"Dodağım yalanların magistral yoludur" - Nemət Kamrandan yeni şeirlər

"Dodağım yalanların magistral yoludur"  - Nemət Kamrandan yeni şeirlər
26 avqust 2023
# 13:00

Kulis.az Nemət Kamranın yeni şeirlərini təqdim edir.

Leysan altda sərçəyəm

Günlər uğursuz qumar,
Günlər keçir əzabla.
Uduzuram hər dəfə
saymadığım hesabla.

Çiynimi söykədiyim
divarlardır həkimim.
Gözlərimi döyürəm
qonşu qapısı kimi.

Dərdi də yozmaq olmur,
Yoxdur dərd bilən adam.
Beş aydır evə girmir
yuxuma girən atam.

İndi mənim həyatım
toz içində bir muzey.
Əlimdən heç nə gəlmir,
Burnumdan gəlir hər şey.

Leysan altda sərçəyəm,
Gör necəyəm, ay Allah.
Səni "Bir" tanıyırlar,
Mən neçəyəm, ay Allah?

Dodağım yalanların magistral yoludur

Ürəyim sıxıldıqca bir əsgər kəməritək
Zibillikdə gəzişən İt kimi çarəsizəm.
Səmavi kitabların ərköyün övladıyam,
Adəm kimi günahkar, Lut kimi çarəsizəm.

Çiynimdən süzülən tər dolur ciyərlərimə,
Sinəmin ortasında bir çərşənbə tonqalı.
Canımı daşıyıram əlil arabasında,
Ömrü sürüb getməyə bir addımlıq mən qalıb.

Dodağım yalanların magistral yoludur,
Gerçəyə aparan yol yoxuş imiş, dar imiş.
Mənim dünyam dağılıb Maya təqvimi ilə,
Hələ də qiyaməti gözləyənlər var imiş.

Güzgüdə gözlərimi yasıma aparıram

Özümü budayıram bu gün soy ağacımdan,
Meyvə kimi vaxtında yetişib qopmaq olmur.
Bu şəhərdə kəsilib bütün ümid xəttləri,
Həyata bağlanmağa şəbəkə tapmaq olmur.

Xatirələr silinir teleskop şüşəsi tək,
Güzgüdə gözlərimi yasıma aparıram.
Bəxt ulduzum sürüşür Sisifosun belindən,
Başıma düşən daşı Nasama aparıram.

Daha dolub-daşıram, içim içimə sığmır,
Başım qıfıl axtarır fikrimin açığına.
Ağzıma gələn sözü dilimə yığışdırıb
Gedirəm birdəfəlik Allahın acığına.

İşıqfor rənglərinə boyanır addımımız

Günün son şüaları öpür asfaltın üzün
İşıqfor rənglərinə boyanır addımımız.
Hər kəs özündən qaçır özgəyə çatmaq üçün,
Sonda öz qapımızda dayanır addımımız.

Yenə şikayətlənir şəhərin sakinləri,
Uşağı qocasından, qocası cavanından.
Qaranquş yuvasıtək asılır gözlərimiz
Kirayə qaldığımız otağın tavanından.

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

17:10 9 noyabr 2023
Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

17:47 30 oktyabr 2023
Fərid Süleymanlı - Qalaktikum

Fərid Süleymanlı - Qalaktikum

11:07 13 oktyabr 2023
Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi

16:00 21 sentyabr 2023
Sirr - Sabir Etibarlı

Sirr - Sabir Etibarlı

14:50 11 sentyabr 2023
Xəbərlər - Şamil Həsənov

Xəbərlər - Şamil Həsənov

10:34 5 sentyabr 2023
# # #