Kölgədə mürgüləyən gürcü qızı - FOTOSESSİYA

Kölgədə mürgüləyən gürcü qızı - FOTOSESSİYA
24 avqust 2011
# 16:00
“Çölçü” filminin ssenarisi Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tammetrajlı bədii filmlərin ssenarisi müsabiqəsindən qalib çıxıb. Onun ekran həlli isə “Etiraf”, “Təsadüfi görüş” bədii filmlərinin rejissoru Şamil Əliyevə tapşırılıb. Deməli, bu rejissorun üçüncü bədii filmi olacaq.

“Çölçü” filminin çəkilişlərinin bir hissəsi artıq Goranboy rayonunda çəkilib başa çatıb. Bu günlər “Azərbaycanfilm”in çəkiliş pavilyonunda filmin qalan hissələri, yəni qapalı, ev, daha doğrusu koma şəraitində baş verənlər lentə alınır.

Filmin ideyası modernləşən dünya ilə arxeik dünyanın mübarizəsini etiva edir. Yəni elmin-texnikanın, onunla bahəm insanın inkişafından bezən və bu hərtərəfli inkişafı insanın təbiətdən qopması, insanlığını, faniliyini, səmimiyyətini unutması ilə bağlayan birisi çölü özünə məskən seçir. Bu bir növ insanın etirazıdır, insanın insana, mədəniyyəti ifrata uğramış dünyaya etirazı. Bu çölçü inkişafdan geri qalmış, elmsiz adam deyil, əksinə, əhli-haldır. Bir qədər də sufidir, dərvişdir.

Film bu adamın çölə uyğunlaşması, ətrafdakıları da buna sövq etməsi elmlə təbiətin mübarizəsidir. O, bir növ çıxış yolunu çölə getməkdə görür. Bu rejissorun traktovkasıdır, yəni söhbət vəhşi çölçüdən deyil, müasir dünyaya meydan oxuyan fərddən gedir. Həm də senaridən bir qədər fərqli.

350 uşaqdan biri xoşbəxt oldu

Personajların adı da yoxdur. Ulu çölçü, gənc çölçü, qısasaçlı qız və sair.

Ulu çölçü obrazını rejissor Şamil Əliyev filmin ssenari müəllifi Vidadi Həsənova həvalə edib. Gənc çölçünü Ülviyyə Könülün “Hanı vəkil?” filminin qəhrəmanı Bəhruz Vaqifoğlu oynayır. Çölçünün uşaqlığında isə Avropa liseyinin şagirdi Cavidan Məmmədli çəkilir. Onu yaradıcı qrup uzun axtarışlardan sonra 350 uşağın içindən seçiblər.

Azərbaycan kino tarixində məktəbdən bir filmə çəkilmək üçün seçilən çox uşaq bu auradan çıxa bilməyib və sonradan tanınmış aktyor olub. Qısasaç qız roluna gürcü aktrisası Salome Demuria dəvət olunub.

Qırmızı diplomlu mütəxəssisin sandıq daşıması

Filmin operatoru Rafik Quliyevdir. Rejissorun da etiraf etdiyi kimi filmin əsas yükü Rafik Quliyevin çiyinlərinə düşür, çünki ekranda görünən hər şeyə əvvəlcə onun gözləri kamera vasitəsilə baxır və qərar verir.

Çəkiliş prosesində ən adi, xırda detalların belə qayğısına qaldığının da şahidi olduq. Quruluşçu rəssamın dekoru daşımağı onu lap hövsələdən çıxartdı: “Hanı o inzibati işçilər ki, qırmızı diplomlu mütəxəssis burda sandıq daşıyır?”.

İstidən təntiyən, Azərbaycanın istiliyinə dözümü olmayan Salome isə çəkilişdə fasilə yaranan kimi bir kölgəliyə çəkilib mürgüləyirdi.

“Azərbaycanfilm”in yayda boğucu isti, qışda dondurucu soyuq çəkiliş pavilyonunda beləcə daha bir filmin çəkilişləri gedir. Bir deyil, bir neçə. “Dolu”, Mirzə Fətəli Axundov”, “Qorxma mən səninləyəm-2” filmləri də çəkiliş prosesindədirlər. Onlardan dərhal sonra kinostudiya təmirə dayanacaq.


Ramilə Qurbanlı
# 2374 dəfə oxunub

Oxşar xəbərlər

“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot

12:38 28 fevral 2026
"Kıskanmak"da növbəti ayrılıq

"Kıskanmak"da növbəti ayrılıq

13:20 26 fevral 2026
Məşhur serial bu tarixdə bitəcək

Məşhur serial bu tarixdə bitəcək

18:00 25 fevral 2026
Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

17:50 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər