“Nargin” filmi 2025-ci ildə təqdim olunacaq

“Nargin” filmi 2025-ci ildə  təqdim olunacaq
25 sentyabr 2024
# 13:35

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ildə keçirilmiş film layihələri müsabiqəsinin qalibi olan “Nargin” filminin çəkilişləri davam edir.

Kulis.az xəbər verir ki, ARKA-nın dəstəyi ilə “Karvan production” tərəfindən lentə alınan bədii-sənədli filmin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadədir.

Filmin ssenarisinə görə, hadisələr fotostudiyada başlayır. Fotoqraf Sona xanım Hacıyevanın fotosunu çəkməyə hazırlaşır və bu vaxt küçədə səs-küy düşür. Sona xanım fotonun çəkilməsini gözləmədən küçəyə çıxır. Bu zaman fotoqraf aparatı işə salır və tüstü ətrafı bürüyür. Kompozisiyada isə boş kətil görünür. Sona xanım həyəcanla limana doğru aparılan türk əsirləri izləyir.

Bu real hadisələr “Nargin” bədii-sənədli filminin süjet xəttini təşkil edir.

Birinci Dünya müharibəsi (1914-1918) zamanı Türkiyənin (Osmanlı) Sarıqamış bölgəsində rus ordusuna əsir düşən 10 min türk hərbçisi Xəzərdəki Nargin adasına yerləşdirilir. Onların bu adadakı faciəvi həyatı azərbaycanlıları narahat edir. Türk əsirlərin Nargin adasından sistemli şəkildə qaçmasına yardımçı olanlardan biri də Sona xanım Hacıyevadır. Sona xanım Bakıda yaşayan neft milyonçusu İsrafil Hacıyevin həyat yoldaşı, həmçinin “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin qadın fraksiyasının rəhbəri olub. O, fədakarlıq göstərərək şəxsi vəsaiti hesabına əsirlərə tibbi və ərzaq yardımı göstərib, yüzlərlə əsirin, əsasən də yüksəkrütbəli zabitlərin xilas edilməsinə nail olub. Ən əsası isə onların adadan qaçırılması əməliyyatlarında şəxsən iştirak edib. Buna görə istintaqa cəlb olunub. İstintaq zamanı rus və erməni müstəntiqlər Sona xanımın şəxsi arxivini məhv ediblər.

55 dəqiqəlik filmin ssenari müəllifi Xəyyam Abdullazadə, operatoru Aleksey Malinkoviç, rəssamı Vüsal Rəhim, qrim rəssamı Adilə Alıyeva, prodüseri Elməddin Alıyevdir. Əsas rollarda Günel İmanova, Sənan Əlləz, Aygün Fətullayeva və digər aktyorlar çəkilirlər.

Çəkilişləri Bakıda, Nargin adasında və ümumiyyətlə, Abşeron yarımadasında həyata keçirilən filmin ilin sonuna qədər hazır olması planlaşdırılır. “Nargin” 2025-ci ildə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

# 2511 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər