“İkinci Pərdə”nin Arifi: “Atam dedi, bir də belə rola çəkilmə” - MÜSAHİBƏ

“İkinci Pərdə”nin Arifi: “Atam dedi, bir də belə rola çəkilmə” - <span style="color:red;">MÜSAHİBƏ
20 dekabr 2017
# 09:00

Kulis.az bu günlərdə “İkinci pərdə” filmi ilə ekranlarda görünən aktyor Qorqud Cəfərli ilə müsahibəni təqdim edir.

- Qorqud bəy, son çəkildiyiniz filmin “İkinci pərdə”nin seansları necə gedir? Tamaşaçı çoxdurmu?

- Uşaqlar deyir, zal 30 fazi dolur. Açığı zəif idi piar baxımından. Radioda piarı getmişdi. Amma yəqin prodüser Orxan Mərdanın bir bildiyi var. Nə deyim...

- Tamaşaçıların reaksiyaları necədir?

- Yazanlar olur. Hərə bir münasibət bildirir. Düzü, bir elə maraqlanmıram. Üzdə olmağı sevmirəm mən.

- Bizim tamaşaçı kontingenti çox vaxt aktyoru oynadığı obrazdan ayıra bilmir. Daha doğrusu ona obrazına göstərdiyi münasibəti göstərir. Xəyanətkar dost kimi mənfi personajı oynayan aktyor kimi bu sizi narahat edir?

- Edir. Mən ümumiyyətlə, sənətdə özümə sərhəd qoymuram. Sərhəd qoyduğum vaxt deməli ki, mənim üçün sənət olmayacaq. Amma bizim tamaşaçıların münasibətini düşünəndə... Həqiqətən, çətindir. Xaricdə bir aktyor özünü təsdiqləyəndən sonra mənfi rollara çəkilir. İlk assosiasiya məsələsi var. Məsələn, bizdə Məlik Dadaşov mənfi obrazla assosiasiya olunur. Mən də istəmirəm mənfi rolla yadda qalım.

- Yəni bu filmlə assosiasiya olunmaq istəmirsiz.

-Yox. Tamaşaçıların reaksiyası baxımından bunu deyirəm. Amma sənət baxımından mənim üçün heç bir çərçivə yoxdur.

- “Kuklalar” filmi debütünüzdür. Onunla tanındınız...

- "Kuklalar" cox gostərilmədi. Çəkildiyim filmlər arasında iki film var ki, az da olsa ona kütləvi baxış oldu. Biri qorxu filmi “Hənnas” idi, o biri “Ikinci pərdə”.

- Çəkildiyiniz serial varmı?

- Çəkildiyim seriallar olub. Hal-hazırda da iki təklif gəldi, amma imtina etdim.

- Niyə?

- Başqa səbəbim var; ümumiyyətlə bu sahədən uzaqlaşmaq istəyirəm bir müddət.

- Bəlkə qeyri-etik sualdır, bilmirəm. Amma qəmgin görünürsüz.

- Ola bilər. Mən yaradıcılıq böhranı dövrünü dəfələrlə keçmişəm. Amma indi yaradıcılıq böhranı deyil.

- Nədir?

- Sevgi çatışmazlığı. Yaradıcı insana isə, ilham üçün sevgi lazımdır.

Gərək sevib iztirab çəkəsən ki, məişət problemlərinin altından daha dərin problemlər üzə çıxsın. Yəni sən soyuqqanlı yanaşırsan, amma duyğular, iztirablar yığılıb dərində gizlənir. Bunlar üzə çıxanda sənətə çevrilə bilər.

- Atanız şair Əlisəmid Kürün belə bir şeiri var:

Mənə qıydın,

Oğluma qıyma, Tanrım,

Oğlum Xan Eyvaz yaşında...

- Hə....

- Deyəsən qıydı sizə də tanrı, hə?

- Nə deyim...

- Ümumiyyətlə, atanız sizə necə təsir göstərib?

- Yəqin həm də anamı soruşursunuz. Anam bir neçə il Məmməd Arazın yanında “Azərbaycan təbiəti” jurnalında işləyib. Redaktor olub. Azərbaycanda ilk “Quşlar aləminin ensiklopediyasını” anam yazıb. Valideynlərimə çox bağlıyam. Tərbiyədən tutmuş sentimentallığa qədər çox şey götürmüşəm onlardan. Yəqin ki, yaradıcılıq atamdan keçib mənə.

- Ailənin içində şair Əlisəmid Kür necə görünür?

- Üzlərinə deməsəm də ömrümün axırına kimi məndə belə bir insan tərbiyə etdiklərinə görə onlara minnətdaram. Hərdən bizim cəmiyyətdə düzgün insan kimi tərbiyə olunmağın əziyyətini çəkirəm. Deyirəm öz-özümə ki, kaş bu adamlar kimi mən də yaşaya biləydim, amma sonra düşünürəm ki, elə özüm kimi qalsam yaxşıdır

- Əvvəl “İbrus” teatrında işləmisiz. Bəs sonra hansısa teatrda işləmisiniz?

- Üç gün Gənc Tamaşaçılar Teatrında işləmişəm, sonra daha getmədim işə.

- Niyə getmədiniz bəs?

- Niyə getmədim? Atmosfer o deyildi. Mən İbrus da daxil olmaqla teatrda işlədiyim vaxt ərzində qrim otağına girməmişəm. Özümü dartmıram. Bəlkə fikir verməməliyəm o şeylərə. Amma fikir verirəm. Çünki özümdə yoxdur elə şey.

- Nə yəni?

- Yəni o çevrəyə düşmək istəmədim. Vəssalam. Bilirsiniz... Mənim dilimdə qüsur var. Ona görə iki il universitetdən kəsiblər məni. Amma onlarla razı deyiləm. Bilirsiniz, niyə? Biri var, düzələn qüsurlar, biri var, düzəlməyən qüsurlar. Mən istəsəm indi də düzəldə bilərəm bu qüsuru. Bizim pedaqoqların ən böyük problemi özünü müəllim kimi sırımaqdır. Heç vaxt müəllim şagirdi seçmir, şagird müəllimi seçir. Bizim müəllimlər daim çalışır ki, uşağın beyninə nəsə yeritsin ki, sonra özünə müəllim desin. Pedaqoqluqda belə şey yoxdur. Öyrədib sonra “sağ ol” gözləmək. Bunu müəllimlərin çoxunda hiss etdim. Bu düzgün taktika deyil və ən böyük problemdir. Birincisi müəllim şagirdlə dost olmalıdır. İkinci də müəllim olduğunu hiss etdirməməlidir. Bunlarsa elə şərait yaradırlar ki, axırda deyəsən ki, çox sağ olun, siz mənə çox şey öyrətdiniz, böyük sənətkarsınız. Elə bir şey yoxdur. Dost olub öz bilikləri ilə bölüşməlidirlər. Onun ixtiyarı yoxdur mənə şagird desin, mənim ixtiyarım var ona müəllim deyim. Necə ki, Şəfiqə Məmmədova bizə mühazirə oxumayıb ki, biz ona müəllim deyək. O, bildiklərini bölüşüb və mən ona müəllimə demişəm.

- İbrusda “Tartüf Aqayeviç” tamaşasında görmüşdüm sizi.

- Cəmi bir tamaşada oynadım “İbrus”da o da “Tartüf Aqayeviç”.

- Qorqud bəy, obrazdan aldığınız psixoloji gərginlik qalırmı sizdə? Yoxsa bir peşəkarlıqdır bu, heç bir gərginlik olmamalıdır?

- Elə ona görə bir az fasilə vermək istəyirəm. Əlbəttə ki, emosional gərginlik yığılır, sonrasa onu yaradıcı tərəfə yönəltmək lazımdır. Sevgi lazımdır ki, sadəcə bunları sənətə çevirməyə stimul olsun. Depressiya o yığılan enerjini istifadə etməyə yer tapmamaqdır. Emosiya yığılıb, çıxmağasa yer yoxdur. Bilmirəm, siz belə proses keçmisiniz ya yox, bir səhnəni, epizodu oynayandan sonra, insana yuxu gəlir. Ağır səhnədən sonra yatmaq istəyirsən. Kinoda da elə olub. O gərgin epizoddan sonra elə çəkiliş məkanında yer tapıb yatmışam.

- Aktyorlar obrazın psixoloji xarakterini daha çoxqatlı vermək üçün qəhrəmanının hərəkətlərinə cavablar tapmalıdır. Siz “İkinci pərdə”dəki qəhrəmanınız Arifə belə bir izahlar tapmısınızmı?

- İnsanları çox müşahidə edirəm. Heç onlar məni görməyəndə müşahidə edirəm. Özümə müəllim saydığım Çingiz Rəsulzadə deyir ki, ən gözəl aktyor ən yaxşı müşahidəçidir. Arif obrazının müşahidəsi bir yerdə qırılırdı məndə. Hər şey pazl kimi yığılmışdı. Bircə Arifin dostunun evinə gəlib qadınla görüşdüyü və o vəziyyətə düşdüyü məqamlarda özümü sındıra bilmirdim. Yəni özüm dünyada elə hərəkət edə bilmərəm. Alınmırdı. Sonra sadəcə olaraq, o gərginliyin içində özümü təhtəlşüura buraxdım. O dubllar arasında Arifi çox söyürdüm. Çox çətin oldu, amma sırf o situasiya üçün özümü sındıra bildim. O hissləri yaşadım mən.

Bir insan olaraq ona haqq qazandıra bilmərəm. Arifə ssenaridə bircə dənə bəraət var idi. O deyir ki, qadın özü istədi.

- Bilirsiniz, filmdə qəhrəman dostuna “brat” deyən, sadiq dostlar kimi təqdim olunur, onun bu hərəkəti ilə Arif filmin ən mənfi personajına çevrilir, hamı həyat yoldaşına xəyanət edir, o, həm də ən yaxın dostuna.

- Bilirsiniz, mən həyatda bu cür olmağına inanmıram. Hadisənin məhz belə olmasına inanmıram. Bu lap çox ümumiləşdirilmiş versiyadır.

- Deyin, bir filmin ideyasına görə, aktyor özünü nə qədər məsuliyyətli hiss edir?

- Çox. Çox məsuliyyətli hiss edirəm. Amma mənim sənətim aktyorluqdur. Heç vaxt rejissorluq iddiam olmayıb. Olmayacaq da. Aktyor olmağı hələ indi-indi öyrənirəm. Amma xarici sosial dramlarda da görünən bir şey var. Nə qədər art-house, nə qədər ciddi sosial film olsa da orada bir işıq olur. Tamaşaçı bu işığı görə də bilər, görməyə də. Bu filmdə o müsbət xətt yoxdur. Ola bilər həyatda da yoxdur bu müsbət xətt, amma ümid sözü var axı həyatda.

- Atanız baxdı filmə?

- Baxdı.

- Nə dedi?

- Dedi ki, bir də mənfi rola çəkilmə (gülür)

- Ciddi?

- Biz atamla dostuq. Hər şeyi bölüşürük. Amma mən ona demişəm ki, yaradıcılığıma qarışma. Fikirlərimizi bölüşürük, amma bu qədər yalnız. O zaman Universitetdən kəsiləndə atam dedi ki qalxım Timurçin müəllimin yanına. Ona dedim ki, ora qalxsan, universitetlə, incəsənətlə vidalaşıram. Çünki ən zəhləm gedən şey insanlarda şübhə saxlamaqdır özünə.

- Sizi skripka ifaçılığına valideynləriniz yönəldib?

- Hər valideyn istəyir uşağı nə iləsə məşğul olsun. Mən incəsənət gimnaziyasında oxumuşam. Skripka mənim həyatımın ən şirin parçasıdır. Aktyorluq ona görə gözəldir ki, mən burada bunların hamısını sintez edə bilirəm.

- Heykəltaraşlıqla məşğul olduğunuzu demisiniz.

- Gimnaziyada bizə belə bir şey öyrədirdilər: bu alınmırsa, başqa bir şey öyrən. Orada öyrəndim.

- Amma heykəltaraşlıq müəyyən vəsaitlər istəyir... Material, emalatxana..

- İndi nə skripka ilə, nə heykəltaraşlıqla nə də rəsmlə məşğul olmuram. Anam da zarafatla deyir: Bax ha, Nizami yarımçıq papaqçılıq haqda deyib ha... (gülür)

- Qorqud, dediniz ki, fasilə verəcəm. Bu fasilədə nə işlə məşğul olacaqsınılz bəs?

- Bilmirəm. Heç nə ilə. Yaşayacam sadəcə.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #