“Hacıbaba Bağırov bizi səhnədə də söyürdü”

“Hacıbaba Bağırov bizi səhnədə də söyürdü”
29 iyun 2013
# 07:45

Əməkdar artist, Musiqili Komediya Teatrının aparıcı aktrisası, bir çox filmlərdə müxtəlif obrazlar yaratmış, Nahidə Orucova ilə görüş bir ünsiyyət sevincidir. Təkəbbür, saxtalıq, mənafe, mövqe, lazım, vacib, imic və s. kimi onlarla irili-xırdalı soyuq silahlarla silahlanmış insanlar çoxluğu arasında bir isti, səmimi söhbət adamı sevindirməzmi? İnsana sevgi qəhətə çıxdığı vaxt o, obrazlarını yaratdığı qadınları sevə-sevə təqdim edir. Sevmək üçün bir səbəb də vurğulamır-sadəcə “onlar insandırlar, qadındırlar” deyir...

- Nahidə xanım, teatr mövsümünü başa vurdunuz, fəaliyyətinizdən razı qaldınızmı?

- Bu mövsüm çox ağır idi. İş barədə deyirəm. Seriallarda işlədim, demək olar ki, hər gün çəkilişdə oldum. Çiynimə çox iş düşdü. Məşqləri çəkilişləri, tamaşaları –hamısını elə etməli idim ki, üst-üstə düşməsin. Allah can sağlığı versin, Afaq xanım (Afaq Bəşirqızı nəzərdə tutulur-red.) xəstəxanaya düşdü, əməliyyat olundu və onun bütün rollarını mən oynayası oldum. Özümün məşq etdiyim rollar, Afaq xanımın rolları, serial çəkilişləri... Bu mövsüm belə keçib. “Talelər qovuşanda”, “Ər və arvad”, “Qızıl toy” tamaşasını təhvil verdim. Bu il iş barədə çox yükləndim.

- Serialarla bağlı çətinliyiniz, və ya sizi qane etməyən şeylər varmı? Bir çox aktyorlar seriallarin

şərtlərindən narazılıq edirlər...

- Bizim bəxtimiz gətirib ki, hörmətimiz var, kollektiv, bizi özününkü kimi qəbul edir. “Xəzər”in belə iş prinsipi var- “Xəzər” ailəsi. Onlar bizi yad kimi yox, ailə üzvü kimi qəbul edirlər. Hörmət də edirlər, hətta kaprizlərimə də dözürlər. Çəkiliş vaxtı məşqlə üst-üstə düşəndə güzəştə gedirlər. Bizi başa düşürlər.

- “Qaynana” serialındakı Simuzər obrazınızdan sonra tamaşaçılar sizi başqa rakursdan gördülər. Reaksiyalar necə oldu?

- Məni daha yaxından tanımayanlar, teatr rollarımı görməyənlər burdan tanıdı. Amma məni tanıyan elə adamlar var ki, belə bir obrazı məndən gözləmədiklərini dedilər.

- Bu qəhrəman kiminsə prototipidir, yoxsa sadəcə müşahidələrin nəticəsidir?

- Onlar mənə bu obrazla bağlı hansısa şərt qoymamışdılar, mən də fikirləşdim və maraqlı olmaq gürcü qadını seçdim. Bilirsiniz ki, bu serialda ləhcə ilə danışan personajlar çoxdu. Mən eləsini seçdim ki, onun dininin, məzhəbinin nə olduğu bilinmir...

Bilirsiniz, yalandan göstərmək olmaz, gərək özündən keçirəsən. Bəzən deyirlər ki, teatr və kinonun elə bir fərqi yoxdur, amma fərq çox böyükdür. Biri var kamera qabağında oynayasan, bir də var həmişə və canlı oynayasan. Teatrda tamaşaçıdan impuls almasam, onların gözlərini görməsəm necə oynaya bilərəm. Mən tamaşaçını inandırmalıyam ki, bu gün filankəsəm.

Dram və kino aktyorluğunu bitirmişəm. Dramatik aktrisayam, amma bu gün Musiqili Komediya Teatrında oynayıram. Xasiyyətcə deyib-gülən, oynayıb-oxuyan, şıltaq qadınam. Yəqin ona görə burada da alınır. Mən gələndə dostlarım deyir: “Bayram gəldi!” Deyirlər ki, sən gələndə özünlə nə qədər rəng çaları gətirirsən. Belə də olmalıdır. Aktyor tamaşaçıya müsbət, pozitiv impulsları verməlidir.

- Ailə insana, xüsusən yaradıcı insana qarşı çıxırmı? Ümumiyyətlə, yaradıcı insan nə qədər azad olarsa, bu bir o qədər yaxşıdırmı? Ailə isə insana məsuliyyət və öhdəliklər qoyur. Xüsusən yaradıcı adamlar arasında evlilikdən qorxanlar çoxdur.

- Ümumiyyətlə, insana ailə lazımdır. Amma bizim işdə ailə insana maneçilik törədir, o mənada ki, aktyor, səhnə adamı bütün gücünü, enerjisini səhnədə qoyur və evə artıq heç nə saxlaya bilmirsən. Məsələn, mən bütün gücümü, enerjimi səhnədə qoyuram. Bilirsiniz, adamlar üçün evdə imkan, şərait yaratmalıdırlar. Əhval-ruhiyyə də vacibdir. Xüsusən teatr adamları üçün. Gərək daim öz üzərində işləyəsən.

Amma qorxmağına dəyməz. Mənim bir qızım var, 24 yaşı var, ikinci ali təhsil alır. O mənə nəinki mane olur, əksinə... Ailə adama stimul verir. Xüsusən də uşaq...Qızım balaca olanda onu özümlə məşqlərə gətirirdim. Onda da həvəs yaranırdı, amma mən istəmədim. Mən artıq burdayamsa, onun da eyni əziyyətləri yaşamağını istəmirəm. 35 ildir ki, səhnədəyəm, amma əməkdar artist adını indi almışam. İşimiz əziyyətli işdir...

- Amma ad verilmək bir az da şərtidir, tamaşaçılar tanıyıb sevirlərsə...

- Əlbəttə. Amma o da lazımdır, aktyor bütün vücudunu, enerjisini səhnədə qoyursa, tamaşaçı sevgisi də istəyir, alqış da, gül çiçək də, diqqət də... Məni familiyamla tanıyırlarsa, görəndə avtoqraf istəyirlərsə deməli bunu mən özüm qazanmışam, zorla məni tanıtmayıblar ki... Ad əziyyətin qiymətləndirilməsidir.

- Nahidə xanım, bir az teatrın içindən danışaq. Maraqlıdır, rol üstündə inciklik nə qədər böyüyür? Çəkişmələr yaranırmı?

- Hər rejissorun öz prinsipi, öz kaprizi var. Həm də mən intriqa sevən adam deyiləm. Amma teatrda buna görə konfliktlər yaşanır. Mən təkcə bunu edirəm: daha balaca rol verəndə çalışıram onu elə oynayım ki, istədiyim rol qədər parlaq olsun. Müşahidə etməyi sevirəm və sonra bu müşahidələr rollarımda əks olunur. Bir də tərəf müqabilindən, onun enerjisindən də çox şey asılıdır. Rəhmətlik Hacıbaba müəllim gözəl tərəf müqabili idi. Afaq xanım çox gözəl tərəf müqabilidir.

Hacıbaba müəllim improvizəni sevən aktyor idi və bu tərəf müqabildən bir hazırlıq tələb edir. O, qəfildən, gözlənilməz söz deyirdi, gərək çaşmayaydın. Adətən tamaşadan əvvəl, iş günü ərzində yaşananları səhnəyə bir improvizə ilə gətirirdi. Onunla nə isə konfliktimiz vardı, bir neçə gün idi ki, danışmırdıq. Tərslikdən “Bankir adaxlı”da eyni səhnədə idik. Mənim rolum elə idi ki, onu getməyə qoymuram, o da görürəm ki, mənə yön vermir, üzünü çevirir, axırda qolundan tutdum: “Bura gəl, ay kişi!”. Axı səhnədi, bunu oynamalıyıq, bərkdən, camaat eşidə-eşidə dedi: “Nə sırtıq şeysən sən...” (gülür) Allah rəhmət eləsin! Onunla işləmək bir zövq idi.

- Nahidə xanım, deyirlər ki, məşhur, çox sevilən aktyorla səhnədə oynamaq çətindir, nə oynasan da onun parıltısı görünməyə imkan vermir...

- Anladım. Buna anturaj deyirlər. Amma razı deyiləm. Mən Səyavuş Aslanla da, Yaşar Nuri ilə də tərəf müqabili olmuşam, efirdə neçə il “Görüş kafesi”ni oynadıq. Onlar, əksinə, aktyoru oynadıb. Onlar məktəbdi, onlarla partnyor olub çox şey öyrənmək olar.

- Teatrda “podlyanka” deyirlər, konfliktdə olan partnyorlar tamaşada bir-birinə badalaq vururlar, oyununu pozurlar. Belə şeylər olurmu?

- Mən konflikti o həddə çatdırmıram ki, belə şey olsun. Ümumiyyətlə mən sülhsevər adamam. Xərçəng bürcüyəm, bu da su bürcüdür. Mən də oda su tökürəm.

- Nahidə xanım, bir şey də öyrənim, bəzən tamaşalarda bir pıçıldaşma səhnələri olur. Bir aktyor roluna görə o birinə nəsə deməli olur. O zaman adətən bir-birinizin qulağına nə deyirsiniz? Axı tamaşaçı onsuz da sizi eşitmir?

- (Gülür). Zarafatla söyüş söyürlər, ya da atmaca atırlar. Bəzən də aktyorla bağlı nəsə deyirlər. Hacıbaba müəllim söyüş söyürdü... (Gülür).

- Hazırda nəyə çəkilirsiniz?

- Serial çəkilişləri təzəcə bitib. Hələ dincəlməyə vaxt tapmamışam. Bir təklif var: razılıq vermişəm. “Ostankino”nun layihəsidir, Moskvada çəkiləcək ilyarımlıq serialdır. Orda türk qızı Sibeli oynayacağam. Hələ ssenarini oxumamışam. Amma ümumi məlumatım var. İyulda çəkiliş olacaq.

- Nahidə xanım, oynamaq istədiyiniz, ürəyinizdə qalan nə rollar var?

- “Cehizsiz qız”ı, “Fırtına”da Kabanixanı oynamaq istərdim. “Cinayət və cəza”da oynamaq istərdim. Müasir əsərləri oynamağa nə var? Amma klassika hər aktyorun yaradıcılığında mütləqdir.

- Sadaladığınız dramatik rollardır. Özünüz də deyirsiniz ki, kino dram aktyorluğunu bitirmisiz. Bəs Musiqili Komediyadan getmək istəmirsiz?

- Bir ara Akademik Milli Dram Teatrına getmək istədim. Sonra öz-özümə dedim: orda nə edəcəyəm? Getsəm, burda rollarım qalacaq. Onlar necə olsun? Bax belə...

# 4836 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
# # #