Saxta, həyatdan uzaq, qurama... – "Ayaqqabı əməliyyatı” filmindən sərt tənqid

Saxta, həyatdan uzaq, qurama... – "Ayaqqabı əməliyyatı” filmindən sərt tənqid
16 yanvar 2020
# 09:01

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Ayaqqabı əməliyyatı” qısametrajlı bədii filmini təqdim edir.

Süjet: Çəkməçi Qədirin (Qurban İsmayılov) kiçik bir ayaqqabı emalatxanası var. Qədirin dostunun oğlu Əmrulla (Rasim Cəfər) biznesmendir. Əmrulla Qədirin sahibi olduğu emalatxanadan başqa, ətrafdakı bütün obyektlərin sahiblərini mülklərini ona satmağa razı salır. Ancaq Qədiri yola gətirə bilmir və qərara alır ki, ona tələ qursun. Bunun üçün o, Qədirə şərikli ayaqqabı dükanı işlətməyi təklif eləyir. Qızını (Leyla Əbdülsəmədova) festivala göndərmək üçün pula ehtiyacı olan ata nəticədə razılaşır. Və əvəzində öz ayaqqabı emalatxanasını Əmrullaya girov qoyur.

Əmrullanın planladığı kimi Qədirin borcu olduğu adamlar dükandan pulsuz ayaqqabı götürür və nəticədə dükan iflas olur. Əmrulla onların işbirliynin alınmadığını deyir və Qədirin emalatxanasına sahiblənir...

Gallery

“Ayaqqabı əməliyyatı” Azərbaycanfilmin “Debüt”studiyasında 2016-cı ildə çəkilib. Filmin rejissoru Pərviz Həsənov, ssenari müəllifi Əjdər Oldur.

Öncə bundan başlayım ki, rejissorlarımız qadına münasibətdə müəyyən mənada sələflərinin yoluyla gedirlər. Filmdəki Qədirin deyingən arvadı Nazı (Almaz Amanova) obrazını nəzərdə tuturam. Ərini maymaqlıqda, tənbəllikdə, pul qazana bilməməkdə günahlandıran, deyingənliyi ilə onu çərlədən, gününü göy əskiyə bükən qadın obrazı 1960-cı illərdə peyda oldu. Bugünə qədər bizim rejissorlar belə bir qadın xarakterindən kənara çıxa bilmirlər. Demək istədiyim o deyil ki, belə bir qadın xarakteri kinomuzda olmamalıdır. Sadəcə pulgir, deyingən, ərini çərlədən qadın obrazı konsepsiyasına nəhayət, yeni bir intonasiya, traktovka gətirilməsinə ehtiyac var. Yoxsa ki, monoton yanaşma az qala ikrah hissi oyadır. Milsaçün, Taleh Yüzbəyovun “Orta statistik Rasim” serialında da ərinin əfəlləyinə görə onu qınayan qadın obrazı var. Ancaq bu qadın obrazı birmənalı deyil, leksikonu təmkinlidir, daha həssas və anlayışlıdır.

Gallery

Yerli filmlərin tənqidi ilə bağlı yazılarımda qeyd etdiyim bir məqamı Pərviz Həsənovun da filminə aid edirəm. Təəssüf ki, bu ekran işində də təhlilə yararlı, haqqında geniş danışıla biləcək material yoxdur.

Film boyu aşağıdakı suallara cavab tapa bilmədim: “Ayaqqabı əməliyyatı” komediyasının qayəsi, anlatmaq istədiyi nədir? Əhvalat tamaşaçıya nələr haqda düşündürməyə vadar edir? Və hansı emosional-psixoloji təcrübəni tamaşaçılarla bölüşmək istəyir? Komediya janrı deyəndə, ancaq müəllifin yüngül yanaşması, bəsit süjet, hekayə nəzərdə tutulmur axı?!

Gallery

O da bəlli olmadı ki, Qurban İsmayılovun obrazı ilə Çarli Çaplinin kinoobrazı arasında paralellik hansı dramaturji zərurətdən doğur, əsası nədir? Əgər bu, sadəcə zahiri oxşarlıqdırsa (Qədir üzünü güzgüdə qırxanda, özünü Çaplinin kinoobrazına oxşadır, eyni mimikdən istifadə edir, bığını o tərzdə düzəldir) o zaman əhvalatda bu, işlək detala çevrilmir. Xarakter olaraq onları nəsə birləşdirirsə belə, yenə filmdə o işlənilmir, aydınlaşmır, əhvalata təsiri yoxdur.

Ayrıca, əhvalatda konflikt demək olar ki, yoxdur. Varsa da saxtadır, quramadır, həyatilikdən uzaqdır. Əmrulla pul qazanmaq üçün Qədirə kələk gəlib emalatxanasını alacaqdısa, sonradan niyə ona daha yaxşı yer təklif edir? Bəlkə də necəsə məntiq tapmaq olar. Ancaq təklif olunan situasiya konflikt, ziddiyyət yaratmaq üçün qətiyyən yararlı deyil. Cəmiyyətdə aktual konfliktli hadisələr ola-ola rejissorların qurama əhvalatçılıq həvəsini anlamaqda çətinlik çəkirəm.

Təsvirlər, mizanlar, situasiyalar, montaj o qədər mexaniki, cansız qurulub ki, sovet dönəminin ”Səhər görüşləri” verilişinin banal yumoristik səhnələrindən fərqlənmir. Daha çox ona təəssüflənirəm ki, kinoya gələn gənc nəsil həyata, gerçəkliyə canlı, fərqli baxış təklif eləmir.

Fransız heykəltaraşı Kamilla Klodel haqda Bruno Nyuittenin çəkdiyi eyniadlı filmdə “Kamilla Klodel” maraqlı bir epizod var. Müəllimi Ogüst Roden Kamillanı sənətdə düzgün yol tutmamaqda qınayır. Yaradıcı müstəqilliyə can atan Kamilla “mənə canlı süjet lazımdır” deyərək müəlliminin təklif etdiyi qəliblərindən imtina eləyir. Dediyim odur ki, çəkilən iş zəif ola bilər, amma ortada gerçəkliyə toxunan, onun fərqli yozumu, modeli varsa, olan qüsurlar da arxa plana keçir.

Gallery

Lakin başa düşdüyüm qədərilə rejissor üçün daha önəmli olan filmin xoşbəxt sonluqla bitməsidir. Qız festivalda qalib olur, Qədir yenidən ayaqqabı emalatxansına sahiblənir. Əmrulla istədiyini alır. Qısacası, hamı razı qalır. Ola bilsin, Mədəniyyət Nazirliyinin sifarişi olduğuna görə, rejissor filmdə məcburi xoşbəxt, hamını razı salacaq sonluq düşünüb. Fəqət, “Ayaqqabı əməliyyatı”ının kino sənətinə dəxli yoxdur.

# 3939 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #