Nəzakət bacı! Onların vəziyyətimdən xəbərləri vardı. Ancaq heç biri mənə yaxın durmadı. Əvvəllər Nina xalanın boğazına şərik idim. Onun-bunun qapısında işləyib məni dolandırırdı. Məni qızı kimi istəyirdi. Deyirdi, elə bilərəm balamı saxlayıram. Sən demə, qaynım onu da aldadıbmış, bir az pul verərək məni yanında saxlamağa razı salıbmış. Ona da deyibmiş ki, üç aya gəlib götürəcək məni, ancaq... Nina xala məni atmadı, yanında saxladı, heç vaxt xətrimə dəymədi.

-Bəs onda niyə dilənirsən, əgər sənə baxırsa...

-Heç yadımdan çıxmaz, o məni parka gəzməyə gətirmişdi. Dedi burda dur, gəlirəm. Bir az dayanmışdım ki, kimsə ovcuma pul qoydu. Görünür, məni dilənçi sanmışdı. Mən çoxdandı Nina xalaya necə kömək etmək barədə düşünürdüm. Bu mənimçün sanki bir işarə idi... Həmin gündən burada dilənməyə başladım.

Nina xala əvvəllər mənim dilənməyimə razı deyildi. Vəziyyətimizin ağır olduğunu görüb, onu razı sala bildim.

-Axı, sizin ailəniz...

-Yaşamaq istəmirəm, bilmirəm məni nədir həyatda indiyəcən yaşadan!.. Nina xalanı da həyatda tək qoymaq istəmirəm. Taleyin işinə bir bax, tay-tuşlarımın içində ən qəşəngi, imkanlısı, savadlısı mən idim. Ancaq indi... Mənim toyum olanda, bütün rəfiqələrim sağ əlimi başlarına çəkirdi. Hamı deyirdi ki, peyğəmbər kimi oğlana gedirsən. Görəsən, mənə o vaxt qibtə ilə baxanlar, indi məni bu vəziyyətdə görüb nə deyərdilər?!

-Elə demə, Allahdan ümidini kəsmə. Qulaq as, gör nə deyirəm, sən heç fikir eləmə. Ərim il yarımdı rəhmətə gedib. İki qızımla evdə tək yaşayıram. Dolanışığım, maşallah, pis deyil. Bilmirəm eşidibsən, ya yox, Adil də Rusiyada yaxşı qazanır, biznesmendir. Bir əli bizim üstümüzdədir, qoymur əziyyət çəkməyə. Sözümün canı var axı... Elnarənin iki aydan sonra toyudur. Ondan sonra Ramilə ilə tək qalacam. İstəyirəm səni bizə aparam. Qal həmişəlik mənim yanımda. Elə bil mən də sənin böyük bacın. Heç kim sənin mənim yanımda qaldığını bilməyəcək. Söz verirəm, kimsəyə bizdə olduğunu demərəm.

-Yox, Nəzakət bacı, yox! Siz nə danışırsınız, nə üçün mən həmişə həyatda kimlərəsə yük olmalıyam! Bir də ki, Nina xalanı...

-Lap yaxşı, Nina xala da olar bizim nənəmiz!.. – Ramilə sevincini gizlədə bilmədi.

-Allah köməyiniz olsun, Nəzakət bacı, mən artıq belə yaşamağa alışmışam, bir də ki... – o, başını aşağı saldı.

-Hə başa düşdüm, narahat olma, Adil on ildə bir dəfə bizə gəlib, ya gəlməyib. Özü də o səni görsə, yəqin ki, heç tanımaz.

Bu söz Dilarəyə toxunsa da üzə vurmadı.

-Otaqlarımız çoxdur, genişdir. Neçə yaşı var Nina xalanın?

-Bu il 73 yaşı tamam olacaq. Bir qızı var, Tümendə yaşayır, anasını nə qədər yanına aparmaq istəyir, getmir ki getmir.

-Niyə getmir, sənə görə?

-Əri Azərbaycanlı olub, bir-birilərini çox seviblər. Deyir, ərim sağ olsaydı, köçərdim. İndi köçsəm, elə bilərəm bu torpaqlarda onu tək qoymuş oluram. Hər sabah onun qəbrini ziyarət edib sonra işlərinin arxasınca gedir. Mərd qadındır, qızından belə kömək istəməz.

-Lap yaxşı, amma Dilarə, gözüm görə-görə səni bu uçurumda qoyub gedə bilmərəm. Mənə evdə də kömək eləyərsən, olmaz?

-Yaxşı, Nəzakət bacı, əlacım nədi, onsuz da bu rüsvayçılıq mənim canımı boğazıma yığıb. Olar Nina xalayla məsləhtləşim, halallıq alım?

-Əlbəttə olar. Bir yerdə gedərik.

***

-Mən səni lap yaxşı eşidirəm... de görüm necəsən? Niyə Vətənindən didərgin düşmüsən, niyə demirsən bacım ölüb-qalıb, bir hal-əhval tutum?..

-Ay mama, səsini bütün məhəllə eşitdi, bir az yavaş danış, - Ramilə telefonda dayısı Adillə danışan anası Nəzakət xalanı bir az astadan danışmağa dəvət etsə də Nəzakət xala səsinin tonunu almırdı ki almırdı.

-Adil, başına dönüm, sən nə qədər subay-salxaq gəzəcəksən, bir ailə qur, oğul-uşaq sahibi ol, yurdun daşını daş üstə qoyanın olsun...

Adilin telefonda zəif səsi eşidilirdi:

-Bax, bacı, əgər məni bu işə görə çağırırsansa, mən sənə sözümü demişəm. Görünür, mənim taleyim beləymiş, tək gəlmişəm – tək də gedəcəyəm...

-Bacı qurban, ona görə çağırmıram, yaman xəstəyəm, deyirəm, ölüm-itim dünyasıdır... – hıçqırıq Nəzakət xalanın sözünü tamamlamasına imkan vermədi.

Adil bacısına toxdaqlıq verməyə çalışdı:

-Sabah gedərsiz banka, bir az pul göndərəcəm, özünü əməlli-başlı müalicə elətdir.

-Qardaş, mənim dərdim pul dərdi deyil, mən səni görmək istəyirəm son nəfəsimdə...

-Yaxşı, sabah elə birinci reyslə uçuram, narahat olma!

Nəzakət xala telefonu söndürüb əllərinin arxasıyla yaşarmış gözlərini sildi və gözlərini bərəldib maraqla onun ağzına baxan qızlarına dedi:

-Əməlli-başlı artistlik elədik ha... sabah gəlir!

Qızlardan bir şaqqanaq qopdu, evin divarları tərpəndi.

-Di tez olun getdik xəstəxanaya, gəlinə bir baş çəkək.

***

Səhər saat onun yarısında Binə Hava Limanında yerə enən təyyarədən düşən Adil bir taksi tutaraq birbaşa bacısıgilə sürdürdü. Evə çatar-çatmaz səbirsizliklə onun yolunu gözləyən bacısı qızları dayılarının boynuna sarıldılar. Adil:

-Bacım hanı? – deyə, qızların üz-gözündən öpüb tələsik soruşdu.

-Xəstəxanadadır, - deyə, Ramilə dilləndi.

-Nolub ona, harası xəstədir?

-Heç, heç, elə də ağır xəstəlik deyil, - Elnarə dodaqlarının qaçmasını güclə gizlətdi.

-Yaxşı, getdik.

***

Onlar Göz Xəstəlikləri Klinik Xəstəxanasına daxil olub, qaçaraq palataya tərəf tələsdilər. Elnarə qabaqda, Adil ortada, Ramilə isə arxada palataya keçdilər.

-Hanı bacım? – deyə, ətrafa döyükən Adil Ramilənin arxası ona tərəf oturmuş bir qadının yanında dayandığını görüb, ona yaxınlaşdı və çiyinlərini arxadan qucaqladı.

-Bacı, noldu sənə?

Qadın yerindən ağır-ağır durub, üzünü onu qucaqlayan şəxsə çevirdi. Adil ağzını doldurub “Bacı” demək istəyirdi ki, Nəzakət xala yaşlı bir həkimlə içəri girdi. Həkim:

-Çəkilin, çəkilin, kənara çəkilin, -deyib, xəstəyə yaxınlaşdı. – Hə, qızım, gəl gözlərinin sarğısını açaq, bacın, qardaşın, bacın uşaqları – hamısı yanındadır.

Qadın:

-Axı, mənim qardaşım... – dərindən ah çəkdi.

Həkim onun gözlərinin sarğısını açdı və:

-İndi yavaş-yavaş gözlərini aç, - deyib, əllərini qadının gözlərinə çəkdi.

Əvvəl torlu, dumanlı görən qadının gözlərində siluetlər getdikcə aydınlaşdıqca, onun çöhrəsindəki cizgilər də müxtəlif formalara düşürdü. Nəhayət, baxışları Adilin üzərində dayanan anda yenidən gözlərinə tor gəldi, başı gicəlləndi, huşunu itirib çarpayıya yıxıldı.

***

...O ayılanda palatada Adildən başqa heç kəs yox idi. Adil isə onun çarpayısına söykənib yuxulamışdı. Uzun-uzadı onu süzdü, əllərini qeyri-ixtiyari gicgahına, dən düşmüş tellərinə çəkdi. Adil yuxuda olsa da üzündə ilıq bir hənirti hiss etdi, bütün bədənindən ağrılarını sanki dartıb çıxaran ilahi bir giziltinin ecazına bihuş oldu. Dodağına şirin bir təbəssüm qondu.

Bu təbəssümü görən qadın tez əlini çəkdi, dirsəyi ilə dolabın üstündə olan stəkanı salıb sındırdı. Adil səsə dik atıldı.

-Dilarə! – deyərək, onun zərif, avazımış əllərini ovcunun içində gizlətdi. – Dılarəm, Dilşadım, sən ayıldın, üç gündü sən özündə deyilsən, komadasan...

-Adil!..

-Heç nə demə, heç nə, mən hər şeyi bilirəm.

Bu zaman qapı açıldı - Nəzakət xala, Ramilə, Elnarə, Sevinc və Nina xala palataya daxil oldular. Nina xala:

-Dilara, qızım, - deyə, ağlayaraq Dilarənin saçlarından öpməyə başladı.

Nəzakət xala Adilə yaxınlaşıb:

-İcazə ver, elçiliyinə mən gedim, qardaş, axı, bunu sən məndən xahiş etmişdin... – dedi. Cavab gözləmədən dərhal da üzünü Dilarəyə tutub: - Qardaşım səndən başqa heç kəslə ailə qurmaq istəmədi, on ildi oturub səni gözləyir, bu qədər gözləmək bəs olmadımı?!

-Mənim həyata... gözümü ikinci dəfə siz açdınız...

-Yox, yox, belə olmaz. İndi mən deyirəm: siz istəyirsiniz ki, mən bu ölkədən gedim və bir daha qayıtmayım?! Hə, Dilarə?

-Yox, mən buna... bir daha dözə bilmərəm!.. – Utana-utana bu sözləri deyən Dilarə Adilə qısıldı.

Adil əlini cibinə salıb böyük bir dəstə pul çıxardı və onu əlində yellədərək, - sabah toydur, al toya tədarük gör, bacı! – deyə, qışqırdı.

Hamı əl çaldı, palatanın qapısı ağzına yığışan bütün tibb işçiləri də əl çaldılar. Adil bu dəfə lap bərkdən qışqırdı:

-Bütün həkimləri toyuma dəvət edirəm!!!

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #