Qatil taksi sürücüsü

Qatil taksi sürücüsü
6 sentyabr 2014
# 08:30

Kulis. az “Baxılası 50 film” layihəsində müasir dünya kinosunun əhəmiyyəti rejissorlarından biri, amerikalı Martin Skorsezenin (1942) “Taksi sürücüsü” filmini təqdim edir.

Əslən italiyalı olan Martin Skorseze Nyu-Yorkda katolik ailədə doğulub. Uşaqlıqda astmadan əziyyət çəkdiyindən başqa uşaqlarla oynaya bilmirdi. Buna görə də valideynləri onu tez-tez kinoteatra aparırdılar. Məhz bu illərdə onun kinoya sevgisi yaranmağa başladı. O, saatlarla otağında oturub səhnələr, replikalar düşünürdü. Hərçənd, sərt katolik tərbiyə alan Skorseze əvvəlcə keşiş olmaq istəyirdi və bunun üçün seminariyaya daxil olur.

Rejissor deyir: “Mənə elə gəlirdi ki, mənim kimi günahkar yer üzərində gəzməyə layiq deyil. Bir dəfə tövbə edəndə keşişə etiraf elədim ki, gözəl qadınlar görəndə ağlıma pis-pis fikirlər gəlir və buna görə də intihar eləmək istəyirəm. Həmin anda mən çox ciddi idim və birdən keşiş gülməyə başladı. Düşündüm ki, bu, ömrümün sonuna kimi gedəcəyim yol deyil”.

Skorseze 17 yaşında seminariyanı atır və Nyu-York Universitetinin elm və incəsənət kollecinə daxil olur.

Rejissorun yaradıcılığına xüsusən, iki tarixi film -Hovard Houksun “Fironlar torpağı”, Entoni Mannın “El Sid”, həmçinin neorealist italyan, fransız “Yeni dalğa”sı güclü təsir edib.

Rejissor ilk tammetrajlı filmini 1967-ci ildə (“Qapımı kim döyür”) ekranlaşdırır. Bu filmdə o, Nyu-Yorkda yaşayan gənclərin sevgisindən bəhs edir. Bundan sonra o, yarı sənədli “Küçə səhnəcikləri”ni lentə alır.

1978-ci ildə Skorseze narkotikdən həddən çox istifadə etdiyinə görə ölümlə üzləşir. Rejissoru xəstəxanada yoluxan aktyor Robert De Niro onu bu vərdişindən uzaqlaşması üçün dil tökür və ondan boksçu haqda film çəkməyi xahiş edir. Skorseze əvvəlcə imtina eləsə də aktyoronu inandıra bilir. Çoxları deyir ki, De Niro onun həyatını xilas eləyib.

Nəticədə Skorseze italyan əsilli amerikalı boksçusu Ceyk Lamottanın həyatını lentə alır. İki Oskar qazanan film tənqidçilərin də müsbət rəyini alır.

“İsa Məsihin son tamahı” (1988) rejissorun qalmaqallı işlərindən biridir.

Yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırılan bu dram 1988-ci ildə böyük ekranlara çıxanda etirazlarla qarşılandı.

İsanın romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlaması, aşiq olduğu Məcdəlli Məryəmin müştərilərlə intim münasibətlərini müşahidəsi, İudanın tam müsbət obrazı, çarmıxa çəkiləndən sonra zühur edib Məcdəlli Məryəmlə evlənməsi, sevişməsi, ata olması və s. təsvirlərdən qəzəblənən radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurladılar.

“Nyu-York bandaları” (2002) irimiqyaslı tarixi filmdir.

1840-cı illərdən bəhs edən filmdə o dövrün Nyu-Yorkundakı amansız hadisələr təsvir olunur.

Dekorasiyalar, personajlar detallara kimi dəqiq işlənilib. Film bir neçə janrın-qanqster, döyüş, siyasi dram və melodramın qarışığıdır.

Simvol və arxetiplər naturalist səhnələrdə birləşir. Qanlı səhnələrin təfərrüatı ilə insan təbiətinin aqressiyası göstərilir.

Filmin finalında inkişaf eləmiş Nyu-Yorkun təsviri var və yeni faciənin simvolu kimi Dünya Ticarət Mərkəzinin qüllələri görünür.

“Aviator” (2004) Amerika tarixinin görkəmli nümayəndələrindən biri, sahibkar Hovard Hyuzun həyatını anladır.

Bir neçə Oskar alan “Dönüklər” (2006-cı il) filmi Polis Akademiyasının iki məzunundan danışır. Onlardan biri hüquq-mühafizə orqanlarının mafiyadakı agenti işləyir, digəri isə mafiyaya məlumatlar ötürür. Roluna daha yaxşı hazırlaşmaq üçün Mett Deymon bir müddət Massaçusetsin polis bölmələrindən birində xidmət göstərib.

Rejissorun son filmlərindən biri “Uoll Strit canavarı” (2013) qara komediyadır. Film keçmiş Nyu-York brokeri Cordan Belfortun memuraları əsasında çəkilib. Belfort nəhəng broker idarəsinin əsasını qoyub və sonra maxinasiyalara görə mühakimə olunub.

Oskara nominant olan “Uoll Stritt canavarı”nı Skorsezenin yaradıcılığının ən yaxşı filmi sayanlar da var.

Rejissorun bioqrafı Vinsent Lobrutto onu Stenli Kubriklə müqayisə edir: “Amma Kubrik soyuq və analitik, Skorseze isə emosionaldır”.

Onun əsərlərinin çoxu real hadisələrə əsaslanır.

İfadəli amansızlıq, zorakılıq onun yaradıcılığına xasdır, kinematoqrafik dairələrdə o, qanqster filmlərinin ustası kimi tanınır. Onun filmlərində çox qan var.

Sonralar Skorseze onu amansızlıqda ittiham edənlərə belə cavab verir: “Mən tənhalıqdan, ədalətə nail olmaq cəhdlərindən çəkirəm. Əgər zorakılığın təbliğatı alınıbsa onda məni bağışlayın”.

Bu dəfə sizə rejissorun Yeni Amerika kinosunun məhək daşlarından sayılan, onun rejissor kimi istedadını tam açan, çoxsaylı mükafatlar, həmçinin, “Qızıl palma budağı” alan “Taksi sürücüsü” (1976) filmini təqdim edirik.

Süjet: Vyetnam müharibəsinin veteranı Trevis Bikl taksi sürücüsü işləyir. Xroniki yuxusuzluqdan əziyyət çəkən Trevis Nyu-Yorkda gecə növbəsində işləməyə başlayır.

Gecələr onun gözünün önündə insanların işlətdiyi günahların tutqun, dəhşətli mənzərəsi açılır. O, gördüklərini dəyişmək istəyir.

İlk baxışda bu film amansız görünə bilər. Rejissor insan tənhalığının, narahatlığının dramını yaradıb. Onun tənhalığı soyuq Nyu-York küçələrinin təsvirləri ilə uyğunlaşır. Burda həm də gündüz və gecə həyatının kontrastlarını görürük. Baş rolun ifaçısı Robert De Nironun qəhrəmanın faciəsini ustalıqla açır. Trevizin pornofilmlərə getməsi elə təsvir edilir ki, tamaşaçı bununla da qəhrəmanın insanlardan təcridini, təkliyini daha aydın hiss edir. De Niro qəhrəmanın daxili aləmini dəqiq ifadə etmək üçün – bir ay ərzində 12 saat taksi sürüb və heç bir müştəri onu tanımayıb.

“Taksi sürücüsü” 1970-ci illər nəsli üçün kulta çevrildi.

Maraqlı faktlar

***

Aktrisa Codi Foster bu filmdə azyaşlı fahişə rolunu oynayıb. Bu filmdən sonra Cudi Foster Hinkli soyadlı amerikalı tərəfindən təqib edilir. O, jurnaldan aktrisanın Yel Universitetində təhsil alması haqda oxuyur və həmin kursa yazıçı ustalığını öyrənmək üçün daxil olur. Hinkli Fosterə məktublar yazır, bir neçə dəfə telefonda danışır və ondan rədd cavabı alır. O, ümid edirdi ki, bütün ölkədə tanınaraq onunla bərabər statusda olacaq. Buna görə o, özünü “Taksi sürücüsü” filminin qəhrəmanı Trevisə oxşadaraq Ronald Reyqanı öldürməyə cəhd edir və həbs olunur.

***

Skorseze təyyarələrdən qorxur. Uçuş qaçılmaz olanda, o, cibini talismanlarla doldurur. Bir də o, nəzərdən, şər ruhlardan və şeytanlardan qorxur.

http://tfilm.tv/1118-taksist.html

# 4029 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #