Ədəb söhbəti

Ədəb söhbəti
29 may 2019
# 18:41

Zaur Cəfərov

Zəmanə necə dəyişibsə, yavaş-yavaş böyük kiçik yeri də bilinmir. Bu istər, özünü ədəbdə göstərsin, istər, davranışda, istər, özünü aparmaqda, istərsə də danışıqda. Əlbəttə, bunları heç də hər kəsə şamil etmək olmaz. Çünki həm xarakteri, həm də nümunəvi davranışları, müsbət keyfiyyətlərilə rəğbət, hörmət və ürəkləri qazana bilən kifayət qədər da insanlar var. Di gəl, cəmiyyətin əxlaq istiqamətində sürətlə üzü aşağıya yuvarlanmağını aydın şəkildə görmək olar. İndiki zəmanənin uşaqları nisbətən aqressiv yetişirlər, ya da danışıq dili ilə desək, “dilli” olurlar. Onlara artıq nəsə deyə bilməzsən, artıqlaması ilə cavabını özünə qaytaracaqlar. Əlbət, bunun arxasında bir sıra amillər dayanır, ona görə də aqressiya mövzusunu qoyaq bir kənara.

İndiki zəmanədə söyüşü, ədəbsiz ifadələri bal, ya da şərbət kimi şirin bilən uşaqlıq və gənclik yetişir. Bu cür nalayiq ifadələr işlədən sanki onlar həyatın bu şəkildə alırlar. Həyatının ən böyük səhvini etmiş olarsan, əgər söyüşdən çəkindirmək istəsən onları. Səni axmaq, geridə qalmış, utancaq, ya da başqa cür zənn edərlər. Əslində belə tiplərdən nə qədər kənar gəzsən bir o qədər yaxşıdır, orası heç. Amma aid olduğu cəmiyyətə fayda verməyən, başqalarını da özləri kimi olmağa təşviq edən və pis yollara sürükləyən kəsləri başlı-başlarına buraxmaq nə dərəcədə ədalətli olar? Bütün bunların fonunda sadəcə onlara qarşı deyil, ədəbsizliyin özünə qarşı bir cəbhə yaradıb müqavimət göstərmək mütləqdir. Ağ ağdır, qaranın ləkəsini tez götürər, nə qədər təmizlənsə də yeri qalar. Hər halda gecə də nə qədər qaranlıq olursa olsun, sonu həmişə aydınlıq olar. Bu səbəbdən də uşaqlara ən kiçik yaşlarından ədəbi, əxlaqı, mənəviyyatı və mənəvi dəyərləri elə aşılamaq lazımdır ki, bu, onların beyinlərinə ağ kağız olduğu andan həyatlarının hər anına kimi yazılmamış qanunları tək möhkəm və qüvvədə qalan olsun.

Uşaq da gördüklərindən və böyüklərindən götürər. Valideyn övladın mənəviyyatının çirklənməsindən utanmadan qürur duyursa, bu artıq sözün bitdiyi yerdir. Amma sadəcə nöqsanı uşaqlıq çağında axtarmaq lazım deyil. Ona görə ki, yaşı uşaq olmayan, geridə bəlli bir müddətlik keçmişi arxada qoyan və həyatın təcrübəsindən faydalanan böyüklərin davranışlarını da sorğuya çəkmək lazımdır. İctimai yerlərdə dəxlisiz səbəbdən, ya da ehtiyatsızlıqdan nəsə baş verdikdə, səbrli, təmkinli və anlayışlı davranmaq əvəzinə səslərinin tonunu özlərindən böyük olanlardan çəkinmədən qaldıran kəslər, növbə üstündə bir-birini az qala didməyə çalışanlar, birinin bir fiziki qüsuru olduğu zaman arxadan xısın-xısın həmin qüsuru məsxərəyə qoyanlar, bir balaca irəli gedən kimi ağılları başlarından çıxanlar, qarşıdakına təkəbbür və ikrah hissi ilə yanaşanlar və s. Saymaqla bitməz. Amma heç olmasa sayılan qədər azaltmağa can atmaq lazımdır. Öndən gedən nəsil ədəb-ərkanı ilə arxadan gələn nəsilə örnək olmağı bacarmalıdır. Yəni özlərinin mənəvi cəhətdən yüksək dəyərlərə sahib olmaqları bir yana, bu dəyərləri sonrakılara düzgün şəkildə sevdirmələri bir yana. Həm başqalarına öyrədək, həm də başqalarından öyrənək.

# 4814 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #