Moşuyla Söylü 27 il sonra... – “Bəxt üzüyü - 2”

Moşuyla Söylü 27 il sonra...  – <span style="color:red;">“Bəxt üzüyü - 2”
20 fevral 2018
# 09:00

Ayxan Ayvaz

KVN Parni iz Baku Teatrının rəhbəri, Əməkdar artist Tahir İmanovla müsahibə üçün görüşmüşdüm, o, məni yeni çəkdikləri “Bəxt üzüyü - 2” filminin imza gününə dəvət etdi.

Dəvəti xoş qarşıladım və yadıma Vaqif Səmədoğluyla bir söhbətimiz düşdü.

Onda bərk içmişdim, sərxoşdum. Toyda rastlaşdım Vaqif Səmədoğluyla. Əyri-üyrü yerişimlə Vaqif Səmədoğlunun hüzuruna çıxıb gülümsündüm. Və onun siqarına tərəf əyilib bir gilə götürmək istədim.

- Bunu çəkmək üçün nə yazmısan? – Vaqif Səmədoğlunun gözlərində yıxıla-dura gəzən bir adam gördüm.

Gülüşdük. Sonra söhbət hərlənib-fırlanıb “Bəxt üzüyü” filminə gəldi.

- Sizcə, çox mənasız film deyil, Vaqif müəllim? – bu mənim sərxoş atmacam.

- Filmdi də... Çəkiblər.

- Siz yazmısınız axı.

- Əşşi, yazmışam da...

- Vaqif müəllim, Moşu Səməd Vurğun deyil ki?

Eynəyinin arxasından gözləri bərəldi. Amma özünü ələ vermədi:

- Dədəmi qatma... – şəhadət barmağını yuxarı qaldırdı.

Təbii, bütün bunları beynimdəki duman çəkilib gedəndən sonra unutmuşdum. Yəqin heç Vaqif Səmədoğlu da xatırlamazdı o söhbəti.

İndi “Bəxt üzüyü - 2” filminə baxanda da o an gözümün qabağında təzədən canlandı.

Film nostalgiya kimi yaxşıdır. Bizə nələrisə xatırladır. Keçmiş günləri, yaşanmışları.

Hər şey həmişəki kimidir. Moşu həmişəki kimi şeir yazır. Qafiyə axtarışındadır. Söylü də yır-yığışla məşğuldur. Aralarındakı dialoq ilk filmdəki kimi diridir.

Rasim qaqa biznes fəaliyyətini genişləndirib, deyəsən. Filmdəki dəbdəbəli villadan bunu hiss etmək elə də çətin deyil. Moşunun ailəsinə öz villasında yer, Söylü demiş, “həm də əppək” verib.

Moşunun oğlu Xoşu yaşı keçməsinə baxmayaraq, hələ də “bakirdir”, əli bir qız əlinə dəyməyib. Və filmdə onun tüstüsünün təpəsindən çıxması ətraflı göstərilir. Gözəl əndamlı qızlara “blinçik” deməyi məni bir az itələdi. Düşünürəm ki, bu sözə çoxdan gülünüb.

Köhnə heyəti mümkün qədər saxlayıblar. Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov... Hətta mən Sedanın öldüyünü düşünmüşdüm. Çünki film boyu gözümə dəymirdi. Sonlarda üzə çıxdı. Sedanı canlandıran Firəngiz Rəhimbəyli bu filmə görə Amerikadan bura təşrif buyurubmuş.

Deməli, hər şeyin qaydasında getdiyi bir zamanda “Rasim qaqa” Moşu ilə Söylünü çağırır yanına və deyir ki, qızım Almaniyadan qayıdır, özü də yanında sevgilisi var. Oğlanın atası alman, anası azərbaycanlıdır. Qızı istəməyə gəlirlər. Təbii ki, məsələyə Moşu ilə Söylü öz rəngarəng münasibətlərini bildirirlər.

Hazırlıqlar başlayan ərəfə Söylünün qardaşı Fedot Moskvadan durub gəlməzmi? Yəqin Rasim qaqadan biznes qurmaq üçün aldığı pulu batırıb, təzədən üzüsulu qayıdıb yanlarına.

Hə, Rasim qaqanın qızı Dəniz, öz gələcək həyat yoldaşı Emil və onun əlil arabasındakı atası Adolf villaya təşrif buyururlar.

Moşunun gözündə Emilin atası Hitler kimi canlanır. Tez-tez onu Hitler qiyafəsində görüb qeyzlənir.

Söylünün qardaşı Fedot bu izdivacı pozmaq niyyətindədir. Planını Söylüyə danışır. Deyir, Dənizi Emildən aralayıb özü alacaq və beləliklə, Rasim qaqanın mirası ona qalacaq.

Hər şeyin yaxşı getdiyi bir vaxtda qəfil Seda ortaya çıxır. Məlum olur ki, Seda 27 ildir həmin bu almanla evlidir. Böyük qonaqlıq dəhşətli xəbərlə silkələnir. Bu yerdə Rasimin oğlundan maraqlı replika: “Lap Meksika filmidi ki...” Rasimlə Sedanın aralarının niyə dəydiyini bilmirik. Emil də, Dəniz də bu xəbərə çox təəccüblənirlər. Rasim evliliyə razı olmadığını deyir və qızını özü ilə aparmaq istəyir. Lakin Dəniz Emillə qalır. Onlar otelə gedirlər.

Gəldik, yazımızın “bəxt üzüyü” yerinə. Məncə, burda “bəxt üzüyü” məsələsi o qədər də ruslar demiş, “udaçni” alınmayıb. Rasim qaqa gəlib ev əhlinə məsələni danışır və qızını o oğlana verməyəcəyini açıqlayır. Söylünün qardaşı Fedot plan qurur: Dənizin bəxt üzüyünü oğurlayacağıq və beləcə, onlar ayrılacaq. Səbəb: oğlan bu cür mistik hadisələrə çox bağlıdır və bu bəxt üzüyünün yoxa çıxmasını bədbəxtliyə yozacaq.

Bura qədər yaxşıdır. Söylü, Moşu, Fedot, Xoşu komandası bəxt üzüyünü oğurlayırlar. Və qızla oğlanın arası da dəyir. Dəniz qayıdır evə. Ondan sonra çox tez zamanda barışıq yaranır. İzdivaca narazı olan Rasim qaqa fikrini dəyişir. Və “Happ end”.

Sadəcə dostca iradım var: məncə, bu “bəxt üzüyü” məsələsini bir az daha genişləndirmək olardı. Sona qədər də bu düyün açılmamış qalardı.

Hər halda maraqlı bir iş görülüb. Aktyorlara təşəkkür düşür. Ən azından bizə nostalji hislər yaşatdılar...

# 3287 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #