Dünya qəddarlıqla doludur: rasizm, homofobiya, dini ədavət...- SPİLBERQİN HARVARDDA ÇIXIŞI

Dünya qəddarlıqla doludur: rasizm, homofobiya, dini ədavət...- SPİLBERQİN HARVARDDA ÇIXIŞI
5 iyul 2016
# 16:19

Bu ilin mayında məşhur rejissor Stiven Spilberq Harvard universitetinin məzunları qarşısında maraqlı çıxış edib. Həmin çıxışı ixtisarla təqdim edirik.

“Əksəriyyətiniz kimi mən kollecə yeniyetmə ikən getmişəm. Amma universitetin ikinci kursunda mənə arzuladığım şirkətdən - Universal Studios-dan təklif gəldi və mən təhsili atmalı oldum. Valideynlərimə dedim ki, kinoda nəsə alınmasa, universitetə qayıdacam.

Amma hər şey alındı.

Universitetə isə bir səbəbdən qayıtdım. İnsanların çoxu təhsil almaq üçün, digərləri valideynlərinə görə oxuyur. Mən isə universitetə uşaqlarıma görə geri döndüm. Yeddi övlad atasıyam, onların ali təhsil almasını təkid eləsəm də, özüm bu yolu keçməmişdim. Ona görə də əlli yaşımda Kaliforniya ştatının Lonq Biç universitetinə daxil oldum və hər halda diplom aldım. Əlavə etməliyəm ki, paleontologiya fənnindən qiyməti “Yura dövrünün parkı” filminə görə verdilər.

Universitetdən ona görə getdim ki, bəziləriniz kimi nə istədiyimi dəqiq bilirdim. Nə istədiyini bilməyənlər də var. Ya da ola bilsin, bildiklərini düşünürdülər, indi isə özlərinə bu sualı verirlər. Bəlkə də siz indi burda oturub valideynlərinzə əslində yazıçı-yumorist yox, həkim olmaq istədiyinizi necə deməli olduğunuzu düşünürsüz.

Seçiminizi edəndə, elə an gəlir ki, bunu kinoda biz “qəhrəmanı müəyyən, təyin edən an” adlandırırıq. Məsələn, “Ulduz savaşları: Güc oyanır” filmində Rey anlayır ki, gücünü realizə edə bilər. Yaxid İndiana Cons ilanların qarşısında öz qorxusuna qalib gələ bilir.

İndi iki saatlıq filmlərdə qəhrəmanları təyin edən belə anlar çox deyil, amma gerçək həyatda siz onunla hər gün qaşılaşırsız. Həyat bütövlükdə belə anların güclü və uzun zəncirindən ibarətdir. Və bəxtim onda gətirdi ki, artıq 18 yaşımda nə istədiyimi bilirdim. Zira, onda kim olduğumu bilmirdim. Hamısı ona görədir ki, həyatımızın ilk 25 ilində bizə yad səsləri dinləməyi öyrədirlər. Valideynlər və müəllimlər başımızı müdrik şeylər və informasiyalarla doldururlar, sonra isə onların yerini bu dünyanın əslində necə qurulduğunu deyən rəislər tutur. Bəzən onların avtoritet səslərinin təsdiqlədiyi nəsnələrin mənası olur, amma bəzən bizim beynimizə və ürəyimizə xəlvətcə şübhələr soxulur. Və hətta biz “mən dünyaya tamamilə başqa cür baxıram” düşünəndə belə, yenə də sadəcə razılaşmaq və başımızı yırğalamaq bizə daha asandır. Özüm də hansısa məqamlarda belə davranmışam. Öz şəxsi baxışımı boğmuşam.

Əvvəlcə mənim qulaq asmalı olduğum daxili səs, çətinliklə, zorla eşidilirdi. Onu ayırd etmək, anlamaq asan deyildi. Amma sonra mən ona daha çox diqqət ayırmağa başladım və intuisiya hərəkətə keçməyə başladı.

İstəyirəm, anlayasız ki, intuisiya ilə şüur eyni şey deyil. Onlar birlikdə fəaliyyətdə olsalar da fərqlidirlər.

Sizin şüurunuz qışqırır: sən belə eləməlisən! İntuisiya isə pıçıldayır: sən başqa cür də edə bilərsən! Sizə necə edə biləcəyinizi deyən səsi dinləyin. Mən intuisiyamı dinləməyə başlayan kimi, ona köklənən kimi bəzi layihələr məni çəkməyə başladı, digərlərindən isə özüm imtina etdim.

1980-ci ilədək çəkdiyim filmlərin əksəriyyəti əsasən eskapist (fərdin reallıqdan uzaqlaşaraq, illüziyalar, aləminə qapılması – S.S.).Onlardan birini də rədd eləmirəm. Hətta “1941”-i. Əvvəlki filmlərimdən çoxu mənə ciddi narahatlıq gətirən dəyərləri əks etdirirdi. Və indiyədək də onlar məni narahat eləyir. Amma mən sanki sellüloid köpüyün içindəydim, çünki təhsilim çatmırdı. Dünyagörüşüm ancaq ona çatırdı ki, beynimdə uydururdum, həyat təcrübəmə əsaslanmırdım.

Sonra isə “Bənövşəyi rənglər”i çəkdim. Bu film gözlərimi heç təsəvvür belə edə bilmədiyim dünyaya açdı, amma o, hər halda həddən artıq gerçək idi. Bu hekayət dərin ağrı, dərin həqiqətlə dolu idi, məsələn, Şaq Eyverinin dediyi anla: “Dünyada hər şey sevilmək istəyir”. İntuisiyam deyirdi ki, insanların əksəriyyəti bu qəhrəmanlarla tanış olmalı və həqiqəti bilməlidir. Filmi çəkəndə anladım ki, kino mənim missiyam ola bilər. Ümid edirəm ki, hər biriniz bu hissi keçirəcəksiz. Sizə ağırılı, iztirablı gələn şeylərdən üz çevirməyin. Onu təqdiq edin, öyrənin, öhdəsindən gəlin.

Mənim məqsədim yalnız iki saatlıq mövcud olacaq dünya yaratmaqdır. Sizin məqsədiniz isə əbədi yaşayacaq dünya qurmaqdır. Siz gələcək novatorlarsız, rəhbərlərsiz, liderlərsiz, tərbiyəçilərsiz. Keçmişi öyrənərək yaxşı gələcək yarada bilərsiz.

“Yura dövrünün parkı” filminin ssenari müəllifi Maykl Krayton burdakı kollecin və tibb məktəbinin məzunudur, o, tez-tez öz keçmiş professorundan sitat gətirirdi: “Əgər siz tarixi bilmirsizsə, demək heç nə bilmirsiz”. Siz ağacın bir hissəsi olduğunu bilməyən yarpaqsız.

Bunun bunlar üçün bir az səy göstərmək lazımdır. Ətrafımızda qaynaşan sosial şəbəkələr bizi burda və indi yaşamağa məcbur edir. Amma öz ailəmdə övladlarımın ondan kənar yaşaması və keçmişdə baş verənlərə baxması üçün az mübarizə aparmamışam: istəyirəm onlar kim olduqlarını anlasınlar. Anlasınlar ki, babaları kim olub, bura hansı ölkədən mühacirət eləmişik. Biz mühacir millətik, hər halda indi...

Mənim üçün bu, o deməkdir ki, hamımız öz şəxsi hekayəmizi danışmalıyıq. Bizim belə çox hekayəmiz var. Valdeynlərinizlə, nənənizlə və babanızla danışın, əgər bacarırsınızsa onlardan əhavlat danışmağı xahiş edin. Sizə övladlarıma söz verdiyim kimi söz verirəm ki, sıxılmayacaqsız. Məhz buna görə mən tez-tez real hadisələrə əsaslanan film çəkirəm. Çalışıram ki, tarixdə didaktika axtarmayım (bu, tarixdə başlıca şey deyil). Mən nə vaxtsa danışılan böyük, dahiyanə tarixçilər axtarıram. Qəhrəmanlar və cinayətkarlar ədəbi konstruksiya yox, onlar tarixin ürəyidir.

Məhz buna görə daxili pıçıltınızı dinləmək vacibdir. Bunun sayəsində Avram Linkoln və Oskar Şindler doğru mənəvi seçim elədilər. Həyatın təyinedici anlarında öz mənəvi, əxlaqi prinsiplərinizi rahatlığa və ya əlverişli vəziyyətə görə dəyişməyin. Özünə sadiq qalmaq üçün mətanət lazımdır. Bunun üçün isə çoxlu dəstək.

Əgər valideynləriniz mənim valideynlərimə oxşayırsa onda bəxtiniz gətirib. Mən anamı ən xoşbəxt talismanım sayıram. 12 yaşım olanda atam mənə kinokamera bağışladı – o, mənə bu dünyada baş çıxarmağa kömək elədi. Buna görə atama o qədər minnətdaram ki... Və minnətdaram ki, o, indi Harvardda, burda əyləşib.

Uşaqlıqda məni yəhudi olduğum üçün zəhərləyiblər. Bu, xoş deyildi, amma valideynlərimin, babamla nənəmin yaşantıları ilə müqayisədə boş şeydir. Biz doğrudan da inanırdıq ki, antisemitizm keçmişin qalığıdır. Və yanılmışıq. Son iki ildə 20 minə yaxın yəhudi yaxşı həyat axtarışında Avropanı tərk edib. Bu ilin əvvəlində İsrail səfirliyində oldum, prezident Obama kədərli, acı bir həqiqəti söylədi: “Biz etiraf etməliyik ki, bütün dünyada antisemitizm yenidən çiçəklənir. Biz bunu inkar edə bilmərik”.

Çoxalan yalnız antiesmitizm deyil- islamofobiya da artır. Diskrimiansiyaya məriz qalanlar arasında fərq yoxdu – müsəlman olsun, yəhudi, yaxud milli azlıq, ya da LGBT təşkilatları. Bu, böyük bir nifrətdir.

Mənim fikrimcə, yəqin ki, siz də belə düşünürsüz: böyük nifrətə yeganə cavab böyük insanlıqdır.

Dünya qəddarlıqla doludur: rasizm, homofobiya, etnoslararası mübarizə, sinfi nifrət, siyasi müharibə, dini ədavət...

Siz təkcə şəfqət hissiylə kifayətlənməməlisiz. Onu fəaliyyətinizlə möhkəmləndirin. Və demək ki, səs verin. Dinc etiraz edin. Danışa biməyənin əvəzində danışın və qışqıra bilən, amma bunu bütün var qüvvəsi ilə eləməyənlərin yerinə qışqırın. Əgər bunu başqalarından ötrü eləyirsizsə, şüurunuza istədiyi kimi möhkəm bağırmağa icazə verin.

Filmlərimdə gələcəyin müxtəlif variantlarını göstərirəm, amma gələcəyin necə olması məhz sizdən asılıdır. Ümid edirəm ki, orda sülh və ədalət olacaq.

Nəhayət sizin hamınıza Hollivud sayağı happy end arzulayıram: tirannozavrlardan qaçmağı, cinayətkarı tutmağı və “Yadplanetli” filmində olduğu kimi evə dönməyi. Ola bilsin indi, ola bilsin daha sonra... valideynlərinzdən ötrü... Çox sağ olun”.

Tərcümə: Sevda Sultanova

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #