Mohsen Mahmalbaf: “Yaxşı filmi pulsuz da çəkmək mümkündür”

Mohsen Mahmalbaf: “Yaxşı filmi pulsuz da çəkmək mümkündür”
12 avqust 2013
# 07:00

Kino günü ərəfəsində min dəfə yazılmış problemlərdən, çətinliklərdən təkrar yazmağın mənası yoxdur. Praktik mətnin daha faydalı olacağını düşündüm. Ona görə də İran kinematografiyasının nüfuzlu simalarından biri Mohsen Mahmalbafın “Filmi büdcəsiz necə çəkməli” mövzusundakı master klassını çevirdim. Film çəkmək istəyən, amma maddi çətiniklərə üzləşənlərin bu yazını oxuması vacibdir.

Bu gün mən büdcəsiz filmin necə çəkilməsi haqda danışmaq istəyirəm. Konkret öz tərcrübəmdən danışacam. Rəqəmsal texnologiyaya kimi kinoya pul üç yolla daxil olurdu: dövlətdən, investorlardan və müstəqil filmdirsə, hansısa xüsusi şəxslərdən. Əgər dövlət kinonu dəstəkləməsəydi, biz yəqin ki, heç vaxt Tarkovski, Paracanov, Eyzenşteyn, Berqman haqda bilməzdik. Amma dövlətin maliyyəsi ilə bağlı həmişə problem olub: dövlət kinonu senzura etməyə çalışıb. Xüsusi investorlarla problem isə başqadır: onlar əlbəttə ki, heç nəyi senzura etmirlər, amma istəyirlər ki, kinoya qoyduqları maya artqılaması ilə geri qayıtsın. Belə çıxır ki, onlar mənim kinonu incəsənət kimi yox, istehlaka yararlı “Makdonalds” kimi çəkməyimi istəyirlər, və bu problem dövlətin senzurasından daha mürəkkəbdir. Müstəqil kinonun isə həmişə, üstəlik, kiçik məbləği olmayan pula ehtiyacı olub: kameranı icarəyə götürmək, lent almaq, adamların pulunu vermək üçün. Məsələn, 35 mm kinolentə minimum 100 min dollar, aparatın alınmasına 30 min, maşının icarəsinə 10 min xərcləməliydin. Hələ çəkiliş qrupunun yeməyinin, otel xərcləri də bir tərəfdən. Əlbəttə ki, bəzi fürsətlərdən istifadə etmək də olar. Bir dəfə fransız prodüserləri bizə bir film üçün pul verdilər, amma biz bu pula iki film çəkdik: “Sükut” və “Alma”.

****

Əvvəllər qrupda heç olmasa, 8 adam çalışmalıydı, indi mən flmi 4 adamla çəkə bilərəm. Əvvəllər çəkiliş qrupunun təşkili və onları yedritmək üçün vaxt və pul lazım idi. Böyük restorana ehtiyac vardı. İndi isə bu, zamanımızı almır . Biz kino çəkirik, yemirik.

Rəqəmsal kameralar peyda olandan, iki məsələ yaxşılaşdı, iki şey isə çətinləşdi. Birinci, yaxşılığa doğru dəyişən senzura ilə bağlı vəziyyət oldu. Indi senzuranın filmləri nəzarətə alması çətinləşib. Dövlət kimin harda nə çəkdiyini bilmir. 4 il əvvəl İranda etiraz dalğaları olanda qızım həmin aksiyalarda “Yaşıl günlər” adlı film çəkdi. Pis film deyil, onu telefonla da çəkmək olar. Kim mobil telefonlu adamı senzura edə bilər ki. İkincisi, maliyyədir. Bu gün yaxşı filmi pulsuz da çəkmək mümkündür.

***

İndi isə məsələnin pis tərəfi barədə: rəqəmsal epoxada çoxlu film çəkilir, onlardan çoxu iyrəncdir. 20 il əvvəl dünyada 2 min film çəkilirdi. Onlardan 100-ə yaxını pis deyildi. Indi isə yəqin ki, 100 min film çəkilir, onlardan 200-i normaldır. Keyfiyyət və kəmiyyət bir-birilə qətiyyən əlaqəli deyil. Niyə belə olur?

Əvvəllər filmin üzərində çox adam işləyirdi və çəkiliş üçün xeyli vaxt vardı. Çəkiliş qrupu iki yarımqrupdan ibarət idi. Bu, yaradıcı və texniki qrup idi. Əvvəllər yaradıcı və texniki qrup arasında problemlər olurdu, məsələn, ikincilər istənilən hansısa küncdən çəkiliş aparmağa icazə vermirdilər. Amma indi belə mübahisələr daha az baş verir, onlar bədii prosesə ciddi təsir edə bilmirlər. Filmlər çox sürətlə çəkilir və hər adam rejissor olur. İndi əsl rejissorların işi daha da qəlizləşib, onların filmləri başqa keyfiyyətsiz filmlərin içərisində itib batır. Əvvəllər yaxşı filmdə çoxlu aspekt vardı: rejissor, operator işi, aktyor oyunu.

Indi rejissura və çəkiliş manerası məsələn, aktyor oyununu görməyə imkan vermir. Hər şeydən əvvəl çoxlu material çəkilirdi və montajda uğursuz epizodlar silinir, yaxşıları saxlanılırdı. Indi isə hər şey əksinədir, yaxşılar kəsilir, anlaşılmaz olanlar qalır. Çox müasir filmləri sanki zibil yeşiyindən çıxarmısan. Fəlsəfə və gözəllik itib.

***

Amma gəlin, əsas mövzuya qayıdaq: filmi pulsuz necə çəkməli?

İllüziya yaratmayın: pulsuz film çəkmək üçün əqli gərginlik vacibdir. Başlanğıcda yaxşı ideya və ssenari lazımdır. Yalnız bundan sonra büdcəsiz keçinmək haqda düşünmək olar. Mənim bir neçə məsləhətim var.

Birinci, çəkiliş qrupundakı adamların sayını azaltmaq. Bir rejissor, bir operator, bir səs operatoru və sadəcə kömək edən adam. Çəkiliş qrupunda adam az olanda xərclər azalır.

Bu başqa məsələdir ki, doğrudan da məhz kinonu sevən və pulsuz işləyən adamlar tapmaq lazımdır. Və yaxşı olardı ki, bu adamlar qarşılıqlı əvəz edilsin. Məsələn, siz rejissorluq edirsiz, kimsə çəkir, başqa vaxt siz operator, digəri rejissor olsun. Bizim ailədə belədir. Mən rejissor, oğlum operator, qızım rejissor assistenti olur. Və ya mən ssenarini yazıram, oğlum və ya qızım rejissorluq edir, başqa birisi isə assistent. Və bu, pul tələb eımir.

Digər təklifim odur ki, mümkün qədər qeyri-peşəkar aktyorlarla işləyin. Filmlərimdə anam, nənəm, xalam, qonşular, dostlarım oynayıb. Və ya sadəcə tələbələr, kinonu sevənlərlə işləyin. Onlara pul ödəmək lazım deyil. Digər təklifim, yaşadığınız şəhərdə çəkin ki, bütün çəkiliş qrupu öz evində yatsın, onlar üçün otel xərci də lazım olmayacaq. Üstəlik, səhər və şam yeməyini də evdə yeyəcəklər. Çəkilişdə ayaqüstü yemək üçün evdə nəsə hazırlayıb gətirin. Çəkilişə metroyla gedin.

***

İndi isə kütləvi səhnə problemi haqda. Kütləvi səhnəyə pul xərcləməmək də olar, sadəcə səs-küylü küçə tapmaq, kameranı gizləmək lazımdı və hətta əsas səhnələri də orda çəkmək mümkündür. Daha vacib bir məsləhət: bayırdakı hadisələrdən istifadə edin. Məsələn, keçən il Londonda film çəkəndə ingilis kraliçasının yubileyi ilə bağlı mərasim vardı. Milyona kimi adam toplaşmışdı. Ora iki aktyorla getdim və biz səs-küyün içərisində çəkdik.

İkinci nümunə: İtaliyanın cənubunda, əhalisi 3 min yarım olan balaca bir şəhərdə çəkiliş zamanı dini mərasimdən istifadə etdik.

Üçüncü nümunə: Filmin postprodakşnı (post-production-çəkilişdən sonrakı proses- montaj, səslənmə və s.) üçün Cənubi Koreyada idim. Orda bir koreyalı haqda sənədli filmə başladım. Yenə də Seulun küçələrində çəkiliş apardıq.

***

Çalışın, ayrıca səsyazma sistemindən istifadə etməyəsiz. Bu, bahalıdır. Hər şeyi yerində çəkin və yazın. Səs yazan kameradan istifadə edin. Məsələn, Sony-in qiyməti 2 min dollara yaxındır. “Bağban” ı bahalı olmayan, amma səsi tamamilə normal yazan kamera ilə çəkmişəm.

Böyük olmayan mikrofondan (ingiliscə lavalier microphone) istifadə edin, montaj üçün də səsi yaxşıdır. Küçədəki səsin dialoqlara mane olmaması üçün məhz balaca mikrofon əlverişlidir. Mümkünsə, eyni zamanda iki kamera ilə çəkin: xüsusən də dialoqlar zamanı. Çünki bu zaman “over shoulder”i

(Filmdə dialoq zamanı personajları arxadan, çiyin üzərindən çəkilməsi. Danışanlardan biri sağdan sola, digəri soldan sağa baxmalıdır) montaj etmək daha asandır.

Məsələn, küçədə çəkilişdir, və siz kameranı gizləyirsiz. Qəhrəman küçədə gedir və ikincisi nəsə demək üçün ona sarı yüyürür. Bir kamerayla küçənin ümumi planını, digəri ilə qəhrəmanların iri planda çəkmək olar. Montaj zamanı, bu çox kara gəlir, çünki çoxlu kəsmək lazım gəlmir. Bütün bunlar qrupda adamların sayını azaltmağa da kömək edir.

***

Cəhənnəm olsun, ştativ, sadəcə, əllə çəkin. Belə çəkmək daha rahatdır, siz daha dinamik işləyəcəksiz. Üstəlik, ştativ diqqəti cəlb edəcək. Sadəcə kameranı məqsədli şəkildə əsdriməyin. Kameranı ələ alanda sanki sizin gözünüzə çevrilir. Yellətməyə başlayanda bu, artıq göz deyil, bilinmir, nədir. Lars fon Trier “Doqma”sıyla nə demək istəyirdi? Kamera göz olmalıdır, statik olmamalıdır, o hərəkət eməli və qəhrəmanı izləməlidir. Amma bununla yanaşı o, istəmirdi ki, kamera əssin və nəsə anlaşılmaz görüntülər olsun.

***

İndi isə operator işinin bir neçə aspekti barədə. Üç cür plan var. Məsələn, kameranı yüksəyə qoyanda kimin danışması, kimin dinləməsi görünəcək. Bu, ümumi plandır.

Təcrübəsiz operatorlar tez-tez filmlərdə ümumi plandan istiadə edirlər. Əslində isə onu bir neçə saniyəlik vermək də kifayətdir. Orta plan da var və bu çəkiliş mənə yaxındır. Zəif rejissorlar tez-tez orta plandan yararlanaraq kiminsə uzun-uzadı danışmasını və nəsə elədiyini göstərirlər. Və üçüncüsü iri plandır ki, onunla başqalarının sizin personajınızın danışmasına necə reaksiya verdiyini yaxşı göstərmək olar. Güclü filmlərdə iri plana üstünlük verilir.

Təsəvvür edin: biz kameranı yüksəyə qoymuşuq və üç saniyədə ümumi plan çəkirik. Sonra 5 saniyə mənim fiqurumu, necə danışdığmı. Və bizim hələ 2 dəqiqəmiz var. Ona üstünlük verərdim ki, qalan iki dəqiqədə məhz sizin reaksiyanız çəkilsin. Əgər qəhrəmanın vacib nəsə dediyini göstərmək istəyirəmsə, onda maraq bürümüş üzlərdə dayanaram. Qəhrəmanın əhəmiyyətli nəsə demədiyini göstərmək üçün isə əsnəyən üzləri seçərdim.

Təsəvvür edin: bir-birini sevən cütlük var. Onları uzaqdan çəkmək əvəzinə, zalda otuzdurub, nitqimə reaksiyalarını, sonra isə iri planda onların öpüşünü göstərərəm. Mənə elə gəlir ki, ən vacibi reaksiyanın çəkilişidir. İndi bura kimsə girsə, bizim onun gəlişinə reaksiyamızı göstərmək daha vacibdir nəinki, o adamın gəlişini.

Tez- tez filmlərdə zəif rejissorları görürəm: kimsə otağa silahla girir, kamera onu son dərəcə uzun göstərir. Bunu başqa ardıcıllıqla göstərmək daha yaxşıdır: kimsə silahlı adamı sezir, qorxur və harasa qaçır. Sonra isə onların qorxduğu silahlı adamı göstərmək. Əlinizdə kamera varsa, nəsə çəkirsizə predmetdən diqqətinizi ayırmayın, amma reaksiyalara da baxın.

Məncə müasir rəqəmsal kinoda orta plan – hərəkət planı daha vacib olub. Rejissorlar reaksiyaları demək olar ki, göstərmirlər.

***

Filmi çəkəndən sonra onu dərhal prokata buraxmayın. Əvvəlcə onu müxtəlif adamlara göstərin: qoy, bu qadınlar, kişilər, gənclər, uşaqlar olsun. Tənqiddən inciməyin, sizə deyilən hər şeyi dinləyin.

Bu insanlar filmdə ümumi problem tapsalar, razılaşın və düzəldin. Ümumiyyətlə, düşünürəm ki, heç də hər film prokata çıxmamalıdır. Bilidiyimə görə Tarkovski bir filmin 90 faizini çəkib, sonra fikrini dəyişib, film xoşuna gəlməyb və onu tullayıb. Və ya Allen belə işləyir: 90 faizini çəkir, montaj edir, sonra yenidən nəsə çəkir və yenidən montaj edir. Bu ona görə edilir ki, ssenarini dəyişmək imkanı olsun.

Filminizin festivala düşməyini istəyirsizsə, heç nədən çəkinməyin. Dünyadakı mümkün olan bütün festivallara yollayın. Indi filmi festivala yollmaq üçün pul lazim deyil. Filminizi harasa yerləşdirin və təşkilatıçılara parolu verin ki, onlar da birbaşa inernetdə baxa bilsin.

***

Daha iki vacib məsələ: birincisi, üslubdir. Hansısa hadisəni çəkirsizsə, üslub seçin ki, əvvəldən sonadək harmonik olsun. Filmboyu rəng qammasını saxlamağa çalşın.

Ikincisi, səsdir. Çəkilişdə yazılan səslə montajda əlavə olunan səs başqadır. Məsələn, mən hansısa insanı iri planda çəkirəm, o harasa uzağa baxır, arxasında boz fondur. Bu planı mən hardasa bir dəqiqə çəkirəm. Sonra montaj zamanı dənizin səsini və quşların çığırtısını əlavə edirəm. Onda düşünmək olar ki, adam dənizə baxır, hərçənd, bunu göstərmirəm. Əgər güllə səsi əlavə etsəm, düşünmək olar ki, o, cinayəti təqib edir.

Əgər güllə səsi lazımdırsa, bunun üçün ən yaxşısı, əvvəlcə planı mütləq sakitlikdə çəkin ki, səs effektli eşidilsin. Bəzi filmlərdə bir güllə əvəzinə yüz güllə səsi eşidilir və effektli olmur.

Bir də çox filmlərdə həddən artıq kardarxası musiqidən istifadə edilir.

***

Daha bir məqam. Anlamalısız ki, onlarla film çəkə bilərsiz, amma nə pulunuz, nə şöhrətiniz ola bilər. Əgər məqsədiniz pul qazanmaq və məşhur olmaqdısa, o zaman 100 faizdən 99-da heç nə alınmayacaq. Ona görə barışın. Ağrınız varsa, siz bu haqda danışmaq və nəyisə dəyişmək istəyirsizsə onda çəkin. Bu, düzgün məqsəddir. Və siz uğur əldə edə bilərsiz.

Bir misal çəkmək istəyirəm. İranda 3 milyona yaxın əfqan qaçqını var.

Onlardan 740 mini uşaqdır. Onlara İranda məktəbə getməyə icazə verilmirdi.

Çoxu məktəbə binasına yaxınlaşıb, baxırdı ki, içəridə nə var?

Mən, yoldaşım və iki qızım böyük olmayan kamera götürdük və bir həftədə — “Əfqan əlifbası” filmini çəkdik.

Biz məhz uşaqların reaksiyasından istifadə edərək onların məktəbə getmək arzusunu göstərdik. Eyni zamanda uşaqların faciə kimi görünən gündəlik həyatını çəkdik. Bu, Hatəminin hakimiyyəti dövründə baş vermişdi, onda rejim hələ demokratik idi. Biz filmi nazirliklərdə göstərdik. Filmin sayəsində hakimiyyət qanunu dəyişdi. Və yarim milyon əfqanlı məktəbə getdi.

Baxın: bir həftə filmi çəkdik, bir həftə isə montaj. Büdcəsiz. Bu, çox adamın həyatını dəyişdi. Dünyanı dəyişmək üçün pul tələb olunmur. Yox, əgər məşhurlaşmaq, pul qazanmaq istəyirsizsə məni dinləməyin.

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #