“Elçin Əfəndiyev dövlət adamı olsa da...”

“Elçin Əfəndiyev dövlət adamı olsa da...”
24 aprel 2013
# 11:03

Kulis.Az tanınmış rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyovla müsahibəni təqdim edir.

- 32 il çalışdığınız Akademik Milli Dram teatrından niyə getdiniz?

- Bildiyiniz kimi hazırda bütün sahələrdə islahatlar aparılır. Teatrlarda da islahatlar aparmaq lazım idi. Akademik Milli Dram Teatrı böyük teatrdır, potensiallı rejissorlar, aktyorlar burada tamaşa qoymağa, rol almağa can atırdılar. Baxmayaraq ki, onlar başqa teatrda çalışırdılar. Əvvəllər bizim teatrda tamaşa qoymaq, rol almaq çox çətin məsələ idi. Bu problemi aradan qaldıraraq çox gözəl islahat apardılar. Ştatda olan rejissorlar müqavilə ilə çalışmağa başladılar. Onlar bir növ müstəqil oldular. Bizim əyalətlərdə yaxşı tamaşalar hazırlayan rejissorlar bir-bir teatra dəvət olundu. Rayon teatrlarının baş rejissoru və yaxud adi rejissorlar istədikləri əsərləri, istədikləri aktyorlarla səhnələşdirdilər. Akademik Milli Dram teatrında çalışdığım 30 il müddətində belə demokratik ab-hava olmamışdı. Bu islahatı dəstəkləyirəm. Teatra can atan rejissorların potensialı üzə çıxır. Artıq əsər tamaşaya qoymaq istəyən istedadlı gənclərin arzusu reallaşdı və bununla da rejissorlarımızın potensialı göründü. Əlbəttə Akademik Milli Dram Teatrı çalışacaq ki, özünü göstərən rejissorlara yeni tamaşalar həvalə edilsin. Bir sözlə, teatrda yeniləşmə gedir. Rejissorlar onları qane etməyən aktyorları başqa aktyorlarla əvəz edə bilirlər. Əvvəllər belə bir şey yox idi. Bu da birbaşa islahatlarla bağlıdır. Yəni, rejissor deyir ki, mən filan teatrdan filan aktyoru dəvət etmək istəyirəm.

- Ordan çıxarılmağınızı düzgün hesab edirsiniz?

- Bu gün müstəqil rejissor kimi yaxşı tamaşa hazırlaya bilirəmsə məni çağıracaqlar, pis tamaşa hazırlayan rejissoru dəvət etməyəcəklər. Demək olar ki, mən işdə sayılıram.

- İndi tamaşa hazırlayırsınızmı?

- Bəli, hazırlayıram. Daha çox müqavilə yolu ilə işləyirəm. Artıq müqavilə ilə bir tamaşa səhnəyə qoymuşam, ikinci tamaşa üzərində də çalışıram. Bizdə tamaşaçı qıtlığından danışılır. Tamaşaçı qıtlığı sözü ilə razı deyiləm. Hazırda teatrda Qərb, Şərq və Azərbaycan ədəbiyyatına aid əsərlər tamaşaya qoyulur. Hər bir əsərin öz tamaşaçısı olur. Teatra axın var. İndi teatrlarda mərkəzləşmiş kassalar yaranıb, reklamlar gedir. Çox yaxşı işdir ki, Mərkəzləşmiş kassalar yaranması çox yaxşı işdir. Kassalarda monitor vasitəsilə teatrların reklamına baxmaq olur, bu, tamaşaçı problemini nisbətən həll edir.

- Teatrdan çıxandan bəri neçə tamaşa səhnələşdirmisiniz?

- İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasını yeni quruluşda səhnəyə qoymuşam. Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsərinin adını çəkə bilərəm. Hazırda bir roman üzərində səhnələşdirmək üçün işləyirəm. İstəyirəm ki, bu tamaşaçılar üçün sənət sirri kimi qalsın. Məşqlərə başlayanda sizə məlumat verəcəyəm.

- Demək istəyirsiniz ki, Azərbaycan teatrında tamaşaçı problemi həll olunub?

- Mən ancaq onu deyə bilərəm ki, bu dəqiqə Akademik Milli Dram Teatrının tamaşaçısı var. Bu gün teatra gələnlər görə bilər ki, tamaşalar anşlaqla keçir. Elçin müəllim görkəmli aktyorumuz Hüseyn Ərəblinski haqqında “Sənətkarın taleyi” adlı çox gözəl əsər yazıb. Onun premyerası da anşlaqla keçdi.

- Premyera adətən dəvətnamə ilə olur axı, yəqin ona görədir...

- Elçin son 10-15 ildə ancaq dramaturgiya ilə məşğul olub. Bu çox önəmli işdir. İlyas Əfəndiyev dünyasını dəyişəndən sonra müasir əsərlər yazılmadı. Çox gözəl haldır ki, Elçin dövlət adamı olsa da əsərlər yazır. İnamla deyə bilərəm ki, bu gün müasir əsərlərin yazılmasında Elçin müəllimin çox böyük xidmətləri var. Başqa müəlliflər də yaxşı əsər təqdim ediləndə səhnəyə qoyulur. Bizim qocaman yazıçımız Əfqan teatra “Oliqarx” komediyasını təqdim etdi. Komediyanı Mədəniyyət Nazirliyi oxudu və əsər səhnəyə qoyuldu. Teatrın qapısı bu gün gənc dramaturqlar üçün də açıqdır, əsər verə bilərlər. Mən istəyərdim ki, Elçin səviyyəsində yazıçılar daha çox dram əsərləri yazsınlar. Bu gün müasir dramaturgiyaya ehtiyac var. Düzdür, klassiklərimizin əsərləri tamaşaya qoyulur, ancaq müasir yazıçıların da əsərlərinə ehtiyacımız var. Tam səmimiyyətimlə deyirəm ki, müasir dramaturgiyada olan boşluğu Elçin müəllim doldurur. Onun “Teleskop” əsəri çox maraqlı əsərdir.

- Siz Elçinin hansı əsərlərini səhnəyə qoymusunuz?

- Mən Elçin müəllimin əsərlərini texniki səbəblərdən səhnəyə qoya bilməmişəm. Çünki o, həmişə başqa rejissora əsər verib. Bu sual mənə ilk dəfə verilir (gülür). İlyas Əfəndiyevin 9 əsərini səhnəyə qoysam da, Elçin müəllimin əsərlərini tamaşaya qoymağa imkanım olmayıb. Ancaq istərdim ki, Elçin müəllim Abbasqulu ağa Bakıxanovun həyatından yazsın. Onu səhnəyə qoyardım. Bakıxanov bizim böyük yazıçımız, diplomatımız olub. Belə bir şəxsiyyət haqda yazmağa Elçin müəllimin qüdrəti çatar.

- Müstəqil olduğunuzu dediniz, nə əcəb başqa teatrlarda əsərlər hazırlamırsınız?

- Vaxtilə Sumqayıt Teatrında xidmətlərim olub. Gənclik illərimdə “Sən həmişə mənimləsən” tamaşasına baxanda aktyor olmaq istəyirdim, sonra rejissor olmaq istədim. Azər Paşa Nemətov tamaşanı uğurla hazırlamışdı. Bu əsəri Sumqayıt Teatrında qoydum.

# 5324 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #