III Aleksandrın Bakı səfəri

III Aleksandrın Bakı səfəri
14 sentyabr 2012
# 07:01
1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III Aleksandr Tiflisdən ailəsiylə Bakıya gəlir. Vağzal başdan-başa xalı-xalça, bayraqlarla bəzədilmiş, hasarların üstündə və birmərtəbəli binaların kəlləbəndlərində bir-birindən bir arşın aralı qara çıraqlar yandırılmışdı. Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi məmurlar digər tərəfdə, silahlı əsgərlər divar kimi səf çəkib durmuşdular. Çarı əvvəlcə Hacı Zeynalabdin Tağıyev salamlayacaqdı. Şahanə qatar stansiyaya girir. Az sonra çar III Aleksandr hərbi libasda vaqondan düşür. Hamı papağını başından götürür, Tağıyevdən başqa.

Qubernator təkid edirsə də, o, qulaqardına vurur. Hacı Zeynalabdin Tağıyev, bir tərəfində qubernator, bir tərəfində Şəhər bələdiyyə rəisi III Aleksandra yaxınlaşır. Hacı xoşgəldin edir. Çar papağını çıxarmadığı üçün ona tünd-tünd baxıb soruşur: «Чей вы поданный» (sən kimin rəiyyətisən?). Qubernator Hacıya pıçıldayır ki, «Я поданный вашего величества» (siz əlahəzrətin təbəəsiyəm).

Hacı Zeynalabdin isə öz bildiyini deyir: «Я поданный Русской империи». III Aleksandr vağzaldan keçib meydana enir və karetaya oturur. Atlar hərəkətə gəlir. Vağzalda imperatoru duz-çörəklə qarşılayan üç nəfərin (H. Zeynalabdin Tağıyev başda olmaqla) oturduğu kareta imperatorun karetasının ardınca gedirdi.

III Aleksandrın şəhərdən keçmə mərasiminin şahidi olmuş bakılı dülgər Mütəllib kişi maraqla nəql edirdi: «Padşahın gəlməyinə üç gün qalmış carçılar küçələrə düşüb car çəkə-çəkə şəhər əhlinə xəbər verirdilər ki, əlahəzrət şəhərimizə varid olacaq.

Vaxt çatanda, camaat səhər tezdən çarın keçəcəyi Balaxanı (Füzuli) küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O vaxt həmin küçələr birmərtəbəli binalarla əhatə olunmuşdu. Vağzaldan, ta keçmiş müsəlman qəbiristanlığına qədər yolboyu küçələrə, meydana xalı-xalçalar döşəmişdilər. O tay, bu tay alçaq binaların damlarına qara çıraqlar qoymuşdular, hamısı da yanırdı. Hər iki tərəfdə səkilərin qırağında əsgərlər durub, tüfəngləri hazır saxlamışdılar.

Camaat isə əsgərlərin arxasında - qabaqda ruslar, arxada qeyri millətlər dayanıb həyəcanla, maraqla çarın gəlməyini gözləyirdilər. Bir də gördük ki, uzaqdan padşahın qızıl-gümüş bəzənmiş karetası gəlir. Quba meydanına səmt götürüb; karetanı daldan atlı kazaklar, yanlardan jandarmlar müşayiət edirdilər. Camaat da arxada yeriyirdi. Birdən bir qoca müsəlman kişi, əlində də məşəl, mühafizə dəstələrinə baxmayıb, karetanın qabağına atıldı. Başladı meydan tərəfə qaçmağa. İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, kişini bir anda araya alıb tutdular.

Bu mənzərəni karetadan görən imperator, atları saxlatdırdı, əmr etdi ki, qocanı yanına gətirsinlər.
Qoca diz çöküb təzim etdi, əlindəki ərzi-halı çara uzatdı. O da kağızı dilmanca verib nə yazıldığını xəbər aldı. Mətləbdən halı olanda, dodaqları qaçdı, gülümsədi, dönüb yavərinə nə isə tapşırdı. Qocanı buraxdılar. Sonra məlum oldu ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlu şəhər Dumasında qulluq sahibi idi. Deyilənə görə, çar əmr edib ki, kişiyə oğlunun rütbəsindən bir pillə yüksək rütbə-ad verilsin ki, oğlan onun sözünə qulaq assın, üzünə qayıda bilməsin, sözündən çıxanda qanunla onu cəzalandıra bilsin.
Kareta köhnə qəbiristan tərəfə getdi.

Qəbiristanı təmizləyib, kilsə binası üçün özül qazmışdılar. Ətrafdakı alçaq binaların üstü tamaşaçılarla dolu idi.

Kareta yaxınlaşanda camaat əl çaldı. Üçüncü Aleksandr qabaqda, dalınca iki keşiş karetadan düşüb özülə endilər. Keşişlərin hər biri çara qızıldan balaca bir kərpic verdi. Eyni zamanda başladılar mərasim duası oxumağa.

Fiziki gücünü yeri gəldikcə nümayiş etdirməyi sevən imperator bel- külüngü alıb zəxirə qoyulacaq yeri düzəltdi, sonra da malanı qapıb əməliyyatı davam etdirdi. İzdihama bu çox xoş təsir bağışladı, afərinlər deyildi. III Aleksandrda doğrudan da pəhləvan gücü vardı. Ailəsilə Peterburqa gedəndə inqilabçıların vaqona qoyduqları bomba partlamışdı. III Aleksandr tez çiynini uçmaqda olan tavanın altına verib, ailəsinin vaqondan düşməsi üçün imkan yaratmışdı.

Çar qızıl kərpicləri şahanə sincab mantosunun ətəyilə silib öz əlilə özülə qoydu. Bakı milyonçuları da, Hacı Zeynalabdin Tağıyev başda olmaqla hərə öz adına layiq qızıl doldurulmuş mücrü, qapaqlı mis qab və taxta qutu gətirib imperatora verdilər ki, özül dəfinəsinə qoysun. III Aleksandr verilən hədiyyələri də özülə qoydu, keşişlər avazla ucadan dua oxudular. Bənnalar özül inşaat tarixi yazılmış sicili bünövrəyə qoydular. Divarını hörməyə başladılar.

Səhəri gün carçılar bəziləri piyada, bəziləri dəvə üstündə küçə və bazarlarda gəzib car çəkdilər ki, camaat, eşidin və agah olun, eşitməyənlərə də xəbər verin, padşah dustaqlara mərhəmət edib bağışlayıb. Özü Kömürçü meydanı ilə Quba meydanı arasındakı mərkəzi həbsxanaya gedib dustaqları azad edəcək. Tamaşa eləmək istəyənlər dustaqxana qabağına gələ bilərlər.

Camaat səhər tezdən qazamat qabağında idilər. Mən də getmişdim. Cavan vaxtım idi, kənarda dayanıb tamaşa edirdik. Atlı kazakların araya aldıqları kareta gəlib qazamatın dəmir darvazası qabağında dayandı. Padşah düşdü. Zəhmli, yekəpər, kürən adam idi. Pişik gözü kimi parıldayan gözlərindən od yağırdı. Yanındakılara əlilə nə isə işarə etdi. Nəhəng dəmir darvazanı açdılar. Dustaqları bir-bir Qanlı təpə (I Sverdlov) küçəsinə buraxmağa başladılar. Qorxa-qorxa yeriyən dustaqlar ikiqat əyilib özlərini mümkün qədər divar tərəfə verirdilər. Görünür padşahın qəzəbli görkəmi, zəhmi onları lərzəyə salmışdı.

O gün mollalar camaatı məscidlərə yığıb böyük mərhəmətinə görə dua oxuya-oxuya çara təşəkkür edir, özünə və ailəsinə cansağlığı, taxt-tacının yüz illərlə bərqərar olmasını diləyirdilər. Bu əhvalatdan bir ay keçməmiş, jandarmalar evbəev düşüb çar tərəfindən buraxılmış dustaqları bəzilərini asi adlandıraraq təzədən tutub qazamata saldılar».

Üçüncü gün çar ailəsi neft mədənlərinə tamaşaya getdi. Milyonçular çarı Sabunçu stansiyasında duz-çörəklə qarşıladılar. Bir neçə yerdə bəzəkli, tağlı darvazalar qurulmuşdu. Darvazalardan birini mədən avadanlıqlarından qayırmışdılar. Möhtərəm qonaqlar Nobel qardaşlarının neft anbarlarına, sonra Şəmsi Əsədullayevin nasos stansiyasına, ən güclü üç buruğuna tamaşa edirlər. Bir buruğun qabağında fontan zamanı quyudan çıxan daşları üst-üstə qalayıbmışlar. Daşların yer altından qaz gücünə çıxmasına adam inana bilmirdi. Əlahəzrət kanat üsulu ilə qazılan bir quyuya da baxır.

Neft milyonçuları imperatoru və onun ailəsini qəbul etmək üçün iki yerdə xüsusi çadır-pavilyon qurmuşdular.

İmperator onu müşayiət edənlərlə əvvəldən iki yerdə - biri Avropa, digəri şərq üslubunda düzəldilmiş çadırların birincisinə girir. Oturandan sonra çadırın ətəklərini qaldırıb fontan vuran quyunu nümayiş etdirirlər. Çay içib, şirniyyat yeyə-yeyə fontana maraqla tamaşa edirlər. Sonra da Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuz Muxtarov və qeyri müsəlman neftxudalarının düzəltdirdikləri iransayağı bəzədilmiş ikinci çadıra gedirlər.

Tağlı girəcəyi qiymətli xalı-xalçalarla bəzəmişdilər. Darvazadan çadıra qədər yerə bahalı, nadir xalı, gəbə və xalça döşəmişdilər. Çadırın içərisi ipəyə, zər-ziba parçalara tutulmuşdu.
Şəhərə qayıdandan sonra çarın Şərəfinə ziyafət verilir. III Aleksandr razılığını bildirib «Qızıllı kilsə»ni layiqincə tikib başa çatdırmağı tapşırır. Sabahı gün Bakını tərk edir. Bu kilsə Yaxın və Orta Şərqdə rus və xristian hakimiyyətinin rəmzi olacaqdı...


Manaf SÜLEYMANOV

“Azərbaycan milyonçuları: Haci Zeynalabdin Tağıyev” kitabından
# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #