Rövşən Almuradlı: “Hələ mənim zamanım gəlməyib” – Müsahibə

<span style="color:red;">Rövşən Almuradlı:  “Hələ mənim zamanım gəlməyib” – <span style="color:red;">Müsahibə
2 aprel 2019
# 10:06

Kulis.az bu gün dünyasını dəyişən rejissor Rövşən Almuradlının son müsahibələrindən birini təqdim edir.

- Eşitdik ki, beş illik fasilədən sonra Sumqayıt Dövlət Dram Teatrında tamaşa hazırlayırsınız.

- Yaradıcı insan üçün fasilə olmur. Bu beş ili mən də bekar qalmamışam. Hazırlıqlar görmüşəm, nəsə etmək istəyində olmuşam. O ki, qaldı Sumqayıt Teatrında tamaşa hazırlamağıma, teatrdan dəvət aldım və məmnuniyyətlə qəbul etdim. İndi burada dövlət sifarişiylə Marsel Bertie Marinyenin "Oğru" əsəri əsasında hazırlanan eyniadlı tamaşada üzərində çalışırıq. Tamaşada əsas rolları əməkdar artist İzaməddin Bağırov, Şəmistan Süleymanlı, Vəfa Qurbanova və İlahə Səfərova oynayacaqlar. Bir aydan çoxdur ki, tamaşanın məşqləri geldir. Gələn ayın əvvəlləri tamaşa təhvil veriləcək. Ümid edirəm ki, bu tamaşa da izləyicilərin zövqündə olacaq.

- Bizim rejissorlarımızın qoyduğu tamaşalarda çox zaman vətəndaş mövqeyini görə bilmirik. Bəs sizn hazırladığınız tamaşada necə, bunu görə biləcəyikmi?

- Dünyada iki cür teatr var. Biri dramatik, biri epik teatr. Dramatik teatr deyir ki, mən ruhlu bir aləm yaradıram, bacarırsansa, gəl mənə qoşul. Etik teatr isə – mən oynamıram, sənə hadisələri göstərirəm, mən yuxarıda durmamışam, elə sənin yanındayam, gəl birlikdə bütün cəmiyyətimizin problemlərini həll edək. Bu iki teatrın hərəsinin minlərcə qolu var. Mən də o epik teatrın qolunun birini özümə istiqamət götürmüşəm və onun yolu ilə gedirəm. Mənim bütün tamaşalarımda vətəndaş mövqeyi mütləq şəkildə olmalıdır. Hazırlamaqda olduğumuz "Oğru” tamaşasında söhbət lotereya oğurluğundan gedir. Təbiətin bütün dəyərləri oğurluq üzərində qurulursa, o ilkin olaraq ailədən başlayır. inşAllah, gəlib görərsiniz. Əslinə qalsa mən əsərin təqdimatı ilə məşğul olmuram. Əsərdən istifadə edib, bu günün ağrısından, dərdindən danışıram. Hadisələri göstərib deyirəm ki, gəl çiyin-çiyinə duraq, baxaq görək nəyimiz var, nəyimiz yoxdur. Nəyi düz edirik, nəyi səhv edirik. Teatr zaman və məkan çərçivəsindədir.

- Bu tamaşada hansı yeniliklərin şahidi olacağıq?

- Çox zaman əsər seçimi rejissorun istəyincə olmur. Hər hansı əsərə müraciət edəndə gərəkdir ki, çalışdığın truppanın, teatrın imkanlarını nəzərə alasan. Bu əsər teatr üçün daha lazımlıdır. Mənim də repertuarımda rahatlıqla hazırlanan bir tamaşadır. Yeniliklərə gəlincə isə bunu tamaşanı izləyəndə biləcəksiniz.

- Teatrın imkanı demişkən, Sumqayıt Teatrı yenicə təmirdən çıxıb. Yəqin ki, sizin üçün orada işləmək daha rahat olar.

- Teatrın imkanı deyəndə onun nə binasını, nə də texniki imkanlarını nəzərdə tutmuram. Teatrın maliyyə imkanları, truppanın iş mexanizmini nəzərdə tuturam. Bu tamaşada cəmi dörd nəfər iştirakçı var. Burada Sumqayıt Teatrının bütün kollektivi əhatə olunmur. Dörd iştirakçı ilə satirik yumor janrında hazırlanan tamaşadır. Həm əyləndirici, həm də düşündürücü bir tamaşadır. Hər zaman mənim hazırlamağa can atdığım iri, monumental əsər deyil. Güman edirəm ki, rejissor üçün bu da lazımdır. Əgər məsləhət görülübsə, deməli belə lazımdır, bunun da öz yeri var.

- Film sahəsində tanınmış rejissorlardansınız. Film sektorunun bu qədər inkişaf etdiyi bir dövrdə nə üçün o meydanda sizi görə bilmirik?

- Təklif olunsa əlbəttə ki, çox böyük məmnuniyyətlə film çəkərdim. Filmdən əlavə serial çəkmək arzusunda da olmuşam. Ancaq bunu mənə həvalə edən olmayıb. Tamaşa elədir ki, onun üçün lazım olan sərmayə çox az olur. Cüzi bir imkanla tamaşa hazırlamaq mümkündür. Filmdə isə nə qədər çox maliyyə ayrılsa, texniki tərəfdən o qədər keyfiyyətli bir iş çıxar ortalığa. İndiki dövrdə serial bazarına girmək, serial çəkmək üçün ya yaxşı əlaqələrin olmalıdır, ya da yaxşı sponsorun.

- Bəs çəkilən serialların keyfiyyətindən necə razısınızmı?

- Çəkilən serialların içərisində razı qaldıqlarım da var, qalmadıqlarım da. Seriallarımızda sanki mövzu qıtlığı yaşanır. Hərdən imkan olduqca ötəri şəkildə onları izləyirəm. İnsanda elə təsəvvür yaranır ki, sanki bizim insanların hamısı villalarda yaşayır, ciplərdə gəzirlər. Camaatın əsas problemi odur ki, bir-birilərinə pul atsınlar, ətrafındakı insanların firmalarını ələ keçirsinlər. Axı torpaqlarımızın 20 faizi işğal altındadır, kəndlərimiz boşalıb, nə qədər ağrılarımız, acılarımız var. Bizim qədim türklərə söykənən şanlı tariximiz, mədəniyyətimiz var. O qədər bədii əsərlərimiz var ki... Onlardan gözəl seriallar çəkmək mümkündür. Ancaq görünür ki, indiki zəmanə başqa şeylər tələb edir. Güman edirəm ki, hələ mənim zamanım gəlməyib.

- Bu gün gənclər film meydanını ələ keçiriblər. Güclü sponsor tapıb film çəkirlər. Siz də sponsor tapıb, onlara əsil filmin necə çəkildiyini göstərə bilərsiniz...

- Heç kimə nəyisə sübut etməyə ehtiyac görmürəm. Əgər tələbat varsa müraciət edəcəklər, yoxdursa... Mən köhnə adamam. Həmin gənclər sponsorla danışa bilirlər, mən danışa bilmirəm. Onların canı suludur - axtarırlar, araşdırırlar, gəzirlər, tapırlar və çəkirlər. Azərbaycan teatrının və kinosunun tamaşaçısı elə bir vəziyyətə düşüb ki, onlara təqdim olunan hər bir layihəni qəbul edir. Tamaşaçıların da keyfiyyətli məhsula baxmağa ehtiyacı var.

Hüseyn Cavidin "İblis” əsərini film-tamaşa kimi çəkmək istəyirəm və bunu da mətbuat vasitəsi ilə bəyan etmişəm. Görün, biri qarşıya çıxıb deyirmi ki, gəl, çək! Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına kim vurğundursa bu layihəyə kömək etsin. Ancaq reallıq budur ki, heç kim bu layihəyə razılıq verməyəcək. Cazibədar bir xanım qoltuğunda bir qovlula rəhbərliyin qəbuluna girib üzünə gülümsəsə, onun təklif etdiyi layihəni həməncə qəbul edərlər.

- Rövşən müəllim, danılmaz faktdır ki, bu gün tamaşaçıların əsas tələbatı komediya filmlərinədir. Bu məsələyə münasibətiniz necədir?

- Siz onlara komediya deyirsiniz?

- Bəs nə deyək?

- Onlar boş "hır-hır”lardır. Bu komediya deyil. Mənasız, boş gülüşdən başqa bir şey deyil. Komediya ilə faciə əkiz bacı kimi bir şeydir. Faciə odur ki, ölümdən başqa heç bir çıxış yolu yoxdur. Komediya odur ki, sənin nə ölməyə, nə də yaşamağa ixtiyarın var. Komediya çox ağır janrdır. Bunu belə yüngül şəkildə tamaşaçıya təqdim etmək olmaz. Onun çəkdiyi ağrılı dərdi faciə çəkə bilməz. Faciədə heç olmasa ölürsən canın qurtarır, komediyada isə ölə də bilmirsən. Komediyanın cəmiyyətdə çəkdiyi yük daha ağırdır. Mən vurdum, sən yıxıldın, o birisi də hırıldadı. Bu heç komediya da deyil. Bəlkə də fikirlərimi bir az kəskin ifadə edirəm, ancaq reallıq budur. Çalışsınlar kimlərisə yamsılasınlar. Biri var ağıllı bir adamın komik bir situasiyaya düşməsini çəkələr, biri də var ki, yüngül bir insan düşükləyir və biz də ona baxıb gülürük.

- Bəlkə siz də komediya janrında bir film çəkəsiniz?

- Hələ zaman o zaman deyil. Qədrimi bilsələr, bəlkə o zaman bir film çəkərəm.

- Yavaş-yavaş yeni teatrlar cücərməyə başlayır. Bunlara münasibətiniz necədir?

- Bir güllə bahar olmaz. Mən bunu müstəqil teatr hesab etmirəm. Kimsə qəbul edir, kimsə etmir. Azərbaycanda müstəqil teatrın yaranmasından ötrü böyük şərait yaratmaq lazımdır. Hələ ki, belə bir imkan və şərait yoxdur. Müstəqil, xeyriyyə, bələdiyyə, prezident, teatrları olmalıdır. Onları birləşdirən gildiyalar formalaşmalı, aktyor əmək birjaları yaradılmalıdır. Böyük bir sistem qurulmalıdır. O sistem də hələ ki, bizdə qurulmayıb. Bilmirsən bu nədir və nəyə xidmət edir. Onun yaşamasından ötrü mühit yoxdur. Elə bil laləni burdan çıxarıb aparıb Sibirdə əkirsən. Ona görə də hələ ki, Azərbaycanda müstəqil teatrın yaranması və inkişaf etməsi mümkün deyil. Teatr incəsənətin ən güclü laboratoriyasıdır, incəsənət mədəniyyətin ən güclü təsiredici vasitəsidir. Teatrı qorumaq lazımdır. Binanı bəzəyib – get, orada işlə deməklə deyil, inkişaf rəqabətdə olur.

2016/ “Kaspi”

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #