“Xalq artisti adını almağa gecikmişəm” MÜSAHİBƏ

 “Xalq artisti adını almağa gecikmişəm” MÜSAHİBƏ
22 may 2013
# 15:13

Kulis.Az Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Çingiz Əhmədovun APA-ya müsahibəsini təqdim edir.

- Teatrda işləriniz hansı vəziyyətdədir?

- Teatrda işlər öz axarı ilə davam edir. Mayın 6-da Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında yeni tamaşanın premyerasını keçirdik. Çoxdandır Haqverdiyevin tamaşaları oynanılmırdı. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova çox istedadlı xanımdır. Bu tamaşa onun teatrımızda ilk işi idi. Zənnimcə, tamaşa çox maraqlı alındı. Rollarda 4 nəfərlə yanaşı, balet truppası da çıxış etmişdi.

- Neçə müddətdir ki, teatr bərpa işlərinə görə Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir. Nə kimi çətinliklərlə qarşılaşırsınız?

- Düzünü desəm, çətinliklərimiz çox olur. Artıq 3 ildir ki, teatrımızda dövlət tərəfindən təmir-bərpa işləri gedir. Bina təhvil verilsə də, biz oraya yeni teatr mövsümündə köçəcəyik. Adətən böyük tamaşaları Rus Dram, Gənc Tamaşaçılar və ya Akademik Milli Dram Teatrında, kiçik tamaşaları isə burada oynayırıq.

- Bu yaxınlarda teatrınızın adında dəyişiklik edildi. Buna münasibətiniz necədir?

- Teatrımız bir vaxtlar Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı adlanırdı. Bu, dövlətin verdiyi qərardır. Qarışa bilmərik. Amma heç olmasa, “komediya” sözünü götürməzdilər. “Komediya” sözü ada xüsusi fərqlilik gətirirdi. Bu o deməkdir ki, Musiqili Teatrda istənilən əsəri oynamaq olar.

- Hazırda sizi filmlərdə, seriallarda görməməyimizin günahı sizdə, yoxsa rejissorlardadır?

- İndiki seriallara dəvət alsam da, çəkilmirəm. Çünki özümü o kollektivlərdə görə bilmirəm. Peşəkarlıq səviyyəsi aşağı olan aktyorlarla bir serialda çəkilə bilmərəm. Bu yaxında mənə yeni bir film layihəsi barədə məlumat verilib. Deyilənə görə, filmdə Tariyel Qasımov, Rasim Balayev rol alacaq. Hələ ki ssenari yazılır. Ətraflı məlumatım yoxdur. Qismət olsa, mən də orada oynayacam.

- Həmkarlarınızla münasibətləriniz necədir? Səhv etmirəmsə, 2007-ci ildə keçirilən realiti-şouda Sənubər İsgəndərli ilə aranızda problemlər yaranmışdı...

- Hə, Sənubər İsgəndərli Murad Arifin əli ilə məni oyundan uzaqlaşdırmışdı. Hazırda Murad Ariflə danışmasam da, Sənubər İsgəndərli ilə salamlaşıram. O da, mən də Azərbaycanın əməkdar artistləriyik. Hələ ki onunla birgə bir işimiz, tamaşamız olmayıb. Mənim heç kimlə problemim ola bilməz. Mən gör kimləri görmüşəm? Nəsibə Zeynalova evimizin içi olub. Mən nəhənglərlə işləmişəm. Təbii ki, şou-proqramlarda belə hallar olmalıdır. Elə bu hadisə ilə də həmin verilişə reytinq qazandırmışdı.

- Qarşıdan Azərbaycan teatrının yaranmasının 140 illiyi gəlir. Dövlət tərəfindən mükafat gözləyirsiniz?

- Elə aktyorlarımız var ki, hələ ki fəxri ad almayıb. Arzu edirəm onlar da bu şərəfə nail olsunlar. Allah mənə də xalq artisti olmağı nəsib eləsin. Bəlkə də bu adı almağa gecikmişəm. Bu ada sahib olmağı gözləyirəm.

- Neçə illərdir ki, sənətdəsiniz. Aktyorların filmlərdə, tamaşalarda əsas rol almasında tanışlıq nə dərəcədə rol oynayır?

- Lap əzəldən bu işlər belə davam edir. Mən həmişə demişəm ki, həkimlik və aktyorluq sənətində gərək nə tanışlıq, nə də pul keçməsin. Səhnə bir güzgüdür. Sən özünü orada düzgün əks etdirməlisən. Aktyor sənətə tanışlıqla gəlibsə, bir müddətdən sonra büdrəyir. Mənim üçün tamaşaçı alqışı hər zaman olub. Buna görə özümü xoşbəxt sayıram. Həm də xoşbəxtəm ki, 16 ildən artıqdır aparıcı kimi fəaliyyət göstərirəm.

- Biz Çingiz Əhmədovu efirlərdə görməyə öyrəşmişik. Son vaxtlar efirlərdə az görünməyinizin səbəbi nədir?

- Mən 1972-ci ildən bəri efirlərdəyəm. Bir çox televiziya layihələrinə imza atmışam. Bu yaxında tamaşaçıların qarşısına ANS televiziyasında yeni layihə ilə çıxacağam. Layihənin adı “Sehrli Şou” adlanır. Burada da münsiflər heyəti olacaq. Veriliş həftənin çərşənbə və ya bazar günləri yayımlanacaq. Bu kimi bir neçə məsələlər hələ dəqiqləşdirilməyib.

- Sonuncu dəfə ANS televiziyasında “Toylar Kralı” verilişindən narazı ayrılmışdınız...

- Deməzdim. Çünki veriliş tükənmişdi. Efir saatını doldurmaq üçün verilişə hər oxuyanı çıxarmaq olmaz axı. Tamaşaçının kanalı çevirməməsi üçün həm yaxşı səsi, həm də danışığı yaxşı olan ifaçılar dəvət olunmalıdır. Sonuncu “Toylar Kralı”nda Habil Laçınlı qalib gəlmişdi. Veriliş 4 il yaşaya bildi. Mən ANS-də 6 il “Yeriniz Məlum” verilişini aparmışam. Elə həmin veriliş də tükəndiyindən dayandırmışdıq. Amma “Toylar Kralı” verilişini yenidən bərpa etmək fikrindəyik. Bu dəfə adı ya “Yeni səs”, ya da “Əməkdar artist” olacaq.

- Yəqin özünüz də bilirsiniz ki, “Toylar Kralı” verilişi cəmiyyətdə o qədər də ciddi qarşılanmır. Mən bir tamaşaçı kimi toy səviyyəsində olan ifaçıların efirdə təbliğinin əleyhinəyəm. Sizin əməkdar artist kimi buna münasibətiniz necədir?

- Mən də sizin fikirlərinizlə şərikəm. Amma tamaşaçılar indi ancaq belə verilişlərə baxır. İnsanların zövqü, marağı dəyişib.

- Bu veriliş sizin imicinizə təsir etmədi ki?

- Yox. Mən 6 ilə qədər “Yeriniz məlum” verilişini aparmışam. Həmin illərdə o verilişi qəbul edirdilər. İndi isə tamaşaçılar belə verilişlərə baxır. Mən heç inanmırdım veriliş bu qədər reytinq qazanar. İnsanlar qalmaqala, davaya, mübahisəyə baxmağı xoşlayır.

- Siz əvvəllər Rəhman Quliyevlə birlikdə çalışırdınız. Niyə davam etmədiniz?

- Rəhmanın cavan oğlu rəhmətə gedəndən sonra biz birgə fəaliyyətimizi dayandırdıq. Həm də Rəhmana dedim ki, nə qədər qadın paltarı geyinmək olar? Artıq yaş öz işini görür, övladlarım böyüyüb. Buna baxmayaraq, teatrda qadın obrazlarında oynayıram.

- 1987-ci ildən aparıcılıqla məşğul olursunuz. İndiki aparıcıların savad və danışıq qabiliyyəti sizi qane edir?

- Razı deyiləm. Canlı efir tamam başqa aləmdir. Mən hər zaman verilişlərə reytinq vermişəm. Bu kökdən gələn bir şeydir. Özüm kimi canayatımlı, tamaşaçını yormayan şoumenlərə hələ ki rast gəlməmişəm.

- Hələ də toylarda masabəyi kimi çıxış edirsiniz?

- Ayda bir-iki dəfə olur. Bu da maddi vəziyyətlə bağlıdır. 235 manat aktyor maaşı alıram. Ordan vergi çıxılır və 191 manat qalır. 30 manat da əməkdar artist təqaüdü alıram. Televiziyadan da qonorarlarım olur. Amma bu məvaciblə normal dolanmaq olmaz. Ona görə də məcbur olub toylara da gedirəm. Dövlət bizə yaxşı məvacib versə, əlavə işlər görməyə məcbur qalmarıq.

- Adətən sənətdə olan insanların ailə həyatı gərgin keçir. Siz ailənizdən məmnunsunuz?

- Bizim ailədə hər şey yaxşıdır. İki övladım var. Oğlum İncəsənət Universitetində oxuyur. Qızım isə Rusiyada təhsil alır. Oğlumun böyük istedadı olsa, istərdim o da bu sahədə olsun. Oqtay Mirqasımov oğlumu çox sevir. Həmişə deyir ki, istedadlı oğlandır, öz üzərində işləsin.

- Artıq 50 yaşınız var. Keçmişə baxanda nə düşünürsünüz?

- Fikirləşirəm ki, hələ görəcəyim çox iş qalıb. Mənə 20 il də qismət olsa, həm səhnədə, həm televiziyada nəsə edə bilərəm. Sənətdə çox az işlər görmüşəm. Özümü çox doğrulda bilərdim. Düşünürəm ki, indiyə qədər çox kiçik işlər görmüşəm. Məndə potensial var və daha yaxşı işlərin öhdəsindən gələ bilərəm.

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #