Deyəsən, sıra məndədir - Yeni hekayə

Deyəsən, sıra məndədir - Yeni hekayə
14 dekabr 2022
# 13:50

Xəstə olduğuma görə işdən icazə almışdım. Onsuz da, ağır çalışma şərtləri altında işləməkdən, yüksək səviyyəli səlahiyyətlilərə ithaf etdiyim uyduruq gülümsəmələrdən ötrü üzümdəki əzələlərin sızıldamasından, şüa paylayan ekrana tuşladığım gözlərimin nurunun sönməsindən, demək olar ki, hər gün xəstə olurdum.

Qonaq otağındakı köşkdə oturmuş, ayağımı ayağımın üstünə aşırmış vəziyyətdə televizora baxırdım. Adətən, boş zamanlarımı burada sömürürdüm. Buna səbəb, hər nə qədər indi evimizə atamla məndən başqa girib-çıxan olmasa da, uşaqlıq və gənclik çağlarım arasındakı zaman dilimində tanıdığım-tanımadığım insan topaları daim qonağımız olardı. Qonaqlıqlardan tutmuş, sıradan anlara qədər ən çox burada vaxt keçirərdim. Məhz buna görə, evin bütün bucaqlarına gedən yolları gözlərimlə bu nöqtədən nişanlamışdım. İndi bu qonaq otağında təmtəraqlı süfrələr açılmır. Çünki son illər ərzində çox yaxınlarımızı bu dünyadan yolçu etdik. Süfrənin başına yığmağa nə insanımız yoxdur, nə də ki, qeyd ediləcək başımıza gəlmişlik. İndi qalanların da ya dərdi-səri başından aşır, ya da borc-xərci. Demək olar, elə qonaq biz özümüzük. Müsafir uşağı kimi aləmi-acəmi dağıdıb-tökürük. Cibimizdə qəpik-quruş şallaq atanda evə girməyə üzümüz olmur heç. Bu gün, hər gün olduğu kimi gözlərim divarlardan asılmış şəkil çərçivələrinə sataşdı. Yenə onu xatırladım. Bir şəxs var idi əvvəllər... Öz evimizdə biz onun qonağı olardıq. Əziz anam! Yaşam ocağımızı bizdən daha yaxşı tanıyar, əşyalarımızın yerini öz zövqünə uyğun təyin edərdi. Ona ağız açmadan çəkməcələri belə aça bilməzdik. Atamla mən həmişə çayı dəmləməkdən, qaynatmaqdan məhrum insanlar olmuşuq. Günlərdir masanın üstündə unudulmuş, ancaq dibində atqı çay qalmış bardağa baxanda deyə bilərəm ki, o gündən bu günə heç nə dəyişməyib. Əvvəllər sənin gül camalın nəvazişlə önümüzə qoyduğun məcməyidən fincanları və qabları götürəndən, pürrəngi çayını içib, ləzzətli yeməklərini yedikdən sonra görərdik. Damağımızda qoyduğun dadın müəllifini axtaranda səni xatırlayardıq. Həmin məcməyi, fincanlar və qablar mətbəxdədir, ancaq sən yoxsan. Bəlkə də, buna görədir ki, sənin üzünü divarlardan və könülümdən asılmış şəkillərindən savayı heç yerdə görə bilmirəm. Xatirələrlə möhürlənmiş, əbədi ömrə mənsub əşyalar digər otaqlarda, qısa ömürlü, amma əlimdən qoya bilmədiklərim qonaq otağında yerləşirdi. Bu cür əşyalardan biri olan televizor pultunun düymələrinə gəlişi gözəl basmağımdan, kanalları dəyişmək əvəzinə, deyəsən, silirdim. Dəqiqə başına çəkdiyim burnumu tez-tez sildiyim dəsmal hər səfərində ovcuma əli boş qayıdırdı. Birdən paslanmış qapımız açıldı. Elə bu anda gözlərimi divarlardan çəkib başımı xırdaca döndərərək qulağımı ətrafa tuşladım. Bu, dəmir parçası sanki dərindən köks ötürdü. Səsi eşidəcək, həmən bürüləndiyim örtüdən sıyrılaraq dəhlizin qapıya baxan tərəfinə yollandım. Qaralar bağlamış atam, mənim çox da aşina olmadığım bir dostunun cənazəsindən qayıdırdı. Köksünə dayadığı papağını sanki külək uçuracaqmış kimi möhkəm tutmuşdu. Çiyinlərində bir neçə zənbil dolusu yük daşıyırmışcasına girişdəki pilləkənləri aram-aram çıxırdı. Onun yavaş hərəkətlərinə qarşı mən cəld davranıb başımı xırdaca aşağı dikdim və qonağına üsul-üsul rəftar edən televiziya aparıcıları kimi şax duraraq əllərimi qarın nahiyəmdə birləşdirdim. Bir anlıq duruxdum. Çünki, atam həyatımda ilk dəfə idi ki, mənim qarşımda baş əyirdi. Ayaqlarını döşəmədə sürükləyərək güzgünün qarşısına dikildi. Papağını dolabdan asmaq istəyirdi, lakin bunu hansı əli ilə edəcəyi barədə qərarsız qalmışdı sanki. Ən sonunda hər iki əli asılqana yaxın nahiyəyə qədər çıxdı, ardınca isə belindən aşağıya tullandı. Bunu görəcək, mən də güzgüyə sarı getdim. Atamı qonaq otağına aparmaq üçün qoluna girdim. Sürüklənən ayaqlara mənimkilər də qoşuldu. Gəlib divanda yanaş oturduq. Çətinliklə də olsa, papağını titrəyən əlləri ilə çıxararaq gözləri ilə üzbəüz olacaq şəkildə masaya qoydu. Nəhayət, papağına baxaraq qıfıl vurulmuş ağzını açmağa cəhd göstərdi. Beləliklə, saatın tək düzə səsi atamın hıçqırıqla harmanlanmış səsini müşayiət etməyə başladı:

- Oğul! Az öncə həyat uşaqlıq çağlarımdan əkdiyim, kölgəsində dincəldiyim, üzərinə diləklərimi qazıdığım ağacın son meyvəsini dərdi. O zamanlar, həyatın caynaqlarına qurban getmiş bir çox arxadaşımla məhəlləmizdə top oynayarkən pəncərələri sındırardıq. Həmin anlarda, qorxudan qəlbimiz də çilik-çilik olardı. Yaşamın önümüzə təqdim etdiyi çətin-çətrəfilli günlərdə, əllərimiz bir-birimizin çiyinlərinə qonardı. Ancaq kəpənək misalı bir günlük ömrə mənsub olmazdı o əllər. İndi orada bir günlük ömrü olan barmaqları belə görə bilmirəm! - Bu anda udqundu, bir xeyli düşünəndən sonra dərindən nəfəs alaraq sözlərinə davam etdi:

- O vaxtlar küçədəki xırda daşlar önümüzdə dikəlib qosqoca qaya sütunlara çevrilərdi. Böyüklər necə də rahat keçərdi onların üstündən. Amma nədənsə biz yıxılardıq. - Xəfifdən gülümsədi. - Onda da bir birimizi tutan bəndlərə dönüşərdik, oradan tutardıq, ora söykənərdik. Bayaq dostumun cənazəsində insanların üzündə dayaz çaylar gördüm. Hansı ki, bütün yaşadıqlarıma qarmağ etsəm, yem olaraq isə ağ-qara günlərimi qırmızı xalı kimi sərsəm, yenə də tilovuma bir tanış xatirə belə gəlməz. Quraq gözlər gördüm həmin üzlərdə, indi, yurdumda yaşayırmışcasına yaşamağa çalışıram qürbətdə!

Atam, gözlərini papağından çəkərək mənə baxdı. Qaşlarını çatdı, əlini mənim çiynimə qoyaraq danışmağa davam etdi:

- Hələ, cənazəni demirəm! Həyətin alaqapısını açan kimi bir neçə şəxsin mənə yer vermək üçün ayağa qalxdığını gördüm. Sanki, ağacdan asılmış bir savabı dərmək üçün göyün cazibə qüvvəsini kəşf etdilər!

Bu anda anamın divardan asılı şəkillərinə həsrət dolu nəzərlərlə baxaraq:

- Oğlum! Yanımdan gedən heç kəs geri gəlmədi, deyəsən, sıra məndədir!

Titrəyən əlləri ilə papağını başına qoydu. Güclüklə ayağa qalxıb addımlarını sürükləyərək dəhlizdə gözdən itdi. Qonaq otağından atamın otağı görünmürdü, ancaq özü kimi qocalmış qapısının cırıltı səsindən otağına getdiyini anladım. Ayaqlarımı bir-birinə bitişdirmiş şəkildə oturmuş, əllərimi də üşüyürmüşcəsinə onların arasına qoymuşdum. Az öncə baxdığım kanalda indi qara görüntü yayımlanırdı. Dəqiqə başına çəkdiyim burnunu tez-tez sildiyim dəsmal bu dəfə ovucuma əli dolu qayıdırdı. Gözlərim yenə divarlara sataşdı. Yenə onu xatırladım. Bir şəxs var idi əvvəllər... Əziz atam!

Sadiq İsmayılov

# 4047 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #