KQB generalı qadına dedi ki...

KQB generalı qadına dedi ki...
2 may 2013
# 07:30

Kulis.Az məşhur rejissor Aleksey Germanın “Rusiya” qəzetinə verdiyi müsahibədən parçaları təqdim edir. Bu ilin fevralında dünyasını dəyişmiş rejissor özünün “Yollarda yoxlama”, “Mənim dostum İvan Lapşin”, “Xrustalyov, maşını!” və s. filmləriylə tamaşaçıların ürəyini fəth edib.

Özünü qamçılamaq

Anlaşılmaz bir dövrə gəlib çıxmışıq: kinonu kimin üçün çəkirik? Əvvəllər həqiqəti söyləməli olduğumu anlayırdım, kiminlə mübarizə apardığımı bilirdim və bunu necə həyata keçirməyi hiss edirdim. Biz ideya adamları idik, öz yaradıcılığımızla sosialist incəsənətinə faydalı olduğumuzdan əmindik. Amma indi küyü yarmaq mümkün deyil. Və indi öz həqiqətimi kimə danışacağımı bilmirəm, əslində bu kimin nəyinə lazımdı? Mənə indi yaşamaq çətindi və mən nə edəcəyimi bilmirəm. Halım çox pərişandı, anlayırsınızmı... Həyat sona yetir. Və mənə elə gəlir ki, o çox uğursuz yaşanıb. Bacarıqsız yaşadığım illərə görə əziyyət çəkirəm.

Qorxular

Bir fikirləşin: ilk filmini çəkirsən, onu KQB-dən olan feldyeger prokatından çıxarırlar. Bir bilsəydiz, ikinci filmimi çəkəndə üstümə necə bağırırdılar. “Yollarda yoxlama”nı xatırlamaq belə istəmirəm. Və hər dəfə eyni şey təkrarlanırdı. Lyoşkanın (oğlunu nəzərdə tutur – red.) hər filmi sevinc gətirir, mənimkisə dəhşət. Görəsən, niyə? Əgər heç kəs sizinlə salamlaşmırsa, görüm studiyaya necə yaxınlaşırsınız? Hətta dostlar belə salamlaşmırdılar. Çox inciyirdim, dəhşətli dərəcədə çox.

Allah eləməmiş, Baskakov (SSRİ Dövlət Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini – red.) iki yumruğunu masaya çırpıb üstünə bağırmasın: “Sizin yeriniz prokurorluqdur!” – və bütün əşyalar göyə uçur. O zamanlarsa prokurorluq çox qorxulu yeriydi. Və yaxud, bir dəfə anam mənə görə necə həyəcanlanmışdısa, bədənini ekzema (dəri xəstəliri – red.) basmışdı. Bunun nə qədər qorxulu olduğunu təsəvvür edirsinizmi? Ya da KQB generalı maşında tanış qadınla birgə gedərkən söyləyir: “Siz Germanla bir evdə yaşayırsınız? Ona çatdırın ki, az çərənləsin.

Mən isə cəsarətli olduğum üçün çərənləmirdim. Üstəlik sizə söyləyim: içimdə həmişə iki qorxu oturmuşdu. Biri – pis kino biabırçılığı, ikincisi – rəhbərlik. Və pis kino çəkmək qorxusu bircə-ikicə millimetr üstələyə bilərdi o birini. Amma həmişə dərk etmişəm ki, məşhur, hamı tərəfindən sevilən partiya funksioneri, yazıçı oğluyam... Həmişə bilmişəm ki, atamı sevən mötəbər tanışlara, hətta Sovet İttifaqı Qəhrəmanlarına müraciət edə bilərəm. Həmişə geri çəkilmək imkanım vardı. Bağım vardı, onu sata bilərdim. Amerikada varlı və ləyaqətli dayım vardı, ilk dalğa zamanı köçmüşdü ora, ən ağır vaxtlarımda mənə “Volqa” göndərmişdi. Kinostudiyada beləsi yalnız Xeyfisdə (İosiz Xeyfis, rejissor – red.) vardı. Hərçənd deməliyəm ki, o zamanlar da çox darıxırdım. Bir dəfə üzümü divara çevirib bir ay uzandım.

Ana və analıq

İndi bəzən düşünürəm: gərək “Yollarda yoxlama”dan sonra gedəydim... Sadəcə həyatıma dözdüm. Amma Svetlana (ssenarist Svetlana Karmalita nəzərdə tutulur – red.) olmasaydı, dözə bilməzdim. Gedərdim. Amerikaya. Orda iş təklifləri almışam. Amma birdən elə darıxmağa başladım ki. Lənət şeytana, heç səbəbini özüm də bilmirəm. Görəsən, Vətən niyə adamı özünə çəkir? Və niyə həmişə yuxularına girir, səni yaşamağa qoymur? Elə bu səbəbdən “Xrustalyov, maşını!” filmimi yaratdıqlarımdan ən yaxşısı hesab edirəm. Həmin filmdə ölkəmdən söhbət açmışam. Bəzəksiz-düzəksiz. Tozağaclarını təsvir etmədən – onlardan Kanadada da çoxdu. Mən Rusiyanın öz xalqı üçün ögey ana olduğunu göstərmişəm bu filmdə. Elə ona görə çəkdim ki, uşaqlığım, yaşadığım və içimdə olan dünya, ona olan sevgim və nifrətim kinoplyonka parçasında da olsa qorunub-saxlansın.

Müharibə hissi

Bəlkə mənim bütün problemlərim ömrüm boyu müharibə hissiylə yaşamağımdadı. Özü də ona görə yox ki, uşaqlığım atamın müharibə haqda söhbətləriylə keçib, ona görə yox ki, özüm müharibə dövrünün uşağıyam, çoxlu hərbi təyyarələr, bombardmanlar görmüşəm... Yox, sadəcə bu dəhşətli hiss həmişə içimdə olub. Hərbi düşərgə əsiri hissi. Zənnimcə, hərbi düşərgə barədə asanlıqla bir film çəkərdim. Hərdən mənə elə gəlir ki, özüm orda olmuşam, düşərgə skamyasının altında gizlənmişəm, oğrulardan qorxmuşam...

Məyusluqdan qurtulmağın yolları

Məni məyusluqdan nə xilas edir? Yəqin ki şeirlər. Bilirsiniz, son illər hər dəfə ayılan kimi beynimdə yaxşı şeirlər səslənir. Onlarla birgə gəzirəm, hətta mane olanda belə, onlardan qurtulmaq mümkün olmayanda belə. Bax elə bu gün qulaqlarımda Lermontovun sətirləri səslənir. Bu şeirlərdən sonra insana, gözəlliyə, ilahiyə inanmağım gəlir. Akademik Lixaçovun (Dmitri Lixacov – red.) sözlərini xatırlayırsınız?

“Əgər incəsənət yoxdursa, həyatın nə mənası?”

İnam

Mən dindaram, hərçənd ortodoksal deyiləm, amma inanıram: yer üzündə ata-anadan daha böyük bir şey var. Nəyinsə mövcudluğuna inanıram və öləndən sonra heç nəyə çevrilməyəcəyəm, çünki enerji qanunu deyilən bir şey var. Nəyəsə çevriləcəyəm, amma nəyə, onu bilmirəm”.

Yaşlı insanın duası

İlahi, tezliklə qocalacağımı məndən yaxşı bilirsən. Məni kiməsə hansısa məsələylə bağlı məsləhət vermək kimi dəhşətli vərdişdən qoru.

...Nəyisə yaxşılaşdırmaq xətrinə kiminsə işinə burun soxmaq kimi pis xasiyyətdən xilas et. Qoy mən zəhlətökən deyil, düşünən olum. Qaniçən deyil, faydalı olum. Sayı-hesabı olmayan təfərrüatları xırdalığınadək izah etmək günahından qoru. Mənə qanad ver ki, zəif olsam belə, məqsədimə çata bilim.

Əgər xəstəliklərimdən söhbət açmaq istəsəm, ağzımı bağla. Onların sayı və barəsində danışmaq istəyim durmadan artır.

İlahi, bir şey də xahiş edirəm, dərs vermək imkanın olanda mənə yazığın gəlməsin. Sübut elə ki, mən də səhv edə bilərəm... Əgər gülərüz ola bilmişəmsə, bu qabiliyyətimi qoru. Hərçənd müqəddəsə çevrilmək fikrim yoxdu: bəziləri yaxın ünsiyyətdə dözülməzdi. Yaxşılığın gözlənilmədiyi yerdə onu açmağı və digərlərində gözlənilməz istedadlar kəşf etməyi öyrət”.

* Vaxtilə atasının oxuduğu bu dua həmişə Aleksey Germanın masasının üzərində olub.

# 4921 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #