Əxlaqsız qadını döymək olar? - "Alatava" serialının mesajları

Əxlaqsız qadını döymək olar? - "Alatava" serialının mesajları
13 iyun 2024
# 10:30

Kulis.az "Alatava" serialı haqqında Şəlalə Bədəlovanın “Alatava” – feminist diskursunda" adlı yazısını təqdim edir.

Bu günlərdə “Alatava” mini teleserialı mediada xüsusi maraqla qarşılanan seriallarımızdandır. Seriala evdar qadınlardan fərqli olaraq, xüsusilə, gənc və orta yaşlı kişilər tərəfindən baxılması və qəbul edilməsi onu araşdırma üçün maraqlı edir. "Alatava" ümumi seriallarımızın fonunda təhlil üçün geniş tərəflərə malikdir. Bu məqalədə əsas tənqid hədəfi televiziyanın seriallar vasitəsilə normallaşdırdığı şiddət (xüsusilə qadına qarşı) və gender bərarbərsizliyinin, tamaşaçı kütləsinə patriarxal hakim sistemi əldə bayraq tutaraq xüsusi təsvir kodları vasitəsilə yeridilməsidir. "Alatava" da həmin nümunələrdəndir.


Seriallar çox zaman bu yolla real həyatı göstərdikləri iddiası ilə özlərinə müdafiə qalxanı qururlar. Lakin televiziyanın dünyası və onun yaratdığı həqiqət ilə sosial cəmiyyətin həqiqi dünyası arasında fərqlər mövcuddur.

Con Fisk (media tədqiqatçısı və mədəniyyət nəzəriyyəçisi) və Con Xartlinin (professor, media tədqiqatçısı) qeyd etdikləri kimi, tamamilə fərqli olsalar da, bəsit şəkildə televiziya reallıqla əlaqəlidir.

Corc Qerbner (təkmilləşdirmə nəzəriyyəsinin banisi) televiziya ilə bağlı çoxlu araşdırmalara malikdir. Hətta onun “kultivasiya” nəzəriyyəsi də araşdırmaçılar tərəfindən bu sahədə geniş istifadə olunur. Kultivasiya nəzəriyyəsi televiziyanın, fərdlər üzərində təsirinə yönəlmiş bir nəzəriyyədir.

C.Qerbner 1970-ci illərdə etdiyi araşdırmalarda televiziyada göstərilən şiddətin real dünyadakı şiddəti ifadə etmədiyini qeyd edir. Seriallarda xüsusilə baş qəhrəmanların göstərdiyi şiddət normallaşdırılır və izləyicidə ona qarşı simpatiya yaradır. Araşdırmalar zamanı sübut olunub ki, serialların tamaşaçıya təsiri filmlərə nisbətən daha uzunmüddətlidir və təsvir kodları vasitəsilə ona ayrılmış uzun müddətdən istfadə edərək, fərdin düşüncəsinə yavaş şəkildə yeridilir.
Bu halda serial, cəmiyyətin birbaşa sosial, iqtisadi və mədəni şəraitinə danılmaz təsir göstərir. Serialların filmlərə nisbətən təsvirdən maksimal şəkildə istifadə qabiliyyəti daha zəifdir. Bu halda serial hər bir bölümdə eyni mesajı müxtəlif təsvir kodları vasitəsilə ötürməyə çalışır. Biz cəmiyyətdə medianın gücünün, xüsusilə, postmodern dövrdə hansı həddə gəldiyinin canlı şahidlərinə çevrilmişik. Seriallar daha çox hakim ideologiyanın, sistemin istəklərini, ənənəvi təsvir kodları vasitəsilə tamaşaçılara hədəflədiyi həzzə çatmaqda vasitəçi kimi çıxış edirlər.


Cəmiyyətdə gender bərabərsizliyi hələ də problem olaraq qalır və dünya statistikasında gender bərabərliyinin qorunduğu ölkələr arasında Azərbaycan heç də ürəkaçan yerdə deyil.
Vəziyyət o həddə çatıb ki, “feminizm” sözü termin olmaqdan çıxaraq, vulqar söz kimi, cəmiyyətdə xoşagəlməz mövqedədir.
Bu kimi problemlərin ciddi faizinin televiziyanın apardığı siyasətlə baş verdiyini desək, yanılmarıq.
Bu işdə ilk mövqedə seriallar durur. “Alatava” serialı da patriarxal sistemi mədəni kodlar vasitəsilə təmsil edir. Serialda kişi və qadın kateqoriyasına aid normalar məhz bu sistem əsas tutularaq yenidən inşa olunur. “Alatava” da kişimərkəzli serial olduğu üçün şiddətin və cinayət xarakterli təsvirlərin burada ön planda verilməsi heç də təəccüblü deyil.


Serialın janrı kriminal komediya kimi qeyd olunur.
Komediya təsvirdə cəmiyyət tərəfindən kəskin etiraza səbəb ola biləcək hərəkətlərin normallaşdırılmasına kömək edən janrlardan biridir. Bu zaman ortalığa “şiddət gülməli ola bilər?” sualı çıxır. Ümumiyyətlə, komediya ilə normallaşdırılmaq istənilən hər bir təsvir yenə də mədəni və sosial sahədə problemli olaraq qalır. Serial boyu (8-ci seriada) yalnız qadınların amansızcasına kişilər tərəfindən döyüldüyünün şahidi oluruq. Döyülən hər iki obraz qadın olaraq yadlaşan, cəmiyyət tərəfindən qəbul olunmayan kateqoriyada olan qəhrəmanlardır.


Patriarxal sistemdə “müqəddəs ana” və “ailəyə qayğı göstərən həyat yoldaşı” rolları toxunulmazdır. Dünya nə qədər inkişaf etsə də, bu tipli ənənəvi rollar seriallarda qadın üçün ideal hesab olunur. Onlar məsum, saf, gözəl obrazlar olaraq məhz patriarxal sistemin qəbul etdiyi çərçivədədirlər.

Bu kimi çərçivələr bəzən "Alatava"da olduğu kimi, onları kişi şiddətindən kənar saxlayır. Həmin bu iki qəlibləşmiş roldan başqa, dəyişən dünyada qadınlıq funksiyasının da dəyişilməsi baş verir. Qadınlar mübarizə aparır, cəmiyyətdə ana və evli qadın rollarından yaxa qurtarırlar. Bu vəziyyət isə gender bərabərsizliyinin yüksək olduğu cəmiyyətlərdə xoş qarşılanmır və serial, stereotiplərdən kənara çıxan həmin qadınlara qarşı edilən hər bir şiddətə (təkcə fiziki deyil, psixoloji və cinsi zorakılıq) əsas verir.

Burada stereotip olaraq iştirak edən Toma (ana), Rəna (hamilə qadın), Hüsniyyə (sevgili) obrazlarıdır. Digər qadınlara diqqət yetirək. Solmaz şirkət sahibidir, tənha qadındır. İki jurnalist qadın subaydır. Elmira arqo tərzli danışığı və davranışı ilə digər qadın qəhrəmanlardan fərqlənir. Anası ilə arasında soyuqluq var. Lamiyə uşaq evində böyüyüb, seks işçisidir. Sadalanan bu qadınların heç biri evli deyil və ya övladları yoxdur. Onlar serialda yadlaşmış obrazlardır. Sistemin iş tərzinə görə, məhz bu qadınlara qarşı olan hər bir şiddət növü adiləşdirilir. Elmira və Lamiyə kişilər tərəfindən şiddətin hər növünə məruz qalırlar. Elmiraya psixoloji şiddəti anası, fiziki şiddəti isə varlı adamın oğlu göstərir.
Xüsusilə, onun kişi tərəfindən vəhşicəsinə döyülmə səhnəsi, kişi eqosunun doyurulmasından başqa heç nəyə xidmət etmir. Digər tərəfdən, tamaşaçıya mesaj kimi, Elmiraya, sadəcə, mənfi kişi obrazı tərəfindən fiziki yolla göstərilən şiddətin təsvir kodlarıyla ötürülməsi baş verir. Yəni tamaşaçı qəbul edir ki, qadın belə döyüldüyü halda məzlum vəziyyətinə düşür. Halbuki bəzi səhnələrdə Alik Elmiranı təhqir edir, söyür və tamaşaçıya bunu şiddətdən uzaq, dostyana narahatlıq olaraq ötürür. Tamaşaçı bu halda narahatlıq keçirmir, hətta baş obrazın hərəkətlərini doğru qəbul edir, ona haqq qazandırır.

Məqalədə Elmiraya göstərilən şiddətin üzərində durmağın səbəbi tamaşaçıya verilən hər bir mesajın tənqiddən çox, təbliğat xarakterli olmasıdır.


Məlumdur ki, heç bir qadın obrazı üzərində yaxşı işlənməyib, onun psixoloji vəziyyəti, yaşadığı cəmiyyətdə apardığı mübarizə ümumi “yola verilmiş” təsvirlərlə doldurulur. Tamaşaçı şərhlərindən də aydın olur ki, bu səhnədə o, Elmiraya qarşı göstərilən şiddətə görə deyil, bunun məhz varlı, özündən razı oğlan tərəfindən törədildiyi üçün narahatdır və həm Elmira, həm də tamaşaçı onun qisasının Alik və dostları tərəfindən alınacağını gözləyir.

Bütün bu hadisələrin başlanğıcı, Alik və dostlarının mafiyaya qoşulmasında günahkar, məhz qadın göstərilir. Elmiranın “axmaq” bir hərəkəti onları qurtula bilməyəcəkləri, davamlı olaraq çətin vəziyyətə salır.


Ümumiyyətlə, serialdan göründüyü kimi kişi, qadını özünün yaratdığı qəlibə salır və bu zaman onlar kişilər üçün ideal qadın obrazına çevrilir. Hüsniyyə bu baxımdan nümunədir. Hüsniyyə ana olsa da, sistemə görə o hələ tamalanmayıb. Bunun üçün onun Alikə ehtiyacı var. Hüsniyyə Aliki səhvlərinə görə bağışlayır, atasına qarşı çıxır, Alikin geyim qadağasını qəbul edir, bir növ fədakar qadın obrazında olur.

Bununla da serial, tamaşaçıya qəbul etməli olduğu qadın tipinin təsvirini verir. Elmira və digər yadlaşmış qadınlar əks qütbdə dururlar. Onlar daim kişilərlə problem yaşayırlar. Üstüörtülü şəkildə təhqir olunurlar. Buna misal olaraq şirkət sahibi olan qadını götürək. Dostlardan biri ilə qadın arasında münasibət var. Serialda qadın uğurlu karyerası, kifayət qədər maddi imkanı və müstəqil olmasına baxmayaraq patriarxallığın qadın üzərinə yüklədiyi vəzifələrdən kənar olduğu üçün uğursuz idealdan kənar olaraq verilir və bu kimi qadınlarla, sadəcə, cinsi münasibətdə olmaq, ondan istifadə etməyə bir növ haqq qazandırılır.

Halbuki belə bir yanaşma tərzi inkişaf etmiş mədəni və sosial həyatda yolverilməzdir.

Digər bir tərəfdən, jurnalist qadın vasitəsilə tamaşaçıda eqoist, hər şeyə qarışan və qıcıqverici təəssürat yaradılır. Onun sosial məsələlərə diqqət yönəltməsinə səbəbkar da kişidir. Deputatlığa namizəd Cavanşirin düşməninə çevrilən Tahir qisas almaqdan ötrü jurnalist qadından istifadə edir. Belə çıxır ki, jurnalistin özünün istəyi kimi gördüyü iş, əslində, kişinin istəyidir. Lamiyə uşaq evindən çıxdıqdan sonra cinsi zorakılığın qurbanı olur və kişi vasitəsilə əxlaqsız həyat yaşamağa məcbur edilir. Lamiyə “saf” qadın anlayışından uzaq olduğu üçün şiddətin qurbanına çevrilir və ona qarşı törədilən şiddət normallaşdırılır. Tamaşaçıda Lamiyə ilə empatiyanın qurulmaması üçün olan addım isə serialın baş obrazlarının onun tərəfindən ələ verilməsidir. Əgər əksi baş versəydi, Lamiyənin obrazında ikiləşmə əmələ gələcəkdi. Qadının həm əxlaqsız, həm də cəsur olması, serial üçün ənənəvi hal deyil.


Elmiranın oğlan tərəfindən döyüldüyü səhnəyə bir də qayıdaq. Burada oğlanın ona qarşı amansızlığı, Elmiranın gülməyi və onu təhqir etməsilə başlanır. Sanki, qadın ona gücünü göstərir və kişi bundan hiddətlənir. Bu anda yazıçı Marqaret Etvudun bir cümləsi yada düşür: ”Kişilər qadınların onlara gülməklərindən, qadınlar isə kişilərin onları öldürəcəklərindən qorxur”.

Yəni qadının gülüşü kişiyə yönələndə təhlükəli hal baş verir. Kişi bu gülüşü alçaldıcı, təhlükə kimi qəbul etdiyindən ona verə biləcək zərərə qarşı bildiyi vasitələrlə (şiddət, cinayət) mübarizə aparır.

Serialın finalına yaxın bir neçə səhnə diqqətimizi çəkir. Yas yerində patriarxal sistemin yadlaşdırdığı və ideallaşdırdığı qadın obrazları bir səhnədə görünür. Bu bölünmə həm geyimləri, həm davranışları ilə açıq şəkildə tamaşaçıya ötürülür. Biz bunu Elmiranın kişilərlə məzarlığa getməsində, jurnalist qızla Elmiranın digər qadınlardan fərqli olaraq, rahat şəkildə kişilər arasında gəzməsində, geyimlərinin fərqliliyində görürük.

Həmin bu qadın obrazları serialın ənənəvi təsvir kodlarını dəyişirlər. Serialda kəskin sinfi mübarizə mövcuddur. Yəni bu sistem təkcə qadınlara qarşı deyil, həm də, aşağı sosial siniflərdəki kişilərə qarşı yönəldilir. Son seriyalardan aydın olur ki, ən aktiv mübarizə aparanlar – qadınlardır. Alikin obrazını psixoanalitik yolla təhlil etsək görərik ki, “Ata” və “Ana” simvol kimi onun dünyasının mərkəzində yerləşir.


Onun Cavanşirlə, Hüsniyyə və digərləri ilə qurduğu münasibətlərin alt qatında məhz həmin simvollar durur. Ortada uşaqlıqdan basdırılmış qayğı, sevgi və s. məhz bu münasibətlərlə ortalığa çıxır.

Serial orta sinifin anti-qəhrəmanlarının mübarizəsinə yer verir. Məhz yadlaşmış qadınların mübarizəsi, Alik və dostlarının dialoqları, onların məcburiyyət qarşısında hərəkətləri “özgə” insan obrazını tamaşaçı üçün normallaşdırmağa çalışır. Tamaşaçı realda qəbul edə bilmədiyi hadisələri, hərəkətləri, obrazları məhz serial vasitəsilə qəbul edir. "Kinoyazar.az"

# 1875 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #