2012-nin mədəni yekunları

2012-nin mədəni yekunları
29 dekabr 2012
# 11:52

İlin ən iri mədəniyyət hadisəsi təbii ki, “Avrovizya”nın Bakıda keçirilməsi oldu.

Ha fikirləşirəm, başqa mədəniyyət hadisəsi yadıma düşmür, birinci cümlədən sonra iki dəfə durub gedib çay içib gəlmişəm ki, bəlkə yadıma düşə başqa nə olub, düşmədi.

Əlac ona qalıb ki, özümüzdən uyduraq.

Məsələn, uyduraq ki, guya bu il teatrlarımızda ilin hadisəsi ola biləcək tamaşalar hazırlanıb, teatr kassalarının qarşısında iynə atmışıq hələ də yerə düşməyib.

2012-ci ildə “Don Juan və həndəsə” (M.Friş) Gürcü rejissoru Levan Tsuladzenin quruluşunda, Elçinin “Şekspir”i Moldovalı rejissor Petro Vutkereunun prizmasında, Rövşən Almuradlı “Yaşlı xanımın gəlişi” ( Drümant), “Gəncə qapıları” (H. Mirələmov) Bəhram Osmanovun, “Anamın kitabı” (C.Məmmədquluzadə) Firudin Məhərrəmovun, Oruc Qurbanov un quruluşunda “Oliqarx” (Əfqan) “Napoleon” Namiq Ağayevin quruluşunda , Rafiq Əliyevin nəzərləri ilə “Kuraj və uşaqları” (B.Brext) teatr hadisəsi olmadı. Milli Dram Teatrının repertuarı belə zəngindir, amma nədənsə teatr hadisəsi olan tamaşa yoxdur ki, yoxdur.

2012-ci ili Yaşar Nuri ağır xəstə kimi yataqda keçirtdi. Əfsanəvi aktyoru ilin sonlarında itirdik.

İtki demiş, uzun illər bu teatrda çalışmış Rafik Atakişiyev də bu il uzun sürən xəstəlikdən sonra vəfat elədi. Milli Dram Teatrı Nəcəf Həsənzadə bir aktyoru ilə ötməkdə olan ildə vidalaşıb, onu son mənzilə yola saldı.

Opera və Balet Teatrı da ötən il vokalist Firəngiz Əhmədova itirdi. Xalq artisti səhnədən son mənzilə yola salındı. Vokal demişkən, Qazaxıstanda vokalçıların festivalında isə gənc vokalçımız Nərgiz Kərimovz birinci yeri tutdu.

Opera və Balet Teatrı təmir ab-havası ilə dörd tamaşa ərsəyə gətirdi, amma təmirə bağlanmadı ki, bağlanmadı. Soyuq, kədər yaradan uçuq divarlar arasında E. Dadaşovanın “Sayalı”, D. Şestakoviçin “Xanım və xuliqan” baletləri, C.Puççininin “Canni Skikki”, Motsartın “Hamı belə edir” operaları səhnəyə qoyuldu.

Deyəsən, bu il bəxt Opera və Balet Teatrının üzünə güləcək, təmir ehtimalı var.

Dövlət Gənc Tamaşaçılar Teatrı da itkisiz ötüşmədi, uzun illər bu teatrın direktoru işləmiş Kamal Əzizov dünyasını dəyişdi. Teatr həm də baş rejissorunu dəyişdi. Cənnət Səlimova ilə uzun çək-çevirdən sonra sağollaşıb onu təqaüdə göndərən teatr özünə baş rejissor Bəhram Osmanovu götürdü. İl boyu səsi öz divarlarının arasından çölə sızan yox e, yayılan teatr indi hələ ki, sakit həyat tərzindədir, yalnız tamaşalar qoyulur. İnşallah, yeni ildən Gənc Tamaşaçılar Teatrı tamaşaları ilə səs salar, hər halda buna ümid edirik. Ona da ümid edirik ki, bu teatrda işləmək istəyən aktyor rolla təmin olunacaq, tələbkarlığına görə işdən çıxmaq haqda ərizəsi tələb olunmayacaq.

Teatr mədəniyyəti Rüstəm Həsənov, Nəcəf Süleymanov, Saləddin Zeynalov kimi sənət adamlarını da bu il itirdi, hərçənd onların adı oxucu-tamaşaçıya bir nəsnə demir, amma hər halda aktyor olublar.

Ümumən mədəniyyət aləmində çox itkilər oldu, müxtəlif sahələrdə. Azərbaycanın xalq rəssamı Oqtay Şıxəliyevi itirdik. Çox gözəl bəstəkarımız Elza İbrahimova ilin əvvəlində fevral ayında dünyasını dəyişdi. Tariyel Vəliyev də bu ilin itkiləri siyahısındadır – Azərbaycanın məşhur televiziya rejissoru. Pianoçu Zöhrab Adıgözəlzadə da bu il dünyasını dəyişdi. Allah hamısına rəhmət eləsin, yerləri boş qalmasın, əsas budur.

Bu il mədəniyyət aləmində M.F. Axundzadə ili oldu. İl Mingəçevir teatrından açılışla başladı və il ərzində onun əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyuldu.

Axundzadə haqqında Ramiz Həsənoğlu Anarın ssenarisi ilə “Sübhün səfiri” adlı film də çəkdi, həm də premyerası oldu.

Filmdən söz düşmüşkən, bu il daha bir film uğurla premyera şansı yaşadı - Elxan Cəfərovun “Dolu” filmi. Pis-yaxşı, hər halda bu filmlər var.

Televiziyalarda teleserialların kütləvi çəkilişi və nümayişinə başladı. İnşallah, yeni ildən həm də peşəkar seriallar meydana çıxar.

Bakı Beynəlxalq Teatr Konfransı oldu. Hər il olduğu kimi bu il də bir qrup mədəniyyət adamına fəxri adlar və təqaüdlər verildi və qalan bir qrup bundan çox pəjmürdə oldu, ümidləri boşa çıxdı.

Yazıçılar İttifaqından fərqli olaraq, Bəstəkarlar İttifaqı səssiz-səmirsiz qurultayını da keçirdi, seçkisini də elədi, köhnə sədri yenilədi, elə Firəngiz xanım Əlizadə özü həm də yeni sədri oldu ittifaqın.

İl ərzində Rəssamlar İttifaqından bir səs çıxmayıb, yəqin kollektiv böyük bir tablo üzərində işləyir.

Teatr İttifaqının isə içəridə ərşə çıxan naləsi hələ ki, ötməkdə olan il ərzində də çölə çaxmadı. Xırda-para tədbirlər hazırlayırlar. Bu xırda işlərin arxasında kollektivin böyük əməyi durur.

Kino İttifaqı bəxtəvər oldu, çünki onların ikincisi də meydana gəldi, amma hər ikisi dövlət büdcəsindən maliyyə yardımı almadı.

# 4479 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
# # #