İlk sevgi, intihar, ağ ciyər xərçəngi PORTRET
20 avqust 2012
06:11
Bizim nəsil Aleksandr Abdulovu “Sevdiklərinizdən ayrılmayın” filmindən tanıyır. Yəqin həm də ona görə ki, bu filmdə baş rolları Sovet dönəmində məhəbbətləri nümunə hesab olunan aktyor cütlük Aleksandr Abdulovla İrina Alfyorova oynayırdılar.
Uşaqlığı
Aleksandr Abdulov teatral ailədə dünyaya gəlmişdi. Atası Qavril Abduloviç Fərqanə teatrında rejissor işləyib. Anası Ludmiıla Aleksandrovna isə elə həmin teatrda qrimyor idi. Onların iki oğulları vardı. Üçüncüyə namizəd olan Ludmila biləndə ki, bu da oğlandır, abort etdirmək istəyir. Onun niyyətini anlayan həkimlər xanımı aldadırlar ki, qızdır, beləliklə üçüncü oğlan dünyaya gəlir. Adını Aleksandr qoyurlar.
Aleksandr Abdulovun aktyor karyerası hələ o, beş yaşında olarkən başlayır. Atası ilə birgə Fərqanə teatrında bir tamaşada oynayır. Sonralar Aleksandr yazırdı ki, bu, həyatımın ən müqəddəs anı idi, atamla bir səhnədə idim: “Atam mənə teatra məbəd kimi yanaşmağı aşılamışdı”.
Sənət yolu artıq müəyyən olunsa da Saşa ilk gənclik çağlarında birdən-birə musiqiyə böyük maraq göstərdi. Musiqi və idmanla mütəmadi məşğul olurdu. «Beatles» onun kumiri idi. Bu haqda sonralar özünün “Bremen musiqiçiləri” filmində də vurğulayır. Özünə gitara düzəldir, özünü sevdiyi qrupun üzvü kimi təsəvvür edirdi. Məşqlərdən qalmırdı. Axırda onun tərbiyəsi ilə məşğul olan böyük qardaşı Aleksandrın saçlarını qırxır ki, evdən çölə çıxmayıb dərsləri ilə məşğul olsun.
Dərslərində isə elə də fəal deyilmiş, ortabab şagirdlərdənmiş. Anasına deyirmiş ki, lazımsız yerdə fəal olmaq istəmirəm. Amma məktəbin pəncərəsi sınanda, kimsə döyüləndə hökmən Saşanın adı ön sıralarda çəkilərdi.
Məktəb vaxtı ən böyük uğurları idman sahəsində olub. Qılıncoynatma ilə peşəkar səviyyədə məşğul olub və “SSRİ idman ustası” adını alıb. Nəticədə “Adi möcüzə” filmində özü, dublyorsuz qılınc oynadıb.
Bir il sonra Aleksandr Moskvada teatr institutuna İ. Rayevskinin kursuna daxil olur. Ondan böyük iki qardaşı da bura daxil olmaq istəmişdilər, amma alınmamışdı. Böyük qardaşı neft institutunu bitirmişdi, ortancılın isə ümumiyyətlə taleyi gətirməyib, onu nəyə görəsə qətlə yetirmişdilər, heç qatilləri də tapılmadı.
Vaqon boşaltmaqla səhnəyə gələn yol
Əyalətdən Moskvaya təhsil ardınca gələnlər çox çətinlik çəkirdilər, Aleksandr da eyni durumda idi. Oxuyur, gecələr vaqon boşaltmaqla pul qazanıb, tələbə yataqxanasında yaşayırdı. Kinoya isə əvvəlcə kütləvi səhnələrə çəkilməklə başlayıb.
““Cəbhə boyunca cəbhə” filmində ilk dəfə hücuma keçən əsgərlər sırasında qaçmaqla kino həyatıma başladım. O vaxtdan qaçıram, insan oturub möcüzə gözləməməlidir, hərəkətdə olmalıdır, sürətlə irəli hərəkətdə”- deyirdi Abdulov.
İlk xəyanət, Abdulovun intiharı
Tələbə olanda sevdiyi qız xəyanət edir, onu başqası ilə dəyişir. Saşa öz otağına çəkilib venasını kəsir. Onu vaxtından tez yataqxanaya qayıdan otaq yoldaşı xilas edir. Sonralar Saşa bu barədə bircə kəlmə deyirmiş: “Axmaq olmuşam”.
Məhəbbət və “KQB”
1974-cü ildə Mark Zaxarov onun istedadını görüb “Lenkom” teatrında yeni qoyduğu tamaşaya, baş rola dəvət edir. İlk rola görə “Teatrın yazı” adlı mükafata layiq görülür.
Həmin teatrda işləyərkən aktyor Moskva banklarının birində vitse-prezident işləyən amerikalı qıza aşıq olur. Onların münasibətləri müəyyən mərhələyə çatandan sonra birdən Abdulovu DTK-ya çağırırlar. Ona izah edirlər ki, sevdiyi qız xəfiyyədir və onunla münasibəti saxlamaq istəyirsə, bunu dövlətin xeyrinə iş görmək üçün etməlidir. Abdulov həm qızdan, həm də DTK-ya işləməkdən imtina edir. Və onun ölkədən çıxmasına bir neçə il qadağa qoyulur.
Sonralar da bu cəzadan qurtulmaq üçün onu DTK ilə işləməyə razı salmaq istəyirlər. Bir gün Abdulov “məndən əl çəkməsəniz, xarici ölkələrdən vətəndaşlıq istəməli olacam” - deyir və əlavə edir: “Uşaqlar sizin işiniz mənlik deyil, onu bacarmaram, qoyun öz işimlə rahat məşğul olum .”
İrina ilə yaşananlar
Aleksandr artıq mütəmadi olaraq filmlərə çəkilirdi. Çəkilişlər zamanı gələcəyin tanınmış aktrisası İrina Alfyorova ilə tanış olur. İrina isə həmin vaxtlar bolqar biznesmen Boyka Qurovadan hamilə idi. Biznesmen Moskvada yalnız bir-neçə aylıq qonaq olmaqla missiyasını yerinə yetirib vətəninə qayıtmışdı. Abdulov İrinaya evlənmək təklifi edəndə İrina ona “məni park boyu qucağında gəzdir sonra cavab verim”-deyib. Abdulov belə də edib. Evləniblər, sonra İrinanın qızı dünyaya gəlib. Uzun müddət heç kim bilməyib ki, qız əslində Aleksandrdan deyil, çünki onlar bunu gizlədiblər. Balaca Ksenya isə onu həqiqətən özünə ata bilib. Onlara verilən bir otaqlı mənzildə xoşbəxt yaşayıblar. Tezliklə hər iki aktyor məşhurlaşıb. İkisinin birlikdə çəkildikləri “Sevdiklərinizdən ayrılmayın” filmi isə şöhrətlərini bir az da artırıb.
Abdulov əsasən romantik qəhrəmanları oynayırdı. Bu ampuladan bezsə də rejissorlar onu başqa cür görə bilmirdilər. 80-ci illərdə isə o, ölkənin əsil seks-simvoluna çevrilmişdi.
Yalnız 90-cı illərdən başlayaraq aktyor müxtəlif janrlı obrazlarda ekranlara çıxdı. Əsl istedadı da bu vaxt üzə çıxdı.
Şəxsi həyatı
“Sevdiklərinizdən ayrılmayın” filmi elə bil onların şəxsi həyatını əks etdirir. 1993-cü ildə Sovet kinosunun ən gözəl cütlüyü ayrıldı. Boşanma ilə bağlı çoxlu şayiələr yayıldı. Abdulovun ailəsinə xəyanət etməsindən, düzgün həyat tərzi keçirməməsindən və İrinanı incitdiyi üçün ayrıldıqlarından danışılırdı.
Ayrılandan sonra İrina Bolqariyaya qızının əsl atasının yanına getdi. İki il birlikdə yaşadılar, amma vətəndən uzaqda qala bilməyən İrina yenidən Moskvaya qayıtdı. Sonralar aktyor Sergey Martınovla evləndi.
Aleksandr evi İrinaya və qızına verib çıxdı. Səhhətində yaranan problemlər ucbatından ağır əməliyyat keçirən aktyor şəhər kənarında dostlarının köməkliyi ilə ev tikdirdi. Anası və vətəndaş nikahı ilə evləndiyi keçmiş balerina Qalina ilə yaşayırdı. Beləcə 8 il keçdi. Ancaq Qalina ilə də ayrıldı. Bu ayrılığı belə izah etdi ki, münasibətlər öz zamanını yaşadı və öldü. Qalinaya isə sonradan Moskvada ona verilən mənzili və maşınını hədiyyə etdi.
Özü ayrılsa da Aleksandr uzun müddət ağır depressiya yaşadı. Şəxsi həyatı haqda heç vaxt danışmayan aktyor həm İrina, həm də Qalina ilə ayrılığının əsil səbəbini yalnız öz içində yaşadı və özü ilə də apardı.
Ömrünün son iki ilini Yulya Miloslavski ilə yaşayan aktyora bu qadın elə bil ikinci nəfəs vermişdi. Aleksandr ilk dəfə bu qadınla rəsmi nikaha girdi və bu evlilikdən bir övladları oldu. Qızları Yevgeniya da anası Yulya kimi sona qədər atasının yanında oldu.
Azart oyunları sevirdi. Kazinolarda çox vaxt keçirərdi. Ömrünün sonlarında isə balıq tutmağa meyl edib. Təbiətcə xeyirxah, mərd adam olub, çətin vaxtlarda dostlarını tək qoymazmış.
Onun qürurlu olması Rusiya mədəniyyətinin məmurlarını həmişə qıcıqlandırıb. Bu səbəbdən də çox vaxt fəxri adlar siyahısında adının üstündən xətt çəkilərdi. Adı həmişə xeyriyyə işlərində çəkilib. Moskvada uşaq evlərinə, qocalar evinə göstərilən köməkliklərin təşkilatçısı idi. Uzun illər Moskva kino festivalının təşkilatçısı və rəhbəri olub.
2000-ci ildə Abdulov rejissor kimi “Bremen musiqiçiləri” filmini çəkdi. “Master və Marqarita” filmindəki Korovyov rolu isə onun ən uğurlu işi idi.
Gözlənilməz final
2007-ci ildə Aleksandr Abdulov “Tələ” filminin çəkilişləri ilə məşğul idi. Teatrda bir neçə tamaşada rol almışdı.
Avqustda onu mədəsindən əməliyyat edən həkim əməliyyat vaxtı ciyərlərində şiş olduğunu aşkarlayıb. Əməliyyatdan sonra Aleksandr müayinə üçün İsrailə gedib. Məlum olub ki, ciyərlərində xərçəng var, özü də ən ağır formada.
Bu çox qorxulu bir təsadüf idi. Abdulov son çəkildiyi filmdə xərçəng xəstəsi olan rəssam-emiqrant rolunda çəkilmişdi.
Minlərlə adam onun yanına gəlib ümidverici sözlər deyirdi. Aktyor özü də ümidsiz deyildi, amma günü - gündən əriyirdi. Bir gün dostlarına təskinlik də vermişdi : “Mənim üçün narahat olmayın, siz varsınız, məni xatırlamayacağınız günə qədər yaşayacağam, xatırlamasanız o vaxt ölmüş olacağam”.
Xəstəliklə mübarizə aparır, təslim olmurdu. Həmin vaxtlar dostu, azərbaycanlı Anar Məmmədxanlı da tez-tez onun yanına gedir, maddi köməklik göstərirmiş. Möcüzə isə həyatda olmur, 3 yanvar 2008-ci ildə, səhər saatlarında Sovet kino ulduzu Aleksandr Abdulov həyatla vidalaşır.
Onu Moskvada bütün sənətkarların dəfn olunduğu “Novodeviçi” məzarlığında basdırırlar.
Saşanın məzarı üzərində həmişə təzə-tər güllər olur.
Bunun səbəbi həyatında çox qadının olması deyil, sadəcə çox sevilməsidir.
Ramilə Qurbanlı

2760 dəfə oxunub
Oxşar xəbərlər
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik
09:15
11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı
10:12
10 dekabr 2024
“Boni” filminin təqdimatı keçirildi
18:40
9 dekabr 2024