Bank yarır, maşın qaçırır, ancaq həbs olunmur

Bank yarır, maşın qaçırır, ancaq həbs olunmur
1 iyun 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Stiven Soderberqin “Əlavə təsir” və Daqura Karinin “Noy ağ qarğadır” filmlərini təqdim edir.

Amerikalı rejissor Stiven Soderberqin “Əlavə təsir” psixoloji trilleri 63-cü Berlin kinofestivalının əsas proqramının iştirakçısı olub.

Süjet: Qəhrəmanlardan biri Emili, (Runi Mara) əri Martin (Çenninq Teytum) maliyyə maxinasiyalarına görə həbs olunanda əsəb sarsıntısı keçirir. Amma ərinin həbsdən çıxmasıyla özünə gələ bilmir. Çünki ailənin maddi sərvətini, nüfuzunu, mövqeyini itirməyin tək günahını ərində görür. O, intihar məqsədilə maşını qəzaya uğratsa da sağ qalır. Xəstəxanada onu psixiatr Conatan (Cud Lou) müayinə edir. Psixiatr Emilini o şərtlə buraxır ki, qadın onun yanına nizamlı şəkildə müalicəyə gələcək.

Emili müxtəlif antidepressantlar qəbul etsə də, heç birinin təsiri olmur. Conatan onun keçmiş psixiatrı Viktoriya (Ketri Zeta Cons) ilə görüşür və o, Emiliyə yeni “Abliks” adlı preparat verməyi məsləhət görür. Conatan yeni çıxan dərmana şübhəylə yanaşsa da, preparat Emiliyə müsbət təsir göstərir. Bununla belə dərmanın qəbulu nəticəsində onda somnambulizm (yuxuda ikən insanın qeyri-adi hərəkətləri) baş verir və o, ərini qətlə yetirir.

Emilinin cinayəti Conatanın karyerasına mənfi təsir göstərir. Çünki preparatı təyin etdiyi üçün o, günahkar bilinir, üstəlik, ailəsi dağılır. Conatan sonradan anlayır ki, o tələyə düşüb. Emili əslində depressiyada deyil, o tamamən sağlamdır. Qadın sadəcə depressiyanı simulyasiya edir. Conatan onun izinə düşməyi qərara alır...

Soderberq adətən triller janrında klişelərə qaçmır, onun qaydalarından ustalıqla istifadə edir və nəql texnikası ilə janrı yeniləməyə çalışır. Əhvalatdakı gözlənilməz döngələr, fabulanı mürəkkəbləşdirən dramaturji fəndlər, keyfiyyətli aktyor oyunu filmin gərgin tempo ritmini saxlayır.

Müəllif günümüzdə aktual olan problemləri təsvir edir. O, işbazların mənfəətpərəstliyi üzündən toplumun manipulyasiyası, insan sağlamlığını, peşəkarların nüfuzunu təhlükə altında qoyması kimi məsələlərə toxunur.

Soderberqin psixoloji tirllerində, Emili obrazının konsepsiyasında bu janrın ustası Alfred Hiçkokun kinodünyasının təsiri duyulur. Misalçün, psixiatrı Viktoriyanın təsiri altına düşmüş Emili Hiçkokun “Başgicəllənmə” filmindəki Madlen obrazının müasir traktovkasıdır. Madlen də sifarişlə ruhi xəstə qadını simulyasiya edir.

Film başqa, daha önəmli məsələni diqqət mərkəzinə gətirir: antidepressantlar problemlərdən çıxış yoludurmu? Sual birbaşa səslənməsə də, əhvalatdakı gedişat onu doğurur. Sual açıq qalır və düşündürməyə vadar edir.

***

İsland rejissoru Daqura Karinin “Noy ağ qarğadır” ekran əsəri 2003-cü ildə lentə alınıb, Almaniya, Danimarka və Böyük Britaniyanın birgə istehsalıdır. Film Avropa Kinoakademiyasının müxtəlif nominasiyalarına təqdim edilib.

Süjet: 17 yaşlı Noy (Tomas Lemarki) ucqar bir kənddə atası və nənəsi ilə birgə yaşayır. Noy ona tapşırılan işi yarıtmır, dərslərə nizamlı getmir, gedəndə isə dərs zamanı yatır. Sonra isə məktəbə diktofon göndərir ki, müəllimin dərslərini yazsın. Hamını qıcıq edən Noya kimsə ciddi yanaşmır. O, bankı yarmaq istəyəndə, avtomobil qaçıranda belə onu qeyri-ciddi saydıqlarından həbsə almırlar. Onun arzusu sevdiyi qız Ayrislə (Elin Hansdottir) bu kənddən uzaqlara getməkdir...

“Noy ağ qarğadır” sosiumun qəbul etmədiyi, sosial normaları daim pozan, bu dünyada necə yaşamalı olduğunu bilməyən, çıxış yolunu uzaqlara getməkdə görən gəncin hekayəsidir. Ona elə gəlir ki, xoşbəxtlik deyilən şey haradasa uzaqlardadır.

Aktyor Noy obrazını emosiyasız, introvert kimi təqdim edir. Və onun emosional qatı olmayan məni, monoton həyatı - kəndin soyuq tonlarda çəkilən nəhayətsiz, boş, sıxıcı təsvirlərində vizual həll olunur. Noy özünəməxsus davranışıyla cəmiyyətə üsyan edir.

Final epizodunda özünə qapanmış Noy hər kəsdən təcrid olunaraq zirzəmiyə girir. Və bu zaman baş vermiş qar uçqunundan xilas olur. Toplumun Noyu özünü izoləyə məcbur etməsi onun xilasına çevrilir. Noyun bütün ailəsi və sevdiyi qız isə uçqunda həlak olur.

Baş vermiş faciə Noya həyata baxışının dəyişməsində rol oynayacaqmı?

# 5066 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:54 22 iyul 2026
"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

18:40 21 iyul 2026
"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

17:00 21 iyul 2026
“Cənnətin iqamətgahı”  filminin treyleri hazırdır

“Cənnətin iqamətgahı” filminin treyleri hazırdır

15:30 21 iyul 2026
Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

14:40 21 iyul 2026
Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

13:30 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər