Alın yazısı

Alın yazısı
20 dekabr 2016
# 16:44

Sevinc Əhmədova

Neçə günüydü tərəddüd edirdim, həkimə gedimmi, getməyimmi. Birdən həkim "hamilə deyisiz" desə? Axı mən düz 14 gündür, özümü inandırıram ki, ana olacam? Bu sevinci gizlincə yaşıyıram? Xəyalımda artıq uşaq otağının divarlarının rəngindən tutmuş, bələklərin rənginə qədərə hər şeyi seçmişdim.

Geyimin çoxunu ağ alacaqdım, axı ağ rəngi həm oğlan, həm də qız geyinə bilər. Dörd il idi ki, bu günü gözləyirdim və sabah həkimə getməyi qəti qərara almışdım. Bunu heç kimə deməyəcəkdim, artıq utanırdım evdəkilərə "bu dəfə də yanılmışam, bu sadəcə gecikməymiş" deməyə. Üzlərdəki məyusluğu görməyə gücüm qalmayıb artıq. Fikirləşdim ki, həm də sürpriz edərəm. Sonuncu dəfə müalicə götürdüyüm həkimlə telefon əlaqəsi saxlayıb, saat 10 tamama növbə götürdüm. Sevinirdim, yox bu dəfə uşaqdır, buna əminəm. Gözlərimi hamıdan gizləməyə çalışırdım, sanki nəyisə gizlədiyimi oxuyacaqdılar, sanki yenə qayınanam "Gəlin, gözlərin gülür, yoxsa sevincli xəbərmi var?" deyəcəkdi və hər şey məhv olacaqdı. Son günlər hamıdan tez yatırdım, özümü illərin yuxusuzu kimi hiss edirdim. Bu gün də tez qabları yuyub otağıma keçdim, bu fikirlərlə nə vaxt yuxuya getdiyimdən xəbərim olmayıb.

Süd satan qadının səsinə oyandım, hava əməllicə işıqlaşmışdı. Onun işə nə vaxt getməyindən də xəbərim olmayıb. Bu dəfə yeməyi qayınanam verib, ona. Tez geyinib vanna otağına keçdim, yaxşıca yuyundum, axı həkimin qəbuluna növbəm var, gecikmək olmazdı. Yemək yemədim, qayınanama “həkimə yoxlanmağa gedirəm” deyib tələsik geyinib çıxdım. Klinikaya yaxınlaşdıqca həyəcan məni boğurdu, az qala nəfəsim dayanacaqdı və nəhayət içəri keçdim. Hər şeyi həkimə danışdım.

"Mətanət xanım, məncə bu dəfə dəqiq hamiləyəm." Həkimin də gözlərində sevinc parıldadı. Gülümsünüb tibb bacısına analizlər götürməyi xahiş etdi. Ehh, yenə gözləməliyəm, düz yarım saat. Bu yarım saat heç vaxt bu qədər uzun olmamışdı. Nəhayət həkim: "Əhmədova, səni təbrik edə bilərəm, sən hamiləsən" dedi. İlahi, bu sözün nə qədər gözəl səsləndiyinin fərqində olmamışdım indiyə kimi. “Sən hamiləsən.” Həkim bu sözləri mənə deyirdi. Oturduğum stoldan ayağa dura bilmədim, dizlərim əsdi. Gözlərimdən ixtiyarsız yaşlar sel kimi axmağa başladı. Həkim, "Ay qız, sənə həyəcanlanmaq olmaz, sil gözlərini, get dincəl, uşaq beş həftəlikdir, on iki həftəlik olanda gəl analizlər ver, həm də uşağın inkişafına baxaq" dedi. “Yaxşı, doktor” deyib özümü toparladım.

İndi avtobusa minib evə getməliyəm, yox, yaxşısı budur taksiylə gedim, avtobus şoferləri dəli kimi sürürlər, birdən uşağa nəsə olar. Taksiyə minib evə gəldim. Yol boyu planlar qurdum. Ona telefonda deməyəcəm ana olacağımı, qoy gəlsin evə, üz-üzə deyərəm, üzündəki sevinci gözlərimlə görüb həm də onunla bərabər mən də hamiləliyimin sevincini təkrar yaşayacaqdım. Axı heç klinikada düz əməlli sevinmədim də. Hələ qayınanama da deməyəcəm. Axşam yemək ərəfəsi hamı süfrəyə yığışanda deyərəm, məni qucaqlayıb öpəcəklər, qayınanam yəqin ağlayacaq sevindiyindən.

Otağıma keçib uzandım, axı mən indi çox dincəlməliyəm. Qapının zəngi çalındı, tez qapıya tələsdim, o, idi. Qapını açan kimi dedi: “Tez hazırlaş, kəndə gedirik.”

Axı planlamamışdıq, bu da hardan çıxdı? Beş ay əvvəl atamdan bəd xəbər gələndə də belə olmuşdu, “tez hazırlaş, kəndə gedirik” demişdi. Bircə bunu soruşa bildim: “İndi kimə nə olub?”

Yenə göz yaşları, yenə Bakıdan rayona uzanan o yol...

Bu dəfə də canımdan çox sevdiyim qardaşım. Moskvada qəflətən ürək tutması. Eyni atam kimi. O hava limanına gələn təcili yardım maşını, qara, taxta qutu, qərənfillərlə bəzənmiş taxta qutu. Ayılanda xəstəxanadaydım, həkim məni sakitləşdirməyə çalışırdı: "Hələ nə yaşın var ki, yenə ana olacaqsan, o qədər bezəcəksən ki, uşaqlardan."

Həmin gün iki sevdiyimi itirdim, eyni gündə...

Və səhəri gün gənc oğlunu itirmiş anam, hələ dünyaya gəlməmiş övladını itirmiş qızına göz yaşları içində təsəlli verməyə çalışırdı. Acılar insanı güclü edir deyirlər, mən isə güclü olmaqdan bezmişdim, yorulmuşdum. Dünyanın ən gücsüz, ən zəif qadını olmaq istəyirdim. Lakin tale yükü deyib boynumuza yüklənən, yaşamağa məcbur olduqlarımız nə yazıq ki, biz istədiyimiz həyatı bizə bəxş etmir.

# 1358 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #