Müharibədə yaralanan, xərçəngə yoluxan rejissor - O, kinodan niyə uzaqlaşmışdı?

Müharibədə yaralanan, xərçəngə yoluxan rejissor - O, kinodan niyə uzaqlaşmışdı?
20 may 2024
# 08:55

Bu gün unudulmaz filmlərin rejissoru, ssenarist Şamil Mahmudbəyovun anım günüdür.

Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Şamil Mahmudbəyov: Ötən ömrün akkordları" adlı yazısını təqdim edir.


1.

...İtkilərimizin çoxluğundanmı, nədəndi, ölümə tez isinişirik, onun apardığı adamın yerində qalan boşluq içimizdə uzun müddət sönmüş ocaq yeri kimi qaralır…

Yeri gələndə işıqlı-qüssəli xatirələr danışırıq, haqqında sağ vaxtı tamarzı olduğu xoş sözləri deyirik, qədrini bilmədiyimizi dilimizə gətiririk və... sonra da onu hansı zamanacansa unuduruq…

Görünür, ölümə öyrəncəli olması insanı həyatla barışmağa vadar eləyir...

Şamil Mahmudbəyov həyatla barışmış adamıydı, ömrünün ən yaxşı çağlarında, istedadı, imkanı müqabilində arzuladıqlarını gerçəkləşdirə bilməyən sənətçi, sağlığında, az qala, hamı tərəfindən unudulan insanıydı

Özünü gözə soxmağı sevməzdi, yüksək kürsülərə, televiziya ekranlarına çıxmazdı, gördüyü işləri dilinə gətirməyi belə özünə ar bilərdi; hətta o qədər təmənnasızıydı ki, 73 yaşında belə, dünyadan dördəlli yapışıb durmağı ayıb sayırdı…
Bəlkə, elə bu səbəbdən də, haqqın ilk əmrinəcə sakitcə boyun əydi...

2.

Şamil Fərəməz oğlu Mahmudbəyovun dünyaya gəlişi və adı maraqlı faktlarla bağlıdı…

Köklü, əsil-nəcabətli nəsildən idi, amma əslən Qərbi Azərbaycanın Böyük Vedi mahalından olduğunu heç vaxt dilinə gətirməmişdi. Zəmanəsinə görə yaxşı təhsil almış, yeni quruluşun məmuru olan atasını Bakıdan Naxçıvana məsul vəzifədə işləməyə göndərmişdilər. Fərəməz Mahmudbəyov da orda məşhur maarifçi Həbibbəy Mahmudbəyovun oğlu, tanınmış ictimai xadim, sonralar Azərbaycan Foto-Kino İdarəsinin rəisi olmuş, 30-cu illərin repressiya maşınının tırtılları altına düşmüş Şamil Mahmudbəyovla birgə çalışır, yaxından dostluq eləyirdi.

Onda inanıb üz tutduqları Şura hökumətinə cani-dildən bağlanan bu iki ziyalının ağlına da gəlməzdi ki, ikisi də əsil-nəcabətinin güdazına gedəcək. Aralarındakı dostluğu yaşatmaq arzusuyla Fərəməz, oğlunun adını Şamil qoymuşdu və beləcə, həyata ikinci Şamil Mahmudbəyov ayaq açmışdı.

Onun doğum ayı və günü də bir cüt idi: həmişə 1924-cü il dekabrın 5-də doğulduğunu deyirdi, son illərədək sənədlərə də elə bu cür yazılmışdı, hələ də bir çox mənbələrdə də beləcə qalır; fevralın 6-da dünyaya gəlməsi hətta mənim üçün də yenilik oldu...
Balaca Şamilin dünyaya gəlişindən heç bir il ötmədi ki, Fərəməz Mahmudbəyovu gedər-gəlməzə göndərdilər: bəy oğlu olduğunu qəsdən gizlətməsi cinayət imiş. Böyük Şamil, qohum-əqraba, dost-tanış başsız ailəyə kömək elədilər, dayaq durdular. Kiçik Şamil böyüyüb yeniyetməliyə qədəm qoyanda adaşı Şamili - ona kinonu tanıdan, kinematoqrafiyanın nə olduğunu anladan adamı da gedər-gəlməzə yola saldılar.

Yeniyetmə Şamil qorxunc və amansız zamanın pəncəsində köməksiz qaldı, bundan sonra öz gücünə arxalanmalı olduğunu dərk elədi...

3.

Şamil məktəbi bitirən il müharibə qapını döydü. Hələ yaşı çatmadığından, dəmiryol texnikumuna getməli, arxa cəbhənin sayagəlməz məhrumiyyətləriylə üzləşməli oldu, üstəlik, təhsilini tamamlamaq fikrindən də əl çəkmədi. Elə həmin il zor-güc könüllülər sırasına yazılan Şamil Mahmudbəyov Qroznıda hərbi-texniki məktəbi qurtardı, sonra Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşdu.

Haralardan keçmişdi onun döyüş yolu, ölümün gözünün içinə neçə dəfə baxmışdı - bu haqda danışmağı xoşlamazdı:
“Vuruşmuşuq da, - deyirdi, - hamı necə, mən də elə”. Amma bu deyimin özündən, onunsa üz-gözünün ifadəsindən dalda-bucaqda gizlənmədiyi aşkar olardı. 1945-ci ildə yaralanan, sağalıb yenə hərbi hissəyə qayıdan Şamil Mahmudbəyov dinc həyata üç il sonra - 1948-ci ildə döndü...

...Birinci iş yeri, qapısını açdığı ilk və son idarə Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) oldu. Ona kinematoqrafiyanı anladan adamın arzusunu, özünün ekrana sevgisini müharibənin od-alovu içindən keçirib gətirmiş, cavan yaşında həyatın hər üzünü görmüş oğlan onda hələ necə uzun, əzablı yaradıcılıq yolunun başlanğıcında olduğunu bilmirdi.

Studiyada işlədiyi bir il ərzində rejissor assistenti ekran adlı sirli aləmin gizlinlərinə yetməyə can atdı; həyata, çətinliklərə bələdliyi, dözümü qolundan tuturdu, dadına çatırdı. Elə bunun sonucuydu ki, sonrakı il onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirmiş, ekrana ciddi münasibəti, özümlü düşüncə tərziylə diqqəti çəkmişdi.

4.

O, Bakı kinostudiyasına qayıdanda artıq “beskartinye” adlandırılan zaman kəsiyi arxada qalmışdı, bir-birinin ardınca bədii və sənədli filmlər istehsalata buraxılırdı; Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov özünü irəli verib çoxlarından qabağa keçə bilərdi. Amma belə şeylər onun təbiətinə yad idi, tərbiyəsində böyük-kiçik yeri bilmək vardı, üstəlik də hələ irəlidə yaşlı və təcrübəli həmkarları - Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov... vardı - hamısı da Moskvanı bitirmişdi.

O, az qala, on il arzuladığı məqamı gözlədi: düzdü, bu illərdə boş oturmamışdı, “Görüş” (1955), “Qara daşlar” (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq üçün poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqqında sənədli lentlər çəkmişdi. Bu səpkili filmlərin çoxunu isə sonralar yaradıcılıq bioqrafiyasından silib atmışdı, heç adlarını da xatırlamırdı. Elə quruluş verdiyi ilk bədii lenti də həmin illərə aid idi: “Sol gediş” adlı bu qısametrajlı televiziya filmi, çətin ki, indi kiminsə yadında qalmış ola...

Yaşı, az qala, 40-ı haqlamışdı; hələ də öyünəsi, özünü əməlli-başlı sınaqdan keçirəsi ekran işi yoxuydu. Belə bir vaxtda ona Sabit Rəhmanın “Romeo mənim qonşumdur” kino-komediyasını ekranlaşdırmağı təklif elədilər. Şübhəsiz, Şamil Mahmudbəyov yumoru sevirdi, kinematoqrafik görümü də qaydasındaydı; amma, nədənsə, müharibə haqqında çəkmək istəyir, o acı illərin yaşantılarını ekrana gətirməyə can atırdı. Belə bir vaxtda veriləndən imtina eləmək ağılsızlıq olardı; bu səbəbdən də, filmin çəkilişinə başladı. Peşəkar rejissor işi, həm də görkəmli sənətçi Adil İsgəndərovun koloritli oyunuyla yadda qalan həmin ekran əsəri daha çox lirik komediya kimi qəbul olunsa da, Şamil Mahmudbəyovun dramatizmə meyilli olduğunu açıqladı, onun yaradıcılıq imkanlarına işıq saldı.
Şübhəsiz, həcmi nəzərə alınmazsa, bədii bitkinliyinə və uğurlu rejissor işinə görə kinomuzun ən yaxşı ekran əsərlərindən sayılan qısametrajlı “Qaraca qız” (eyniadlı kino-almanaxda, 1967) filmi Şamil Mahmudbəyovun daha bir özünütəsdiqiydi. Bu da səbəbsiz deyil ki, həmin lentdən sonra o, təxminən on il ərzində kinomuzun öncül və məhsuldar rejissorları sırasında oldu, poetik kino cərəyanının formalaşdırılmasına sanballı töhfələrini verdi. O, filmdən-filmə rejissor dəst-xəttini cilalayır, kinomuza yeni duyum, yeni obrazlar gətirirdi. Növbəti işi “Torpaq, Dəniz, Od, Səma” (1970) lirik-fəlsəfi pritçası dramaturji baxımdan da, mövzunun rejissor yozumu sarıdan da Azərbaycan ekranında təzə idi. Sovet kino nəzəriyyəsinin çərçivələrini dağıdan, uşaqlar və gənclər (yeniyetmələr) üçün müəyyənləşdirilən xüsusi yönümü özünəməxsus ustalıqla bütün seyrçilərin malı eləyən (elə “Qaraca qız” filmi də fikrimizə sübutdu) Şamil Mahmudbəyov, əslində, belə bölgülərin ötəriliyini isbata yetirirdi.

O da şübhəsizdi ki, Azərbaycan kinosunun mövcudluğu ərzində ortaya çıxarılmış bədii ekran əsəri arasından 10 ən yaxşı lent seçsək, biri mütləq Şamil Mahmudbəyovun “Şərikli çörək” (1971) filmi olacaq. Qətiyyən hissə qapılmadan, bu filmin nəinki keçmiş Sovetlər Birliyində, hətta bütün dünya kinosunda müharibə haqqında çəkilmiş ən dəyərli lentlər sırasında olduğuna əminik. Heyif ki, “Şərikli çörək” vaxtında sərhədi keçə bilmədi, nüfuzlu festivallara göndərilmədi. Amma Şamil Mahmudbəyov, az qala, 30 il içində gəzdirdiyi arzusunu gerçəkləşdirdiyi və bir az da... həmin il filmin və yaradıcısının Azərbaycan SSR Dövlət mükafatına layiq görüldüyü üçün hədsiz xoşbəxt idi. Bütün bunlar öz yerində; amma mən inanmıram ki, kinomuzun iki cüt-bir tək şedevrindən birinin Şamil Mahmudbəyovun bəxtinə düşməsi adi bir təsadüf ola. Hər halda, haqq deyilən şey varsa, gec-tez hardasa özünü bildirməlidi...

5.

O illər Şamil Mahmudbəyov ürəyincə, istəyincə işləyirdi. “Şərikli çörək”dən sonra “Həyat bizi sınayır” (1972), “Skripkanın sərgüzəştləri” (1973), “Dörd bazar günü” (televiziya filmi, 1975), “Dərviş Parisi partladır” (K.Rüstəmbəyovla birgə, 1977), “Bayquş uçub gəldi” (1978), “Od içində vahə” (1979) filmlərini çəkmişdi, 1976-cı ildə, kinomuzun 60 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdü.

İndi həmin filmlərdin hansının uğurlu, hansınınsa uğursuz olduğu barədə mübahisələrə girişmək olar. Amma bir həqiqət də var ki, onda 70-ci illər idi və hər şeyi rejissor həll eləmirdi: ona ürəyi yatmayan, sadəcə, çəkmək istəmədiyi ssenarini “sırıyırdılar”, filmin çəkilişindən ta montajınacan nəzarət altında saxlayırdılar; şübhəsiz ki, uğursuz filmin bütün günahlarısa rejissorun ayağına yazılırdı. İstəmədiyin mövzudan imtina da xoş gələcək vəd eləmirdi, çəkmək arzusunda olduğunu plana saldırmaq cəhənnəm əzabından betəriydi.

Şamil Mahmudbəyov bir para sənətdaşlarının su yoluna çevirdiyi yolları gedə bilmədiyindən, təklif olunanla razılaşmaq zorunda qalırdı; amma təbiətinə görə çhəddən artıq duyumlu və həssas olan sənətçi çox vaxt öz filmlərini çəkmədiyini, yəqin ki, çox gözəl anlayırdı və elə bu İnsanlığı ucundan da çarpışmağı, haqqını tələb eləməyi ağlına belə gətirmirdi. Başqaları hər xırda şeylə bağlı yuxarılara yazanda, meşin qapıları açanda, o, susur, sakitcə kiminsə, nə vaxtsa insafa gələcəyini gözləyirdi; dediyi söz eşidilməyəndə qışqırmır, dinməzcə papağını götürüb gedirdi. Beləcə, adamlardan könlü qırıldıqca, qəlbi soyuduqca, kinodan uzaq düşürdü, yaşantılarını, ağrılarını unutmağa vasitə axtarırdı: sənət aləmində bəlli olan bu vasitə isə, dedi-qodulara, artıq-əskik söhbətlərə rəvac verirdi.

Şamil Mahmudbəyov yaradıcılıq bioqrafiyasına yazılan sonuncu dövlət filmini 1984-cü ildə çəkdi, “çəkdi” deyəndə ki, beş il “prostoy”dan sonra plana salınmış yazıçı Əkrəm Əylislinin “Tənha narın nağılı” əsərini ekranlaşdırmağı ona tapşırdılar; o da neçə illərdən bəri ideoloji müdaxilənin cüzi olduğu mövzuyla rastlaşdığını duyub bir balaca dirçəldi: ssenaridə poetik hava da varıydı, müharibə illərində arxa cəbhənin tanış mühiti də. Yazıçının yozumu asan olmayan təhkiyəsini öz görümünə sığışdırmağa təzəcə girişmişdi ki, kiminsə məsləhətiynən aktyor Həsən Turabovu filmin şərikli rejissoru təyin elədilər.

Bu qəfil və anlaşılmaz təyinatdan öz payını götürdü; başqası olsaydı, sinəsini açıb meydana girər, orden-medallarını, mükafatlarını, fəxri adlarını hökm sahiblərinin gözünə soxardı. Amma Şamil Mahmudbəyov bu əxlaqın yiyəsi deyldi, sadəcə, acı təəssüf hissiylə çəkilib qıraqda durdu, sonra da içində qövr eləyən yaşantısını, dərdini götürüb kinostudiyadan getdi.

Onda cəmi-cümlətanı 60 yaşı vardı; yaşıdları, hətta beş-on yaş böyüklər film çəkirdilər, Şamil Mahmudbəyovun isə fəaliyyətdə olan rejissorlar siyahısından silinməsi haqqında qeyri-rəsmi hökm verilmiş, o da dinməzcə alın yazısına boyun əymişdi...

6.

Bu minvalla, az qala, on il kinodan uzaq düşdü: beş-üç könül dostundan, təcrübəsini, peşəkarlığını, talantını qiymətləndirən kəsdən savayı, yadına salanı yoxuydu, müharibə veteranı, “Əməkdar incəsənət xadimi” kimi pensiya alırdı, amma içində gömdüyü görümlərlə dörd divar arasında oturmağın ondan ötrü nə qədər əzablı olduğunu anlamaq çətin deyildi.

Hərdənbir kinostudiyaya gəlirdi, qəlbində dözülməz ağrı, üz-gözündə işıqlı təbəssüm, dəhlizləri dolaşırdı. Belə vaxtlarda ən çox ünsiyyətdə olduğu cavanlarıydı. Nədənsə, Şamil müəllim özünü bizimlə daha rahat hiss eləyirdi, ekran işlərimizə səmimiyyətlə maraq göstərirdi, uğurlarımıza ürəkdən sevinirdi, təcrübəsini bölüşməkdə səxavətini əsirgəmirdi. Bu illər ərzində şəxsi faciəsini (Leninqrad Kino Mühəndislər İnstitutunu bitirmiş oğlunun ölçüsüz-biçisiz həyatı ona pis təsir eləyirdi) yaşaya-yaşaya ömrünü verdiyi kinodan beləcə, asan ayrılmağından sonsuz əzab çəkdiyini çoxlarımız görürdük. Amma məlum ziddiyyət özünü burda da bildirdi: ürəyi yananların imkanı, səlahiyyəti yoxuydu, imkanı, səlahiyyəti olanlarınsa, ürəyi yanmırdı...

Bu, kiməsə yarınmaq, yaxud şişirtmə deyil: Şamil Mahmudbəyovun şam kimi əriyən ömrünü beş-üç il uzadan cavanlarla təması, bir də rejissor Vaqif Mustafayevin diqqəti oldu. 1993-cü ildə Vaqif “Divar” ssenarisinə vəsait tapıb ekran üçün darıxmış Şamil Mahmudbəyovu filmə quruluş verməyə dəvət elədi. Onda bənzərsiz sənətçinin təzədən dirçəldiyinin, az qala, iyirmi il cavanlaşdığının şahidi olduq. Ömründə Sovetlər Birliyinin sərhədlərini keçməmiş Şamil müəllim filmin çəkilişiylə bağlı İsraildə və İordaniyada yaradıcılıq ezamiyyətində oldu, həmin səfərlərin təəssüratını ömrünün axırına kimi yaşadı.

Amma deyəsən, bu da onun qismətinə yazılıbmış: filmin çəkilişi yarımçıq qaldı, neçə illərin intizarından sonra dirçəlmiş ümidləri öləzidi, aylarla apardığı hazırlaq gerçəkləşmədi...

Üç il sonra V.Mustafayevin “Step” studiyasında B.Abbaszadənin ssenarisi üzrə “Adam” qısametrajlı bədii filmini çəkməyi planlaşdıranda fikir ayrılığı olmadı: quruluşçu-rejissor Şamil Mahmudbəyov olacaqdı. Onda da Şamilin tamamilə yeni bir mövzuda, cavanlardan ibarət qrupla işləməsi ona bütün olub-keçənləri unutdurmuşdu. Təsadüf idimi, nəydi, yeni əxlaqi münasibətlər labirintində tənhalıqdan, etinasızlıqdan əzab çəkən insan haqqındakı bu film, elə bil, Şamil müəllimin özü haqqındaydı. Amma, görünür, yazıya pozu yoxmuş, onun böyük peşəkarlıq və duyumla çəkdiyi bu lent də maddi vəsait çatışmazlığından tamamlanmamış qaldı. Ömür möhlətinin yetişdiyini də, elə o vaxt bildik...


Nəriman Əbdülrəhmanlı

7.

...Soyuq çəkiliş günlərinin birində gördük rəngi əməlli-başlı avazıyıb. Operator Nizami Abbas kameranı saxlayıb halını soruşdu: “Özümü pis hiss eləyirəm, - dedi, - nəsə, boğazım ağrıyır”. İşləməkdə təkidliydi, hamımız üstünə düşdük ki, çəkiliş qaçmır, həkimə getsin.

Sonrakı gün “leçkomissiyada” müayinədən keçirmiş, dava-dərman yazmışdılar. İşimizi davam elətdirməyə qərar verəndə vəziyyətiylə maraqlandıq. Hər şeyi anlamış, qəbul eləmiş adam kimi: “Bir şey yoxdu, - dedi, - xərçəngdi”. Son kəlmənin üşüntüsü canımızda gəzdi, ağız-ağıza verib həkimlərin çox vaxt səhv eləmələrindən çeşidli misallar gətirdik, ümidini itirməməyi dönə-dönə xahiş elədik. İşıqlı və kədərli təbəssümlə əlini yellədi: “Eh, nə olur-olsun, - dedi, - daha mənimki keçib, heç nədən qorxmuram. Harda qırılar, qırılar”.

Elə bil, belə vaxtlarda onu yaşadan aramızda olmağı, bir də çəkiliş meydançasıydı. Sonrakı bir il ərzində telefon zəngləriylə, ara-sıra üzbəüz söhbətlərimizlə könlünü almağa çalışırdıq; amma, daha geciydi, etinasızlıq xərçəngi boğazındakı xərçəngdən qabaq axırına çıxmışdı. Həyatındakı şəxsi faciələrini də üstünə gəlsək, bu vaxtacan yaşamağı ağlasığmaz qəhrəmanlıq idi. O, dərdlərinin içində belə, öz işığını qoruyub saxlamağı bacarırdı: Adaşı Şamil Mahmudbəyov haqqında yazmaq istədiyimi bilib hədsiz sevinmiş, məni onun törəmələriylə calaşdırmış, yaddaşında qalanları danışmaqla köməyini əsirgəməmişdi.
...Ölümü sakit qarşılandı, dəfni sadə, ötəri keçdi. Elə bil, dünyadan köçən müharibə veteranı, respublika Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, “Şərikli çörək” filminin yaradıcısı olan bir sənətçi deyildi. O soyuq, yağışlı yaz günü – 1997-ci il mayın 20-si - nə qəbrinin üstündə üç kəlmə söz deyildi, nə şəxsiyyəti, yaradıcılığı anıldı, nə də xatirəsinin əbədiləşdirilməsindən söhbət açıldı. Tabutunun altına cavanlar girdilər, son mənzilində cavanlar rahatladılar, o kədərli günü videolentə köçürməyi cavanlar təşkil elədilər. Gələn rəsmilər də yağışın araya düşməsiylə bir ayaqlarını qaçaraq qoymuşdular.
Son filmini isə Nizami Abbas və prodüser Rasim Həsənovla ancaq 2010-cu ildə tamamlaya bildik. O tamamlanmış filmin təqdimatı isə düz yeddi il sonra – 2017-ci ildə oldu...

…Bu sonuncu itkimiz deyil. Hardasa, aramızda etinasızlıqdan əzab çəkən, öz əzablarıyla tək-tənha qalan, taleyi, sənəti sarıdan bir suyu mərhum Şamil Mahmudbəyova oxşayan adamlar yaşayır. Sabah da o Adamları itirəcəyik. İndi bilirikmi, kimdi o Adamlar?!.

# 2027 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #