Hollivudun yubka geymiş şeytanı

Hollivudun yubka geymiş şeytanı
26 avqust 2019
# 20:55

Kino tarixinin ən istedadlı və peşəkar aktrisalarından biri, Hollivudun “Ən böyük aktrisalar” siyahısında ikinci yeri tutan Bett Deyvis Oskara 10 dəfə nominant olan ilk adamdır.

Hollivudda onu “yubka geymiş şeytan”, “dözülməz”, “Hollivudun baş ifritəsi”, “amansız və zalım” adlandırırdılar. Aktrisa özü haqda deyilənləri etiraf edirdi: “Mən kompromissiz, tündməcaz, maniakal, dəhşətli dərəcədə xoşagəlməz idim”.

Aktrisanın yazdığı avtobioqrafik “Tənha həyat” kitabından bəlli olur ki, o, bu keyfiyyətləri zaman-zaman öz qəhrəmanlarından əxz edib.

Karyerası boyu 100 dən çox filmə çəkilən Bett ulduz olmazdan əvvəl karyerasına gedən yolda mənəvi zərbələr almışdı və təhqiramiz münasibət görmüşdü. Onu istedadının olmamasına görə teatr məktəbinə qəbul etməmişdilər, “Brodevey” adlı tamaşadan isə qovmuşdular.

Aktrisanın zahiri görünüşü, maneraları, qiyafəti ömrünün sonuna, 81 yaşına kimi tənqidlərə məruz qalmışdı. Amma Bett təslim olmurdu, ruhdan düşmürdü. Hətta onu teatrdan qovanda, teatrın kassasında bilet satan kimi işə düzələrək rol gözləmişdi.

....1908-ci ildə doğulan Bett vəkil qızı idi və uşaqlıqdan aktrisa olmaq istəyirdi.

Kinoda ilk rolları o dövr Hollivud kinosu üçün xarakterik olan bədbəxtlik gətirən gözəl qadın obrazları idi.

Bettin karyerasında dönüş nöqtəsi Somerset Moemin 1934-cü ildə ekranlaşdırılan “Hisslərin əsarətində” əsəri oldu.

Bu qədər psixoloji mürəkkəb obraz hələ heç bir Hollivud aktrisasına nəsib olmamışdı. Bu, onun ən uğurlu rollarından biri idi.

Image result for Бетт Дэвис

Bu filmdə o, ofisiant rolunu oynayır. Bettin qəhrəmanının ən böyük arzusu zəngin, müstəqil və xoşbəxt olmaq idi. Aktrisa rolunun inandırıcı oynamaq üçün ingilis tələffüzünü, maneralarını, xarakterini və ingilis aktyor məktəbinin xüsusiyyətlərini öyrənir. Nəticədə o, Oskara ilk nominasiyasını qazanır. Amma studiyalar arasındakı rəqabət ucbatından aktrisa Oskarsız qalır və mükafat Klodett Kolberə verilir.

1935-ci ildə “Təhlükəli qadın” filmindəki roluna görə, o, nəhayət, “Oskar” qazandı və əməkdaşlıq etdiyi “Warner Bros.” studiyasından rol seçimində ona azadlıq verilməsini tələb elədi.

O, əsasən güclü, hökmlü, öz məqsədinə istənilən vasitə ilə çatan qadınları oynayırdı. Və beləliklə bir çox hallarda mübahisə doğuran “İezavel” (1939) filmində özünün ikinci Oskarını qazandı.

Bett 1940- cı illərdə artıq dünyanın ən məşhur, nüfuzlu aktrisalarından biri idi.

40 yaşını keçən aktrisa gənc həmkarları ilə rəqabətdə dözümsüzlük nümayiş etdirirdi. Tənqidçilər onun illərlə qazanmış təcrübəsi nəticəsində filmlərdə təkrarladığı ədəbaz poz və jestlərindən şikayətlənirdi.

1950-ci ildə çəkilən “Eva haqda hər şey” filmindəki rolu ona Kann festivalının mükafatını gətirdi.

Sonrakı filmlərində Bett uğur qazanmadı. O, hətta qəzetdə iş haqda elan vermişdi. Tezliklə həvəssiz də olsa rejissor Robert Oldrçin “Bebi Ceynlə nə baş verib” (1962) psixoloji trillerində oynamağa razılıq verdi. Film iki aktrisa bacının amansız rəqabətindən bəhs edir. Baş rolları həyatda da bir-birini sevməyən aktrisalar Bett Devis və Coan Krouford ifa edirdi.

Rejissor aktrisalara ekranda biri-birindən əvəz çıxmaq üçün şans verib. Çəkiliş zamanı Bett obrazından istifadə edərək Krouforda elə möhkəm zərbə vurur ki, qadın yaralanır. Kroufordun filmdəki “bacısı” isə onu döşəmə ilə sürüyəndə donunun cibinə ağır şeylər doldurur və nəticədə Bettin belində uzun müddət ağrılar olmuşdu.

Bett qrim və kostyumlarla yaxşı işləyirdi və bu vasitələrlə personajın vəziyyətini verirdi.

Rolunun inandırıcı olması üçün onunla xüsusi qrim qrupu işləmişdi. Onun obrazı şən olanda uşaq kimi görünür, əsəbi olanda isə üzündəki qırışlar çoxalırdı.

Bu filmdən sonra Bettin Oskara nominant olması Kroufordla arasındakı düşmənçiliyi daha da gücləndirdi.

Image result for Бетт Дэвис

İki aktrisa arasında nifaq Bettin Kroufordun əri Franşo Tounla “Təhlükəli qadın” filmindəki tərəf müqabili olmasından sonra yaranmışdı. Krouford həmkarını ərini tovlamaqda ittiham edirdi. Bett və Franşo Toun elə inandırıcı oynamışdılar ki, heç kəs onların reallıqda sevgi münasibətlərinin olmasına şübhə eləmirdi.

Bett bir neçə dəfə ərdə olmuşdu. Onun ikinci əri 1943-cü ildə müəmmalı şəraitdə ölür. O, iki il sonra rəssam Uilyam Şerriyə ərə gedir.

Onun həyat yoldaşlarından biri aktyor Heri Merril olmuşdu. O, Merril haqda yazırdı: “Heri maço idi. Amma ərlərimdən heç biri, Bett Deyvisin sahibi olacaq adam deyildi”.

Onların mürəkkəb münasibətlərinə baxmayaraq Merril əsl centlmen idi və qızının anası haqda yazdığı kitab ətrafında yaranan qalmaqalda Betti dəstəkləmişdi.

Həyatının ən böyük zərbəsini Bett yeganə qızı Barbardan aldı və bu, onun salamlığına pis təsir göstərdi. Barbara kitabda anasını tamamilə mənfi adam kimi xarakterizə edirdi. Kitabın yayımından sonra aktrisa iki insult keçirir.

Bettin bioqrafları iddia edir ki, Amerika Kinoakademiyasının mükafatını ilk dəfə o, “Oskar” adlandırıb. Onlara görə, bu heykəlciyi aktrisa əri Xarmon Oskar Nelsona oxşatdığı üçün belə adlandırıb.

Aktrisanın ölümündən sonra onun Oskar heykəlciklərini məşhur rejissor Stiven Spilberq alaraq Amerika Kinoakademiyasına qaytarıb.

1940-cı illərdə rejissorlar onun gözlərinin qeyri-adiliyini işıqlandırma və makiyaj vasitsəilə qabartmağa çalışırdılar.

Sovet yazıçıları İlf və Petrov 1937-ci ildə çap olunan bədii-sənədli “Birmərtəbəli Amerika” kitabında yazırdılar:

Image result for Бетт Дэвис

“Hansısa pavilyonda Bett Deyvisi gördük. O, kresloda oturub yavaş, amma incik səslə deyirdi ki, artıq on gündür, saçlarını yumağa vaxt tapa bilmir.

– Mən hər gün çəkilməliyəm - o, vərdiş etdiyi, valehedici kinematoqrafik təbəssümü ilə yorulmuş halda deyirdi.

Çəkiliş vaxtını gözləyən aktrisa nifrətlə, daha doğrusu tamamilə laqeyd halda “set”ə baxırdı”.

Bett həmişə birmənalı olmayan rolları ifa etməyə can atırdı və özü də mürəkkəb adam idi. Oynadığı qəhrəmanların hər birində onun öz taleyindən nəsə vardı.

Bettin ən böyük arzularından biri “Küləklə sovrulanlar” filmində Skarletti oynamaq idi. Aktrisa ömrünün sonuna kimi özünə yaxın hiss etdiyi bu obrazın ona verilməməsi ilə barışa bilmədi.

Bett həm də öz aforizmləri ilə məşhurdur.

“Əsl qadında kişiyə xas olan nəsə bir şey olmaldır, hər kişidə isə qadına xas olan nəsə. Ona görə siz istənilən cinsdə buna oxşar nəsə görsəz, düşünürəm ki, həqiqi yaxşı nələrləsə qarşılaşacaqsız”.

“Ev - getməyə başqa yerin olmayanda gedə bildiyin yeganə məkandır”.

“Aktyor oyunu həyatdan daha artıq olmalıdır. Ssenari həyatdan daha artıq olmalıdır. Hər şey həyatdan daha artıq olmalıdır” .

“Pis ssenari və yaxşı rejissor, yaxşı ssenari və pis rejissordan yaxşıdır”.

“Mənim yaşıdlarım elə sürətlə qocalır ki, onlara baxmaq sadəcə xoşdur”.

“Kişilər həmişə qadınlardan daha çox xoşuma gəlib”.

“Güclü qadınlar yalnız zəif kişilərə ərə gedirlər”.

“Əgər siz heç vaxt bilməmisiz ki, doğma övladınızın nifrəti nə deməkdir, deməli, heç vaxt ana olmamısız”.

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #