“Bacanaqlar”la “Santa Barbara”nı ötəcəyik

“Bacanaqlar”la “Santa Barbara”nı ötəcəyik
17 noyabr 2014
# 12:03

Kulis.az “Bacanaqlar” serialının əsas ssenaristi, məşhur həm də aktyor Ənvər Abbasovla müsahibəni təqdim edir.


- Bu gün bizdə ən çox səslənən iradlar ssenarilərlə bağlıdır. Deyirlər ki, yaxşı ssenarilərimiz olmadığı üçün səviyyəli serial və filmlərimiz çəkilmir. Bu fikirlərlə razısınızmı?

- Səslənən fikirlərlə elə də razı deyiləm. İndiki zamanda tələbat nəyədirsə, hansı zarafatlar daha aydın başa düşülürsə, biz ssenarini ona uyğun yazırıq. Misal üçün, yeni mövsümdə anonsları nümayiş olunan “My name is İntiqam”, “Xoxan” kimi filmlərin biletlərinin hamısı satılıb, hətta kassalarda növbədir. Qeyd etdiyim komediya filmləri demək olar ki, çox gözəl alınıb. Yəni yaşadığımız dövrdə insanların tələbatı nəyədirsə, biz də ona uyğun ssenari yazırıq. Ona görə də yazdığım ssenarilər baxımlı və gülməli olur.

- Dünən komediya ustası Fərda Xudaverdiyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda dram janrının planını türk serialları doldurub. Bu barədə siz nə fikirləşirsiniz?

- Mən bu fikirlərlə tamamilə razı deyiləm. Əksinə, dram janrı Azərbaycanda daha çox reytinq verir. Biz onu televiziyalarda izlənilən reytinqlə ölçürük. Hal-hazırda Azərbaycan serial məkanında reytinqlərdə birinci yerdə olan dram seriallarıdır. Həqiqətən də bu seriallara kütlə baxır. Hətta mən deyərdim ki, yumoristik serialları dram janrında çəkilmiş seriallar üstələyir. Bizim xalqımız gülməkdən çox ağlamağa üstünlük verir. Mən bu fikirlərin tam əleyhinəyəm. Ola bilər ki, Fərdanın reytinqdən tam xəbəri yoxdur. Mən hər gün serialların reytinqi ilə çox yaxından maraqlanıram.

- Milli Telerradio Şurası daima serialların keyfiyyəti, çəkilmə metodu, ssenarisi ilə bağlı öz iradlarını bildirir. Onların qınaqları ilə razılaşırsınızmı?

- Əslində onların fikirləri ilə razılaşıram. Mövzulara bir az sevgi qatsalar, daha yaxşı olar. Azərbaycanda çəkilən seriallarda oxşarlıqlar çoxdur. Əksər mövzularda qəhrəmanlar bir-birilərindən borc alır, kriminal həyat yaşayır. Mövzularda dəyişiklik olarsa, seriallar daha çox baxımlı olar. Tamaşaçı bir seriala baxdığı zaman reklam olarsa, o kanalı böyük ehtimal ki, dəyişərək başqa bir kanala çevirəcək, o zaman tamaşaçı başqa bir serialın davamına baxacaq. Həmin anda o, hiss etməz ki, bu onun izlədiyi serial deyil, başqa bir serialdır. Yəni bizim seriallarımız bir-birindən o dərəcədə seçilmir. Bu gün çəkilən serialların ssenarilərində dəyişikliklərə ehtiyac var.

- Çəkilən serialların mövzusu da bəzən Azərbaycan mentalitetinə uyğun olmur. Sanki onların danışdıqları hekayə Braziliyanın hansısa bir şəhərində baş verir.

- Ola bilər. Mən gündəlik gündəmi, mətbuatı izləyirəm. Misal üçün, toydan bir gəlin qaçıbsa, serialın bir bölümünü ona həsr edirəm. Gündəm nəyi tələb edirsə, ona uyğun da ssenari yazıram. Ancaq dram janrını deyə bilmərəm. Düzdür, dram seriallarına baxanda görürük ki, orada baş verən hadisələr bizim həyatımıza uyğun deyil. Seriallarımızda baş verən hadisələr Azərbaycanda real həyatda baş vermir. Digər ssenaristlərin işinə qarışmıram, mən yalnız öz işim haqqında danışa bilərəm. Bu gün gündəmdə olan sadə camaatdır. Müğənnilərimiz belə gündəmi zəbt edə bilmirlər. Çünki onların yaradıcılığında yenilik yoxdur ki, hansısa layihələrindən təsirlənib ssenari yazaq. Bizim seriallardakı o atışmalar, öldürmələr Türkiyədə var ki, bizdə elə hadisələr olmur.

- Ssenari yazmaq ədəbiyyatın bir qoludur. Siz özünüzü ədəbiyyat adamı, yazıçı hesab edirsinizmi?

- Deyəsən, sənin də ürəyin doludur ha (gülürük). Mən özüm az yaşımda KVN-lə məşğul olmuşam. O zamandan ssenarilər yazmağa başlayırdım. Bu sahədə mənim heç bir təhsilim yoxdur. Sadəcə olaraq bu sahədə praktikam genişdir. Azərbaycanda ən çox seriyaya ssenari yazan mən olmuşam. KVN-də iştirak edərkən belə, gecə-gündüz oxuyurdum, seriallara, filmlərə baxırdım, bununla bərabər, həm də ssenari yazırdım. Qəbul edirəm ki, təhsilim yoxdur. Bu sahədə təhsil də çox önəmlidir. Ancaq təhsilsiz də istedadlı olmaq mümkündür. O qədər elə insanlar var ki, təhsilsiz olsa da, istedadı çoxdur.

- Ssenaristi olduğunuz “Bacanaqlar” serialı böyük maraqla qarşılandı və uzun müddətdir ki, davam edir. Nümayiş olunan zaman çərçivəsində adları dəyişilərək müxtəlif formatlarda çəkilsə də, bu serial uzun yaşadı. Qorxmursunuz ki, tamaşaçı artıq serialdan yorular və bezib seriala baxmaqdan imtina edər?

- Demək olar ki, hər mövsüm biz “Bacanaqlar” serialının ssenarisini, formatını tamamilə dəyişirik. Serialın yalnızca adı qalır. Çəkdiyimiz serial əgər reytinq verməsə, baxımlı olmasa, biz bunun davamını çəkmərik. Əgər bu seriala baxılırsa və tələbat varsa, niyə də çəkilməsin? Tamaşaçılar bu serialdan yaxşısına baxmayacaqlar ki? Türkiyədə baxılan, sevilən seriallardan olan “Kurtlar vadisi” görün neçə ildir ki, çəkilir. Həmin film indi də reytinq verir və çəkilməkdə davam edir. Hazırda həmin serialın 250-ci seriyası çəkilir. Biz də 250-ci seriyanı çəkirik. Hələ ki serialı saxlamaq fikrimiz yoxdur. Niyyətimiz odur ki, “Santa Barbara” serialının rekordunu keçək.

- Ənvər bəy, bu yaxınlarda nümayiş olunacaq “My name is İntiqam” filmində həm ssenarist, həm də aktyor kimi çıxış edirsiniz. İki işi birdən görmək sizə çətin olmadı?

- Ssenarini yazarkən sanki bütün aktyorların yerinə özüm oynayıram. Ona görə də məndə hansısa obrazı canlandırmaq məsələsində problem yoxdur. Bu serialda baş rola Müşfiq çəkilib. Müşfiqin təkidi ilə mən həmin filmdə bir obraz canlandırdım. Əslində aktyor kimi oynamağın tərəfdarı deyiləm. Çünki çəkiliş prosesi məni çox yorur. Yalnız mənə yaxın olan insanlar xahiş etdikdə, onları geri çevirə bilmirəm. Çəkilən film çox maraqlıdır. Filmi izlədikdə, onun türklərin çəkiliş stilində olduğunu görəcəksiniz. Tamaşaçıda elə bir təsəvvür yaranacaq ki, sanki bunu türk ssenaristi yazıb və türklər çəkib. Amma bunu öz rejissorlarımız və ssenaristlərimiz hazırlayıb. Filmdə saf, rayon uşağı olan İntiqam gülməli videosunu “Youtube”-a yerləşdirir və bu ən çox baxılan video olur. Orada da ən çox baxış olan videoya pul verilir. Bakıda təşkilatçılardan biri istəyir ki, İntiqamı paytaxta gətirsin, onun başını aldadıb pulunu əlindən alsın. Paytaxtda çox maraqlı hadisələr baş verir. Film 28 noyabrdan Nizami kinoteatrında nümayiş olunacaq.

- Ənvər bəy, hansı sənət sizə daha yaxındır - aktyorluq, yoxsa ssenaristlik?

- Aktyor olmaq mənim üçün daha rahatdır. Çünki çəkilişlərdə rahat, deyib gülə-gülə bölümü çəkib qurtarırıq. Ancaq oturub ssenari yazmaq, düşünmək mənim üçün çox ağırdır. Bu gün seriala ssenari yazan ssenaristlərimiz çox azdır. Ssenarist olmur ki, oturub onu işləsin. Ona görə də məcbur oluram ki, oturub özüm yazım. Biz də istedadlı gənclər arasında ssenarist axtarırıq. Əvvəllər KVN-lərdən yaxşı ssenari yazan uşaqlar çıxırdı. İndi KVN yoxdur, məktəblərdə də belə bir yarışmalar keçirilmir, ssenarist tərəfdən böyük qıtlıq keçiririk. Yumor sahəsində yaza bilən ssenarist tapa bilsək, sevinərik. Ağır da olsa məcburuq ki, ssenarini özümüz yazaq. İki işi birdən aparmaq məni çox yorur.

- Siz daim komediya üzərində işləyirsiniz. Biz sizi dram janrında demək olar ki, görməmişik. Məsələ sizdədirmi, yoxsa dövrün tələblərində?

- Dram janrında da özümü sınamaq istəyirəm. Aktyor kimi hər hansı bir rol mənə təklif olunduqda, o janrda oynayaram. Yazdığım ssenariləri oxuduqda, layihə rəhbərləri təklif edirlər ki, bu obrazı sən daha yaxşı oynayarsan, mən də bundan imtina etmirəm. Amma daha çox filmlərin ssenaristi kimi çalışıram. Əvvəllər “Aramızda qalsın” serialında dram mövzusuna toxunurduq. O da yalnız serialın dram hissəsi böyük reytinq verən zamanlarda. Dram janrı bir qədər çətindir, amma maraqlıdır.

“Kaspi” qəzeti

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
#
#
# # #