Veneradan yollanan Ekspert – Hekayə

Veneradan yollanan Ekspert – Hekayə
20 may 2022
# 14:30

Kulis.az İlkin Mirələmovun hekayəsini təqdim edir.

Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.

Xudu Məmmədov

Venera planeti. İl: miladi təqvimlə 1519. “Böyük Yığıncaq”.

Bütün hadisələr Yerdən çox-çox uzaq bir diyarda baş vermişdi.

Belə ki, Venerada hər 500 ildən bir “Böyük Yığıncaq” adlı məclis nümayəndələrindən Yer planetinə bir nəfər Ekspert göndərərdilər ki, gedsin insan dənizində baş verən hadisələri müşahidə etsin və təzədən vətəninə qayıdıb orada gördüklərini yığıncaqda bir-bir nağıl etsin. Hər dəfə də eyni şəxs bu işə qol qoymalı idi. Çünki nəyisə eyni adam təkrar edəndə artıq onda bu işlə bağlı həm vərdiş formalaşır, həm də həmin mühitə bələd olmuş olur.

Çoxları düşünə bilər ki, başqa planetlilərin məramı bizim dünyamızı ələ keçirməkdir. Əslində veneralılar, Yeri işğal etmək ya da başqa bir çirkin məqsəd güdmürdülər. Eyni proses Saturun, Uran, Mars, Neptunda da icra olunurdu. Bu üsul onlar üçün bir növ başqa planetlərdəki müasir mühitdən xəbər tutmaq, orada baş verən hadisələri müşahidə edib həmin yeniliklərdən təcrübə kim öz doğma diyarlarında həyata keçirməkdən başqa bir şey deyildi.

Kim deyir axı bütün yad planetlilər pisdir... Əslinə qalsa, elə yerli var veneralıdan beş betərdi. Onlar ən azından öz ölkələrini ədalətlə idarə etməyi bacarır, başqa planetlərdəki müasir yenilikləri öz ölkələrinin xeyrinə istifadə edirlər.

“Böyük yığıncaq”da Lider iclası açıq elan etdi və sözü Yerə müşahidə üçün göndərilən Ekspertə verdi:

– Söz sizindir, cənab.

– Uca Lider, mənim vəzifəm ənənəvi olaraq hər 500 ildən bir Yer üzərinə səyahət etmək, orada baş verən yeni, maraqlı situasiyalar barədə sizə məlumat verməkdir.

Bizim era ilə 2319 - cu il, Yer təqvimi ilə isə 1519 - cu il. Baxın, bu qeyd etdiyim zaman kəsiyinə qədər Yerdə müxtəlif hadisələr baş vermişdir. Sizin bildiyiniz kimi dünya mühitinə əvvəlki 2 səfərimdə burada insanların “qılınc-qalxan” dedikləri kəsici alətlərlə bir qarış torpaq üçün bir-birini didib-parçaladığının şahidi oldum. Düşünürəm ki, bizim ədalətli dövlətimizdə bu cür lüzumsuz məsələlərə yer yoxdur.

Ancaq yeni səyahətimdə sizə Yerdən bizim üçün faydalı ola biləcək informasiyalar da gətirmişəm. Deməli, orada insanlar müasir təhsilin əsasında duran universitetlər kəşf ediblər. Univeristetdə dərs verənlər – güclü təfəkkür sahibləri “müəllim” adlanır. Həmin müəllimlər bizim elmi konfranslarımızda olduğu kimi mühazirələr deyir, sonra isə həmin mühazirəni səsləndirdiyi şəxsdən, yəni onların dili ilə desək “tələbə”lərdən geri soruşurlar.

Beləliklə, müəyyən ixtisasın sirlərinə dərindən bələd olan bir mütəxəsisin yetişməsinin təməli məhz onların universitet adlandırdığı məkanda gerçəkləşir.

“Çox gözəl”, – deyə, məclisdəki digər iştirakçılardan, həm simaca, həm mövqeyinə görə, həm də intellektual cəhətdən fərqli görünən Lider bu fikri alqışladı.

– Dediyin universitet məsələsini bizim vətənimzdə də tətbiq edək. Gələcək üçün savadlı və müasir dünyagörüşə malik kadrlar yetişdirək... Başqa nə yeniliklər var? Yerdəkilər bizim planeti işğal etmək xəyalında deyil ki? – Lider soruşdu.

– Hələ ki, oraya tədqiqat üçün təyinatımın 1600 - cü ilində olsam da bəşər övldının, nəinki Veneranı işğal etmək, hətta balaca ərazilərində yavaş-yavaş özlərini qırmaqdan savayı bu fikirə gəlib çatacaqlarını ağlıma belə gətirmirəm, Lider.

Yeniliklərə gəlincə isə oradakı insanların başı o qədər müharibəyə, savaşa qarışıb ki, elə kəşf etdikləri yeniliklərin çoxu özləri üçün böyük təhlükədir. Bizim kimi bütöv planet bir dövlət halında olmadığına görə müxtəlif dövlətlər varlıqların sürdürmək üçün yeni-yeni silahlar ixtira edir, bu yolla da məhz özlərinə ziyan vurmuş olurlar. Bu isə bizə lazım deyil...

Digər planetlərə göndərilən tədqiqatçılar da gətirdikləri xəbərləri Liderə çatdırdıqdan sonra “Böyük Yığıncaq” yekunlaşdı...

500 il sonra. 2019 - cu il. Yer planeti. Veneradan yollanan Ekspert.

Ekspert öz vəzifəsini icra etmək üçün bizim vətənimizə insan cildində gəlmişdi. Bu həmişə belə olmalı idi ki, insanlar ondan qorxub, ürkməsin.

O, Yerə təzəcə çatmışdı ki, özünü planetin demək olar yarısını əhatə edən Rusiya Federasiyasında tapdı.

İnsanlar ağzını qara, mavi, ağ rəngli müxtəlif parçalarala bükmüşdülər. Niyəsə hər kəs təlaş içində idi. Bəşəriyyət sanki xaos tornadosuna tuş gəlmişdi. Onların əlində bir qarış böyüklüyündə qəribə qurğu vardı. O bunun nə olduğunu anlamadı.

Bəziləri isə qulaqlarına müxtəlif ölçüdə, fərqli rənglərdə qulaqlıqlar taxmışdılar. Ekspert isə həmişəkindən fərqli olaraq bu dəfə Yerə səyahətində özünü olduqca qəribə hiss edirdi.

Rusiyada şaxtanın qılınc kimi kəsdiyi zamanda onun nazik yay geyimində olması, adamlara isə öküzün aptekə baxdığı formada nəzər salması ətrafdakı bəzi insanlaın təəccübünə səbəb olsa da, ona məhəl qoyan olmurdu. Bəzi sərxoşlar isə onu küçədəki xudmani qonaqlıqlarına dəvət edib sağlığına badə qaldırdılar.

O, bir qədər sonra şaxtalı diyarı tərk etdi. Gürcüstana, sonra isə Ermənistana yol aldı. Gürcüstana səyahəti də elə Rusiyadan çox fərqlənmədi. Orada da nədənsə insanların ağzı bağlı idi.

Ermənistana səfər isə onun üçün düşərli olmadı. Bu məskənin yerli əhalisi sən demə yam-yamlardan fərqlənmirmiş.

Deməli, onlar yazıq veneralını əynindəki paltarlara qədər soymuş üstəlik də “qonaqpərvərliklə” onu döymüşdülər. Çünki bu mədəniyyət yoxsulları özlərinə olduğu kimi başqa planetdən gələnlərə də hörmət etmirlər, çox əfsus.

Növbəti səfər Azərbaycana oldu. Azərbaycanda əslində ona digər mədəni dövlətlərdə olduğu kimi hörmətlə yanaşıldı. Yəni Rusiyada və başqa Avropa dövlətlərində turisətə necə qiymət verilirsə veneralı da elə qarşılandı. Lakin o, təsadüfən böyük bir ticarət mərkəzinə adını da deyə bilmədiyi “maska” adlı ağız ürtüyündən istifadə etmədiyinə görə, təəssüf ki, cərimələnmişdi. Ona görə ki, bizim ölkədə hər kəs qanun qarşısında eynidir...

Digər ölkələrə səyahət də eyni məzmunlu əsər kimi onun diqqətindən yayınmadı. Bütün dünyada hansısa bəlanın üzündən insanlar təşvişdə idi.

Ekspertin nəzərindən qaçmayan digər bir məsələ də vardı.

Bizim planetə əvvəlki səfərlərində görmədiyi əl boyda bir cihaza insanların xüsusi ehtiras və güclü sevgi ilə bağlanmaları onun üçün çox müəmmalı gəlirdi. Niyə axı yerlilər o əl boyda güzgüdən əl çəkmirdilər? Bax bu olduqca maraqlı bir sual idi. İnsanların o cihazdan bütün günü istifadə etmələri, yatarkən belə o aynaları başlarının altında saxlamaları, hətta ona sitayiş etmələri Eksperti bu mövzuda dərin araşdırma aparmağa sövq etdi.

O, artıq insanlardan qorxub-çəkindiyi üçün onların arasına gözə görünməz şəkildə girdi.

Müşahidə aparmaqdan dolayı Avropanın mərkəzində balaca, şirin bir həyət evinin bağçasına daxil oldu. Evin bağçasında rəngarəng güllərin təravəti, dünyaya həyat verən səxavətli günəşin səmadan göz vurması, dəcəl buludların havada rəqs etməsi planetdə hər şeyin qaydasında olduğuna işarə etsə də əcnəbi qonaq qısa zamanda yanıldığını anladı.

Evin içərisinə girən Ekspert balaca bir uşağın kədər dolu qışqırıqlarını eşitdi. Bu öz otağında anasının isti qucağından ötrü darıxan körpənin acı naləsi idi. Bir anlıq Ekspert uşağın anasının olmadığını düşünüb onun halına acıdı. Sonra digər otaqlara göz gəzdirərkən bir qadının həmin o qurğunu qulağına tutaraq kimləsə söhbət etməsinini müşayiət etdi. Söhbət o qədər şirin idi ki, uşağın qışqırtılarını eşitməyə belə anası kar olmuşdu.

Ekspert böyük təəssüf hissi ilə o evdən uzaqlaşdı. Digər evlərdən birinə uçdu. Burada, deyəsən, körpə uşaq yox idi.

Başqa evdə ağlayan uşağın olmaması onu bir az sevindirdi. Lakin burda da ayrı bir problemlə qarşılaşdı:

15 yaşalarında bir yeniyetmə o əl boyda aləti üfuqi şəkildə tutaraq öz aləmində maraqlı bir işlə məşğul idi. Gözləri qan qırmızı olmuş oğlanı nə qədər ailəsi çağırsa da sanki başqa bir dünyada olduğu üçün heç kəsi duymurdu, ya da eşitmək istəmirdi.

Veneralı, sual dolu yüklə o evdən də uzaqlaşdı.

Növbəti evə daxil olan Ekspert çox fərqli bir situasiya ilə üz-üzə qaldı: Demək, o sirli güzgüdən bir nəfər nə isə danışır, dərs masası arxasında əyləşən gənc qız da diqqətlə ona qulaq asırdı. Hərdən danışan şəxs bir sual verir və həmin gənc qız da verilən sualı cavablayırdı.

Virtual dialoqu diqqətlə müşahidə edən Ekspert, deyəsən, gəncin yanında müxtəlif kitablar görməsi və özü üçün müəyyən qeydlər aparmasından anladı ki, bu güzgü vasitəsiilə dərs də almaq olurmuş. Onda belə çıxırdı ki, insanlar təhsil ocaqlarını da bu güzgüyə sığışdırmışdılar? Maraqlıdır...

Veneralı artıq bütün bu gördüklərindən şoka düşmüşdü. Axı o nə cihazdı ki, insanlar ondan uzaqlaşa bilmirlər? Niyə axı onlar bu qurğuya bütün ömürlərini, həyatlarını sərf edirlər? Yuxuya gedəndə belə ondan ayrılmaq nə üçün mümkünsüzdü? – Ekspert bu sualları fikrində götür-qoy edərkən dəniz kənarı bir parkda, ağ rəngli skamyada insani formada əyləşmişdi.

Onun yanına 20-25 yaşlarında bir cavan oğlan yaxınlaşdı. Əlində də həmin o cihazla. Sonda Ekspert özünü ələ ala bilməyib oğlandan soruşdu:

– Salam, əlinizdə tutduğunuz cihazın adı nədir?

Oğlan qəribə geyimli, zahirən turistə bənzər şəxsə tərs-tərs baxıb cavab verdi:

– Siz elə bil bu dünyadan deyilsiniz. Telefondu əlimdəki. Tanış olun, telefonu, deyəsən, ilk dəfədir görürsünüz. – Oğlan yüngül istehza ilə gülümsündü.

“Hə, bu dünyadan deyiləm, başqa planetdən gəlmişəm”, deyə, veneralı dişlərini ağartdı.

Oğlan onu ciddiyə almasa da telefonuna baxa-baxa: “hansı planetdən gəlmisən belə?” – deyə, sual verdi.

Ekspert gülərək: “Veneradan gəlmişəm”, – dedi.

Oğlan biraz düşündü və telefonda bir neçə dəqiqəlik qurdalanıb bir yazını ona göstərdi. Zəhmət olmasa vikipediyadakı yazıya nəzər yetirin:

“Venera, köhnəlmiş adı Zöhrə – Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir ”...

Ekspert yazıları oxuya-oxuya insanların, doğrudan da, yüksək elmi nailiyyətlərə imza atmaları, hətta onların planeti ilə bağlı ən incə detalları belə gözdən qaçırmamalarından heyrətləndi.

Cavan oğlan digər bir yazını da ona göstərdi:

“Alimlərin uzun müddətli araşdırmalarına əsasən başqa planetlərdə həyat olması faktı qeydə alınmayıb“.

Veneralı, oğlanla mübahisə etmək istəmədi. Onun haqlı olmasını və zarafat etdiyini bəhanə gətirdi.

O, bir müddət Yerdəki həyatı müşahidə etdikdən sonra öz vətəninə geri qayıtdı və yenə həmişəki “Böyük yığıncaq”da Liderin göstərişi ilə sözə başladı:

– Açığı, əvvəlki səfərlərimdə dünyada baş verən yenilikləri sizin diqqətinizə çatdırsam da bu dəfə çox maraqlı situasiyaları sizinlə bölüşmək istəyirəm. Son 500 ildə bəşər həyatında olduqca müxtəlif hadisələr baş vermişdir. İnsanlar əvvəlki kimi özləri özlərinə qənim kəsiliblər. Vaxt ötdükcə onlar müharibəni daha təhlükəli yolla həyata keçirirlər.

Bioloji, kimyəvi silahlar, “Atom”, “Nüvə” bombaları... Hətta “Atom” bombası adlı silah Yer kürəsini bir düymə ilə 3 dəfə məhv etmək gücünə qadirdir.

– Aydındır. Daha nələr kəşf ediblər orada?

– Böyük Lider, insanlar müasir dövrdə sevimli bir bəla kəşf ediblər. Özlərinin dediyi kimi desək bu sirli qurğu “telefon“ adlanır.

İnsanlar yatanda, duranda, yemək yeyəndə, qonaq gedəndə... mütəmadi şəkildə ondan istifadə edirlər.

Hətta illər əvvəl kəşf olunan universitetləri belə bu cihazlara köçürmüşlər.

O cihazı o qədər çox sevirlər ki, ana telefonun üzündən öz övladına vaxt ayırmır. Yeniyetmələr bütün günü gözləri qıpqırmızı olana qədər onunla oynayırlar. Gənclər kitab oxumur. Mütaliə edənlər də elektron kitablardan bəhrələnir. Elə düşünürəm ki, bəşəriyyətin axrına məhz özlərinin sevimli bəlaları, yəni telefon çıxacaqdır.

– Bəs, bu cihazın özəllikləri nədir? – Lider sual verdi:

– Baxın, bu cihazla uzaq yerdə yaşayan dostlarınızla əlaqə saxlaya bilərsən. Oyun oynamaq mümkündür. Video izləmək, musiqiyə qulaq asmaq olur. Dünyanın ən böyük ensiklopediyası Vikipediyada hər cür, istənilən məlumatlar var. Hələ bir gənc mənə telefon vasitəsilə bizim planetlə bağlı maraqlı məlumatlar da verdi. Bu da nümunə üçün o cavandan aldığım telefondur. –Ekspert telefonu Liderə uzatdı.

Lider elə telefonu əlinə almışdı ki, birdən ona görüntülü zəng gəldi. Zəng həmin cavan oğlandan idi:

– Salam, dostum, bir şeyi sənə deməyi unutmuşam. Telefonu yaxşı məqsədlə istifadə edəndə yaxşı, pis məqsədlə istifadə edəndə pis cihaz kimi qiymətlənir.

Bir də maskanı burda unutmusan. Veneraya dərin sevgilər. İnsanlar mütləq bir gün oraya da qonaq gələcəklər...

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

# # #