Məryəmlə evlənən İsa Məsih

Məryəmlə evlənən İsa Məsih
27 oktyabr 2012
# 07:30
Dünya incəsənətində İsa Məsih qədər müxtəlif traktovkalara məruz qalan ikinci peyğəmbər yoxdur. Söhbət, təbii ki, ciddi sənət əsərlərindən gedir.

İncil motivləri əsasında onlarla film çəkilib. Onlardan bir neçəsində İncil mətnləri ilə çox sərbəst davranılıb. Həmin filmlər kəskin tənqid edilib, fəqət, müəlliflər qətlə yetirilməyib, kiməsə ölüm hökmü kəsilməyib, kimsə döyülməyib.

...Amma öncə, yenicə izlədiyim “İsa Məsih super ulduzdur” filmi haqda bir neçə kəlmə deyim. Kanada rejissoru Norman Jevisonun hələ 1973-cü ildə müzikl janrında ekranlaşdırdığı “İsa Məsih super ulduzdur” filmi ingilis bəstəkarı Endryü Uebberin eyni adlı rok-operası əsasında çəkilib.

Hər şeydən əvvəl bir peyğəmbəri vokalist, rok ifaçısı kimi görmək çox maraqlı idi.

Film avtobusla səhraya gələn aktyorların tamaşaya hazırlaşması ilə başlayır.

İncildəki əhvalatlar radikal interpretasiya olunmayıb, onlar sadəcə əla rok kompozisiyaları, opera musiqisi, rəqslərlə ifadə edilib, üstəlik, rejissor müasir dövrün elementlərindən yararlanıb.

Məsələn, əsgərlər İsa Məsihi Qolqofada avtomatla müşayiət edir, İuda tankların hücumuna məruz qalır.

İsanın müasir silahları, dollar əskinası asılmış lövhəni dağıtması səhnəsi ilə rejissor mövzunu daha da aktuallaşdırır, onun mübarizəsini Amerika imperializminə qarşı qoyur.

****

“Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram. Bilmək istəyirsən, anam və atam kimdir? Bilmək istəyirsən, mənim Tanrım kimdir? Qorxu”.
(“İsa Məsihin son tamahı” filmindən İsanın mətni)

İsa Məsihlə bağlı ən qalmaqallı film dünya kinosunun usta rejissorlarından sayılan Martin Skorsezenin yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırdığı “İsa Məsihin son tamahı” dramıdır.

Skorseze filmlərinin tempi məni sıxsa da, “İsa Məsihin son tamahı”na böyük zövqlə baxdım, hətta bir neçə hissəni təkrar-təkrar izlədim.

Düşündüm ki, filmdə mövzu islam olsaydı, rejissor daş qalaq edilərdi, dərisi soyulardı, ayağından asılardı, qətli üçün başına pul qoyulardı. Düzdür, 1988-ci ildə böyük ekranlara çıxan filmə müəyyən etirazlar olub. Bu haqda az sonra.

Öncə deyim ki, Kazandzakisin 1955-ci ildə yayımlanmış “Son tamah” romanının da taleyi qalmaqallı olub və Skorseze filmdə mümkün qədər əsərin ruhunu saxlamağa çalışıb.

Filmdə motivlər İncilə uyğun deyil. Məsələn, İsanın romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlaması, aşiq olduğu Məcdəlli Məryəmin müştərilərlə intim münasibətlərini müşahidəsi, İudanın tam müsbət obrazı, çarmıxa çəkiləndən sonra zühur edib Məcdəlli Məryəmlə evlənməsi, sevişməsi, ata olması və s.

Bununla belə filmdə əsas vurğu başqadır. Seçilmiş olduğunu anlayan İsa daim tərəddüd keçirir, sevgi, yoxsa müharibə, peyğəmbərlik, yoxsa adi həyat seçimləri arasında vurnuxur.

Zamanında kəskin tənqidlərlə üzləşən rejissora qarşı etiraz aksiyaları keçirilib, radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurlayıblar. Bir neçə xristian təşkilatı filmin istehsalçısı olan Universal kompaniyasından neqativləri almağa cəhd göstərib. Onlarda qəzəb doğuran məqamlardan biri də mənfi rollar ifaçısı kimi tanınan Uillem Defonun İsa Məsihin rolunu oynaması olub.

“İsa Məsihin son tamahı”nın çəkilməsindən 24 ilə yaxın vaxt keçir, əvvəlki emosional münasibət səngiyib, film sərbəst şəkildə televiziyada göstərilir, istənilən kino saytda onu izləmək mümkündür.

Bu mövzuda lentə alınan digər səsli-küylü film Paolo Pazolininin “Matfeyin İncili” (1964) dramıdır. Narazılıqla qarşılanan filmdə İsa Məsih solçu kimi təqdim edilib. Hətta bəzi kommunistlərə görə, İsa Məsih ilk solçudur. Pazolininin yozumundakı İsa bir az aqressivdir, mizantrop və üsyankardır.

Yeri gəlmişkən deyim ki, mövzusu din olmayan bəzi filmlərdə belə İsa Məsihin adı müxtəlif kontekstlərdə çəkilir.

Amerika intellektual kinosunun nümayəndələrindən biri, rejissor Spayk Linin “25-ci saat” kriminal dramında çıxılmaz vəziyyətə düşən Edvard Nortonun qəhrəmanının monoloqunda belə cümlə var: “İsa Məsih, səni görüm lənətə gələsən, cəhənnəm olasan”.

Xatırladıram ki, bu cümləyə görə nə Spayk Liyə, nə Edvard Nortona hər hansı etirazlar olmayıb.

Sevda Sultanova
# 1874 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #