50 yaşlı qadına “Skyp”la evlilik təklif edən oğlan

50 yaşlı qadına “Skyp”la evlilik təklif edən oğlan
5 yanvar 2018
# 10:53

Könül Cəfərli

Yerli və Türkiyə kanallarında gördüyümüz evlilik verilişlərindən Avropa, Amerika televiziyalarında da var. Tamam fərqli format olsa da, toyla bağlı layihələr hazırlayırlar. Ailə qurmaq istəyən insanlar tanış olur, bir müddət görüşür, münasibətləri alınsa evlənir, yola getməsələr ayrılırlar. Cütlüklərin demək olar hamısı tanışlıq dönəmində birgə yaşayırlar. Eyni evdə qalmaq bir-birlərini yaxından tanımağa geniş imkan yaradır.

Verilişi baxımlı edən real münasibətlər və gerçək həyat hekayələridir. Heç kəs rol oynamır, ağıllı və namuslu görünməyə çalışmır. İştirakçılar olduqca səmimidir. Bizdəki kimi “əsas xasiyyətdir” deyib, evli-maşınlı oğlan axtarmır. İlk gündən münasibətdə şəffaf davranır, çəkiliş zamanı hətta söyüş söyməkdən də çəkinmirlər. Nə hiss etdiklərini, düşündüklərini, hətta intim münasibətlərini də rahat şəkildə ifadə edə bilirlər. Verilişin favoriti olan cütlük var idi. Bir müddət sonra aralarında seksual uyğunsuzluq olduğu üçün ayrıldıqlarını bəyan etdilər. Layihə icraçıları onları seksopatoloq və psixoterapevtə yönəltsə də yataq problemləri həll olmadı. Əl sıxışıb münasibətlərinə dost kimi davam edəcəklərini bildirdilər.

Orada evlənməyə qərar verən cütlüklər seçimlərini adətən belə izah edirlər: “Evlənmək istəyirəm, çünki o həyat dolu, şən və məni başa düşəndir. Bizə birlikdə vaxt keçirmək xoşdur”. Başqa cavablar verənlər də olur, amma daha çox bu xüsusiyyətlər sadalanır. O başqa cavablarda da ev, maşın, yüksək maaş, vəzifəli qayınata, bahalı cehiz, brilyant qaşlı üzük, təmirli ev olmur.

Avropa verilişlərində də emosional anlar yaşanır. Məsələn, 2 aylıq hamilə olan Rebeka sevgilisi tərəfindən tərk edilib. Uşağın atası lisey yoldaşıdır. Qızın hamilə olduğunu öyrənəndə atıb. Rebeka layihədə Smitlə tanış olub və onunla evlənməyə hazırlaşır. Oğlan yaxşı ər, dünyaya gələcək övladına qayğıkeş ata olacağına söz verib. Qız bu vədləri dinləyəndə göz yaşlarını saxlaya bilmir, Smitin boynuna sarılıb ağlayır. Yəni bu proqramlarda da ümid, sevinc, göz yaşı var. Fərq bundadır ki, o iştirakçıların duyğularını kimsə istismar etmir, tamaşaçının əsəblərini zorlamır, kədərindən reytinq düzəltmir. Təsirli səhnələri “ağlamalinskiy” mahnı qoşmadan, audio effektləri guppuldatmadan təqdim edirlər.

Bizdə isə ailə münasibətləri ilə bağlı verilişlər şişirdilmiş həyəcan və ağlaşma ilə hazırlanır. Hələ bunun gözünə qəmli musiqi də qatanda lap hind kinosuna dönür. Aparıcılarımız dərdli adamları dünyanın ən bədbəxt, zavallı insanı kimi təqdim etmək üçün hər yola əl atırlar. Yerimək qabiliyyəti olan qocanı studiyaya xərəkdə gətizdirəni də gördük.

Xarici layihələrdə evlilik yolundan dönənlər də olur. Hər iki tərəf ayrılıq səbəblərini açıqlayıb münasibətlərinə son qoyur. Fikirlərini həssaslıqla, qarşı tərəfin heysiyyatına toxunmadan ifadə etməyə çalışırlar. Bizdəki kimi bir-birinə lənət oxuyub, nəslinə-kökünə qarğımırlar. İki yetkin insan olaraq, başladıqları kimi mədəni şəkildə bitirməyi də bacarırlar.

Deyəcəksiniz ki, Avropa hər kəs şəxsi münasibətlərdə bu qədər sivil və mədənidir? Əlbəttə ki, yox. Elə verilişlərdə müəyyən qədər kobudluq edən iştirakçılar da olur. Amma bu hallar çox az baş verir və kimsə maddi-mənəvi zərər görürsə, dava-şavasız məhkəməyə müraciət edir.

Qalmaqallı cütlüklər də olur. Afrika ölkəsində yaşayan bir gənc 50 yaşlı amerikalı qadına “Skayp”la evlənmək təklif etmişdi. Qadın oğlanın sevgisinə inanıb layihə çərçivəsində onu ölkəsinə dəvət etdi. Evləndilər. Bir müddət sonra ailə münaqişələri başladı. Ər yaranan problemləri mədəniyyətlərin toqquşması kimi əsaslandırsa da qadın razılaşmadı. Oğlanın onu aldatdığını, Amerikada yaşayış hüququ almaq üçün sui-istifadə etdiyini söylədi. Çığır-bağırsız, təmkinlə iddialarını sadalayandan sonra məhkəməyə müraciət edəcəyini bildirdi.

O verilişlərdən belə bir qənaətə də gəlmək olar: Avropalı, amerikalı üçün ailə önəmlidir, amma nikaha münasibətləri bizdən fərqlidir. Onlar üçün ailə uşaq dünyaya gətirmək üçün lazım deyil, evlənmədən də övlad sahibi olurlar. Münasibətləri leqallaşdırmağa qəti tələsmir, nikaha qədər uzun müddət qeyri-rəsmi də olsa ər-arvad kimi yaşayırlar. Bir-birini kifayət qədər yaxşı tanıyır, ən əsası isə evlilikdən gözləntiləri maddiyyata söykənmir. Nə oğlan qızdan cehiz gözləyir, nə qız oğlandan qır-qızıl. Hər halda illərdir izlədiyim verilişlərdə bir dəfə də “evi, maşını, yaxşı maaşı olan kişi ilə evlənmək istəyirəm”, - deyən gəlin namizədə rast gəlmədim.

Buradan baxanda çoxumuza onların həyat tərzi əxlaqsızlıq kimi görünə bilər - toyadək bakirə qalmır, yengə tanımır, nikahsız uşaq dünyaya gətirirlər və s. Yaşadıqları namus anlayışımıza zidd olsa da münasibətlərdə bizdən daha çox səmimidirlər. Əksər hallarda onları mənəvi bağlar birləşdirir. Ailə dəyərlərində nə cehiz, nə ev, nə qızıl önəm daşıyır. Bizdəki kimi ata-ana qıza bahalı mebel alıb, 2 il kredit ödəmir. Nə də “əsas gəlinin əxlaqıdır” deyib, toydan sonra ucuz cehizi qızın başına qaxmırlar. Həyatdan zövq almağı bacarır, olduqları kimi görünürlər. Arzularını boğmadıqları üçün üzlərindən zəhrimar tökülmür, cəmiyyət olaraq aqressiv deyillər.

Bizim də xoşbəxt və hüzurlu həyatımız ola bilər. Əgər “camaat”ın xətrinə duyğularımızı rəngləməsək, olduğumuz kimi davransaq, düşüncələrimizi gizlətməsək, özümüzü dəyişdirməsək.

“Camaat”a xoş gəlmək üçün özümüzə süni və qondarma bir kimlik yaradırıq. Sonra da arzularımız və ruhumuz o cildə yerləşə bilmir, ya gen, ya da dar gəlir. Öz əllərimizlə yaratdığımız diskomfort həyatımız boyu bizə yoldaşlıq edir. Siz bizim toplumda ailəli olub, özünü xoşbəxt hiss edən neçə ər, ya arvad tanıyırınız? Çoxumuzu ancaq uşaq və digər məcburiyyətlər bağlayır.

Mən demirəm ki, avropalının həyatını kopyalayaq. Amma ən azı özümüzlə bağlı önəmli qərar verərkən, yalnız öz ürəyimizi və ağlımızı nəzərə alaq. Məsələn, bir qız ərə getmək istəmirsə, “yaşın 30-a çatıb, evdə qalmış deməsinlər” deyə sevmədiyi biri ilə evləndirməsinlər. Kimsə müəllimə yox, saç ustası olmağı arzu edirsə, valideynləri zorla ali məktəbə yönəltməsin. İnsanı xoşbəxt edən istəkləri, həyata keçən arzularıdır. Məhrumiyyət isə həmişə natamamlıq və hüzursuzluq yaradır. Halbuki xoşbəxt olmaq hər kəsin haqqıdır və insan dünyaya yalnız bir dəfə gəlir ...

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #