18+ teatr, fransız aktrisa, dövrümüzün Fəxrəddin Manafovu - REPORTAJ

18+ teatr, fransız aktrisa, dövrümüzün Fəxrəddin Manafovu - <span style="color:red;">REPORTAJ
16 iyul 2017
# 15:22

Dünən ADO teatrının 5 ili tamam oldu. Yarat Müasir İncəsənət Mərkəzinə yığışan gəncləri görəndə yadıma ADO-nun ODA olan vaxtları düşdü.

Onda ODA balaca, qutu boyda bir otağa sığışmışdı. Hələ təzəydi, nə yaşı vardı? Teatrın rəhbəri, dostumuz Elmin Bədəlovu həvəsləndirmək üçün dəridən-qabıqdan çıxırdıq. Hər dəfə görüşəndə:

- Sən dövrümüzün Fəxrəddin Manafovusan... – deyirdik.

Elmin də gülümsünürdü.

İndi Elmin həmənki Elmin idi, bircə fransızsayağı eynəyi gözündə onu başqa birinə çevirmişdi. Böyük ekranın qarşısında 5 ilin tarixçəsindən danışırdı. 5 il e... Bu 5 ildə nələr oldu, bir bilsəniz. Elmingil indi Fransaya gedib küçədə tamaşa göstərirlər, Tbilisiyə festivala dəvət alırlar. Hələ üstəlik “Rustaveli” kanalında onlar haqda reportaj da hazırlanır.

Ekranda məşhur “Mimoda” tamaşası göstərilir. Özü də bilirsiniz hansı hissəsi? Keşiş iki gənci evləndirir. Bu keşişi oynayan kim olsa yaxşıdır?

Arxaya çevriləndə İmam Həsənovun saqqalını tumarlaya-tumarlaya öz çıxışına baxıb qaqqanaq çəkdiyini gördüm. Gülüşünü yarımçıq kəsib mənimlə görüşdü. Yanında İlqar Cahangirov vardı, imici dəyişmişdi. Soruşanda dedi ki, yeni çəkiləcək filmdəki qəhrəmana görədi. Deməli, İlqar müəllimin özü yox, filmin qəhrəmanı tədbirə gəlmişdi.

- Sənin aktyorluğun da varmış ki. – İlqar Cahangirov səhnədəki keşişi göstərib gülümsəyərək İmama deyir.

İmam orda nələr eləyir, İlahi! Əsl komediya. İmam da özünə görə deyil. Mən onu birinci dəfə görəndə xaricdən gəlmiş qonaq sanmışdım. İngiliscə danışırdı, qeyri-adi imici vardı. Saç-saqqal onu buraların adamına oxşatmırdı. Amma İmam qəfil: “Qaqaş, necəsən?” deyəndə çamışdım.

Sonralar İmam bu teatrın ən ciddi kadrı oldu. “Mimoda” da onun əsəri idi. O vaxtlar bu “Mimoda” səhnələşdiriləndə Elmin həyəcanlı idi. İlk dəfə Azərbaycan səhnəsində bu cür çılpaq səhnələr oynanılacaqdı. Aktrisa tapmaq da çətin idi. Bizim aktrisalar üçün bu cür səhnələr qorxulu filmlərə bənzəyirdi. Onda İmam Elzanın bu rolu üstlənəcəyini düşündü. “Bəs o Azərbaycan dilini bilmir” deyəndə isə başını yellədi: “Sevginin dili olmur”.

Bu vaxt dostumuz Elza Furtadonu musiqi quraşdıranların yanında gördüm. Götəriş verirdi onlara. Filan səhnədən sonra bu musiqini qoşmalarını tapşırırdı. Məni görəndə həmişəki kimi qucaqladı. Amma bu dəfə üzündə işgüzar, ciddi bir görkəm vardı.

İllər əvvəl bu qız ODA teatrına gəlir. Fransa səfirliyində işləyən Elza dostları ilə əylənmək fikrindədir. Düşünürlər ki, belə bir teatr var, ora getsinlər. Tamaşa başlayır. Səhnəyə Elmin çıxır. Elza o gündən Elminə vurulur. Sonra Elminlə sevgi yaşayırlar. Bu sevgi teatr sevgisinə daşınır. Həmin sevginin alovları tamaşada öz əksini tapır. Sonra bu sevgilər birləşərək Azərbaycana sevgi yaradır. Və Elza öz Vətəninə qayıtmaq istəmir.

- Necəsən? Nə var nə yox?

Əvvəllər rusca danışardı mənlə. İndi mən rusca danışıram, Elza mənə bizim dildə cavab verir. Artıq Elza Furtado Azərbaycanlı aktrisaya çevrilib.

ADO-nun 5 illik tarixi ekranda göstərilir. Elzayla susub baxırıq. Səhnədə Elmindir, “İntihar” monotamaşasını oynayır, əlində tapança.

Sərxoş günlərimizdən biriydi. Araq alıb teatrın qapısını döymüşdük. Mərhum yazar dostumuz Mövlud Mövludla məni görən Elmin sevinclə qapını açdı. Tezbazar süfrə qurduq. Həmin o balaca səhnədə səhərə qədər vurduq. Sonra Mövlud getdi. Biz səhnədə yatdıq. Günorta yuxudan oyananda Elmini hoppanıb-düşən, qışqır-bağır salan gördüm: “Axşam tamaşa var e... Mən nə edəcəm?” Həmin axşam Elmin “İntihar” tamaşasını oynadı. Sonra o monotamaşada rollar dəyişdi: Mövlud çıxdı səhnəyə. İndi böyük ekranda görünən Elmin mənə Mövludu xatırladırdı. Bu teatrı özündən çox sevən Mövludu...

Фото ADO Theatre - Collective.

Təsəvvür belə edə bilməzsiniz bu teatr necə yaranıb. Min bir zülmlə. Neçə-neçə yer dəyişmək, ordan qovulmaq, burdan söyülmək. Elminin isə həmişə üzündə güllər açıb, həmişə. “Gedək, içək” deyib bütün dərdləri çırpa-çırpa işıqlı günlərin sağlığına badə qaldırmağını bir görərdiniz.

İndi Elnur Hüseynov bardaş qurub mahnı oxuyanda bizim küçələrdə içib mahnı oxumağımız yadıma düşür. Bu teatr o küçələrdəki sərgüzəştlər hesabına ayaqda qaldı. Elmin çox ümidliydi, həyəcanla danışırdı, biz də qulaq asırdıq. Axşam 20 qəpik tapıb metroya dağılışırdıq.

Bu teatr gözümüzün qabağında beləcə yarandı. Təzə yerə köçəndə qolumuzu çırmalayıb işə girişdik, sil-süpür elədik, ondan sonra teatrın bukletlərini payladıq. O zaman teatrın bir şüarı vardı, hər yerdə bu şüarı bayraq edirdik: “Tamaşaya bir adam da gəlsə, ona görə oynamaq lazımdır”. Əvvəl bir adam gəldi, tamaşaya baxıb bəyəndi, sabahısı yanında dostunu gətirdi. Dama-dama göl olar prinsipi ilə Elmin bu gün böyük bir tamaşaçı kütləsi topladı.

Təsəvvür edin, indi “Yarat”da bu qədər gənci görəndə xeyli təəccübləndim. Deməli, bu 5 il əzab-əziyyət nəyəsə dəyibmiş.

Bu vaxt Elmin fransızsayağı eynəyi ilə qabağıma çıxdı:

- Dövrümüzün Fəxrəddin Manafovu! Necəsən? Ad günün də mübarək!

Qucaqlaşdıq.

- İstirahətə gedərsən bundan sonra, qəşəng dincələrsən.

- Nə dincəlmək, a kişi. Teatrı qoyub hara gedirəm?

Elmin həmişə belə olub, həmişə. Heç dəyişməyib. Biz deyirdik ki, gedək gəzək, kef eləyək. Qaşlarını çatıb soruşurdu: “Bəs teatrı kimə tapşırım? Teatr mənsiz qala bilməz axı”.

İçəridən gurultulu alqışlar gəlirdi. Elminlə siqaret çəkirdik. Hiss edirdim ki, bu alqışlar Elminin xoşuna gəlir. Bu 5 illik zəhmətin qarışılığı idi axı.

Keçmiş günlərdən danışırdıq. Gah kövrəlirdik, gah da gülürdük.

Azərbaycanda bir müstəqil teatrın beş yaşı tamam oldu. Bu o qədər gözəl hadisədir ki, sözlə izah etmək çətindir. Nə zülmlər bahasına bu günə gəlib çıxdıqlarını mən bilirəm. Onlar heç nəyə baxmadan ayaqda durdular. Teatr səhnəsində 18+ oynayanda, çılpaq halda öpüşəndə hamı onlara söydü, dözdülər. Sonra o söyənlərin də cavabını verənlər tapıldı. Bu teatrı sevənlər çıxdı ortaya. Onlar sinələrini qabağa verib teatr uğrunda vuruşdular. Gənclər axın etdi. Elmin indi kənardan durub onlara məhəbbətlə baxan ağsaqqal aktyorları xatırladır.

ODA teatrının adı tərsinə çevrilib oldu ADO. Ancaq bu tərsinə çevrilmiş tısbağa olmadı, çanağı üstə çabalaya-çabalaya qalmadı bu teatr. ODA-nın tərsinə yazılanı çox işlər gördü, Azərbaycan teatr səhnəsində fərqli, özünəxas bir ab-hava yaratdı.

-Aşağıda vino da var. – Elza qolumdan tutub dartışdırır. – Gedək...

Nəysə, mən aşağı düşüb bir fransız şərabı içim, siz də bu teatrı tanıyın, tamaşalarına baxın. Bu teatrı yaşatmaq lazımdır. Onu biz yaşadacağıq.

# 3923 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #