Səda - Yeni hekayə

Səda - Yeni hekayə
30 avqust 2022
# 17:40

Kulis.az İlkin Mirələmovun “Səda” adlı hekayəsini təqdim edir.

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!

Nizami Gəncəvi

Uzun illər öncə nadanlıq burulğanının tüğyan etdiyi bir ölkə vardı. Bu ölkənin “Mürtəcelər” adlı bölgəsinin sakinləri arasında “köhnə fikirlilik”, “avamlıq”, “dar düşüncəlilik” virusu yayılmışdı.

Zaman zəncirinin hər həlqəsində olduğu kimi o vaxtlar da dövrün xarakterinə, tələbinə uyğun müxtəlif təhsil-təlim ocaqları vardı. Lakin Mürtəcelər şəhərinin əhalisi üçün elm, maarif, təhsil tamamilə yad ifadələr sayılırdı.

Ən yaxşı halda bu şəhərdə oğlanlar cüzi təlim alırdılar. Bu da yazıb-oxumağı bacarsın deyə idi. Yoxsa uzaq ərazilərlə əlaqə saxlamaq mümkünsüz bir hal olardı.

Qızların, nəinki təhsil almaq, hətta yaşamaq hüququ belə yoxdu bu şəhərdə. Mürtəcelər elə bir şəhərdi ki, qızlar on beş yaşına çatar-çatmaz(bəzən elə on beş yaşında) başı bağlanırdı. Bu diyarın ən gözəl qızlarını isə şəhərin rəhbəri özünə kəbin kəsdirib az bir müddət onunla kef çəkir sonra isə həmin qızı ya suda boğdurur, ya asdırır, ya da zəhərlədib öldürtürdü.

Kim nə deyə bilərdi şəhər rəhbərinə?! – Heç kimsə! Kefi belə istədi və belə etdi.

Guya, həmin bədbəxtin tanrıdan başqa kimi vardı ki? Biçarənin atasına müəyyən məbləğ pul ödənildikdən sonra o görmür, eşitmir, dinmirdi. Onsuz qızdır. Nəyinə gərəkdi onun axı qız uşağı?!

Mürtəcelər şəhərinin rəhbəri əslində tülkü kimi oyunbaz, hiyləgər və çox bilmişdi. O, çox gözəl başa düşürdü ki, bu şəhəri müti, kölə vəziyyətində saxlamaq üçün onları elmdən, maarifdən uzaqlaşdırmaq kifayət edəcəkdir. Bu üsulla da həmin insanları əsarətdə saxlamağı, özünün isə hökmranlığını sürdürməyi rahatlıqla davam etdirə bilərdi.

Əhali çətinliklə dolanır onun nə vecinə?! O ki, kef-damaqdadır.

İnsanlar acından ölür ona nə dəxli?! Süfrəsindən növbənöv nemətlər əskik olmursa.

Bax, onun üçün həyat elə bu üç şeydən ibarətdir: yemək, içmək, yatmaq... Onsuz bütün şəhər əhalisi onu tanrı kimi qəbul edir, hətta ona sitayiş edirdi. Qədim Misirdə fironun necə qüdrət, əzəmət sahibi olduğuna dair əfsanələr, şayiələr gəzirdisə Mürtəcelər camaatı da şəhər rəhbərinin adına müxtəlif əfsanə və rəvayətlər bəzəyirdi... Heç kəs bu ağalığa, özbaşınalığa səs çıxarmır, irəli addım atmağa cürət etmirdi...

Bir gün bir nəfər on yeddi yaşlı yeniyetmə qız mövcud quruluşa qarşı çıxdı. Bu yaşına qədər onu atası heç kimsə ilə evləndirməyə müvəffəq olmamışdı. Çünki bu qız üsyankar, ağıllı və iradəli olduğu üçün ən azından valideynlərinin yanında öz haqqını müdafiə edə bilmişdi.

Bəli, əsas məslə də elə odur: nəhəng bir dağın zirvəsinə qalxmaq üçün ilk olaraq dağın ətəyindən keçməlisən. Sən əgər hər gün dağın ətəyinə baxsan və tənbəl-tənbəl düşünsən ki, nə vaxtsa zirvəyə qalxa bilərəm, görən? Səni inandırıram ki, heç vaxt o zirvəyə qalxa bilməyəcəksən! Aydındırmı? Heç Vaxt və Heç Vaxt həmin dağın ətəyindən ilk addımı atıb keçmədikcə zirvəyə qalxa bilməyəcəksən...

O, artıq mövcud vəziyyəti başa düşdüyü üçün bir gün evdən qaçdı. Günlərlə ac-susuz yol getdi. Təsadüfən yolda şəhərdən uzaqlaşdırılmış nurani bir qoca ilə rastlaşdı. Yaşlı adamın sanki saç-saqqalına qar ələnmişdi. Simasında insanı özünə cəlb edən bir nur vardı. Sırf ağıllı və müdrik olduğu üçün mürtəcelilər onu öz məskənlərindən uzaqlaşdırmışdılar. Bu qızla rastlaşan nurani ixtiyar qızın ondan qorxduğunu görür və ona sakitcə yaxınlaşır:

– Qorxma, qızım, məndən sənə zərər gəlməz. De görüm sən haralısan belə?

Qız çəkinə-çəkinə dağın o tayındakı doğma şəhərinə işarə edərək: “Mürtəcelər şəhərindənəm”, – dedi.

Qoca kişi biraz düşündü və sual dolu nəzərlə: “ Bəs, bu qədər yolu aşıb buraya qədər niyə gəlmisən ki? Anan, atan darıxmaz sənin üçün?”, – deyə, – qızdan soruşdu:

– Ağsaqqal, mən elm axtarışındayam. Evdən qaçmışam. Qonşu ölkələrin birinə özümü yetirə bilsəm orada təhsil alacam. Bu lənətə gəlmiş quruluşa “YOX!” deyəcəm. Ya da yolda ölsəm ən azından vicdanım rahat şəkildə canımı tapşıracam.

Bilirsən insan gərək öz vicdanına hesabat verməyi bacarsın. Biri var ki, irəliyə gedəsən səni öndə vurub yıxalar. Bax onda insan mənəvi cəhətdən rahat olur. Çünki düşünürsən ki, ən azından yoxladım, cəhd etdim, məğlub oldum. Vay o adamın halına ki, elə yerindəcə, hərəkətsiz başından əzələr. Bu isə mənə yaraşmaz! Ona görə də özümü və digərlərini o canilərin əlindən xilas etməliyəm!

Müdirik qoca qızın bu qədər üsyankar, uzaqgörən, tələbkar ruhlu olmasından heyrətləndi. Dediklərinə diqqətlə qulaq asıb cavab verdi:

– Sənin tutduğun yol düzgün yoldur, haqq yoludur. Uğurlar arzulayıram sənə, qızım. Amma çalış mürtəcelər səni məhv etməsin. Biləsən ki, mütərəqqi insanlara bu diyarda, təəssüf ki, yer yoxdur...

Qoca ona bildiyi kəsə yolları öyrətdi. Harada buz bulaqların, meyvə ağaclarının olmasına işarə verdi və yola saldı. Qız da onunla sağollaşaraq öz yoluna davam etdi...

Yol getdikcə uzanırdı, o isə çox yorulmuşdu. Bir qədər də yol getdikdən sonra qaranlıq bir meşəyə çatdı. Qız başına nə edə bilərdi axı zülmət bir cəngəllikdə? Bir ağacın kölgəsində uzanıb özü-özünə düşünməyə başladı:

“Onsuz da yaşadığım mühit qaranlıq bir meşədən betər deyilmi? Oradakı insanlar burada olan yırtıcı heyvanlardan daha vəhşi deyillərmi?”, – deyə, – özünə təsəlli verdi.

Hər zaman insan xoş bir məqsəd, böyük bir amal uğrunda mübarizə apararkən yalnız olur. Kimsə yanında olmaq əvəzinə onu tənqid edir, yıxmağa çalışırlar. Amma bu qız yıxılmaq istəmirdi məqsədinə çatana qədər.

Yolda rastlaşdığı hadisələr onu geri dönməyə çağırırdı sanki. Səma elə bil əvvəlki kimi mavi deyildi, buludlar sanki bu qızın halına ağlayır, daim parıltı saçan günəş isə həmişəkindən daha kövrəkdi bu dəfə.

Uzun və yorucu bir səfər, nəhayət, onu gedəcəyi yerə gətirib-çıxardı. Gəldiyi mövqeyə qədər çox çalışıb-vuruşdu və yeni ölkədə insanların daha mədəni, intellektual, elimli olması ona çox müsbət təsir göstərdi. Elm, maarif hər zaman insanı digərlərindən daha irəli aparan cığırdır. O, özünə ilk olaraq bir iş tapdı. Yavaş-yavaş yaşadığı ölkənin dilini mənimsədi. Bir məktəbə adını yazdırdı. Maariflənməyə, elm öyrənməyə başladı.

Müəyyən bir müddət təhsil alıb bilik öyrəndikdən sonra öz şəhərlərində rəhbər vəzifəsində olan zəhər saçan əqrəbin öz hüquq sərhədlərini aşdığını tam aydın başa düşdü.

Bir-neçə il sonra təhsilini bitirdi. Dünya görüşü, elmi artdı və inkişaf etdi. İndi isə daha çox tələbkar, üsyankar və öz məqsədinə çatmağa cəhd edən bir şəxs omuşdu o.

Özü qısa zamanda inkişaf etsə də, indi irəlidə daha çətin bir mərhələ qalırdı: “Cəhalət bataqlığında boğulan soydaşlarını bu bataqlıqdan xilas etmək”... Çox çətin bir amal, ağır bir qayə olsa da buna məcburdur.

Daha şəhərlərində başqa qızlar o yırtıcının qanlı caynaqlarında məhv olmayacaq. Həmyerliləri savadlanaraq öz haqlarını müdafiə edəcəkdilər. Bunu da bir nəfər həyata keçirə bilərdi. O da indicə bu fikirləri ağıl süzgəcindən keçirən, yenilikçi, mütərəqqi, iyirmi iki yaşlı bir gənc qızdı.

Gənc, doğma vətəninə tərəf yola düşdü. Bir neçə günlük səyahət sonrası doğma diyara qədəm qoydu.

Öz şəhərlərinə çatar-çatmaz əvvəlcə bir gizli yer tapıb oraya sığındı. Onu görsələr, qeyd-şərtsiz məhv edəcəkdilər. Çünki bu şəhərdə mütərəqqi insanlara yer yoxdu!

İlk iş kimi üstü örtülü formada gənc, yeniyetmə qızları əsarətdə qalmamağa, maariflənməyə, elm öyrənməyə səslədi. Dövrün yenilikləri ilə onları tanış etdi. Qul kimi yaşamamağa çağırdı. Get-gedə az yaşlı qızlardan tutmuş qoca nənələrə kimi inkişaf yolunda iməkləməyə can atan qadınlar onun ətrafına toplaşmağa başladı və əhatə dairəsi olduqca genişləndi.

Beləliklə, o, “Gizli Elm Cəbhəsi” yaratdı. Hətta qadınlardan ibarət yaratdığı sarsılmaz qüvvəyə bir tapşırıq verdi: “Mən ölsəm belə mübarizəni qətiyyən dayandırmayın!”

Şəhərdə baş verən hadisələrdən qısa zamanda rəhbərə xəbər çatdı. Lider bilirdi ki, insanlar o qıza uysa heç kəs daha ona boyun əyməyəcəkdir. Ona görə də əhali arasında onun əleyhinə təbliğat aparmağa başladı və bu şüarı irəli sürdü: “Həmin fahişə, başqa ölkələrin bizə yaraşmayan yeniliklərini gətirib qızlarımızı uçuruma aparmaq istəyir. İcazə verməyəcəyik biz buna!”

– Bəli, məhv edək, o fahişəni!

– Dişi ilanın başın əzək! – Bu fikirlər Mürtəce sakinləri tərəfindən şəhər rəhbərinə dəstək sədaları idi.

Beləcə, əks-təbliğat tədricən öz barını verməyə başladı.
Əhali birləşərək onların rifahı, azadlığı, gələcəyi üçün çarpışan insana dəstək olmaq, cəhalət, nadanlıq buxovlarını qırmaq əvəzinə onu tapıb şəhər meydanına gətirdilər. Qızların beynini oğurlamaqda günahlandıraraq edama məhkum etdilər. Son söz haqqı da tanıdılar “mərhəmətli” insancıqlar ona.

Mütərəqqi:

– Mən onsuz bilirdim sonunda öldürəcəksiniz məni. Sizin kimi yaşamaqdansa, sürünməkdənsə ölməyi daha uca sayıram...

Mürtəce:

– Məhv edəcəyik, yox edəcəyik səni! – deyə – onların, Üst Paleolit dövründə yaşamış Homo Sapiens insanların qırıq-qırıq çıxartdığı səslərtək formalaşan quru fikirləri şəhərin meydanından ərşə uclarıdı. Onlar elə qışqırırdılar ki, səslərini, yəqin, göydə mələklər də eşidə bilərdi. “Qalibiyyət”in verdiyi boş eqo. Bu, əslində məğlub olmuş qələbədən başqa bir şey deyildi.

Onu meydanda işgəncə ilə ölümə tərk etdilər. İlk olaraq əhalini maarifə çağıran dilini kəsdilər. Sonra yenilikləri görən gözünü çıxartdılar, elm yolunda addımlayan ayaqlarını üzdülər onun...

Lakin onun ölümü az sonra sanki qurduğu cəbhəyə stimul oldu, ideologiyanı alovlandırdı. Şəhərin bütün qızları – ağbirçək analar, nənələr, gəlinlər, yeniyetmə qızlar ayağa qalxdılar. Etiraz sədaları bütün şəhəri bürüdü. İlk olaraq şəhər rəhbərini edam etdilər. Sonra isə həmin qızı vəhşicəsinə öldürən satılmış köpəklər, yəni rəhbərin əlaltıları bir-bir məhv edildi.
Onlar birləşərək yeni bir məktəb yaratdılar. Burada fədakar maarifçinin öyrətdiyi elmi, biliyi digərlərinə ötürdülər. Təkcə qızlar yox, oğlanlar da təhsilə yönəldi. Bir şam yandı, əridi, amma özü kimi digər şamları yandırıb zülməti nurlandırdı.

Tədricən əhali artıq öz hüquqlarını dərk etdiyi üçün xoşbəxt bir həyata qədəm qoydu.

Şəhərin adını da dəyişib “Səda” qoydular. Çünki artıq bu şəhərdə mürtəcenin deyil, mütərəqqi insanın sədaları eşidilirdi.

Beləliklə, burada baş verən hadisələr “Savadsızlar”, “Zəiflər”, “Avamlar” şəhərlərinə də təsir etdi. Eyni ilə onlar da öz haqlarının müdafiəsinə qalxdılar.

Bir nəfərin irəliyə getməsi ilə bütün ölkə əsarətdən xilas oldu. Lakin o öz canını xalq uğrunda, millət yolunda qurban verdi. Əslində isə ölməyi ilə əbədiyyətə qovuşdu...

# 4033 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #