Orucluqda öpmək olarmı?

Orucluqda öpmək olarmı?
5 iyun 2017
# 15:32

Könül Cəfərli

Hələ də o fikirdəyəm ki, islama ən böyük zülmü cahil müsəlmanlar verir. Bu gün islam barədə olan bütün mənfi fikirlərin kökündə müsəlman faktoru dayanır. Dini olduğu kimi yaşamayanda nəzəriyyədən çox fərqli bir islam mənzərəsi canlanır. Məsələn, İŞİD, taliban və s. kimi.

Çox vaxt islam və müsəlmanlar eyni məzmunda qəbul olunduğu üçün müsəlmanların əməli dinin ayağına yazılır. Müsəlmanı göstərib, islam budur deyirlər. Halbuki islam və müsəlmanlar-iki müxtəlif məzmunlu anlayışlardır. Birinci nəzəriyyə, ikinci isə onun tətbiqidir. Kimsə yazılana doğru əməl etmirsə, günah nəzəriyyədə deyil, tətbiqindədir. Məsələn, kifayət qədər savadsız həkimlər var. Xəstə ayağı qoyub, sağlamını kəsəni də gördük. Amma yenə də heç kim “həkimlik pis sənətdir”, “tibb nəyə lazımdı?”, “bu da lazımsız tibb” demir. Hamı məsələyə münasibət bildirərkən həkimin şəxsinə yönəlir. Əslində ədalətli yanaşma da budur.

İslam dünyasının geri qalmasının səbəbi də elə mühafizəkar müsəlmanlardı. Kim necə izah edirsə-etsin, amma müsəlmanlar yeniliyə, araşdırmaya, inkişafa can atmadıqca, mənzərə elə belə alatoranlıq qalacaq. Müsəlmanların əksəriyyəti dinlə bağlı yeniliyi sevmir. Ənənəvi düşüncədən 1 mm də kənarlaşmaq istəmirlər. Halbuki dinin nəzəriyyəsinə görə iki günü eyni olan müsəlman zərərdədir. Yəni dindar yenilənməli, yeniliklərə açıq olmalı, inkişaf etməlidir. Amma görək deyilənlərə kim necə əməl edir? Bir ilahiyyatçı araşdırma aparıb, dinlə bağlı yeni bir fikir irəli sürən kimi dindarlar onu “daş-qalaq” edir. Ənənəvi dini düşüncədən fərqli fikri eşitmək belə istəmirlər. “Vaxsey, din əldən getdi!” təlaşı ilə qulaqlarını bərk-bərk qapayırlar. Mən demirəm ki, bütün yeni fikirləri olduğu kimi qəbul edib mənimsəyək. Amma ən azı müzakirəyə açıq olmaq lazımdır. Fərqli, hətta islama zidd düşüncəni də dinləmək olar. Peyğəmbərimiz öz müxalifləri ilə dinlə bağlı müzakirələr aparırdı. Hər deyilənə əməl etmək kimi bir məcburiyyət yoxdur. Qulaq asaq, tanış olaq, əməl edib etməmək hər kəsin şəxsinə qalsın.

Ötən günlərin birində Ramazanla bağlı veriliş hazırladıq. Mövzu ilə əlaqədar bir çox məsələni müzakirə etdik, o cümlədən bu ayda intim münasibətlərə də toxunduq. Studiyada qonaq olan axund və ilahiyyatçı bildirdi ki, oruc tutan müsəlman həyat yoldaşını öpə bilər. Yəni öpmək və qucaqlamaq orucu batil etmir. Əsas odur ki, birinin ağız suyu digərinə təmas etməsin. Yalnız bu halda oruc pozular. Sadə bir öpməyin ibadətə zərəri yoxdur. Həmçinin şəhvətlə öpüşmək cinsi yaxınlıqda nəticələnə biləcəyi üçün oruc halında belə öpüşmək məsləhət görülmür. Söhbətdən 10 gün ötüb. Hələ də bir sıra izləyicilər dincəlmək bilmir, hər gün etiraz yazırlar. Özü də necə yazırlar! “Oruc tutan öpə bilməz”, “nə məcburdu, bir ay da öpməyin”, “bunun nəyi ibadət ayı oldu?” , “ayıb olsun, zənən xeylağıdı, gör naməhrəmlərdən nə soruşur?” kimi etirazların ardı-arası kəsilmir.

Demək islam icazə verir, ilahiyyatçılar deyir olar, amma müsəlmanlar israrla öpməyə qarşı çıxır. Çünki indiyədək yanlış bilirdilər. Elə zənn edirdilər ki, olmaz. İndi ilahiyyatçılar izah edir ki, öpmək də, qucaqlaşmaq da olar. Xeyri yoxdu, əvvəlki düşüncədən xilas ola bilmirlər. Onlar üçün yeni fikirdir axı! Niyə yeni olan hər şey dini cameədə bu qədər təlatüm, təlaş, inadla qarşılanır, bilmirəm.

Beləcə, Allahın halal buyurduğunu özlərinə qadağan edirlər. Niyə özünüzdən yeni haramlar icad edirsiniz? İslam sizə rahat həyat təklif edir, siz isə bacardığınız qədər dini çətinləşdirirsiniz. Yorulmadınızmı, islamı qara ötrüklü, qaramat din kimi təqdim etməyə? Nə vaxtadək islamdan fərqli müsəlman olacağıq? Nəzəriyyə nədirsə, din də odur. İslam deyirsə ki, Ramazanda öpmək olar, deməli olar! Kimsəyə faydası olmayan o qara çərçivələri aşın, dinin icazə verdiyi sərhəddə rahat yaşayın, həm oruc tutun, həm də öpün...

# 11829 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #