Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi

Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi
14 noyabr 2019
# 09:01

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində “Şər qarışanda” filmini təqdim edir.

Süjet: Əhvalat rayonlardan birində baş verir. Əsas personajlardan biri Aidə (Oksana Rəsulova) müəllimdir və 11-ci sinfin şagirdlərinin sinif rəhbəridir. Günlərin birində məktəbə yeni tarix müəllimi Seyran (Ramiz Novruz) gəlir. Aidə onunla ilk görüşdə həyəcanlanır. O, Aidənin rəhbərlik etdiyi sinfin uşaqlarını ələ alır, onlarla gəzintiyə aparır, yaxından ünsiyyət qurmağa çalışır. Hadisələrin gedişatında aydınlaşır ki, Seyranın həqiqi adı Fərruxdur. Aidənin əsl adi isə Günel... Fərrux, 1990-cı illərin əvvəllərində Günelə orta məktəbdə dərs deyib və onun gözü qarşısında sinif yoldaşlarını qətlə yetirib. Güneli isə azad edib. Fərrux 20 il həbs həyatı sürəndən sonra çıxır və Güneli tapır. Onun məqsədi yeni şagirdlərini və Güneli öldürməkdir. O da aydın olur ki, rayon təhsil şöbəsi Fərruxu tarxi müəllimi kimi məktəbə göndərməyib. Finalda Günelin sayıqlığı nəticəsində uşaqlar xilas olur...

2016-cı ildə ekranlara çıxan “Şər qarışanda” bədii filminin rejissoru Samir Kərimoğludur. Film horror janrında çəklib. Bir qayda olaraq bu janrlı filmlər tamaşaçıya dəhşət, qorxu hissi aşılayır, gərgin amosfer yaradır. Qorxu filmlərində şər qüvvə təbiət də, nəsə bir fantastik element də, psixoloji pozğunluqdan əziyyət çəkən biri də ola bilər.

Ümumən “Şər qarışanda” yerli kinobazarı üçün heç də keyfiyyətsiz film sayılmaz. Dünya kinobazarına çıxarılmasına isə gərək yoxdur. Çünki təkcə Hollivudda horror janrında onlarla film çəklib ki, “Şər qarışanda” onların sönük imitasiyası kimi görünür. Ancaq dediyim kimi bu, yerli bazar üçün normaldır.

Süjetdə təhsildəki problemlər epizodik şəkildə ekrana gətirilir: repetitor, şagirdlərin dərsə davamiyyətinin olmaması, müasir təhsilin keyfiyyəti, şagird-müəllim münasibəti və s. Ancaq sadaladıqlarım yalnız əhvalatın ümumi, fon detallarıdır. Mərkəzi motiv isə klassik cəllad-qurban münasibətidir.

Ssenairi müəllifləri (Fariz Əliyev və Rəşad Dadaşov) qəhrəmanı ənənəvi bir psixopat modeli üzərində qurublar və onun fəaliyyətini freydist motivlərlə əsaslandırıblar. Yəni Fərruxun şagirdlərini qurbanına çevirməsinin kökündə onun uşaqlıq travmaları dayanır. Fərruxun hekayəsi ondan ibarətdir ki, o ailəsinin sevilən oğlu olub, bacısı dünyaya gələndən sonra valideynlərinin ona olan sevgisi bacıya yönəlib. Diqqətsizliyə, sevgisizliyə dözməyən qardaş bacını qətlə yetirib. Üstəlik, Fərruxun atası da qəddar olub. O dərslərini əla oxumağa çalışıb ki, seçilsin və atasının töhməti ilə üzləşməsin. Dediyim kimi, Fərrux kinoda işlənmiş ənənəvi bir psixopat obrazıdır: yəni uşaqlığında aldığı psixoloji zədələri adlaya bilməməsi, gücsüzlüyü başqalarının qətli şəklində təzahür eləyir. Bura qədər süjetdə hər şey aydın və normaldır.

Filmdə diqqətimi başqa bir məsələ çəkdi. Fərruxun keçmişdə şagirdlərini qətlə yetirdiyi epziodu nəzərdə tuturam. Həmin epziodda Fərrux hər şagirdi öldürdükcə qətlinin motivlərini izah edir. O, şagirdlərinin hər birinə sual ünvalayır. Kim sualın düzgün cavabını verəcəksə, o da sağ qalacaq. Misalçün, o, şagirdlərindən birindən ən yüksək zirvənin hansı olduğunu soruşur. Şagird cavab vermir, onu söyür və nəticədə öldürülür. Yaxud başqa bir şagirdə atasının pulları hesabına savadsız həkim olacağını, insanları bədbəxt edəcəyini və buna yol verə bilməyəcəyini deyir. Və qan qrupunun neçə olduğu sualını verir. Cavab verməyən bu şagird də öldürülür. Ümumiyyətlə, elə də aydın deyil ki, şagirdlər həyəcandan susurlar ya doğru cavabı bilmədiklərindən. Ayrıca, belə təsəvvür yaranır ki, Fərrux bəzi şagirdlərini ona sayğısızlıq göstərdiyinə (misalçün onlardan biri nə vaxtsa Fərruxla zarafat etdiyinə görə öldürülür), digərləri savadsızlığına görə cəzalandırılır. İstər-istəməz bu epizodda qeyri-insani cəzavermə metodu seçən müəllimin haqlı tərəfləri də üzə çıxır. Yəni, bir növ müəllim insanları savadsız həkimdən xilas edir. Və sual yaranır ki, “Şər qarışanda”nın məqsədi, mesajı nədir?

Aydın olmayan məqamlardan biri Fərruxun bir şagirdini dəm qazından boğulan anasının qatilinin kimliyini öyrənməməkdə ittiham etməməsidir. Onun Güneli öldürməmə səbəbi isə məntiqsiz görünür: qızın gözlərində onu qətlə motivasiya edən dəhşəti, qorxunu görə bilmir. Halbuki çox inandırıcı olmasa da, Oksana Rəsulova hər halda obrazına dəhşəti verməyə çalışır.

Filmdəki qan, zorakı hadisələr çox olsa da, əndişə, həyəcan yaratmır. Günel neçə il əvvəl yaşadığı dəhşətli hadisəni müstəntiqə (Şəhriyar Əbilov) danışır. Ancaq müstəntiqin tükü də tərpənmir. Sanki bu, normallıqdır. Əhvalatda təsvir olunan qonşu kənd uşaqları isə niyəsə xippilərə oxşayır.

“Şər qarışanda” "OksiMedia Production”da şirkəti tərəfindən istehsal oluub.

# 5843 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #