Estetik zövqü şikəst edən filmimiz

Estetik zövqü şikəst edən filmimiz
6 fevral 2020
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Vəsiyyət” qısametrajlı bədii flmini təqidm edir.

Süjet: Hadisələr Qarabağ müharibəsi dövründə baş verir. Müharibə gedən bölgələrdən birində köhnə xəstəxanada yaşlı Səlim (Rafiq Hüseynov) müalicə alır. Vəziyyəti ağır olan Səlim doğulduğu yerlərdə gəzməyin həsrətini çəkir. Günlərin birində xəstəxanaya Sara (Türkan Əlizadə) adlı gənc qız gətirilir. Döyüş vaxtı mərmilərdən biri Saranın yaşadığı evə düşür və o, ağır yaralanır. Huşunu itirmiş qıza ilkin tibbi yardım göstərilir. Digər palatalarda yer olmadığından o, qocayla eyni otağa yerləşdirilir. Bu günlər ərzində qız sayıqlayır. Və qoca ona dəstək olmağa çalışır. Sara yarı huşsuz vəziyyətdə olanda, qocanın dediyi sözlər onun yaddaşına hopur. Az sonra qoca ölür. Sara sağalandan sonra qocanı soruşur. Tibb bacısı (Sonaxanım Mikayılova) Səlimin öldüyünü gizlədərək, onu dostlarını apardığını deyir. Sara pəncərə qabağındakı dibçəyi görəndə Səlimin öldüyünü anlayır. Çünki qoca sağlığında dibçəyin ondan ötrü əziz yadigar olduğunu demişdi. Həkim (Sərvər Əliyev) Saranın tam sağalması və təhlükəsizliyi üçün Bakıya göndərilməsini planlaşdırsa da, gənc qız imtina edir. O, xəstəxanada qalaraq tibb bacısı işləyir. Və filmin nikbin sonluğu ilə işğal olunmuş torpaqlar uğurunda mübarizəni, ümidi ifadə edir...

Gallery

Film 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Və “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Debüt” studiyasının istehsalıdır. Filmin rejissoru İlhamə Bədəlova, ssenari müəllifi İbrahim Əliyevdir.

İlhamə Bədəlova televiziya aparıcısıdır. Hazırda ATV kanalında aparıcılıq edən İ. Bədəlova 2010-cu ildə Eldar Quliyevin “İstanbul reysi” bədii filmində baş rollardan birini ifa edib. “Babək”, “Burulğan”, “Bir cənub şəhərində” kimi maraqlı, kult filmlərin rejissoru olan Eldar Quliyev çox təəssüf ki, son illərdə keyfiyyətsiz, qeyri-peşəkar filmlər çəkib. Həmçinin, “İstanbul reysi” kinematoqrafik keyfiyyətlərdən uzaq, banal bir melodramdır və bu film haqda kulisdə yazmışam.

Gallery

Bu filmdə baş rollardan birini oynayan İlhamə Bədəlovanın Eldar Quliyevin rəhbərliyi altında rejissorluq etməsinə təəccüblənmədim. Sadəcə, ona təəssüflənirəm ki, dövlət büdcəsindən maliyyələşən studiyada belə mənasız, nəticəsiz “eksperimentlər”ə fürsət verilir və təsvir duyumu, kinobaxışı olmayan ortabab bir aparıcıya rejissorluq həvalə olunur. Əvəzində isə istedadlı rejissor və ssenaristlər kənarda qalır.

Nəticə də o olur ki, “Vəsiyyət” kimi ortaya çıxarılması ayıb olan bir film çəkilir. Elə bir film ki, yəqin, heç “Bozbaş pikçers” də özünə bu səviyyəni rəva görməzdi.

Gallery

Ümumən, ideya heç də uğursuz deyil. Fiziki və mənən yaralanmış iki yad adam təsadüfən ekstremal vəziyyətdə rastlaşır, şərait onları doğmalaşdırır və qocanın ümidi gənci həyata qaytarır. Amma doğmalaşma prosesi necə göstərilir, necə bir ifadə vasitələrindən istifadə olunur və ümumiyyətlə edilirmi, tamaşaçı ekranın o başında göstərilənlərə inanırmı?

Faktiki olaraq, ekranda nəsə baş vermir. “Vəziyyət” ara bir hərəkətə gələn, əlaqəsiz, çox pis montajla kəsib yapışdırılan natamam təsvir toplusudur. Filmin əvvəlində primitiv şəkildə Sara ilə Səlimin bir araya gətirilməsinə guya zəmin yaratmaq üçün tez-tez hər iki personaj paralel göstərilir. Bu paralellik arasında heç bir ritm bağlılığı, emosiya yoxdur.

Gallery

26 dəqiqəlik filmin böyük hissəsi Səlim və Saranın impressionist estetikada göstərilən xatirələrindən və Səlimin didaktik vətənpərvər monoloqlarından ibarətdir.

Problem ondadır ki, geriyə dönüş təsvirlər əhvalatda heç bir rol oynamır, ona nə emosional, nə dramaturji təsir göstərmir. Misalçün, Səlim iki yaşından uşaq evində böyüdüyünü, ana laylasına möhtac olduğunu deyir və bu mətn hərfi, poetik təsvirə çevrilir. Və ya baharın erkən gəldiyini söyləyəndə bahar fəslinin gəlməsi göstərilir. Onsuz da qoca bunu mətnlə anlatdığı fikrin bir də təsvirlə göstərməyin nə mənası var?!

Gallery

Aydın məsələdir ki, Səlimin monoloqları Saranı həyata qaytarmağa, ona ümid verməyə hesablanıb. Zira, monoloqlar kinodilindən uzaqdır, yanaşma bayağıdır. İfadə tərzinə görə belə monoloqlar Azdramada səslənir adətən: “Ətrafımızda həyat hadisələri tüğyan eləyir. Səhvlərdən, qüsurlardan, qəbahətlərdən astadan danışırıq. Cəmiyyətimizdə səsimizi eşidən yoxdur. Aslanın erkəyi, dişisi olmaz. Sara aslan kimi qızdır. Düşmənin belini sındırmalısınız. Qadın olanda nə olar. Həcəri, Nigari yadına sal.”

Belə anladım ki, rejissor filmiylə gender bərabərliyinin vacibliyini göstərmək iddiasındadır. Gender bərabərliyini Nigar, Həcər haqda, yararlılıq müddəti keçmiş mənalarla danışmaq vulqarizmdir. Bu, gender bərabərliyini, vətənpərvərliyi təbliğ eləmir. Əksinə belə moralist tənbeh, öyüd nəsihət vətənpərvərlik duyğularına zərər verir.

Gallery

Və yaxud Saranın özünə gələr-gəlməz pafoslu humanist monoloqu saxtadır: “Bu müharibə kimə lazımdır? İnsanlar niyə belə qəddarlaşıb?”

Filmdə atmosfer olmadığından bol musiqidən istifadəyə ehtiyac olduğunu görünür, rejissor da hiss edib. Hərçənd, rejissor musiqini (Cavanşir Quliyevin musiqilərindən istifadə olunub) süjetin harasına gəldi səpələyib.

“Vəsiyyət” film yox, estetik zövqə əzab vermək, onu şikəst etməkdir. Qarabağın belə saxta sevgi ilə təbliğatı antivətənpərvərlik ovqatı yaradır. Əgər müharibənin fəsadlarını, ondan əziyyət çəkən iki adamın dramını göstərə bilmək istedadı, gücü yoxdursa film çəkməyə məcbur deyilsiniz.

# 4113 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #