Məqsədinə çatmaq üçün kişilərin yatağına girən qadın

Məqsədinə çatmaq üçün kişilərin yatağına girən qadın
22 iyun 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Andrey Konçalovskinin “Poçtalyon Aleksey Tryapitsının bəyaz gecələri” və Stiven Frirzin “ Füsunkar Tamara” filmlərini təqdim edir.

Rus rejissoru Andrey Konçalovskinin 2014-cü ildə ekranlara çıxan “Poçtalyon Aleksey Tryapitsının bəyaz gecələri” filmi Venesiya kinofestivalında “Gümüş Şir” mükafatına layiq görülüb.

Süjet: Hadisələr (əslində isə hadisəsizlik) Rusiyanın ucqar Kositsına kəndində baş verir. Kənd sanki dünyadan qopmuş ərazidir, adamlar isə çağdaş yox, fərqli zamanda yaşayırlar. Onların ətrafla əlaqəsini yaradan daha çox poçtalyon Alekseydir (Aleksey Tryapitsın). Aleksey sakinlərin təqaüdünü, məktublarını paylayır, onlara ərzaq, zəruri məişət əşyaları alır. Kəndin əhalisi azdır və şəhər mərkəzi ilə əlaqə göldən keçən qayıqdır.

Aleksey təkcə poçtalyonluq eləmir, o, getdiyi hər evdə həmkəndlilərinin qayğısı ilə maraqlanır. Onun ən yaxın dostu isə anası ilə yaşayan balaca Timurdur (Timur Bondarenko).

Bir gün Alekseyin qayığının motoru oğurlanır. Buna görə onun məktub daşıması çətinləşir. Yenisini almağa isə pulu yoxdur. O, şəhərdə yaşayan bacısının yanına köçür. Amma şəhərdən sıxılır və kəndə geri qayıdır...

“Poçtalyon Aleksey Tryapitsının bəyaz gecələri” son illərdə izlədiyim ən yaxşı dramlardan biridir və oxuculara bu ekran əsərinə baxmağı təklif edirəm.

Süjet haqda yazarkən “hadisəsizlik” sözünü təsadüfən işlətmədim. Çünki bütün film unudulmuş bir məkanda yaşayan kiçik insanların gündəlik qayğıları ilə yüklənib və onların heç nə baş verməyən monoton həyatı barədədir.

Rejissor kənd sakinlərini, buradakı atmosferi anlatmaq üçün qəhrəman olaraq, insanlarla ünsiyyəti tələb edən peşəni - poçtalyonu seçir. Onun vasitəsilə kənd sakinlərinin evinə-intim ərazisinə daxil oluruq. Rejissor tamaşaçını onların yaşayışı, düşüncələri, qayğısı ilə tanış edir. Misalçün, zavallı, tənha qocanın yeganə əyləncəsi içkidir. Oğlunu tək böyüdən İrinanın (İrina Yermolova) arzusu iş taparaq kənddən köçməkdir. Başqa bir yaşlı kişi isə həyatın axarına tabe olaraq yaşayır: “Hardasa uzaqlarda həyat sənə çəhrayı görünür. Amma yaxınlaşanda onun da boz olduğunu görürsən”. Bu fikirlə o, təkcə özünün yox, ümumiyyətlə, müxtəlif yaşam formalarının içində dəyişməz qalan mahiyyəti dilə gətirir.

Rejissor dramda yumor xəttini əskiltmir. Arvad ərinə sevinclə “Kişi və qadın” flminin (Klod Leluşun məşhur filmi) nümayiş olunacağını deyəndə, ər onun porno filmi olduğundan gileylənir.

Yaxud kamera Alekseyin gözüylə, vuayerist nəzərlə - İrinanın intimliyinə tuşlanır, onun masturbasiyasını fokusa gətirir.

Gözəl təbiət mənzərələri, göz oxşayan yaşıllıqlar sivilizasiyadan izolə olunmuş sakinlərin xiffətilə, boşalan evlərlə, xarabaya çevrilmiş məktəblə ziddiyyətdədir. Belə bir ziddiyyətli təsvir nəsə bir fanilik, sonsuzluq, fərdin kainatda zərrə olması hissini verir.

Kənd sakinlərinin televizora baxmasının, yemək yeməsinin, müxtəlif məişət fəaliyyətinin təkrar kadrlarda verilməsi həm forma kimi çıxış edir, həm statik həyatın görüntüsü kimi meydana çıxır. Vaxtaşırı iki həyat - yəni televizordakı parlaqlıqla, səs-küylülüklə ekranın bu üzündəki sıxıcı, zamanın dayandığı gerçəklik paralelləşir. Və virtual parlaqlığın aldadıcı, sabun köpüyü olduğuna əmin olursan.

Kənddə nadir hallarda hadisə baş verir. Qarı vəfat edir və dəfninə bütün kənd qatılır. Hətta təmtəraqlı nitq də səslənir, onun ölümü sosialist romantizminin gedişi kim dəyərləndirilir. Əslində Kostisına kəndi bu günün ritmi ilə yaşamır. Sovetdənqalma maşınlar, həyat tərzi, mədəniyyət, Alekseyin məktəbə gedərək məşhur rus-sovet mahnılarını xatırlaması kəndin nostalgiyasını, keçmişə xiffətini simvollaşdırır.

Rejissor sıradan məişət hadisələrində hakimiyyətin sosial siyasətini tənqid edir: təqaüdü gündəlik ehtiyaclarına yetməyən sakinlərə balıq tutmaq da qadağandır.

Amma həyat davam edir, istər-istəməz kənd keçmişindən qopmaq məcburiyyətindədir. Timurla poçtalyonun dialoqu da qopmanın zərurətini göstərir:

- Böyüyəndə poçtalyon olacaqsan.

- Poçtalyon lazım olmayacaq, çünki internet var.

Əhvalat köndələn, yarıköndələn rakurslardan, müşahidə metoduyla çəkilib. Filmdə bir neçə nəfər istisna olmaqla real adamlar iştirak edib. Baş rolun ifaçısı Aleksey real həyatda da poçtalyondur. Dokumental tərzdə çəkilmiş filmdə müəllif mistikanın, magik realizmin elementlərini də (Alekseyin yanında ara-sıra sirli bir pişiyin peyda olması, onun Timurla göldə kikimora axtarışı. Kikimora rus mifologiyasında qadın cildində insanlara, təsərrüfata zərər verən varlıqdır) ustalıqla sintez edir. Rejissorun sözlərinə görə, o bu ərazidə sadəcə həyatı müşahidə edən kadrlar çəkib. Filmin ssenarisi isə montaj zamanı yaranıb. Baş rol üçün bir il adam axtarılıb:

“Son bir neçə ildə mən özgüvənsizlikdən əziyyət çəkirdim ki, kinonun mahiyyətini həqiqətən də anlayırammı. Bu film təklif olunan hərəkətli təsvirlərlə, müşayiət olunan səslə yeni imkanlar açmaq cəhdi idi. Həyatı tələsmədən öyrənmək cəhdi idi. Seyr – elə bir ruh halıdır ki, bu zaman insan kainatla vəhdətdə olduğunu anlayır.”

***

İngilis rejissoru Stiven Frirzin 2010-cu ildə Kann festivalında nümayiş olunan “Füsunkar Tamara” qrafik romanlar müəllifi Pozi Simmondsun eyni adlı əsəri əsasında çəkilib. Simmondsun əsərinin motivləri isə ingilis yazıçısı Tomas Hardinin “Ağlını itirmiş kütlədən uzaqda” romanına əsaslanıb.

Süjet: Tamara (Cemma Arterton) adlı cazibədar gənc qız və jurnalist doğulduğu kəndə qayıdır. O, anasından qalan evi satmaq istəyir. Burnunu əməliyyat etdirdiyindən onu kənddə əvvəlcə kimsə tanımır. Əvvəllər onu rədd edənlərin hamısı - qonşu Endi (Lyuk Evans), yazıçı Nikolas (Rocer Allam) ona aşiq olur. Tamara isə bura konsert verməyə gəlmiş ulduz Benlə (Dominik Kuper) nişanlanır. Paralel xətdə yazıçı Nikolas və arvadı Betin (Temzin Qreyq) fermasında yazıçılar məskən salır. Onlar burada dincələrək əsərlər yazır və intellektual müzakirələr aparırlar. Bet isə evin bütün təsərrüfatını idarə edir, ərini ilhamlandırır və süjetlərin qurulmasında yardımçı olur. Nikolas isə ona həmişə xəyanət edir. Digər xətdə isə yeniyetmə qız Codi (Cessika Barden) fanatı olduğu Beni izləyir, o, Tamaranın email ünvanından bir neçə kişiyə sevgi məktubu yazır. Nəticədə Benlə Tamaranın münasibəti pozulur. Bədbəxt hadisə nəticəsində Nikolas ölür. Tamara Endi ilə evlənir. Ben təsəllini Codidə tapır. Dul Bet isə ərinin yazıçı həmkarı Qlenə (Bill Kemp) könül verir...

Fərqli janrlarda işləyən Frirz bu fars filmində maraqlı gözlənilməz dönüşlər, kolliziyalar qurur. İronik dialoqlarda, intellektuallara satirik münasibətdə Vudi Allenin ruhu sezilir. Ədəbi aləmdə nüfuz sahibi olan intellektualların zəiflikləri, gizli ehtirasları, naqislikləri qabardılır. Karyerasında yüksəlmək istəyən Tamara isə məqsədinə çatmaq üçün kişilərin yatağına girir.

Rejissor komiksvarı fleşbəklərdən istifadə edir. Məişət, mətbəx detallarının təsvirində azad ingilis kinosunda yer alan mətbəx dramı estetikasının əlamətləri var. İlk dəfə 1950-ci illər azad ingilis kinosuna münasibətdə işlənilən “mətbəx dramı” məişətdəki detallı təsvirləri, masa ətrafında qurulan dialoq və vəziyyətləri nəzərdə tutur.

# 3551 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #