“Dolu” bəşəri dəyərlərə xidmət etmir RESENZİYA

“Dolu” bəşəri dəyərlərə xidmət etmir RESENZİYA
7 sentyabr 2012
# 12:16
Ceyhun Mirzəyev, Vaqif Mustafayev- (1993) “Fəryad”, Oruc Qurbanov - (1993)“Haray”, Rüfət Əsədov- (2005) “Arxada qalmış gələcək”, Ramiz Əzizbəyli- (2011)“Yalan”, Elxan Qasımov- (2007)“Biz qayıdacağıq”, Yavər Əsədovun kütləvi tamaşaçının görmədiyi “Sarı gəlin” filmi də var. Unutduğum varsa rejissoru bağışlasın, Qarabağ müharibəsi haqqında gördüyüm filmlər bunlardır. Birinin ideyası gözəldir, digərinin senarisi, başqa birində rejissor işi, hansındasa aktyor ifası da zəif ssenarinin badına gedir. Hər halda heç biri bütöv halında sənət əsəri kimi peşəkarların “mükəmməldir” sözünə layiq görülməyib.

“Azərbaycanfilm” bu günlərdə eyni mövzuda daha bir filmi – “Dolu”nu təqdim etdi. Hələ ki, kütləvi tamaşaçılara yox, media mənsublarına.

“Nizami” kinoteatrında geniş ekranda kinoya baxmaq çox zövqvericidir, əgər bir filmə geniş ekranda həm də həmkarlarınla baxırsansa bu ikiqat maraqlıdır. Filmi birgə seyr etdiyim həmkarım Rey Kərimoğlu isə ekranda baş verənlərin iştirakçısıdır, Qarabağ müharibəsi veteranıdır. Hərdən filmdə baş verən hər hansı hadisənin ondan təsdiqini alır, yaxud özüm sual edirdim ki, Rey, bu işi kim eləmişdi. Məsələn, bəlkə tamaşaçıya Azərbaycan döyüşçüsünün o zaman əlinə keçən erməni qızını buraxması inandırıcı görünməz, amma həqiqətən olmuş hadisədir, hətta o döyüşçünün işlətdiyi ifadəyə qədər - “Biz torpaq davası aparırıq, arvad davası yox”. Bunu məxsusi olaraq niyə işlətdim? Çünki tamaşaçılar arasında kinokomediyaya baxırmış kimi istehza edib gülənlər vardı. Onları döyüşçünün bu hərəkəti, filmin qəhrəmanlarından biri Drakonun nərə çəkib erməni üstünə getməsi bəzilərində çox təəccüblü haldır ki, gülüş yaradırdı.

Hərdən filmdəki hadisələrin təsirindən özümü ayırıb dönüb onlara baxırdım ki, görüm kinoteatrın onlar əyləşən hissəsi bizdədir, yoxsa ermənilərin işğalı altında. Və çox qəribədir ki, yaşadığım bu olay filmdə eşitdiyim bir ifadə ilə çox üst-üstə düşür. Komandir əsgərlərini də götürüb qaçan başqa bir zabitin qarşısına keçib qaçmasına maneə olanda həmin zabit komandirə “torpaq sizindir, özünüz qoruyun” deyir. Bax, həmin bu “Məndən ötdü qardaşıma dəydi” məsələsi Qarabağ savaşında uduzmağımızın özülündə durur. İndi də həmin bu bir-neçə gənç o müharibəni, torpaqlarımızın işğalı olunması kimi millət faciəsini o qədər özlərindən uzaq saxlayıblar ki, filmdə verilən real hadisələr onlara özlərinin dediyi kimi “Rembonu yamsılamaq”, “Amerika filmlərinin kopyası” təsiri bağışlayır.

Mənə elə təsir bağışlamadı, ona görə ki, hadisələr mənə uydurma gəlmirdi, çünki əvvəla o hadisələrin bəzilərinin şahidi, bəzilərinin isə hətta iştirkçısı olmuşam.

İkincisi, həmin hadisələr bu gün də həyatıma təsirsiz, izsiz deyil. Qarabağ haqqında nəinki filmlər, mahnılar, ən adi süjetlər, hətta adın özü belə artıq məndə boğazıma tıxanmış qəhər, nisgil, ağrı yaradır. Bu Qarabağdan olduğum üçün belə deyil. Ona da əminəm ki, Mübariz İbrahimov silahını götürüb ermənilərin üstünə gedəndə şəksiz Remboluq etmək ağlının ucundan keçməyib, amma həmin real epizod filmə salınsa yenə həmin ağzıgöyçəklər gülüb rejissoru Amerika filmlərini yamsılamaqda günahlandıracaqlar. Bunları deməsəm ölərdim, indi keçək filmə.

Az-çox kino sənətindən başı çıxan tamaşaçı kimi deyim ki, “Dolu” filmi həqiqətən də indiyə qədər Qarabağ müharibəsi haqda çəkilmiş filmlərin ən yaxşısıdır. Həm senari, həm rejissor işi, həm operator, effektlər, musiqi, bir sözlə film küll halında yaxşı filmdir. Filmdə müharibə, döyüş, səngər, qrad mərmilərindən yaranmış partlayış səhnələri çox gözəl effektlərlə verilib. Əgər tamaşaçı kinoya baxdığını unudursa bu filmin uğurudur. Təəssüf ki, Pələngin anası rolunu oynayan Gülzar Qurbanova ekranda görünəndə harda olduğum yadıma düşdü.

İkinci uğur rejissor tapıntısıdır. Elxan Cəfərov Azərbaycan kinosu üçün iki aktyor kəşf edib Drakonu (Rza Rzayev) və Pələngi (Elvin Əhmədov) yaradan iki gənci. Xüsusən Pələngi oynayan gənci Mübariz İbrahimov rolunda da görmək istərdim, çox oxşayır. Drakon isə əsl drakondur.

Filmin uğurlu başlanğıcını da deyim, dolu yağışının qrad mərmilərinin dolusuna çevrilməsi kino üçün estetik baxımdan uğurlu alınıb. Komandir obrazına aktyor seçimi də rejissorun daha bir uğurudur. Məmməd Səfa kino üçün yaranmış aktyordur. Onu ekranda görəndə bir vaxtlar sənətşünas Cəfər Cəfərovun Həsənağa Turabov barədə dediyi fikri xatırlayıram: “ Onun səhnəyə çıxması ilə səhnə artıq dolur ”. Sonralar bu Fuad Poladova da aid edilib, bu gün həmin fikir inamla Məmməd Səfa barədə deyilə bilər. Kino ekranı komandirin – Məmməd Səfanın gəlişi ilə doldu. Onun döyüşçü-komandir olduğuna necə inadımsa filmdən sonra foyedə gördüyüm aktyor Məmməd Səfaya yaxınlaşa bilmirdim. Fuad Poladov da işğala məruz qalan bir şəhərin başçısı kimi obrazda çox inandırıcı idi, belə bir “raykom” özü inandırıcı olmasa belə. Aqil Abbas axı reallıqlarla bahəm arzusunda olduğu hadisələri də qələmə alıb.

Obrazlar arasındakı dialoqlar da inandırıcı verilib. Çəkiliş yerləri yaxşı seçilib. Operator işi xüsusi qeyd olunmalıdır, bunu da deyim. Bunlar hamısı son illər Azərbaycan kinosunda görünməyən uğurlardır. Həmçinin filmin musiqisi. Polad Bülbüloğlu gözəl sənətkardır və burda da filmin ruhunu sənətkarlıqla duyub musiqini yazması film boyu özünü büruzə verir.

Bir fikir çox səslənir – “Əsər filmdən daha dolğundur”. Elə bilirəm bu fikrin yaranmasının səbəbi əsərdə olan dialekt şirinliyinin filmdə verilməməsidir. Bu sarıdan rejissoru başa düşmək olar, ssenari müəllifi Aqil Abbasın Ağdam ləhcəsində yazdığı mətni Elxan Cəfərov haqlı olaraq ümumiləşdirmək istəyib. Azərbaycandan kənarda bu filmə baxacaq tamaşaçı Azərbaycan filminə baxacaq axı... Azərbaycandan kənarda demiş, bu filmdə xoşuma gəlməyən nə oldu? “Dolu” filmi yalnız Azərbaycan tamaşaçısı üçün lentə alınıb. Həm də bu senaridən irəli gəlir. Yəni Yavər Rzayev “Sarı gəlin” filmini çəkəndə çox-çox qabağa gedib müharibəni müharibədən illər sonra çəkib elə bil, amma bu film bəşəridir. Millətindən, dinindən asılı olmayan, bəşəri dəyərlərə xidmət edən filmdir. Qarşımıza məqsəd qoysaq bu filmə görə Yavər Rzayevi çox qınaya bilərik, adını qoya bilərik ki, məsələn, Yavər Rzayev azərbaycanlı kimi düşünmür, Qarabağ dərdini anlamır, ona yaddır və sair. Amma bu fimdir-sənət əsəridir-anlayışı ilə qavrasaq...

Sevdiyim qələm sahibi Aqil Abbasın ssenarisi sırf Azərbaycan-Qarabağ dərdi, millətinin, qohum-əqrabasının yaşantısıdır, öz içindən keçirdikləri, hal-hazırda da yaşadıqlarıdır. Bu əsərə-ssenariyə görə də müəllifi qınamaq olmaz, amma “Dolu” filmi bəşəri deyil. “Dolu” filmi Azərbaycandan kənarda qəbul olunmayacaq. Mən, sən, qarabağlılar, azərbaycanlılar baxacaq ağlayacaq, yanacaq, hətta müharibədən sonralar, 80 il sonra da tarix kimi dəyərli filmdir. Məktəbdə dərs vəsaiti kimi gərəklidir. “Dolu” milli dəyərlərə xidmət edən filmdir, amma bəşəri dəyərlərə yox.

Ramilə QURBANLI
# 1834 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #