Keçmişə açılan pəncərə - Hekayə

Keçmişə açılan pəncərə - Hekayə
6 fevral 2021
# 14:39

Dərslərin başlamasına günlər qalmışdı. Sevincim göylərdə pərvaz edirdi, tələbə adı qazanmışdım. İllərlə çəkdiyim zəhmətin bəhrəsi idi bu. Dərslərin başlanmasına günlər qalmasına baxmayaraq, paltarlarımı, kitablarımı yığıb dəqiqələr sonra yola çıxacaqmış kimi hazır qalmışdım. Gecələr yata bilmirdim. Məni gözləyən şəhər həyatı, tələbəlik illəri yuxumu gözümdən almışdı.

Yüksək balla universitetə daxil olmağımın sevincini ailəmdə də hiss edirdim. Kənddə nəyimiz varsa, satıb şəhərə köçmək barədə düşünürdük. Bacımın üzündən gülüş əksik olmurdu. Anamın fəxarət hissiylə süzməsi bir ayrı xoşbəxt edirdi məni. Bircə dədəmin simasındakı peşmanlığın sirrini öyrənə bilmirdim. Daha çox dədəm sevinər, mənimlə qürur duyar düşünmüşdüm. Onun uşaqlıqdan çəkdiyi əzab əziyyəti oğlu çəkməyəcəkdi. Gələcəkdə hansısa şirkətdə menecer işləməsi, hansısa məktəbdə müəllim işləməsi belə atamın başının ucalığı idi.

Atam kiçik yaşlarından yetimçiliklə böyüyüb. Ona-buna qoyun otarmaqla, ot çalmaqla, odun yarımaqla ailəsini dolandıran yetim olub. Zaman keçdikcə özünə balaca da olsa, bir ferma qurub cəmi 30 baş qoyunla və balaca daxmamızın yanındakı o qədər də böyük olmayan sahədə zəhmətlə yetişdirdiyi məhsullardan sataraq ailəsini dolandırırdı. Nə vaxt baxsam, onu əlində siqaret fikir içində oturmuş görürdüm. Atamın belə olmasına səbəbkar bəlkə mənəm! İçindən əzab çəkdiyi kişinin simasından açıq-aşkar hiss olunurdu.

Günlərin birində dədəm əl eləyib məni yanına çağırdı. Təbiəti ağır adam idi. Heç vaxtı bizə xoş sifət göstərib açıq danışıb gülməzdi. Zalım oğlu, elə bil, dilindən çıxartdığı sözlərə də qənaət edirdi.

- Əkbər! Bala, gəl, otur burda. Palıd kötüyünü göstərərək çətinlik çəkirmiş kimi sözə başladı. Mənə yaxşı-yaxşı qulaq as. Otuz ildir bu daxmada yaşamışam. Nə xoş günüm olsa da, bəd günüm olsa da burda keçirtmişəm. Ən ağır günlərim belə olub, amma heç vaxtı ac qalmamışam. Nə mən, nə mənim ailəm. Mədəmi tox tutacaq bir tikə çörəyi bax bu 2 sotluq torpaq, o 30 baş qoyun verib mənə. Məni də, səni də bu günə çıxardan onlar olub. İndi də gəlib övladlarımın ağ günə çıxdığı vaxtında onları kiməsə necə verim? Hər kim nə desə də, vicdanım qəbul etmir, bala. Düzdür, biz şəhərə köçməyi planlaşdırmışdıq, ha düşünürəm, çox əziyyət çəkirəm. On beş yaşımdan əllərim ayaqlarım bu torpağın palçığında, bu qoyunların yununda böyüyüb, bundan sonra da belə olacaq. Keçmişə açılan pəncərəmi bağlaya bilmərəm, oğlum. Allah yolunu açıq eləsin. Sən get, təhsil al, işini qur, arada məndən də xəbər tutarsan. Mən həyatımı bura bağlamışam. Üzümdəki qırışların sayı qədər bu torpağı şumlamışam, qoyun otarmışam. Nə qədərki nəfəsim gedib gələcək, bu torpaq da, bu ev də mənlə bir canlanacaq.

Xavər Şəfiyeva

# 3715 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #