Kafkanın da etmədiyini edən Sarrot

Kafkanın da etmədiyini edən Sarrot
27 iyul 2011
# 11:51
“Natali Sarrot insan varlığının əsil mahiyyətinin gizləndiyi pstxologiyanın o biri üzünə keçə bilmək üçün üsullar hazırlamaqdadır”.
Jan-Pol Sartr

“Bu günün oxucusu, hər şeydən əvvəl yazıçının fantaziyasının ona təqdim etdiiyinə inanmır”.
Natali Sarrot

Təkrarsız müəllif

20-ci əsrin həmyaşıdı Natali Sarrot dünya ədəbiyyatı tarixinə “yeni roman”ın anası olaraq keçib. O, ötən əsrin ortalarında başlayan böyük ədəbi savaşın əsil qəhrəmanlarından biriydi və sonunda realist ədəbiyyatı silib-süpürən “anti-roman” cərəyanının qalibiyyət qazanmasında Natalli Sarrotun rolu istisnasızdır.

Natali Sarrot yaradıcılığı ötən əsrin 50-ci illərindən başlayaraq ənənəvi ədəbiyyatın bütün formalarını darmadağın edərək devirdi. Ancaq buna baxmayaraq Sarrot fransız ədəbiyyatının “yeni roman” qrupunun bir-birinə qətiyyən bənzəməyən bir çox təmsilçiləri kimi üsyankar və asi deyildi. O, müstəqil və heç bir ədəbi məktəbə və cərəyanlara aid olmayan bir yazardı və Sarrot sonuna qədər bu özəlliyinə sadiq qaldı.
Fransız tənqidçiləri Sarrotun yaradıcılığını əsrin əks-sədası olaraq dəyərləndirdilər. Çünki Sarrot yaradıcılığı bir mənalı olaraq sırf müəllif yaradıcılığı idi. Onun kimdənsə qaynaqlandığını söyləmək çox çətindir və ən əsası ondan qaynaqlanmaq imkansızdır. Natali Sarrotu ancaq köçürmək mümkündür. Yəni Sarrot kimi yazmaq üçün plaqiat olmamaq mümkünsüzdür.
Hər şeydən əvvəl Natali Sarrot yaradıcılığını kütləvi əyləncəli ədəbiyyata aid etmək olmaz və Sarrot yaradılıcığı heç də oxucular arasında uğur qazanmağa hesablanmayıb. Yəni Sarrotun romanlarını yüngülcə oxumaq mümkün deyil və ona görə də bir mənalı olaraq demək olar ki, Sarrot peşəkar oxucular üçün yazıb.
Sarrotun bütün yaradıcılığı insan “mən”ini dərin qatını araşdırmaqdan ibarətdir. Onun qəhrəmanlarının əksəriyyətinin alt qatında qorxu var. Bu qorxu hər şeylə təmasda və hər yerdə özünü biruzə verir. Qorxu insanın yalnızlığının və nisbiliyinin göstəricisidir. Özünə inam hissi hər nəqədər güclü olsa da, insan qorxuya qalib gələ bilməz. İnsan ona görə insandır və ona görə tanrı deyil ki, onun ruhuna anlaşılmazlıqdan və məchulluqdan doğan qorxu hakimdmr. Bu insanın mahiyyətidir.
Sarrot yaradıcılığı məqsədli və ardıcıldır. O insanı hissələrə parçalayır və tədqiqat aparır. Realist və yüngül ədəbiyyatı əvəz edən “yeni roman” əslində 20-ci əsr insanının şüuraltı vəziyyətini ifadə edirdi. Bu baxımdan Sarrot yaradıcılığı Freyd, Prust, Coys və Kafka yaradıcılıqları ilə qohumdu, amma onları təkrar etmirdi və onlara bənzəmirdi.
Ötən əsrin 50-ci illər fransız ədəbiyyatı ona görə dünya ədəbiyyatının avanqardına çevrilə bildi ki, bu ədəbiyyat Coysun və Kafkanın belə imtina edə bilmədiyi ənənəvi olan hər şeydən imtina etdi. Ədəbiyyatdan süjet və forma tamamən sıxışdırılıb çıxarıldı və bunun yerini özünü azad ifadə etmək üslubu aldı.

Yazıçının genetik kodu

Natali Sarrotun 1939-cu ildə nəşr edilən və demək olar ki, diqqəti cəlb etməyən “Cığırizmlər” adlı ilk romanı tələsik yazılmış təəssüratı yaradan kiçik oçerklər məcmuəsi idi və bu “roman”da əsasən insanların psixi refleksləri və avtomatik hərəkətləri nəzərə çarpırdı. Roman bütün aspektlərdə “yeni” olsa da, nə tənqidçilərin, nə də oxucuların diqqətini cəlb etmədi. Bəlkə də ona görə ki, İkinci Dünya savaşı başladığı üçün insanları ədəbiyyatdan daha çox öz taleləri maraqlandırırdı. Ancaq “Cığırizmlər” romanı Sarrotun bütün yaradıcılığının genetik kodunu daşıması şübhəsizdir.
Bunun arxasınca 1948-ci ildə nəşr etdirdiyi “Naməlum adamın portreti” romanı Fransada ədəbi hadisəyə çevrildi. Sartr və Kamyu bu romandan sonra Sarrotu sezib dəyərləndirdilər. Sartr bir qədər irəli gedərək, onu səmimi şəkildə alqışladı və “anti roman” cərəyanının lideri adlandırdı. Daha sonra “Martero” (1953) və “Planetariya” (1959) romanları və “Şübhələr erası” (1956) essesi Sarrotu tədricən və hiss olunmadan avanqard ədəbiyyatın görkəmli nümayəndəsi olaraq təsdiq etdi. Artıq ondan “yeni roman”ın peyğəmbəri olaraq söz etməyə başlamışdılar.

Ərinin xilaskarı

Natali Sarrot – qızlıq adı Nataliya Çernyak - 1900-cü ildə Rusiyanın İvanovo-Voznesensk şəhərində yəhudi həkimin ailəsində doğulub. 5 yaşında ikən valideynləri boşanınca, balaca Nataşa atası ilə birlikdə Parisə köçür və bütün ömrünü bu şəhərdə yaşayır. Sorbonn Universtetinin ədəbiyyat fakültəsini bitirən Sarrot, eyni zamanda, 1925-ci ildə Paris Universtetinin hüquq fakultəsini bitirir və vəkillər kollegiyasına qəbul olunur. Elə həmin il Natali vəkil həmkarı Raymonird Sarrota ərə gedir. Bu kəbindən onların üç qızı dünyaya gəlir və demək olar ki, cütlük xöşbəxt bir həyat yaşayır.
1940-cı ildə Fransa nasistlər tərəfindən işğal olunduqdan sonra yəhudi mənşəli Sarrotun həyatının çətin günləri başlayır. 1941-cı ildə nasist qanunlarına uyğun olaraq, yəhudi əsilli Sarrot vəkillər kollegiyasından çıxarılır. Bundan sonra ərinin işini və gələcək karyerasını xilas etmək naminə ərindən boşanır. Buna baxmayaraq, onlar birlikdə yaşamaqda davam edirlər. Və onlar ömürlərinin sonuna qədər birlikdə yaşayırlar.
Bundan sonrakı bütün həyatını Natali Sarrot ədəbiyyata həsr etdi. 1963-cü ildə Sarrot “Qızıl meyvələr” romanına görə “Prix” beynəlxalq ədəbiyyat mükafatına layiq görüldü. Bu mükafat onun beynəlxalq arenada tanınmasına yol açdı və yazıçını kifayət qədər populyalaşdırdı. 80-ci illərdə iki dəfə Nobel mükafatına təqdim olunsa da, hər ikisində mükafat siyasi motivlərə görə başqasına verildi. Söhbət heç də Sarrotun siyasi baxışlarından getmirdi. Sadəcə, mükafatın siyasi motivlərlə yazılmış əsərlərə verilməsi üstünlük təşkil etdi.
Natali Sarrot 1999-cu ilin payızında öldü. Artıq onun 99 yaşı tamam olmuşdu və demək olar ki, 20-ci əsrin əvvəlindən sonuna qədər həmyaşıd idi və bütöv bir əsri əvvəlindən sonuna qədər yaşasmışdı.

Öz əsrinin qızı

Natali Sarrotun ədəbi üslubu və düyna görüşü unikal idi. Normalda 50 yaşından sonra böyük ədəbiyyata daxil olan və patriarxal ailədə böyümüş Natali Sarrot mühafizəkar olmalıydı. Amma o, həyatın və ədəbiyyatın bütün məsələlərində avanqardist idi. O, mühafizəkar olan hər şeyi rədd edir və dağıdırdı. Sarrot ütülü, formalı və qəlibə salınmış mədəniyyətə qarşı idi. Ona görə də o “mədəniyyətə qarşı əks-mədəniyyət” tezisini irəli sürmüşdü. Amma bu tezisdə üsyankar və asi olan heç bir aspekt yoxdu. Sarrot insanın ruhun azadlığına və təlabatına görə davranmasını normal hesab edirdi. Onun romanları ona görə “anti-roman” cərəyanının aparıcı əsərlərindən hesab olunurdu ki, bu romanlarda insan şəxsiyyəti və xarakteri yoxdu. Sarrot personajı öldürmüşdü. Buna görə də Sarrot yaradıcılığını anti-insan yaradıcılığı adlandırmaq olar. Onun romanlarında qarmaqarışıq fikirli metafizik ruhlar dolaşırdı.
Sarrot öz əsrinin qızı idi, amma onu nihilist belə adlandırmaq mümkün deyildi. 60-cı illərdə Parisi alovlara təslim edən nihilist gənclər hərəkatına Sarrot yaradıcılığı nə qədər təsir göstərsə də, nihilist tələbə hərəkatının Sarrota təsiri sıfıra bərabər olmuşdu. Ona görə yox ki, o artıq 60 yaşının üzərində idi və gənclikdən kifayət qədər uzaqlaşmışdı. Ona görə ki, Sarrotda hər şeyə qarşı “anti” immunetiti formalaşmışdı. Sarrot unikaldır, heç nəyə və heç kəsə bənzəməzdir və təkrar olunmazdır.
Sarrot ruhunu anlamış və ona qovuşmağı başarmışdı. Sartrın da qeyd elədiyi kimi Sarrot psixologiyanın o biri üzünə keçməyi başarmışdı. Bu üzdən demək olar ki, Natali Sarrot öz fərdi üzərində qələbə çalmış müzəffər bir qadındı. O, dünyanı yüz faiz dəyişən anormal bir əsrin yol yoldaşı olmuşdu. Və yaşadığı əsrin “yeni açılımı” idi.
Sarrot 90-cı illərin sonuna qədər yazdı. Çox qəribədir ki, dünaynın ən çətin oxunan yazarlarından biri olmasına baxmayaraq, ömrünün sonunda çox oxunaqlı memuarlar yazmışdı. Rus mühitindən 5 yaşında ayrılmasına baxmayaraq, 99 yaşında təmiz rus dilində aksentsiz danışmağı bacarırdı.
Sarrot yeni yazıçının və yeni ədəbiyyatın vəzifəsini 1971-ci ildə “Yeni roman, dünən və bu gün” simpozimunda belə xarakterizə etmişdi: “Yazıçı sözün hələ girə bilmədiyi, dilin hərəkət etmədiyi sükunətli və qaranlıq dərinlikdə hərəkət əmələ gətirməli və hələ adlandırılmamış, sözün müqavimət göstərdiyi qeyri-məchul və qlobal hisslərin fəthinə istiqamələnməlidir”.

Azər QARAMANLI
# 1119 dəfə oxunub

Oxşar xəbərlər

# # #