Solmayan Günəş - Hekayə

Solmayan Günəş - Hekayə
10 mart 2022
# 19:30

Kulis.az İlkin Mirələmovun “Solmayan günəş” hekayəsini təqdim edir.

Getdi daha şaxtalı qış,

Gəldi yaz, yağdı xoş yağış.

Məni soyuq küləkdən soruş,

Həyat günəşim niyə doğmadı?

Yaşam soldu, zaman donmadı?

Susqun, soyuq Bakı küçələrinin birinidə balaca bir binanın bacasından tüstü rəqs edərək havaya qarışırdı. Bayırda şiddətli qar fırtınası ilə əlaqədar olaraq yolları qar tutmuş, rayonlar arası əlaqə demək olar ki, iflic duruma düşmüşdü.

Bu soyuq havada balaca da olsa bir evinin, yeməyə ən azından bir tikə çörəyinin olması, düşmən qapısına möhtac qalmaması Rahidəni az da olsa sevindirirdi.

O düşünürdü ki, azacıq aşım, ağrımaz başım. Axı nəyə lazımdır ki, bu qısacıq olan həyatda mənasız suallarla da beynini yormaq?!

Budur olan vəziyyət, budur hal... Guya, şikayət etsə və ya özünü avtomat kimi sual atəşinə tutsa nə dəyişəcək?! – Böyük bir “heç nə”...

Həyat ona dürlü-dürlü oyunlar oynasa da o hələ də ayaq üstə qalmaqda davam edir, sanki həyatla əlbəyaxa cəngə çıxırdı. Susqun Bakı küçələrini isə qar bəmbəyaza bürüyür, hava isə soyuyurdu...

Qar sanki təbiətin əsrarəngiz bir möcüzəsidir. Həm insanları üşüdür, həm də ki, öz ecaskar görüntüsü ilə hər bir simada xoş təbəssüm yaradır, düşüncələri valeh edir. Bu situasiya həyatda baş verən bir çox hadisələr kimi möcüzə sayıla bilərdi. Necə ki, biz tanrının yaratdığı böyük bir möcüzəyik sadəcə özümüz öz daxilimizdəki həmin o möcüzəni dərk edib dəyərləndirməliyik. Çünki bizim içimizdəki əsrarəngiz möcüzə bizdən başqa heç kəsə maraqlı deyil. Nə də ki, heç kim o möcüzəni kəşf etməkdə bizə yardım göstərməyəcəkdir.

– Rahidə özü özünə bu düşüncələri fikrində hey götür qoy edirdi. Düzdür, insanın özü kimi möcüzəvi həyatı, sonsuz qalaktikaların içində “Yer” adlı insan dənizində, yaşam okeanında həyat sürən canlılar bu okeanın sərt dalğalarına, güclü fırtanalarına dözməyi bacarmalıdır. Rahidənin gördüyü çətinliklərdən əgər kitab yazmaq istəsək, bəlkə də, bir epopeya çıxardı. Axı bizim yaşadığımız “Yer” adlı planet çox qəddardır. Əvvəlcə bizi mükafatlandıb sevindirər, kədərdən uzaqlaşdırıb, göylərə uçurar, sonra da o mükafatı əlimizdən alaraq: ”bax mənim özümün verdiyim dəyərli hədiyyəmi qaytarıb yenə də mən özüm alıram”, – deyə, istehza ilə gülərək ərköyün uşaqlar kimi hər şeyimizi geri ala bilər. Biz isə bu zaman sadəcə aldıqlarnın arxasınca baxmaqdan başqa heçnə edə bilmərik, çox təəssüf...

Eləcə Rahidənin talehi ona bir gün sürpriz hazırlamışdı. Həmin uğursuz gün balaca uşağa ad günündə alınan oyuncaq kimi onun başını aldadacaqdı bu həyat... O isə bütün bunlardan sadəcə xəbərsizdi...

Hər şey də elə o gün başladı:

Rahidənin atası çox varlı bir bank müdiri idi. Azərbaycanın ən böyük bankları onun əlində cəmləşmişdi. Demək olar ki, bir neçə bankda müdir kimi fəaliyyət göstərən Rahidənin atasının var-dövləti o qədər çox idi ki, pulunu “balta kəsmirdi” misalı tam yerinə düşərdi. Bakıda Vahid müəllim deyəndə fikrə C.Vaşinqtonun kəlləsi gəlirdi. Ya da ən savadsız adamlar belə Vaşinqtonu tanımasalar da əlifbamızdakı “Ş” hərfinin simvolik işarəsini şüur altına gətirərdilər. Yəni loru dildə desək Vahid müəllim deyəndə hər kəsin düşüncəsində yaşıl, təravətli dolların şəkli təsvir olunardı.

Vahid müəllimin 11 yaşlı bir oğlu, 15 yaşlı bir qızı onun gələcəkləri sayılsa da pul insanlar üçün bəzən övladdan da, dostdan da, sevgidən də üstün mövqedə ola bilir. Bəziləri də xoşbəxtliyi pulla satın ala biləcəkləri xəyalının ən şirin parçasını öz şüurlarında gerçəkləşdirməyə çalışırlar. Ancaq bu proses yalnız canlanır xəyallarda. Xəyallar isə, yəqin ki, xəyal qalmasa daha gözəl olardı.

Vahid müəllimin, yəni Bank müdirinin villaları, maşınları, evləri, pulu, malı onun üçün hər şeydən üstün sayılırdı. Oğlu ilə maraqlanmır, qızının halını soruşumur, başına sığal çəkmirdi. Sanki o, “robot” ata kimi proqramlaşdırılmışdı.

Onun qızı Rahidə çox gözəl və cazibədar bir qız idi. Sanki on dörd günlük ay kimi işıq saçırdı.

Çiynindən olan buruq saçları, balaca əlləri, gülərkən işıldayan qonur gözləri, və şirin qəmzələri onun gözəlliyinə ayrı bir gözəllik qatırdı. Hər cəhətdən Rahidə qardaşı Səlimdən üstün idi. Həm dərslərində birinci, həm də həyat məktəbində “əlaçı” olan Rahidə elə bil varlı, eqoist Vahid müəllimin qızı deyildi. Şən, gülərüz, mehriban olan bu qız həyata çox nikbin baxırdı. Həyatın bütün incəliklərini duyan, onu dolu-dolu, olduğu kimi yaşamağa üstünlük verən Rahidə bir çoxlarına nümunə sayılırdı.

Vahid müəllimin, yəni Corc Vaşinqtonun əmisi oğlunun Sentyabr ayın 18-i çox vacib bir iş görüşü var idi. Belə ki, Fransanın böyük Bank şirkətlərindən birinin rəhbəri Frenk Aleks Azərbaycan bankları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə yeni iş layihələri imzalamaq üçün sentyabırın 18-i, saat 08:00-da Bakı şəhərinə gələcək və 1 saatlıq görüş baş tutacaqdı. Vahid bəy bu görüş üçün çox həyəcanlı idi. Necə deyərlər bu görüş onun həyatını dəyişməli, onu yeni həyata başlamasına istiqamət verməliydi. Bir sözlə Vahid puluna pul qatmalı, Bakıda, Azərbaycanda və ümumiyyətlə, bütün dünyada “XXI əsrin milyonerləri” syahısında adı ən üst sıralarda olmalı idi. Bu planını da o, Alekslə reallaşdırmağı düşünürdü.

Görüşə hələ bir neçə gün qala Vahid evdə var-gəl edirdi. Həyat yoldaşı Elnarəyə də həyəcanını öldürmək üçün bəzən qışqırır, onun qəlbini qırır, sanki o, həyacan dənizində boğulurdu.

Elnarə hərdən ona bu qədər pul hərisi olmağının onun üçün bir gün çox pis nəticlənəcəyini, artıq pulun insan üçün bəzən fəlakətli ola biləcəyini desə də bu sadəcə nəticəsiz qalırdı...

Günəşin qızıl şəfəqləri yavaş-yavaş Vahidin villasına daxil olur, insanlara ruh yüksəkliyi və pozitiv bir enerji verirdi.

Günəş, məncə, qalaktikamızda ən vacib və faydalı bir elementdir. Həm dünyamızı isidir, həm də bizi dünyaya isidir, sevgiyə səsləyir. Elə təsadüfi deyil ki, bir çox sevən gənclər aşiq olduğu, sevgisini verdiyi, öz balaca dünyasınının böyük yaradıcı İlahı (İlahəsi) saydığı şəxsə məhz dərin sevgiylə “Günəşim” deyir.

Səhər yenicə açılırdı. Bu gün sentyabr ayının 18-i Vahid üçün böyük bir gün idi. Çünki bu gün Fransada böyük bank şirkətlərinin rəhbəri olan Frenk Alekslə görüşü baş tutacaqdı. Frenk Aleks və Vahidin tanış olması da bir qədər maraqlı məzmun daşıyırdı. Belə ki, bir gün Vahid öz notbukunda “Facebook” platforması üzərində, yəni müasir gənclərin çoxunun oksigen mənbəyi sayılan sosial şəbəkələrdən birində araşdırma edərkən Frenk Aleksin rəsmi səhifəsi onun qabağına çıxmışdı. Həmin vaxt Vahidin ağlına parlaq bir idea gəlmişdi. Vaxtı ilə Koperasiya Universitetini bitirən Vahidin İngilis dilindən potensialı “C1” səviyyəsi üzrə olduğunu nəzərə alsaq, onun Alekslə ünsiyyət qurmasına heç bir maneçiliyin olmayacağını da aydın görə bilərik.

Və budur onun bu gün xəyalları gerçəkləşəcəkdi. O bu gün dünyanın ən varlı milyonerlərindən biri olacaqdı. Bəlkə də, onun qədər varlı bir şəxs “Yer” planetində olmayacaqdı. Çünki o bu günə qədər nə yolla olur olsun hər zaman qalib gəlmiş, qazanmışdı. Məğlub olmaq isə ona yad bir ifadə idi.

Onun illərdir xəyalını qurduğu həmin o böyük günə artıq saatlar qalırdı. Gecə demək olar ki, həyəcandan yatmamış, həmin o böyük günü düşünmüşdü. Yalnız və yalnız böyük günü...

Sadəcə gələcəyi düşünmək də bəzən axmaqlıqdır. Gələcək haqqında düşünmək lazımdır, lakin insan heç zaman düşünmür ki, gələcək planları haqqında düşünməkdənsə indinini yaşamaq daha vacibdir. Çünki nə keçmişi geri qaytarmaq olar, nə də gələcəkdə olan hadisələrdən kimsə sığortalanıb...

Vahidgilin evində qızıl zamanı göstərən saatın əqrəbləri 07:00-ı göstərirdi. Payız fəsli olduğu üçün insanlar bu fəsildə daha çox gəzməyə üstünlük verirlər. Qızıl payız hər yanı, hər tərəfi sanki qızıla bürüyür, insanlara pozitiv bir enerji verirdi. Elə bu fəsildə adətən Vahid də tək gəzməyə çıxırdı.

Vahid müəllim həyat yoldaşı Elnarə və uşaqları ilə səhər yeməyini yedi. Hələ də çox həyəcanlı və körpə uşaqlar kimi sevincəkdi. Axı bu gün “böyük” görüş vardı, həyatını tamamilə dəyişə biləcək bir görüş...

Vahid həyətə düşüb qara rəngli “Volksvagen”-nə əyləşdi və maşınını işə saldı. Səlim tez öz səhər yeməyini bitirib qaça-qaça atasının yanına yaxınlaşdı və 5 yaşlı uşaqlar kimi həvəsli şəkildə:

–Ata, məni də məktəbə apara bilərsən?

(bu çox şirin bir tərzdə ifadə olundu)

–Yox, Səlim, işə gecikirəm get anangil aparsın səni...

Səlim bulud kimi doldu və anasının yanına getdi. Elnarə Vahidin bu hərəkətinə görə içdən-içə onu danlasa da uşaqların yanında bunu bilindirmədi. Vahid tez-tələsik görüşünə özünü çatdırdı və 1 saatlıq həmin “böyük” görüş baş tutdu. Ancaq bu görüşün nəticəsi onun və ailəsi üçün çox faciəvi oldu. Həqiqətən də, onun həyatı köklü sürətdə dəyişdi. Lakin bir qədər mənfiyə doğru...

İndi isə bir az zamanı irəli alaq:

Bir saatlıq görüş baş tutdu. Amma bu görüşdən bir neçə saat sonra məlum oldu ki, Frenk Aleks əslində Fransanın ən saxtakar və fırıldaqçı işbazlarından imiş. Nə o, bank müdiri, nə əslən franasız, nə də ki, heç adı Frenk deyilmiş. Aralarında saxta bir kontrakt imzalamış, Vahidə imzalatdığı sənədlə isə onun bütün pulunu, əmlakını öz adına keçirtmişdi:

–Bankda olan pullar transfer olundu Frenk Aleksə, maşınlar, evlər, villalar indi oldu Aleksin. Bütün bunlardan xəbər tutanda isə artıq gec idi. Vahid bütün bu olanlara dözməmiş və özünü şirkətin 5-ci mərtəbəsindən ataraq intihar etmişdi.

Hətta görüş baş tutan zaman bircə oğlu Səlim də ağır yol qəzası nəticəsində həlak olmuşdu. Məktəbə gedərkən yolu keçməyə çalışan Səlimi sürətlə hərəkət edən bir maşın vurmuş, nəticədə Səlim yerindəcə dünyasını dəyişmişdi.

Acı təsadüf isə hər olanların bir gün ərzində, daha doğrusu bir neçə saat ərzində baş verməsində idi.

Elnarə xanımın isə bütün bu olanlardan xəbər tutması və Səlimin ruhsuz canını yerdə yatan görməsi ilə bu acı situasiyaya dözməyib ürəyi partlamışdı.

Balaca oğlununun oxumasını, əsgər getməsini, toyunu görməmiş, cansız cəsədini görməyə hansı ananın ürəyi dözərdi ki?

–Məncə, heç bir ana dözməz bu hadisəyə. Ya fiziki cəhətdən, ya da mənəvi cəhətdən ölər.

Bəs, Rahidə? O, necə olacaqdı?

Rahidənin dünyası qaralmışdı. O sanki böyük palıd ağacı kimi dibindən kəsilərək yerlə yeksan olmuşdu.

Bir gün içərisində öz doğmalarını itirməyin insan üçün nə qədər ağır bir acı, böyük bir dərd olduğunu, yəqin ki, hər kəs duya bilər. Bunu ayrıca bir mövzu kimi dəyərləndirmək o qədər də vacib deyil.

Və beləcə Rahidənin acı həyat hekayəsi ilə də tanış olmuş oldunuz. Amma hər şey bununla da bitmədi. Təəsüf ki, hər şeyini–anasını, atasını, qardaşını, evlərini...itirməsi hələ son deyildi. Qana susamış qatil həyat ona yeni bir oyun da hazırlamışdı...

Qalan həyatını 2 saylı İnternatda keçirməli olan Rahidə indicə qarın yağmasına körpə uşaqlar kimi böyük sevinclə tamaşa edirdi. Otağın qaranlıq mənzərəsindən çölə açılan orta tərəfində aypara şəklində çat olan bir pəncərədən yağan bəmbəyaz qara tamaşa etmək necə də gözəldir, – deyə, Rahidə öz altşüurunda fikrini təsdiq etməyə çalışdı.

Atasını, qardaşını və anasını bir gündəcə itirmiş Rahidə hələ də çalışırdı ki, həyata nikbin baxsın. Öz aləmində düşünürdü ki, bu soyuqda bir evi, yuvası, yeməyə quru çörəyi, içməyə suyu var. Həyatda bu kimi şeylərə sahib olmayan bədbəxt insanların sayı hədsiz çoxdur. Ona görə də özünü az da olsa şanslı hiss edirdi.

Rahidəni bu mənasız 18 illik həyatdan sonrakı dönəmində ATU tələbəsi olmaq, bu universteti bitirib həkim olaraq bütün çətinlikdə olan yoxsul və xəstə insanlara kömək etmək, onları xilas etmək istəyirdi.

Rahidə bu gün məktəbə gedərkən İnternatdan çıxan zaman güzgünün qabağında dayanıb özünə tamaşa etməyə başladı. O necə də gözəldi. Qələm qaşları, sərv boyu, buruq saçları, və şirin siması ona xüsusi bir gözəllik verirdi. Kaş bəxti də özü kimi gözəl olardı...

Bu günlərdə o özünü heç yaxşı hiss etmirdi. Səbəbsiz yerə hərarəti qalxır, özünü yorğun və halsız hiss edir, tez-tez şiddətli şəkildə öskürürdü.

Rahidə bütün bu şikayətlərdən sonra xəstəxanaya getməli oldu. Xəstəxanada analiz verdikdən sonra sarsıdıcı bir xəbərlə qarşı-qarşıya qaldı. Bəli, həyatın onun üçün növbəti sürprizi:

–Rahidə qan xərçəngiymiş...

İnsana həyat axı nə qədər zərbə vursun ki, o ayaq üstə qalmağa özündə güc tapsın. Niyə axı bütün sarsıntılar, problemlər Rahidəni tapırdı? Niyə axı Rahidə dünyanın “ən bədbəxt insanları” syahısında ən üst sıralarda yer alırdı?

Bu sadəcə haqsızlıq idi, böyük bir haqsızlıq...

Rahidə möcüzəvi şəkildə fərqli bir görkəm almışdı son günlərdə. Saçı tökülmüş, rəngi qaçmış və hətta çox arıqlamışdı. O artıq yaşamaq istəmirdi, amma ölümdən də qorxmurdu. Ümid dolu baxışlarla həyata baxmır, ölümü gözləmirdi də... Çox qəribə hislər keçirirdi Rahidə.

Bu gün qış öz iş gününü başa vurmuş yerini yaz fəslinə vermişdi. Yaz çox gözəl fəslidir. Hər kəs yazı sevir, çünki yaz insanları nikbinliyə, həyata səsləyir. Bu yaz, bəlkə də, Rahidəyə də xoş xəbərlər gətirəcəkdi, nə bilmək olar...

Bakıda dövlət xəstəxanlarının birində müalicə olunan Rahidəni daha heç nə maraqlandırmırdı. O ümidli, həyat dolu gözəllikdən sanki əsər əlamət qalmamışdı. Xəstəxanada üç ay idi ki, dövlət hesabına müalicə alan Rahidəyə bu gün, nəhayət, həyat artıq xoş bir xəbər verəcəkdi. Bəli, bütün bu sarsıntıların sonunda xoş xəbər almaq, həqiqətən də, çox maraqlıdır. Bilmirsən belə vəziyyətdə ağlayasan sevincdən, ya dəli kimi güləsən?!

Bu gün xəstəxanaya Mehdi adlı uzun boylu, yaraşıqlı, sadə geyimdə bir oğlan gəldi. Girişdə Rahidənin yatdığı palatanı öyrəndikdən sonra dərhal onun müalicə aldığı yerə yaxınlaşdı.Qapını iki dəfə sadə şəkildə döydü:

–Tak, tak...

Mehdi əlindəki qızıl gül buketini arxasında gizlətmişdi.

Rahidə, – “buyurun”–, dedi.

Mehdi içəri girdi. Bəzilərinin “qismət” adlandırdığı, bəzilərinin isə “taleh” kimi qeyd etdiyi həmin qüvvə onları uzun illər əvvəlki kimi yenə qarşı-qarşıya gətirmişdi.

Əvvəl Rahidə onu tanımadı, sonra isə dörd il əvvəlki çox sevimli qonşusu və ilk sevgisini xatırladı.

Bəli, onlar 4 il əvvələ qədər bir-birlərini dəli kimi sevirdilər. Bu gün isə axır ki, Mehdi öz sevgisini, nəhayət, tapa bildi. Amma bu qədər vəziyyətin pis olacağını düşünə bilməzdi. Sevdiyi qız sanki şam kimi ərimişdi.

Rahidə utandığından sanki ondan polisdən qaçan cinayətkarlar kimi qaçırdı.Çünki o əvvəlki kimi gözəl və cazibədar deyildi...

Mehdi isə olanlara biganə qalmırdı. Niyə bu vaxta qədər onu tapa bilməməsinə görə özünə çox məzəmmət etdi. Və Rahidəyə qəti şəkildə sağalacağına söz verdi. Rahidənin içində kiçik də olsa bir ümid işığı parladı. Bundan sonra onlar bir-birilə qucaqlaşaraq dərdləşib, ağlaşdılar. Mehdi bu 4 ildə nələr etdiklərindən uzun-uzadı danışdı.Rahidənin isə çox da danışacaq maraqlı bir əhvalatı yox idi. Bütün bu baş verən hadisələrdən onsuz Mehdinin də məlumatı vardı.

Artıq növbəti hədəf kimi Rahidə böyük əmək və güclü sevgi hesabına sağalması lazımdı. Bunun üçün isə Mehdi əlindən gələni edəcəyinə özünə söz verdi. Nolsun ki, onun sevdiyi indi xəstə halında solmuş gülə bənzəyirdi, nolsun ki, indi o xoş gülüşdən cazibədar baxışdan və həmin əvvəki gözəllikdən əsər-əlamət qalmamışdı...axı o Rahidəni sevirdi və onu xilas etməliydi! Onlar xəstəliyə qalib gəlməliydilər.

Mehdi öz sevgilisinə çox dəstək oldu, ona motivasiya üçün saçlarını da hətta keçəl qırxdırdı. Təki sevdiyi yaşasın deyə həyatda bir sevən şəxsin edə biləcəyi hər şeyi etdi. Hətta müalicə prosesində ən çətin tapılan (1-ci qrup mənfi) qan qrupuna sahib Rahidəyə donor belə oldu.

Nəhayət, 6 ay sonra sanki bir möcüzə baş verdi. İnadkar xərçəng deyil, kəskin mübarizə, böyük ümid və sonsuz sevgi qalib gəldi, Rahidə sağaldı. Hətta bu günlərdə yavaş-yavaş onun rənginə rəng, ruhuna ruh da gəlmişdi. Mehdi isə sadəcə çox sevindirdi, hədsiz dərəcədə sevincli idi. Çünki onların böyük sevgisi güclü sərkərdələr kimi qələbə çalmışdı.

8 il sonra...

Günəş öz parlaq şüalarını səxavətli dost kimi yenə də “insan dənizinə” paylayırdı.

Səhər saat 08:00-ı göstərirdi. Yeni evlənmiş cütlükləri isə xoşbəxt bir həyat öz isti qollarına almışdı.

İndicə Mehdi öz mavi rəngli maşınını işə saldı və həmişəki kimi Rahidəni gözlədi...

O, mavi “Hyundai” maşını ilə Bakı şəhərində məşhur klinikaların birinin önündə dayandı. Rahidə maşından endi, o öz işinə artıq gecikirdi.Maşından düşüb şirin bir tərzdə:

“Sağ ol, solmayan günəşim, heç zaman da solma”, – dedi. Sonra isə Rahidə öz sevimli işinə özünü çatdırmağa çalışdı.İndi o sevimli arzusuna da çatmışdı...

Yenicə ATU-u bitirmişdi və “Həyat” klinikasında cərrah kimi fəaliyyət göstərirdi. Həm də öz sevdiyi adamla da illər sonra ailə qurmuşdu.

Bu dəfə dünyada xərçəng yox “Sevgi” qalib gəlmişdi. Sevgi, mübarizə və böyük ümid qələbə çaldı. Onlar xərçəngi məhv etdilər...

Həyat Rahidəyə çoxlu hiyləgər oyunlar oynadı, hətta sonlarda o da ədalətsiz həyata təslim olmaq istədi. Problem də orasında idi ki, həyat da ona ancaq qış üzünü göstərmişdi, lakin Rahidənin həyatında hər zaman bir “solmayan günəş” vardı...


# 5556 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #