Narkotika yerinə kəklikotu

Narkotika yerinə kəklikotu
21 noyabr 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Kəklikotu” bədii filmini təqdim edir.

Süjet: Filmin əsas personajlarından biri Müsabir (Müşfiq Şahverdiyev) kənddə yaşayır. O vaxtaşırı meyvə-tərəvəz satmaq üçün bacısı oğlu İsmayılla (İslam Mehrəliyev) paytaxta gedir. Rayon polis idarəsinə xəbər çatır ki, kənddə narkotik bitki becərilərək satılır. Polis işçiləri cinayətkarı yaxalamaq üçün yolları bağlayır. Cinayətkar dəstəyə bitkini çatdıran Murad (Rövşən Məmmədli) Müsabirə kisənin içində kəklikotu olduğunu deyərək, onu Bakıdakı dostlarına verməyi xahiş eləyir. Polis əməkdaşlarından biri Müsabiri tanıdığından onu maşınını yoxlamır. Və Müsabir bacısı oğlunun etirazlarına baxmayaraq, onlara əmanət edilən kisəni yol üstündəki kafelərdən birinə satır. Əvəzində isə yoldan kəklikotu yığaraq cinayətkarlara verir. Bakıdakı cinayətkar dəstənin başçısı (Əlixan Rəcəbov) adamlarına, əmanəti çatdırmadığına görə Muradı, Müsabiri cəzalandırmaq əmrini verir...

“Kəklikotu” filminin rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadədir. “Cinemazadeh” şirkətində istehsal olunan film 2017-ci ildə ekranlara çıxıb. Öncə, rejissorlar haqda qısa bilgi verim.

Gallery

Hər iki rejissorun işləri ilə ilk dəfə 2015-ci ildə Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində nümayiş olunan “4.1 Şəhər motivləri” almanaxı çərçivəsində tanış olmuşam. "Azərbaycanfilm" kinostudiyasında lentə alınan kinoalmanax xaricdə təhsil alan azərbaycanlı rejissorların çəkdikləri beş qısametrajlı filmdən ibarət idi. Cəfər Axundzadənin “Dmitrov küçəsindəki ev 86” dramı müharibənin vurduğu mənəvi zədələrin nəticəsini, görkəmcə yeniləşən şəhərin problemlərini anladır. Vüqar İslamzadənin “Zabit şərəfi” kompyüter qrafikası ilə işlənib və xromakeydə çəkilmiş ilk Azərbaycan filmidir. (Xromakey çəkilişi zamanı obyekt bir tonlu yaşıl fonda yerləşdirilir. Sonradan isə fonda başqa təsvirlər yerləşdirilir). Film tipik Hollivud əhvalatını danışır: satqın polis cinayətkar dəstəyə kömək edir, digər polis onların dərsini verir.

“Kəklikotu” filminə gəlincə. Filmin süjeti (ssenaristlər Vüqar Hüseynov, Talıb Əhədov) digər kommersiya yönümlü komediya filmlərindən fərqlənmir. Sadəcə, C. Axundzadə və V. İslamzadənin kinotəhsili, bilgiləri və təbii ki, istedadları imkan verib ki, filmi səliqəli, peşəkar işləsinlər. Əhvalat çoxpersonajlıdır, xırda süjet xətləri çoxdur. Bir qayda olaraq, yerli rejissorlar kiçik süjetlərin əsas xəttlə bağlantısını uğurlu qurmağı bacarmırlar. “Kəklikotu”nun müəllifləri isə vahid dramaturgiya qurublar. Bununla belə bəzi qüsurlardan sığortalana bilməyiblər.

Qazeli satan Ədalət (Elcan Rəsulov) və onun alıcısı Mirzəxan (Məcid Hüseynov) arasında alış-veriş dialoqu ehtiyac olmadığı qədər uzundur və bu epziod ümumi süjet xəttində ərimir. Filmdə komik olmayan yeganə dramatik bir neçə epizod cinayətkarların əlaltısı Murad və onun ailəsi ilə bağlıdır. Yəni onun mafioz dəstədən ehtiyatlanması, ailəsini məhv edəcəyindən keçirdiyi qorxu, arvadı Leyla (Günel Məmmədova) ilə konflikti sırf dramatik işləndiyindən komediya janrında tam oturuşa bilmir və tempo ritmi pozur. Muradın telefonla hədələndiyi səhnədə, başından qan damması kimi sürreal məqam da həmçinin...

Gallery

Basmaqəlib səhnələrdən biri – Müsabirlə İsmayılın barda əylənməsidir. Yerli komediya filmlərin əksərində belə məzmunlu səhnə var: kənddən şəhərə gələn adamların niyəsə ən böyük arzusu gecə barlarında əylənmək olması, üstəlik, onların özünü apara bilməməsidir. Və bu tip epziodlar hadisələrin mürəkkəbləşməsində həlledici rollardan birini oynayır. Kənd sakinləri haqda klişe düşüncə dəyişməli, rejissorlar nəhayət, hekayələrində “gecə barı” gedişindən bir şəkildə qurtulub yeni kontekstli konflikt təqdim etməlidirlər.

Ancaq əvvəldə dediyim kimi rejissorlar ümumən səliqəli işləyiblər. Misal üçün Fərda Xudaverdiyev kriminal mövzuda işləyən jurnalist obrazını oynayır. İşlədiyi kanalın rəhbəri (Oqtay Əliyev) buraxdığı səhvlərə görə, onu idman sahəsinə yönəldir. İlk baxışda F. Xudaverdiyevin personajının ümumi süjetlə az əlaqədə olduğu görünür. Hadisələrin sonlarına doğru məntiqli şəkildə müəlliflər bu obrazın fəaliyyəti ilə əsas xətt arasında bağlantı qururlar.

Video blogger, aktyor Əlixan Rəcəbovun oynadığı psixoloji problemli, cılız görkəmli, qəddar cinayətkar obrazı dünya kinosunda çox işlənib. Ə. Rəcəbov qəhrəmanının xarakterik xüsusiyyətlərini dorğu tapır, başqalaşa, inandıra bilir. Düzdür, bəzi məqamlarda gərəksiz təfərrüatlara varır, mübaliğə edir, necə deyələr, ifasının dadını-duzunu qaçırır. Bütün hallarda bu, ondan çox rejissorların problemidir. Bununla belə ümumilikdə aktyorlardan alınan nəticə keyfiyyətlidir. İslam Mehrəliyev belə infantil, sadəlövh obrazına tamamən oturuşub.

Qurşaqdan aşağı ifadə - zarafatlar əksər kommersiya filmləri ilə müqayisədə estetik, təmkinli işlənib. Əhvalatda qoyulan əsas problemlər - insan təbiətindəki tamahkarlıq, narkotik maddənin zərəri, polisin, televiziyaların işindəki qüsurlar və s.dir.

# 5847 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər