Qardaşı arvadına görə evdən gedən fəhlə - “Naməlum kino”

Qardaşı arvadına görə evdən gedən fəhlə - <span style="color:red;">“Naməlum kino”
19 noyabr 2016
# 08:30

Kulis.az “Naməlum kino” layihəsində Şamil Mahmudəyovun 1972-ci ildə çəkdiyi “Həyat bizi sınayır” filmini təqdim edir.

Süjet: Əhvalatın qəhrəmanı məktəbi yenicə bitirən Rəşiddir (Fikrət Quliyev). Film kənddə Rəşidin anasının dəfn mərasimi ilə başlayır. Anasına çox bağlı olan, təbiətcə sakit, fağır Rəşid onun itkisini ağır keçirir. Az sonra o, dostu Fərəclə (Ömür Nağıyev) birlikdə ali məktəbə daxil olmaq üçün şəhərdə yaşayan böyük qardaşıgilə gəlir. Qardaşı Məsi (Eldəniz Zeynalov) əhəmiyyətli vəzifədə işləyir, ailəlidir, bir qızı var. Qardaşı və arvadı Münəvvər (Amaliya Pənahova) onları soyuq qarşılayır. Evdə Rəşidə isti münasibət bəsləyən təkcə balaca Lalədir (Arzu Səfərova). Onların saymazyana münasibətindən Rəşid və dostu evi tərk edir. Dostlar Sumqayıtda metallurgiya zavoduna işə düzəlir. Rəşid burda yeni dostlar qazanır, zavodda işləyən laborant qız Hicrana (Xuraman Qasımova) vurulur. Zaman keçdikcə Rəşid zavodda əməksevərliyi, dürüstlüyü ilə hörmət qazanır, öz yerini tuta bilir.

“Həyat bizi sınayır” ekran əsərinin əsasında bir neçə motiv dayanır. Bunlardan biri yeniyetmə Rəşidin yetkin şəxsə çevrilməsi prosesidir: onun ilk iş təcrübəsi, ilk sevgisi, ilk konflikti, ilk müstəqil qərarları, addımları və s.

Amma bu, eyni zamanda istehsalat filmidir. Yəni əhvalatda istehsalat prosesini əks elətdirən görüntülər üstünlük təşkil eləyir. Həmin fraqmentlərin bolluca yer tutması daha çox xronometrajı doldurmaq üçün istifadə edilməsi təəssüratı bağışlayır.

240_cinema_477_zlSgofUfog9V.jpg görüntüleniyor

Çünki o vaxt yaradıcı heyətin qarşısına sənayeyə, fəhlə əməyinə geniş yer verilməsi kimi tələbləri qoyulmuşdu. İstehsalat prosesinin təsvir edən kadrların əhvalatda artıq çəki kimi görünməsindən belə qənaət yaranır ki, rejissor Şamil Mahmubdəyov bu temada özünü rahat hiss edə bilməyib.

Ümumiyyətlə, film bütöv deyil, daha çox ayrı-ayrı fraqmentlər toplusudur. Müəllif ölkənin mədəni mühitini verməyə çalışıb: uzun şəhər mənzərələri, tarixi abidələrin təsviri, çeşidli musiqi, Rəşidin rəsm sərgisini gəzintisi zamanı ekrana gələn Səttar Bəhlulzadənin heykəli, Tahir Salahovun “Növbədən qayıdanlar” tablosu, rəqs salonundan görüntülər və s .

Təbliğat, fraqmentlər toplusu təsiri bağışlayan bu təsvirlər, bəzi epizodların qayçılanması əhvalatın bütövlüyünə xələl gətirir, onun bədii-estetik əhəmiyyətini azaldır. Zavodun yataqxanasında komendant qadın Rəşidə yer vermək istəmir, daha doğrusu əlavə yerin olmadığını deyir. Dostunun qadını razı salması səhnəsi kobudca, pinticə qayçılanıb.

E3zDQTI1YA15.jpg görüntüleniyor

“Həyat bizi sınayır” milli ədəbiyyatın və kinonun əzəli-əbədi motivlərini - doğmalar arasında bağlantının qırılması, şəhər və kənd mədəniyyətlərinin konfliktini də qabardır. Şəhərə ilk dəfə gələn dostlar qaradərili turistlərə heyranlıqla baxır, yol qaydasını pozur, buna görə də şəhər adamlarının gülüş hədəfinə çevrilirlər. Onların şəhər mühiti ilə toqquşması bu qədər primitiv, bəsit həll olunur. Halbuki “Əhməd haradadır” kimi bayağı komediyada kənddən gələn Şirinlə Nərgizin yol qaydasını pozması müqayisədə daha uğurlu həllini tapıb.

Şəhərə köçmüş qardaşın, onun arvadının Rəşidə münasibəti, aralarındakı yadlaşma, sosial fəqrliliyin qabardılması nisbətən maraqlı ifadə vasitələriylə təsvir olunur. Məsinin qardaşının ali məktəbə qəbul olunmaq istəyini istehza ilə qarşılaması, qardaşına və dostuna kimə güvənib gəldiklərini soruşanda arvadının tikanlı atmacası ( “Əlbəttə, sənə, sənin vəzifənə, day demirlər ki, Məsinin ürəyi xəstədir, ailədə problemləri çoxdur. Təkcə qohum əqraba olsa dərd yarıdır”), yaxud Rəşidə yatağa girmədən öncə kir-pasını tökməyini tələb eləməsi meşşanlaşımış ər-arvadla sadə kəndli arasındakı qatı təbəqələşməni, sosial qarşıdurmanı kəskin kontraslarda göstərir.

Bu evdə Rəşidə tək sevinən qardaşı qızı balaca Lalədir. Lalə valideynlərindən görmədiyi həssaslığı, diqqəti əmisindən görür. Rəşid ilk maaşı ilə Laləyə gəlincik alır, qardaşıgilə qonaq gəlir. Münəvvər onun hədiyyəsini saymazyana qarşılayır, Məsini isə qardaşının gün-güzəranı, qayğıları maraqlandırmır.

hayat 1.jpg görüntüleniyor

Filmdə interaktiv metoddan istifadə edilir. Əhvalat boyu Rəşid bir neçə dəfə üzünü kameraya tutub öz hisslərini, düşüncələrini tamaşaçıyla bölüşür.

Müəllif qəhrəmanının saflığını müxtəlif vasitələrlə ön plana çəkir. Rəşidlə Hicran sahildə gəzəndə, qız soyunub suya girir. Rəşid onun çılpaq bədəninə baxa bilmir, tez üzünü qapayır, qız isə onun saflığından mütəəssir olur.

Rəşidin əhvalatı xoşbəxt sonluqla bitir. O, Hicrana sevgisini etiraf eləyir və qarşılıqlı cavab alır.

Ssenari müəllifi Vidadi Babanlı film haqda deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı.

Ümumiyyətlə, o dövrdə Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat bizi sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu o kadrdır ki, - Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti riqqətə gətirmişdi. Çünki bu kadrda milli ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızca "qayçıladı". Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Düzdür, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürdü. O mənada ki, axı Moskvanın marağı nə idi ki, filmlərimiz bu günə salınırdı."… "bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik." ("Həyat Bizi Sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü", “Ekspres” qəzeti, 21.10.2004, Ulduzə Qaraqızı).

# 1717 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #