Hamının ölümə göndərdiyi adam

Hamının ölümə göndərdiyi adam
8 iyun 2018
# 16:28

Kulis.az ADMİU-nun “Ədəbi iş” ixtisası üzrə II kurs magistr tələbəsi Tamilla Mövləvinin “12 qəzəbli adam, yoxsa qərəzli cəmiyyət?” məqaləsini təqdim edir

Sidney Lumetin 1957-ci ildə Reginald Rouzun (Reginald Rose) eyni adlı pyesi əsasında ekranlaşdırdığı “12 qəzəbli adam” (Twelve angry men) filmi 1950 – ci illərdə Amerikada mövcud olan sinfi bərabərsizlik, irqi düşmənçilik, insan hüquqlarının pozulması kimi halları kino dili ilə realistik üslubda təsvir edir. Film həm də “insan” haqqında olan qərəzli düşüncələrin aradan götürülməsi istiqamətində təqdirə layiq addım idi.

“12 qəzəbli adam” filmi 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Konqre kitabxanası tərəfindən “mədəni, tarixi, estetik olaraq önəmli” filmlər siyahısına daxil edildi və ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verildi. Elə həmin il tanınmış rusiyalı rejissor Nikita Mixalkov filmin remeykini çəkmiş və 64-cü Beynəlxalq Venesiya Film Festivalında “Qızıl şir” mükafatına layiq görüldü. 2008-ci ildə isə Nikita Mixalkovun ekranlaşdırdığı “12” adlı bu remeyk “xarici dildə ən yaxşı” film kimi “Oskar” mükafatına namizəd göstərildi.

Bizim söhbət açacağımız Sidney Lumetin filmidir.

Film bir-birini tanımayan on iki insanın bir mövzuda qərar verməsindən bəhs edir. İlk kadrdan məhkəmə binasının ekranda canlanması filmin ideyası və mövzusu haqqında tamaşaçıda ilkin fikirləri formalaşdırır. Məhkəmə dəhlizində hərəkət edən kamera bizə bir tərəfdən məhkəmədən qalib çıxmış məhkumu və onun sevincini göstərərək, digər tərəfdən salondakı gənc oğlanın hökm qərarının müzakirəsinə keçid edir. Hadisələrin böyük hissəsi məhkəmə binasındakı bir otaqda cərəyan edir. Filmin əvvəlində biz hadisələrin məhkəmə zalında başladığını görür, məhkəmənin gedişini izləmədən, şahidləri görmədən, sadəcə, hakimin jüri üzvlərini qərar çıxarmaq və səsvermə üçün iclas otağına göndərdiyinin şahidi oluruq. Daha sonrakı səhnələrdə fərqli məkan olaraq, tualet otağı göstərilir. Filmin sonunda eksteryer çəkilişi ilə məhkəmə binasını və onun önündə sağollaşan iki jüri üzvünün görüntüsünü nəzərə almasaq, bütün hekayə qapalı otaqda cərəyan edir. Film boyu tamaşaçı heç bir obrazın adını bilməsə də, onların xarakteri, iş həyatları, şəxsi problemləri ilə bağlı kifayət qədər məlumat alır. Fərqli talelər yaşayan, fərqli peşə sahibləri olan, bir-birlərini ilk dəfə görən bu adamlar birlikdə bir nəfərin taleyini müəyyənləşdirməlidirlər.

Filmin son dəqiqəsində isə sadəcə iki jüri üzvünün adını öyrənirik: Devis (Henri Fond) və Mekkardon. Devis gənc oğlanın haqqını qorumaq üçün mübahisəni başladan, Mekkardon isə ona ilk inanan jüri üzvi idi. Başqalarının adı nə olursa-olsun fərq etmir, önəmli olan Devisin başlatdığı bu mübahisənin sonunda onu dəstəkləmələri idi. Devis onlara vicdanlarının səsini dinləməyi öyrətmiş və hamısı birlikdə gəncin günahsız olduğuna qərar vermişdilər.

Məkhəmə zalından çıxaraq qərar vermək üçün bir otağa toplaşan on iki nəfərin heç biri otaqdan eyni adam olaraq çıxmadılar. Hər birinin içində yatmış olan vicdan oyandı. Bəs, sadəcə on iki nəfərinmi? Düşünürük ki, xeyr. Filmə baxan hər kəs mütləq şəkildə bir katarsis yaşayaraq özünə kənardan baxmağı öyrənir. Tamaşaçı da heç bir mövzuda tələsik qərar çıxartmamağa çalışır, on iki jüri üzvi kimi o da bir qərara gələcəyindən özünə suallar verməyi öyrənir. Bizə elə gəlir ki, müəlliflərin də məqsədi tamaşaçıya bunu aşılamaq idi.

Devis bir cəmiyyətin simvoludur, on bir nəfər isə başqa cəmiyyətlərin. Devis mərhəmət hissini itirməmiş və baş vermiş hadisəyə fərqli istiqamətlərdən baxıb, birinci dərəcəli cinayəti analiz edən, simvolik anlamda vətəndaş cəmiyyətinin nümayəndəsi, başqaları isə dövrün Amerika cəmiyyətində mövcud ədalət sisteminin mənfiliklərini bizlərə göstərən və həyatda bu yaşa qədər əzilən insanı daha da əzmək düşüncəsində olan sistemin nümayəndələridir. Devis vətəndaş cəmiyyətini təmsil edir. Digər on bir nəfər isə müxtəlif zümrələri. Amma bu on bir nəfərin hər birinin qərəzli düşüncələri var. Devis ilk növbədə bu qərəzli düşüncələri dəyişdirməlidir. Ona görə də elə lap əvvəldən on bir nəfərə qarşı çıxaraq, məhkumun haqqını qorumağa çalışır. Sosial problemlərin girdabında itib-batan gəncin haqsız yerə elektrik stuluna bağlanmasına əngəl olaraq, kiçik bir otaqda vətəndaş cəmiyyətini “qurur” və sosial ayrı-seçkiliyin qarşısını almağa çalışır.

Sadəcə, bir süjet xətti üzərində qurulan bu filmdə vətəndaş cəmiyyəti mövzusu on bir jüri üzvünə qarşı bir nəfərin dirənişi olaraq başlayır. Altı gün davam edən məhkəmədə şahidlər dindirilmiş, müttəhim kürsüsünə öldürülən adamın ağır həyat yaşamış 18 yaşlı oğlu oturdulmuşdur. Aşağı mərtəbədə yaşayan bir ayağı şikəst, yeriməkdə çətinlik çəkən qoca ilə, üzbəüz mənzildəki gözlükdən istifadə edən qadın caninin məhz ölən kişinin oğlu olduğundan əmindirlər. Məhkəmə zalında oturan jüri üzvlərinin böyük əksəriyyəti isə məhkəmənin bir an əvvəl yekunlaşmasını istəyirlər. Çünki hər birinin daha “vacib” işi var. Tamaşaçı onları tanımasa da otaqda olduqları müddətdə onların xarakteri, şəxsi problemləri haqqında çox şey öyrənir. Məsələn, birinin cibində beysbol oyununa bilet var. O, müzakirəni tamamlayıb, tez bir zamanda oyuna getməyi planlayır. Onun üçün beysbol oyunu gəncin taleyindən daha önəmlidir. Digəri isə tez-tez fikrini dəyişən ofis işçisidir. O, hər an başqalarının təsirinə düşə bilir və qərar verməkdə tələsir. Bir digəri (3 №-li jüri üzvü) övladı ilə böyük problem yaşadığından gənci günahkar hesab edir və ona görə də cəzalandırılmasını istəyir. Başqa biri üçün on səkkiz yaşlı gəncin taleyi birja xəbərlərindən daha vacib deyil və sair.

Maraqlıdır ki, biz filmdə heç bir artıq sözə, fikrə rast gəlmirik. Söylənilən sözlərin hər biri obrazların xarakterini açmağa yardım edir. İdman oyunları haqqında “boş sözlər”, tez-tez vaxtın az olduğunun səsləndirilməsi, birja xəbərləri və sair on bir jüri üzvünün gəncin taleyinə laqeyd münasibətindən xəbər verir. Bu gəncə belə laqeyd münasibət bəsləyən sadəcə jüri üzvləri deyil. Yetmiş beş yaşına qədər yaşamış, lakin heç kim üçün maraqlı olmayan yaşlı qonşu da adının bircə dəfə qəzetdə getməsi üçün gəncin qatil olduğuna özünü inandırır. Gözləri zəif görən qonşu qadın da məhkəmə zalına bayrama gedərmişcəsinə bəzənib gəlir. Onu gəncin taleyindən daha çox özünün necə görünməsi narahat edir. Buna görə də məhkəmə zalında eynəyini taxmır. Gəncin vəkili də ilk gündən onun qatil olduğundan əmin olduğu üçün heç bir dəlili araşdırmır. Başqa şahidlər axtarıb tapmaq üçün heç bir səy göstərmir. Çünki onun bu məhkəmədə heç bir maddi qazancı yoxdur. O, gənci müdafiə etməyə təhkimlidir və sadəcə öz işini “icra” edir.

Devis başqalarından fərqli olaraq, gənc oğlanın taleyinin öz şəxsi ailə problemlərindən, hətta sevdiyi komandanın matçından daha əhəmiyyətli olduğunun fərqindədir və o, müzakirəni boş vaxt itkisi hesab edənlərin əksinə olaraq, itirilən zamanın əslində məhkumun həyatına qazandırılan vaxt olduğunu dərk edə bilir. Tamaşaçı tez-tez özünü gənclə müqayisə edir. Ona göstərilən bu münasibətə üzülür. Məhkəmələrin adil olub-olmamasını düşünür. Jüri üzvlərinin, daha doğrusu, ilk andan Devisin davranışı tamaşaçıya ümid aşılayır. Demək, hər kəs laqeyd deyil. Ədalət gec-tez bərpa olunacaq.

Jüri üzvlərinin özləri də dəfələrlə yanılırlar. Hətta işləmədiyini düşündükləri sərinkeşə qarşı da haqsız davranırlar. Halbuki, işıq yandığı zaman o da işləyirmiş. Bütün baş verənlər onları şübhə edərək suallar verməyə məcbur edir: Alt mərtəbədə yaşayan yaşlı qonşu 15 saniyədə qapıya çata bilərdimi? Eynək istifadə edən biri gecə yatarkən eynək taxırmı? Taxmadığı halda gecə qaranlıqda yaxınlıqdan keçən vaqonun pəncərələrindən qonşu evdə baş verən cinayətdə canini görə bilərdimi? Qətlin törədildiyi cinayət bıçağı həqiqətən tapılmayan növdən idimi? İnsanlar üç ay əvvəl gördükləri filmin adını və filmdə rol alan aktyorların adlarını unuda bilməzlərmi? Bütün bu tipli suallar həqiqətin üzə çıxmasına yardım edir.

Filmdə gerçək qatilin kimliyi bəlli olmur. Amma ədalət bərpa edilir. Günahsız bir gənc işləmədiyi cinayətə görə cəzalandırılmır.

Film qərəzli düşüncələrin nə qədər böyük bir təhlükə olduğunu tamaşaçıya tədqim edir. Çünki əvvəlcə hər kəs gəncin günahkar olduğundan əmindir. Yuxarıda da qeyd etdiyimiz kimi, hər biri məsələyə öz təcrübəsindən çıxış edərək, qərəzli düşüncələr ilə yanaşır. Gənc adam doqquz yaşında anasını itirib, atası törətdiyi bir cinayətə görə həbs cəzası çəkərkən, o, il yarım uşaq evində qalıb. Orada müəllimini döyüb, davakardır, bıçaqdan yaxşı istifadə edə bilir, atası onu tez-tez kötəklədiyi üçün ona qarşı nifrət hissi duyur. Bütün bu sadalananlar gəncin qatil olması üçün motivasiya rolunu oynaya bilərdi. Dindirilən iki şahid isə qatilin o olduğundan əmindir. Bütün dəlillər gəncin əleyhinə olduğundan və eyni zamanda vəkili də onu yaxşı müdafiə etmədiyinə görə jüri üzvləri ilk gündən gəncin qatil olduğundan əmin idilər. Lakin Devisin qəlbində şübhə yaranır. Əgər gənc qatil deyilsə, onların qərarına görə öldürüləcək. Bu vicdan əzabı ilə yaşamaq mümkün olacaqmı? Jüri üzvlərindən biri ona beş dollar sədəqə verərək vicdanını sakitləşdirə biləcəyini söyləyir. Devis isə əmin olmaq istəyir. Onun başqa bir tələbi yoxdur. Həqiqətən qatilin bu gənc olduğundan əmin olarsa, vicdanı rahatlaşacaq. Buna görə də on bir nəfərə qarşı “ya elə deyilsə” mövqeyindən çıxış edərək bu məsələdə qarşı cəbhədə yer alır.

Devis qərarsız olduğu üçün suallar verir. Bu suallarla digərlərinin də qəlbinə şübhə toxumu sala bilir. Jüri üzvlərinin çıxardıqları qərarla gəncin taleyi həll olunacaq. Onlar gənci günahkar bilsələr, onu elektrik stuluna bağlayacaqlar. Bu qərarı vermək Devis üçün çox çətindir. O, əmin deyil və buna görə də etiraz edir. İlk anda hər kəs ona qarşı çıxır. Amma hadisələrin gedişi ilə digər jüri üzvlərinin də qəlbində yavaş-yavaş bir dəyişiklik baş verir və film boyu biz fərqli jüri üzvlərinin mənəvi və etik suallarla məsələni araşdırdıqlarını görürük.

Tamaşaçı da obrazlarla birlikdə bu suallara cavab axtarır. Hər kəs özünün haqlı olduğuna əmindir. Amma əgər yanılırsa? Başqasının alibini dinləmədən ehkam kəsirsə? Biz ağzımızdan çıxan sözlərin məsuliyyətini daşıyırıqmı? Əsəbi olanda neçə dəfə birinə “səni öldürərəm” demişik? Bu sözü söyləyərkən həqiqətən içimizdə qisas hissi vardımı? O kiçik otaqda bu söz dəfələrlə səslənir.

Gənc də atasına “səni öldürəcəm” demişdi. Bu gün məhkəmədə söylədiyi söz onun əleyhinə sübut olaraq istifadə edilir. Otaqda da biz bu sözü üç nömrəli jüri üzvünün dilindən eşidirik. Devisi hədələyərək ona “səni öldürəcəm” deyir. Həqiqətən onu öldürmək istəyirmi? Yoxsa, sadəcə dil alışqanlığı olduğu üçün deyir bu kəlmələri? Biri üçün sübut kimi istifadə edilən bu söz başqa biri üçün sadəcə “düşünülmədən söylənilən ifadə” ola bilərmi? O gənc də atasına “səni öldürəcəm” deyərkən bəlkə, bu kəlmələri sadəcə, alışılmış bir ifadə kimi işlətmişdi? Bu fikir bir neçə jüri üzvünün fikrini dəyişir. Onun günahsız olduğuna qərar verirlər.

Filmdə ən maraqlı məqamlardan biri də bir nəfərin kütləyə qarşı çıxması və qələbə çalmasıdır. Devis kütlə psixologiyasını dağıdır. Hər kəs sənin əleyhinə olsa da, sən öz fikrində haqlı olduğundan əminsənsə, bunu isbat etməlisən. “Hər kəs belə düşünürsə, mən tək nə edə bilərəm ki?” sualı keçən əsrdə aktual olduğu kimi günümüzdə də aktualdır. Günümüzün “Ərəb baharını” tunisli bir gənc başlatmadımı? Bir nəfər bir səsdir. Bir nəfər bir fikirdir. O fikri hər zaman dinləməkdə fayda vardır.

Düşünürük ki, Devisin mühakimə yürütmək qabiliyyəti bir çox biznes və hüquq ixtisaslarında dərs vəsaiti olaraq öyrədilməlidir. Onun disskusiya qabiliyyəti bir istedaddır. Fərqli yaş qrupunda olan, eyni zamanda fərqli sosial statusa sahib olan on iki jüri üzvünün bir-birlərini dinləmək qabiliyyəti, mühakimə yürütmək cəhdləri çətin məsələnin həlli üçün əhəmiyyətli idi. Onlar bu işin öhdəsindən ləyaqətlə gələ bildilər.

Film boyu biz bu insanların hadisəyə müxtəlif yanaşmalarını görürük. İlk dəqiqələrdə on bir nəfərin qərəzli düşüncələri tamaşaçını da gəncin günahkar olmasına inandırır. Tamaşaçı filmdən sonra özünə sual verir: “Mən kimisə haqsız yerə ittiham etmişəmmi?”

Bizim bütün həyatımız seçimlər üzərində qurulur. Doğru peşəni seçmək, doğru adamla evlənmək, övladı doğru tərbiyə etmək, doğru qərarlar vermək heç də həmişə asan olmur. Bizi doğru qərar verməyə sövq edən amillərdən biri şübhədir. Əgər bu o deyilsə deyə qəlbimizə şübhə dolarsa, biz araşdırmağa başlayarıq. Əks halda, “iki vur iki” kimi düşünərək seçim etmədən qərar veririk. Filmdə gördüyümüz də budur. Jüri üzvləri gəncin qatil olduğuna iki vur iki qədər əmindirlər. Amma şübhə toxumu cücərməyə başlayarkən onların əminlikləri azalmağa doğru gedir. Çünki, onlar da artıq şübhə etməyə başlayırlar. Yaşlı qoca haqsızdırsa, qonşu qadın yanılırsa, mağaza işçisi əmin deyilsə…

Devisin başlatdığı mübahisə ədalətlə sonlandırılır. Növbəti gün qəzetlərdə çap olunacaq məqalədən bütün “şahidlər” yanıldıqlarını anlayacaqlar və bəlkə bir daha bu səhvi təkrar etməyəcəklər.

# 2227 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
#
#
# # #