Heyvanlara daş bağlayan uşağın faciəsi

Heyvanlara daş bağlayan uşağın faciəsi
18 oktyabr 2014
# 08:30

Kulis.az “Baxılası 50 film” layihəsində Cənubi Koreya müəllif kinosunun ən parlaq nümayəndəsi, "Qızıl şir" mükafatı laureatı Kim Ki Dukun “Yaz, yay, payız, qış...yenə yaz” filmini təqdim edir.

Kim Ki Duk 1960-cı ildə Cənubi Koreyanın Kyonsan-Pukto əyalətində anadan olub.

Şəhərə köçən valideynləri onu kənd təsərrüfatı məktəbinə verirlər. Maddi çətinliklər üzündən o, məktəbi bitirmir və 17 yaşından zavodda işləyir. Müsahiblərindən birində rejissor deyir ki, uzun müddət mədəni dəyərləri əhəmiyyətsiz hesab edib və ona görə fiziki əməyə üstünlük verib. Amma əsgəri xidmətdə olanda o, birdən təsviri sənətə meyl göstərir.

30 yaşında isə Parisə gedən Kim Ki Duk burda incəsənəti öyrənir. “Ölümə məhkum olunan rəssam və cinayətkar” filminə yazdığı ssenariyə görə 1993-cü ildə Paris Ssenarist İnstitutunun mükafatını qazanır.

Bir müddət sonra vətənə qayıdan rejissor burda ssenarist kimi fəaliyyət göstərir.

Onun rejissor debütü “Timsah” (1996) filmi olur.

Koreyanın kinematoqrafik mühitində rejissor özünü yad kimi hiss edirdi. Çünki, bir qayda olaraq, Cənubi Koreyalı rejissorların həm də əsilli ailələrdən gəlirdi. Kim Ki Duk isə bu mühitə uyğun deyildi.

O, öz yolu ilə gedir və taleləri həm oxşayan, həm də fərqlənən iki adamın - fırıldaqçı və rəssamın həyatından bəhs edən “Vəhşi heyvanlar” (1996) adlı ikinci filmini lentə alır. Fransada çəkilən filmdə tanınmış fransız aktyorları Deni Lavan və Rişar Borenjenin iştirak edir. Filmdəki rəssam obrazı rejissorun alter eqosudur.

Onun “Quş qəfəsi” (1998) filmi bir fahişənin dramını anladır.

“Real xəyal” (2000) isə 10 kamera ilə 200 dəqiqə ərzində çəkilən eksperimental filmdir. Bu ekran əsərində də bir rəssamın cəmiyyətdə özünü tapa bilməməyindən danışılır. Çəkilişlər vaxtı kompozisiya qanunlarından başqa heç bir kino qanunu gözlənilməyib. Rejissor deyir: “Mənim yarıabstrakt konsepsiyamın mahiyyəti odur ki, biz adi reallıqdan daha çox şey göstəririk”.

“Pis oğlan” (2001) aşiq olduğu qızı fahişəyə çevirən gəncin əhvalatıdır. Özünün kino dünyasında iki fərqli mühitin adamını qarşılaşdıran rejissor bu haqda deyir: “Hamı yaxşı mühitdə doğulmaq, ləyaqətlə yaşamaq və ölmək istəyir. Amma sizin həyatınıza xəbərdarlıqsız hansısa vəziyyətlər də daxil olur. Başqa adamların hərəkəti həyatınızı alt-üst edə və siz bu dəyişikliyə alışa bilərsiz. Filmin baş qəhrəmanı doğuşdan etibarən bədbəxtliyə məhkumdur. O, günahsız baxışlarla qadınların həyatını məhv edir. Onun fəaliyyəti o qədər amansızdır ki, sanki bu iblisdir. Mən bunu tale adlandırardım”.

“Pis oğlan” müəyyən qədər həm də avtobioqrafikdir. Çünki rejissor özü də çətin yeniyetmə olub.

Berlin festivalında “Gümüş ayı” mükafatı alan “Samaria” (2004 ) trilleri Avropaya səyahət etmək istəyən iki məktəblinin ekstravaqant yollarla pul qazanmasından bəhs edir.

Venesiya festivalının 4 mükafatına layiq görülən “Boş ev” (2004) dramında qəhrəman evlərin qapısında reklam broşürləri asır, sonra bu evlərdən hansının boş olduğunu öyrənərək, sahibləri gələnədək onlardan xəbərsiz burda yaşayır. Filmdə dialoq yoxdur. Qəhrəman bütün film boyu susur. Qadın isə bir necə söz deyir. Bu sükut onların yaşadıqları çətinliyin, sarsıntıların dərinliyini ifadə edir və eyni zamanda onlar arasında sözsüz də qarşılıqlı anlaşmasını göstərir .

2007-ci ildə Kannda “Qızıl Palma Budağı”na nominant olan “Nəfəs” filminin də süjeti əcaibdir. Heykəltəraş qadına əri xəyanət edir. Ümidsizlik içində olan qadın qəfil bir telereportajda gördüyü, ölümə məhkum olunmuş və intihara cəhd edən cinayətkarı xatırlayır. Qadın həbsxanada cinayətkarla görüşə nail olur, onların arasında sevgi münasibətləri yaranır və əri bundan xəbər tutur.

“Pyeta” (2012) kriminal dramı Venesiyada “Qızıl Şir” alan ilk Koreya filmdir.

30 yaşlı Kando zorakılıq yolu ilə kustarlardan pul alaraq sələmçiyə verir. Pul verə bilməyənləri şikəst edir ki, onlar sığorta hesabına borclarını qaytarsınlar. Kando günlərin birində özünü onun anası kimi qələmə verən qadınla tanış olur. Əvvəlcə onunla amansız davranan gənc tədricən onun anası olduğuna inanır, qadına alışır və onun üçün ailə, anası ön plana keçir. Sonra məlum olur ki, qadın onun qurbanlarından birinin anasıdır və qisas almaq üçün Kandoya yaxınlaşıb.

Rejissor film haqda deyir: “Hə, məni bu filmə Mikelancelo Buonarrotinin “Pyeta” heykəli ruhlandırdı. Burda Məryəm İsa üçün ağlayır. Beləliklə, məndə ana obrazı, onun övladına münasibətini göstərmək ideyası yarandı. Bundan başqa həm də pulun yaratdığı problemlərə diqqət çəkmək istəmişəm: ailələr dağılır, insanlar intihar edir. İlk 15 dəqiqədə zorakılıq və qəddarlıq səhnələri görə bilərsiniz, çox vaxt buna görə sonadək baxmırlar. Mən qəsdən belə səhnələr verirəm - çünki qara olmadan ağı göstərmək mümkün deyil. Zorakılıq səhnəsi dramatizm effekti üçündür. İnanın, özümün də belə səhnələrə baxanda ürəyim ağrıyır, amma onlara baxmadan filmi anlamaq olmaz. Məncə insanlar pis və ya yaxşı olmurdular, onları ətrafdakı situasiya belə edir”.

Filmi çəkəndə rejissor Çhonutçhon çayının ətrafında yerləşən zavodlarda işləyən insanların həyatı ilə maraqlanıb. O, “Pyeta”nı Avropada tanınmış aktyorların iştirakı ilə çəkmək istəsə də maliyyə azlığından mümkün olmadı. Filmin büdcəsi 100 min dollardı və onun çox hissəsini rejissor özü qoyub.

Rejissorun son filmi, 2013-cü ildə çəkdiyi “Mebius” koreyalı bir ailədən bəhs edir. Arvad ərinin ona gənc bir qızla xəyanət etdiyini öyrənir. Qəzəb içində olan qadın ərinin cinsi orqanını kəsmək istəyir. Buna nail olmayanda o, qonşu otaqda yatan yeniyetmə oğlunun yanına qaçır. Qadın ərinə edə bilmədiyini oğlunun başına gətirir. Ata oğlunu xilas etməyə çalışır. Və ata öz orqanını oğlunun bədəninə transplantasiya etdirmək istəyir...

Baxılası 50 film” layihəsində rejissorun çoxsaylı mükafatlara layiq görülən “Yaz, yay, payız, qış... və yenə yaz” (2003) dramını təqdim edir.

Süjet: Ucqar bir yerdə rahib 10 yaşlı uşağı tərbiyə edir. O, uşağa hansı bitkilərin faydalı, hansıların zəhərli olduğunu öyrədir. Uşaq balığa, qurbağaya, ilana daş bağlayır. Heyvanlardan ikisi ölür. Rahib uşağa daş bağlayır və əsas cəzanın onun içində baş verəcəyini deyir. Və fəsillər əvəz olunduqca biz uşağın simasında bütöv bir insan ömrünü-böyüməsini, səhvlərini, əzablarını, yaşantılarını görürük.

Kim Ki Dukun filmlərində adət etdiyimiz naturalizm və amansızlıq bu filmdə kadrarxasında qalıb.

Ümumiyyətlə, Kim Ki Duk amansız film çəkir. Qısa müddətdə 13 film lentə alan rejissorun kino dili qəddardır. Onun qəhrəmanları arasında romantik münasibət mümkün deyil, sevgi yalnız əzablı yaxınlıq, zorakılıq nəticəsində meydana çıxır. Bu oyun qaydalarını qəbul edən tamaşaçı əhvalatlarda insan istiliyi və anlayışı görür. Rejissor həyat və ölüm arasında sərhədi dəqiq hiss edir, onun qəhrəmanları daim uçurum kənarındadır, ölüm həmişə onlarla yanaşı addımlayır.

Kim Ki Dukun fikirlərindən:

***

“Filmlərimin çoxunun ideyasını Koreyada yayımlanan xəbər verilişlərindən götürürəm. Mən çox az oxuyuram, biz uşaq olanda oxuya bilməmişik, zavodda işləməyə məcbur idik”.

***

“Düzü, daimi narahatlıq, özünə, sabahkı günə inamsızlıq məni özünə çəkir. Əminəm ki, bizi yaşamağa vadar edən enerji belə böhranlı situasiyalardan doğulur. Bu, mənim xoşuma gəlir. Əgər siz bir az diqqətli olsanız bu zibilin, iyrəncliyin arasından əsl gözəlliyi görə bilərsiniz”.

***

“Yalnız arzular bizə həqiqətən diri olduğumuzu hiss etdirir. Mən bu arzuları filmlərimdə göstərirəm. Belə çıxır ki, kameranın gözü həyatı yaxşılaşdıra bilir. Hətta ağrılı bir şeyi göstərsə də”.

***

“Yeni texnologiya ilə indi film çəkmək daha asandı. Hətta telefona da film çəkmək olar. Əsas olan kinonun atmosferi, kino vəziyyətdir. Əsas olan texnika, avadanlıq deyil, rejissorun ötürmək istədiyi ideyalardır. Mənə elə gəlir ki, texnikanın yayılması kino üçün təhlükəli ola bilər. Kino film çəkdiyimiz kamera deyil, o, rejissorun ruhu, ürəyidir”.

***

“Filmlərimi minimal büdcəylə çəkirəm, ona görə də tez işləmək məcburiyyətində qalıram. “Pyeta”nın qrafiki beləydi: 10 gün layihəyə hazırlaşdım, 20 gün filmi çəkdik və 30 günü montaja sərf elədik. Ən çətini çəkiliş günləri deyil, aktyor seçimiydi. Koreyada filmə çəkilmək istəyən istedadlı aktyorlar çoxdur, lakin onların az qismi mənimlə işləməyə risk edir. Haqqımda qəribə bir fikir formalaşıb: guya mən tələbkar rejissoram və mənimlə ünsiyyət qurmaq çətindir. Bir də ki artıq 18 bədii film çəkməyimə baxmayaraq, vətənimdə onları başa düşən azdır. Aktyorlara işə çox vaxt sərf edəsi oluram. İstədiyimi başa salmağa xeyli qüvvə sərf edirəm. Əyləncəli filmlər çəkmədiyimdən mənə real insanları oynaya bilən personajlar lazımdır, aktyorlar bunun öhdəsindən çətinliklə gəlirlər. Onlar gözəl yalançı kino yaratmağa öyrəşiblər. Koreya kinematoqrafının ən böyük problemi məhz budur. Bizim aktyorlar reallığı oynamağa adət etməyiblər”.

***

“Avropalılar mənim filmimi başa düşməyə qadir deyillər. Avropanın qurduğu kapitalizmə nəzər salsaq, burda hər şey sakit və rəvandır, orda heç kəs yaşamaq uğrunda mübarizə aparmır. Elə buna görə də mənim filmim avropalılara həddən artıq qəddar təsiri bağışlayır. Halbuki söhbət açdığım personajlarla Koreyada hər addımda rastlaşmaq mümkündür. Bizim kapitalizm sizinkindən qat-qat fərqlidir, o, amansız və dağıdıcıdır. Ancaq işimdəki zorakılıq səhnələri filmin yalnız üçdə birini, onun birinci hissəsini əhatələyir. Parlaq vizual obrazlar seçməyim, qəhrəmanımı indiki vəziyyətinə çatdıran səbəbləri açmağım əhəmiyyətlidir”.

***

“Bildiyiniz kimi, heç vaxt kino məktəblərinə getməmişəm və rejissor sənətini də öyrənməmişəm. Məhz uşaqlığımda yaşadıqlarım məni bir şəxsiyyət kimi formalaşdırıb”.

“Məni etnoqrafik meylli spesifik Koreya mövzuları maraqlandırmır. Mən həmçinin ölkənin mədəniyyəti və tarixi haqda filmlər çəkmirəm. Filmlərim həm Koreya, həm də Avropa tamaşaçısını maraqlandıracaq qlobal mövzuları əhatələyir. Bəlkə elə bu səbəbdən məni xaricdə də tanıyırlar”.

Filmi burdan izləyə bilərsiz:

Rusca: http://tfilm.tv/2767-vesna-leto-osen-zima-i-snova-vesna.html

Türkcə: http://unutulmazfilmler.com/etiket/ilkbahar-yaz-sonbahar-kis-ve-ilkbahar-max-hd-altyazili-izle.html

Sevda Sultanova

# 3724 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #