Biz də yaxşı müharibə filmi çəkərmişik

Biz də yaxşı müharibə filmi çəkərmişik
14 may 2015
# 10:22

Bir neçə gün öncə Nizami Kino Mərkəzində dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” filminin premyerası keçirildi.

Süjeti: Brest qalasını faşistlərdən qoruyan və 50 il sonra Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış veteran Azəri (qocalığını Qurban İsmayılov, gəncliyini Bəhruz Vaqifoğlu oynayır) erməni cəbhəsində vuruşan rus zabiti Vanya (Mixail Kaminski) öldürür. Rus zabiti qocanın gündəliyini tapır, onun babası ilə vuruşduğunu öyrənir. Və onun meyitini Azərbaycan tərəfinə verməsi üçün öz həyatını təhlükəyə atır. Filmin süjet xəttinin digər hissəsi isə veteranın gündəliyi üzrə II Dünya Müharibəsidir.

“Yarımçıq xatirələr” rejissor Elxan Cəfərovun öncəki “Dolu” filmindən fərqli olaraq, əhvalatına, təsvir həllinə, baxış bucağına görə peşəkar və Azərbaycan sərhədlərini müəyyən mənada aşa biləcək filmdir. Mən heç də “Yarımçıq xatirələr”də süjetin İkinci Dünya Müharibəsinə qədər böyük bir məkanı əhatə etdiyini nəzərdə tutmuram.

Məsələ “Yarımçıq xatirələr”in hər şeydən əvvəl mesajında -sülhpərvər, antimüharibə filmi olmasındadır.

Filmin daha çox antimüharibə mövqeyində çəkilməsi ilk növbədə ssenaristlərdən biri (digər ssenarist Konstantin Vorobyovdur) Yavər Rzayevin adı ilə bağlıdır.

Y. Rzayevin Qarabağ müharibəsindən bəhs edən “Sarı gəlin” filmində də əsas qəhrəman vuruşan əsgərlər, zabitlər yox, savaşa yox deyən, kənd rəssamı Qədirdir.

“Yarımçıq xatirələr”in qəhrəmanlarından biri Azər də əslində pasifistdir. Yuvasını qorumaq üçün sonadək mübarizə aparıb həlak olan veteran bu müharibəyə zorən cəlb olunmuş tərəfdir. Vaxtilə İkinci Dünya Müharibəsinin də iştirakçısı olub, əsir düşüb, partizan hərəkatına qoşulub və burda da o, yenə savaşı başlamayan, özünü qoruyan tərəfdir. Təsadüfi deyil ki, ixtisasca rus dili müəllimi olan Azərin yarımçıq gündəliyi də antimüharibə, pasifst notlarla bitir.

Digər qəhrəman, ermənilərin tərəfində muzdlu vuruşuan Vanyanın - yeri gəlmişkən, o, filmin ən parlaq obrazlarından biridir - azərbaycanlı veterana görə həyatını təhlküyə atması onu tamaşaçı üçün istər-istəməz simpatik edir.

Filmdən sonrakı dost-tanışlar arasında müzakirədə Vanyanı simpatik, müsbət göstərməsi səbəbindən müəllifləri ruspərəst mövqeyə görə günahlandıranlar da tapıldı. Sovet hakimiyyətinin dağıldığı dövrdə maddi böhran yaşayan sovet orudusunun zabitləri, əsgərləri erməni cəbhəsində muzdlu çalışırdı. Və onlardan biri Vanyanın əks tərəfdə çalışmasının əsas səbəbi kimi maddi çətinliklə üzləşməsi, müharibədən qazandığı pulla anasının əməliyyat etdirməsi niyyəti göstərilir. Azərbaycanlı veteranı öldürdükdən sonra Vanya onun gündəliyindən babası ilə çiyin-çiyinə vuruşduğunu öyrənir, zabit şərəfi oyanır, yəqin ki, daha çox babası qarşısında borcunu yerinə yetirərək meyiti azərbaycanlılara verməsinə çalışır. Sadəcə, Vanyanın davranışını, missiyasını əsaslandıra biləcək bu iki vacib məqam tamaşaçının diqqətini cəlb edəcək qədər effektiv işlənilməyib. Və filmin xəttlərindən birinə çevrilməsə də, istənilən halda müəllifləri ruspərəstlikdə qınamaq əsassızdır. Qarabağ savaşında rus ordusunun xüsusi rol oynadığını vurğulmaq üçün mətnə, sözə ehtiyac yoxdu. Çünki filmdə bununla bağlı açıq təsvirlər var: rus zabitlərinin erməni cəbhəsində vuruşması, muzdlu xidmətləri müqabilində pul alması, əsgərlər üçün nə uğrunda vuruşmaqlarının əhəmiyyətsizliyi, erməni zabitinin rus silahının önəm daışıdığını vurğulaması.

Bu filmi “Dolu”dan üstün edən digər cəhətlər insan dramlarının önə çıxması, milli kinoda təsvirin musiqiyə qurban verilməsi kimi səhnə həllinin yoxluğudur.

Məsələn, ən təsirli və kinematoqrafik səhnələrdən biri İkinci Dünya Müharibəsində bir yakutun ifasında qədim mahnının əvvəlcə ani gülüş doğuraraq sonradan rəvan, təsirli şəkildə drama, ağrının şəklinə, dramaturji elementə çevirilməsidir.

Son illər yeni çəkilən filmlərimizdə ustalqla epizodik rollar yaradan Şamil Süleymanovun obrazı və oynadığı səhnə də yaddaqalandır. Onun almanlara əsir düşən personajının, musiqi vurğunu olan alman üçün skripkanı kamança kimi ifa etməsi filmin ən uğurlu epizodlarından biridir.

Sadəcə ona şərab içməsini təklif edən alman zabitinə “faşist” deməsi, yaxud Vanyanın ermənilərlə süfrə arxasında azərbaycanlı veteranın şərəfinə içməsi səhnəsində, mətnə, onu pafosdan xilas etmək üçün bir balaca əl gəzdirmək də olardı.

Filmin önəmli cəhətlərindən biri İkinci Dünya Müharibəsi zamanında müsbət verilmiş erməni obrazı idi. Əgər əksi göstərilsəydi, bu, filmin mahiyyətinə, məzmununa xələl gətirərdi. Rejissor yalnız bir yerdə, qısa şəkildə, mübaliğəyə yol vermədən effektiv nüansla erməni xislətini açmaqla kifayətlənir.

Azərin gəncliyini oynayan B.Vaqifoğlunun ifası rus, gürcü aktyorlarının, Şamil Süleymanovun oyununun fonunda kölgədə qalır.

Vur-tut iki qadın obrazından birini erməni snayper Jannanı Gülzar Qurbanova ifa edir. Bu, bizə tanış qadın tipidir. Onu hansısa səbəb savaş məkanına atıb, o, amansızca, soyuqqanlıqla qətlə yetirir. Amma Vanyaya vurulması onun içində qadının, insanın hələ ölmədiyini göstərir.

Film hərbi dramda çox istifadə olunan klişe səhnələrdən xali deyil. Azərin sevgilisinin bombalama nəticəsində onun qucağında həlak olması səhnəsinin mexaniki alınmaması üçün bir az daha uzatmaq, bu xətti qabartmaq da olardı, yaxud bataqlıq epizodunda bir saspens əskikliyi vardı.

Xırda-para qüsurlu nüanslara baxmayaraq, “Yarımçıq xatirələr” birnəfəsə, darıxmadan baxılan, uğurlu prokat vəd edən, azərbaycanlıları sülh tərəfdarı göstərən, millət anlayışından insana yüksələn cəsarətli meynstrimdir.

# 1527 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
# # #