Bu təhqir deyil, reallıqdır – Film festivalındakı qalmaqal davam edir

Bu təhqir deyil, reallıqdır – Film festivalındakı qalmaqal davam edir
25 noyabr 2021
# 15:12

Xəbər verdiyimiz kimi, noyabrın 23-də Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi baş tutub. Festival “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.

Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

Festivalın beynəlxalq və yerli müsabiqələri üzrə qaliblərin adları açıqlanıb. Festivalın əsas mükafatı olan "Qızıl Nar" heykəlciyi yerli müsabiqə də "Ən yaxşı sənədli film” nominasiyasının qalibi “Papanin” filminin rejissoru Türkan Hüseynovaya, “Ən yaxşı sosial çarx” nominasiyasında isə “Korona incəsənətə yardım” sosial çarxı ilə Cavid Səmədova təqdim edilib. Bu iki nominasiya üzrə qaliblərə ayrı-ayrılıqda 1000 AZN pul mükafatı verilib.

Xatırladaq ki, seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirib.

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alıb.

Yerli müsabiqənin qalibləri aşağıdakı kimidir:

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu - “28 may” bədii filmi. Rejissor Elvin Əhmədoğlu.

“Ən yaxşı prodüser” - “Arzu” filminin prodüseri Rüfət Əlizadə

Münsiflər heyətinin diplomu:

“Mən Gəncəyəm” sənədli filmi. Rejissor Ramil Ağasıyev.

“Mənim ailəm” sənədli filmi. Rejissor Afaq Yusifli.

“Bir ovuc yumor və cansıxıcı kədər” sənədli filmi. Rejissor Lalə Əliyeva.

“Xocalı nişanəsi” sosial çarxı. Rejissor Elçin Elxanlı.

Münsiflər heyətinin xüsusi mükafatı

“Artıq” bədii filmi. Rejissor Fərid Hüseynov.

“+65” animasiya filmi. Rejissor Sevinc Quliyeva.

“Ən yaxşı ssenari” - “Qaldırın yelkənləri” bədii filmi. Rejissor Səbinə Haqverdiyeva.

“Ən yaxşı sosial çarx” - “Korona-incəsənətə yardım”. Rejissor Cavid Səmədov

“Ən yaxşı sənədli film”- “Papanin”. Rejissor Türkan Hüseynova

Festivalın bağlanış mərasimindən sonra bir sıra narazılıqlar yaranıb. İki nominasiyanın (“Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor”) boş qaldığının elan olunması bəzi iştirakçıların qəzəbinə səbəb olub. Festivalın təşkilatçısı rejissor Fehruz Şəmiyev Kulis.az-a verdiyi açıqlamada baş verən hadisəni bu cür şərh edib:

“İki nominasiya boş qalıb, çünki o yerlərə heç kim layiq deyildi. Festivalda 9 film vardı və onlar bəyənilmədiyi üçün həmin filmlərin heç birini seçmədilər. Əgər film o keyfiyyətdə deyilsə, onu seçməmək olar. Bu bütün dünyada belədir.

Üstəlik bu festivalın və festival təşkilatçılarının işi deyil. Bunun bizə heç bir aidiyyəti yoxdur. Bu jürinin seçimidir. Jürinin də hansısa filmi bəyənməyib, mükafat verməməyi normaldır və hörmətlə qarşılanmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə gedən müzakirələrə görə, iştirakçılar tədbirdən sonra Fehruz Şəmiyevə suallarını ünvanlamaq istəyiblər, lakin onun tədbirdə olmadığını və harasa getdiyini bildiriblər. F.Şəmiyev bu şayiələri yalanladı və bildirdi ki, belə bir şey olmayıb: “Tədbir bitənə kimi mən orda olmuşam, hətta tədbirdən bir saat sonra çıxıb getmişəm”.

Bir neçə iştirakçı sosial şəbəkədə etirazlarını bildiriblər ki, iki nominasiyada qalibin seçilməməsi ədalətsizlikdir. Onlar münsiflərin bu məsələyə laqeyd yanaşdıqlarını, seçimi doğru aparmadıqlarını yazaraq festivalı tənqid ediblər. Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun “Azərbaycan filmi kanalizasiyadır” ifadəsinin də tədbirdə səsləndiyini söyləyənlər var. Lakin bunu təkzib edənlər də az deyil. Rüfət Həsənov Kulis.az-a açıqlamasında bu fikri təkzib edib:

“Azərbaycan filmləri haqqında kanalizasiya sözünü səsləndirməyim absurd iddiadır. Elə söz deməmişəm. Festival Mədəniyyət Nazirliyindən dəstək görüb. O ki qaldı filmlərin seçilməsinə və yaxud da mükafatlandırılmasının Mədəniyyət Nazirliyinin Kino şöbəsinə heç bir adiyyatı yoxdur. Türkan Hüseynovanın “Papanin” filmi mənim rejissor kimi xoşuma gəldi. Biz mütəmadi olaraq müsabiqələr elan edirik. Buna misal kimi Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin adını çəkmək olar.

Eyni zamanda təşkilatçılardan biri kinoşünas Aygün Aslanlının xarici filmləri daha çox təriflədiyini, yerli filmlərin çox zəif olduğunu bildirməsi iştirakçıların narazılığına səbəb olub. Kinoşünas Aygün Aslanlı məsələ ilə bağlı bunları söyləyib:

“Biz filmləri əvvəlcədən seçirdik. Mən yerli filmlərin seçim komissiyasında olmamışam. Mən beynəlxalq müsabiqənin seçim komissiyasında idim. Yerli müsabiqəyə daxil olan filmlərin nümayişindən sonra zalda tamaşaçılarla və filmlərin müəllifləri ilə birlikdə filmlər müzakirə olunurdu. Açığı, mən münsiflərin müzakirələrində iştirak etməmişəm. Münsiflər filmləri seçərkən, hansı kriteriyalarla yoxlayıb seçiblər, onu bilmirəm. Bir də onu deyim ki, festival təşkilatçılarının münsiflərin seçiminə qarışmağa ixtiyarı yoxdur. Qəti şəkildə. Bu münsiflərin seçimidir. Onların dünyagörüşünə, bilgilərinə etibar olunub, inanılıb və qərar da onların qərarıdır. Münsiflərə heç cür təsir eləmək imkanı olmayıb. Onlar müstəqil şəkildə qərar veriblər. O ki qaldı iki nominasiyanın verilməməsinə... Mən münsiflərin qərarına qarışa bilməzdim. Ancaq şəxsən məndən asılı olsaydı, hətta diplom alan bəzi bədii filmlər vardı ki, onlara diplom verməzdim. Çünki mən bu məsələdə radikallıq tərəfdarıyam, sənətdə güzəşt yaxşı şey deyil.

Mən neyləyim ki, əcnəbi filmlərin səviyyəsi bizim filmlərin səviyyəsindən qat-qat yuxarı idi. Bir məqamı deyim, yerli rejissorların əksəriyyəti sadəcə öz filmlərinə baxırdılar, beynəlxalq müsabiqədəki filmləri izləmirdilər. Halbuki festivalların bir funksiyası da təcrübə mübadiləsini təmin etməkdi.

Festivala təqdim olunan yerli bədii filmlərin arasında "ən yaxşı" - yəni həm rejissura, həm ssenari, həm vizual həll, həm aktyorluq baxımından yaxşı olan, "bax, bu kinodu" deyə biləcəyimiz film yox idi. Hansı film mükafat alsaydı, filmi izləyənlər "bu, nə filmdi ki, seçiblər? Yəqin, ortada başqa məsələ var" deyəcəkdilər.

Odur ki, mən münsiflər heyətinin doğru qərar verdiyini düşünürəm.

Bəli, festivalın beynəlxalq müsabiqəsindən nümayiş olunan əcnəbi filmlərin bədii keyfiyyəti ilə yerli filmləri müqayisə eləyəndə adamı ağlamaq tutur.

Və bu, təhqir deyil, Azərbaycan kinosunun reallığıdır”.

Digər münsif, Xalq artisti Mehriban Zəkinin "Mən ən yaxşı filmi görmədim", "Azərbaycanda kino yoxdur" kimi fikirlər səsləndirməsi də gündəmə düşüb. Məsələ ilə bağlı Mehriban xanımla əlaqə saxladıq. O, bizə dərsdə (Mədəniyyət və İncəsənət universiteti nəzərdə tutulur –red) olduğunu və danışa bilməyəcəyini söylədi. Daha sonra günboyu dəfələrlə zəng vursaq da, Xalq artisti bizim zənglərimizə cavab vermədi.

Festivalın təşkilatçısı rejissor Fehruz Şəmiyev saytımıza açıqlamasında etirazlara bu cür münasibət bildirib: “Gənclik bu yaşda etiraz etməsə başqa nə vaxt edəcək ki? Aygün xanımınsa (kinoşünas Aygün Aslanlı) elə bir fikrindən xəbərim yoxdur”.

Festivalın münsiflərindən biri, şair, tərcüməçi və esseist Səlim Babullaoğlu iki nominasiyanın boş qalmasına bu cür münasibət bildirdi:

“O nominasiyalara layiq olacaq filmlər yox idi. O nominasiyalara layiq film yox idi deyə, seçim olmadı. Necə olur ki, digərlərini seçirik, ancaq bunları seçmirik?”

“Dünya təcrübəsində nominasiyaların boş qalması təcrübəsi var, çünki orda festivallar çox keçirilir. Lakin bu bizdə görülməyən bir şey olduğu üçün etirazlara səbəb olur. Nisbət olaraq hansısa filmlərin o nominasiyada yer tutması mümkün olmazdımı?” sualına isə Səlim Babullaoğlu bu cür cavab verdi:

“Bu arqument deyil axı. Festival az keçirilir, ya tez keçirilir. Bu münsiflərin problemi deyil. Adətən müsabiqələrdə bu cür münasibət olur. Bir nəfər razı qalır, yerdə qalanlar narazı. Mükafat alan razı qalır, almayan narazı qalır. Biz nisbətdə zəif filmlərdən seçsəydik, o zaman söz-söhbət daha çox olacaqdı. Çünki orda “ən” film yox idi. Yanlış seçim etməkdənsə, etməmək daha doğru qərardı”.

Festivalda zəif filmlərin seçilməsi məsələsinə də Səlim Babullaoğlu münasibət bildirib:

“Jüri sonuncu mərhələyə baxır. Sonuncu mərhələyə qədər keçən filmlər jürilik deyil. Jüri o seçilmiş, arınmış filmlərə baxır. Bizim yekdil qərarımız beləydi ki, bütün filmlər zəif idi. Mən, şəxsən Səlim olaraq deyirəm ki, baxdığım bütün filmlər, əgər ona ideal kateqoriya ilə yanaşsaq, zəif idi. O zəiflərin arasında nisbətən zəiflər oldu, diplomlar, jüri mükafatı verildi. Ancaq o iki nominasiyada “ən” yox idi deyə seçilmədi. Mənim düşüncəmə görə, nisbətdə o iki nominasiyaya seçiləcək film yox idi. Ümumiyyətlə, mənim düşüncəmə görə, təqdim olunan filmlər arasında “+65” animasiya filmi festivala təqdim olunmuş ən ciddi əsər idi”.

Festivalın digər münsiflərindən biri rejissor Elməddin Əliyev də yaranan vəziyyəti bu cür şərh etdi:

"Nə “ən yaxşı bədii film” nominasiyası uyğun deyildi, nə “ən yaxşı rejissor”, nə “ən yaxşı ssenari”. Ümumiyyətlə, heç bir nominasiya uyğun deyildi. Yerli filmlərin hamısının səviyyəsi aşağı idi. Yerlər ona görə boş qaldı ki, o yerlərə uyğun filmlər tapılmadı. Əgər biz həmin yerlərə də film seçsəydik, onda da deyəcəkdilər ki, ora niyə film seçdiz. Bu çox sadə bir şeydir. Münsiflər olaraq belə qərara gəldik ki, həmin nominasiyaların qalibi yoxdur. Biz münsif olmamışdıq ki, kiməsə pul paylayaq. Belə bir şərt də yoxdur. Ən yaxşı ssenari verilib, ən yaxşı jürinin xüsusi mükafatı verilib . Biz orda, demək olar ki, heç kimi tanımırdıq. Sənədli filmlərdə işıq yeri var idi. Bədii filmlərin səviyyəsi çox aşağı idi. Beynəlxalq müsabiqələrlə bizim festival arasında çox böyük fərq var idi. Münsiflər heyətinin rəyinə hər kəs hörmətlə yanaşmalıdır. Bizim, yaxud Mədəniyyət Nazirliyinin haqqında nəsə danışmaq etik deyil. Münsiflər heyəti ilə iştirakçılar təbii ki söhbət edib, öz aralarında hər şeyi qərarlaşdırıblar. Münsiflər heyəti ilə mübahisə etmək olmaz. Orda heç bir ədalətsizlik olmayıb. Münsiflər heyəti əgər bura seçilibsə, deməli, nəyəsə görə seçiliblər. Yəni bu adamlar burda qərar verən adamlardır. Onların qərarı sadəcə müzakirə oluna bilər. Sorğulana bilməz. Əgər kimsə bunu edirsə, onun festival təcrübəsi yoxdur. İstədiyiniz filmi gətirin, baxaq görək niyə bu filmi seçməmişik".

# 2658 dəfə oxunub

Oxşar xəbərlər

# # #