Rahatsınızsa, boşanın

Rahatsınızsa, boşanın
5 aprel 2011
# 11:49
Leyli ilə Məcnun, Romeo ilə Cülyetta ölməyib qovuşsaydılar, nə baş verərdi? Cavab hər zaman eynidi: Onları məişət öldürərdi. Yox, təsəvvür eləyirsiniz? Siz qovuşmaq üçün dağları yarın, qan tökün, qanınızı töksünlər, zəncir taxıb səhraları dolaşın, özünüzə heyvanları yoldaş seçin, ayı, günəşi şahid göstərin sevginizə...

Sonra məişət adlı mənasız xırda, gözəgörünməz bir şey, bir... nəsnə yerin altından səssizcə, incə-incə sızıb tədricən ətrafı palçığa çevirən su kimi girsin aranıza və... sevgi kaput! Bu qədər sadə və asan...

Yəni doğrudan, hər şey bu qədər sadə və asandı?

Amerikalı rejissor Sem Mendes “Dəyişikliklər yolu” (“Revolutionary Road”) filmində bu suala cavab axtarır.

Eyprillə Frenk Uilker bir məclisdə tanış olublar. Yatağa qədər uzanan söhbət əsnasında Frenk deyir ki, ən böyük arzusu Parisə getməkdi. Yox, o, bunu arzu şəklində deyil, artıq olmuş-bitmiş, həyata keçməsinə bir neçə saniyə qalmış reallıq kimi təqdim edir:

“- Parisdə neynəyəcəksən?

- Yaşayacam, mən əşyaları hiss eləmək istəyirəm.

- Frenk Uilker, sən həyatım boyu tanıdığım ən maraqlı kişisən”.

“Dəyişikliklər yolu” filmində baş rolları Keyt Uinslet və Lenardo Di Kaprio canlandırırlar. Bu isimlər yaddaşınızda hansı asossasiya yaradır?

Keyt də, Leo da XX əsrin əfsanəvi kino –məhəbbətlərindən birinin- “Titanik”in qəhrəmanlarını oynayan aktyorlardılar. İnanmıram ki, filmlərində (“Amerikansayağı gözəllik”, “Lənətlənmişlərin yolu”) insanların özlərini saldıqları çərçivələri, onların rahat adlanıb keçiləcək qədər efemer, eyni zamanda yerindən tərpənməyə qoymayacaq qədər kəskin olduğunu, o çərçivələrdən qurtula bilməməyin səbəblərini araşdıran Sem Mendes kimi bir rejissorun bu ikilini təkrar bir araya gətirməsi təsadüfdü.

Üstəlik, filmlə bağlı suallara cavab verərkən rejissor hər dəfə “Bu filmin “Titanik”ə heç bir dəxli yoxdu” deyə təkrar eləyir. Razılaşın ki, bu dəlinin yadına daş salmaq kimidi. Dahası, hər iki filmin arasında açıq paralellər var: Rouz kimi Eypril də aktrisa olmağı arzulayır. Cek kimi Frenk də Avropadan gəlib. Qısası, istəsən də, istəməsən də, “Dəyişikliklər yolu” filmini izlərkən hardansa beyninin bir küncündən “Titanik” boylanır, birinciyə ikincinin davamı kimi baxırsan.
Beləliklə, Ceklə Rouzu xatırladan Frenklə Eypril evləniblər, iki uşaqları, gözəl evləri var və otuz yaşına çatıblar. Frenk vaxtilə atasının iyirmi il işlədiyi ofisdə, hətta eyni vəzifədə çalışır. Eypril də evdar qadındı. Arabir özfəaliyyət tamaşalarda çıxış eləyir və “tamaşa yaxşı deyildi, amma sən əla oynadın”, “bu tamaşada yeganə yaxşı şey sən idin” tipli iltifatlar alır...
Çöl quşu olmalıydıq
Ev heyvanı olduq... (Zahir Əzəmət)

Növbəti tamaşadan, tərifdən sonra gənc qadın həyatını dəyişdirməyə qərar verir, Paris arzusunu xatırlayır və ərini hər şeyi atıb Fransaya getməyə razı salır. Həmin ana qədər boz şlyapalı, boz kostyumlu, yeriyərkən gözlərini yerdən qaldırmayan kütlədən seçilməyən, yeganə həyəcanı gənc katibələrə cansıxıcı, mənasız həyatından danışıb, sədəqə kimi sevgi almaq olan Frenk o andan sonra fərqlənməyə başlayır.

Rejissor onun duyduğu azadlıq hissini çox sadə detallarla, ancaq onları gözə soxmadan, tamaşaçıya sırımadan göstərir. O hiss, azadlıq duyğusu o qədər böyükdür ki, işinə də sirayət edir: Frenk şirkət rəhbərliyindən daha yaxşı vəzifə, daha çox pul təklifi alır və... Tərəddüdlər, şübhələr başlayır..

Eyprilin “biz hamıdan fərqliyik, ətrafımızdakılara bənzəmirik” sözünə “Bəlkə elə deyilik? Bəlkə sadəcə özümüzü buna inandırırıq?” deyə cavab verir. Frenk sığallı, kələ-kötürsüz, real rahatlıqla, komfortla naməlum, qaranlıq gələcək, mücərrəd arzuları arasında seçim eləyir və rahatlığı seçir.

Müəllifin bütün film boyu axtardığı cavab budur: rahatlıq.

Heç vaxt bitməyəcək kimi görünən sevgiləri öldürən məişət deyil, rahatlıq hissidi. Dostlarınızdan, tanışlarınızdan neçəsi hər şeyi- normal ailəsi, işi, pulu olduğu halda içindəki boşluq duyğusundan şikayətlənib?

Məişət də, qayğılar da, zənginlik və yoxsulluq da, xəyanətlər də, gizli eşqlər və sonra onları etiraf cəhdləri də - hamısı rahatlığını əldən vermək istəməyən insanın özü üçün uydurduğu çərçivələrdi, özünü bağladığı çidarlardı.

O dibi görünməyən, bir gedib, bir gələn, adamın yerimək həvəsini əlindən alan, kif kimi ruhunu basan boşluq vazkeçilməz rahatlıqdı əslində.. Dəyişmək, dəyişdirmək, cəsarətli olmaq qorxusudu.. Yaşamaq qorxusudu... Çünki yaşamaq yanmaqdı.

***
“Dəyişikliklər yolu” filminin finalında yaşlı ər-arvad rahat evlərində oturub söhbət edirlər. Daha doğrusu, arvad danışır, kişi isə ona hiss etdirmədən qulaq aparatının səsini alır və ətraf səssizliyə qərq olur. Bəlkə bir dəqiqə susaq?!

Aygün Aslanlı
# 1919 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #